16 Aprel 2024

Çərşənbə axşamı, 10:48

GERİ YOL YOXDUR

Bakı postmüharibə razılaşmalarının reallaşdırılması məsələsində inadkar olacağını göstərir

Müəllif:

01.09.2021

«Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində, əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var»

İlham Əliyev, Azərbaycan prezidenti

 

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 14-də Türkiyənin «CNN Türk» telekanalına geniş müsahibə verib. Maraqlıdır ki, müsahibə kifayət qədər həssas dönəmə təsadüf edib. Son həftələrdə yalnız Azərbaycan-Ermənistan sərhədində deyil, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində də gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Artıq hər iki ölkənin ictimaiyyətində yeni müharibənin başlaya biləcəyinə dair fikirlər eşidilməkdədir. Doğrudur, Azərbaycanda münaqişə haqda daha çox keçmiş zamanda danışmağa üstünlük verirlər. Lakin Ermənistanda mövzu gündəmdən düşmür. Prezident Əliyev isə Bakının müharibə istəmədiyini, lakin İrəvanın postmüharibə dövründə sülhə mane olmağa çalışacağı təqdirdə nəticəyə görə məhz Ermənistanın məsuliyyət daşıyacağını bir daha dilə gətirib.

 

Gərginlik fonunda müsahibə

Təəssüf ki, Ermənistanın vəziyyətini bir məşhur fikirlə ifadə etmək olar – tarix yalnız bir şeyi öyrədir ki, heç nəyi öyrətmir. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladığı itirilmiş illərdən və İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs çıxarmayan Ermənistanda hələ də «əvəz çıxmaq» haqda danışırlar. Ordunun yenidən silahlandırılmasından bəhs edir, ATƏT-in Minsk qrupunu əsas məqamının «Dağlıq Qarabağın statusu» olduğu köhnə gündəmlə yenidən canlandırmağa çalışırlar. Azərbaycan Prezidenti isə müsahibəsində bütün bu planların mənasız və perspektivsiz olduğunu bildirib. O, keçmişin səhifəsini birdəfəlik çevirməyin vacibliyini bir daha vurğulayıb, regionun gələcəyinin beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmalı olduğunu deyib. Bakı Ermənistan tərəfini iki dövlətin gələcəkdə birlikdə mövcud olması üçün hüquqi əsasların yaradılmasına başlamağa çağırır.

«Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni müəyyən edilməsi prosesi də başlasın», - deyə İ.Əliyev bildirib. Qeyd etmək lazımdır ki, rəsmi Bakı bu məsələnin əsas regional siyasi gündəmə çevrilməsi üçün əlindən gələni edir.

Regionda separatçıların mövqeyini bərpa etmək kursu götürmüş Ermənistan isə bu niyyətini «Artsax xalqının təhlükəsizliyinin təmini» fikri arxasında gizlədir, əslində isə separatçı rejimin möhkəmlənməsinə çalışır, bununla da, 10 noyabr 2020-ci il bəyanatının maddələrinin həyata keçirilməsini əngəlləyir. Bu tendensiya davam edərsə, regionda gərginlik təbii ki, arta bilər. İkinci Qarabağ müharibəsinin başlamasının ildönümü ərəfəsində Bakı göstərir ki, o, postmüharibə razılaşmalarının reallaşdırılması məsələsində inadkar olacaq, fikrindən dönməyəcək.

Bakının sülh müqaviləsi imzalamaq təklifinə İrəvanın reaksiyasından danışan İlham Əliyev deyib: «Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq».

Bu arada, Azərbaycan Müdafiə Nazirliyi avqustun 10-da ilk dəfə açıq şəkildə etiraf edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan hissələrindən tam çıxarılması təmin olunmayıb, bu isə üçtərəfli bəyannamənin tələblərinə ziddir. Bəyanatda bildirilir ki, «Ermənistanın öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir». Prezident İlham Əliyev müsahibəsində bu məsələyə də toxunub, Azərbaycan Ordusunun «dəmir yumruğ»unun yerində olduğunu deyib, ermənilərin sülhməramlıların kürəyi arxasında oynadığı bu oyunların Ermənistan üçün baha başa gələ biləcəyini deyib.

«Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır», - deyə dövlət başçısı qeyd edib.

Bununla yanaşı, prezident Moskvanın da bəzi davranışlarından narahat olduğunu bildirib, Rusiyanın neytral vasitəçi və sülhməramlı kimi davranmalı olduğunu deyib. İlham Əliyev özünəməxsus diplomatik tərzlə bildirib ki, o, indiki vəziyyətdə Rusiya tərəfinin rolunu şübhə altına almır, sadəcə, bu rolun daha effektiv olmasını istəyir: «Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb».

Azərbaycan tərəfi açıq şəkildə göstərir ki, Rusiya sülhməramlıları bölgəyə o cümlədən erməni qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etmək üçün yerləşdirilib, onları Azərbaycan Ordusundan qorumaq üçün yox. Bundan başqa, Bakı bildirir ki, onun ötənilki razılaşmanı yerinə yetirməsinə heç kim mane olmur və erməni tərəfinin bütün hiylələri əbəsdir.

 

Dəhlizlər

Əlbəttə, kommunikasiyaların açılması mövzusu da diqqətdən kənarda qalmayıb. Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini bir daha vurğulayıb, bunun ötən ilin noyabrında imzalanmış bəyannamənin 9-cu maddəsi ilə nəzərdə tutulduğunu xatırladıb. Bu layihə istər Azərbaycan, istərsə də Türkiyə üçün yeni imkanlar açacaq. Amma bundan bütün tərəflər qazanacaq. Ermənistan rəhbərliyi də məsələyə düzgün yanaşarsa, bu, İrəvana da fayda verəcək. İlham Əliyev İrəvanın və region dövlətlərinin bu layihədən hansı faydaları götürəcəyini detallı şəkildə ifadə edib.

Lakin Azərbaycanın Zəngəzur dəhlizindən davamlı bəhs etməsi Ermənistanda narahatlıqla qarşılanır. Bu isə layihənin reallaşdırılmasına müəyyən maneələr yaradır. Doğrudur, bu xırda maneələr layihənin qarşısını kəsə bilməz. Amma belə halların olmaması daha yaxşı olardı.

Məsələn, Azərbaycan tərəfi yalnız dəmir yolu əlaqəsinin bərpasını yox, həm də bir vaxtlar Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmiş avtomobil yolunun açılmasını təklif edir. Erməni tərəfi isə özünü elə aparır ki, sanki bu bölgədə heç zaman belə yol olmayıb, demək, hansısa yolun bərpasından da söhbət gedə bilməz.

Amma İrəvanın coğrafiya ilə bağlı problemləri, həm də potoloji problemləri olub. O, indiki acınacaqlı vəziyyətinə məhz bu üzdən düşüb. Amma indiki halda İrəvanın Azərbaycan tərəfinin şərtlərini qəbul etməkdən başqa yolu yoxdur və bu, onun vəziyyətini daha da çətinləşdirir.

Eyni sözləri Azərbaycan ərazisindən keçən Laçın dəhlizi haqda da demək olar. Bu nəqliyyat arteriyasına Azərbaycan tam vizual nəzarət edir. «Laçın dəhlizi bizim gözümüzün önündədir. Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə, bəlkə də, 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik», - deyə dövlət başçısı bildirib. İlham Əliyevin sözlərinə görə, Qarabağın dağlıq hissəsində yaşayan, sayı onsuz da az olan erməni əhalinin davamlı olaraq bölgəni tərk etdiyinə dair faktlar var. Məsələn, iyulun 11-dən avqustun 8-dək, təxminən, 5 min insan Xankəndidən Ermənistana gedib və geri qayıtmayıb. Yəni oradan 20 min insan çıxıbsa, geri 15 min nəfər qayıdıb. Bu, onu göstərir ki, sadə insanlar onları Azərbaycan Ordusu qarşısında «canlı qalxan»a çevirmiş rəhbərliyin avantürist siyasətinin girovuna çevrilmək istəmir.

Əgər erməni tərəfi Zəngəzur dəhlizindən yalnız dinc məqsədlərlə istifadə etmək istəyən Azərbaycandan nümunə götürərsə, Laçın dəhlizindən məhz belə istifadə edərsə, yolların açılması, sülh quruculuğu işləri daha sürətlə gedərdi.

Maraqlıdır ki, Ermənistan ermənilərin Qarabağın dağlıq hissəsinə qayıdışından danışırsa, Azərbaycan da azərbaycanlıların Zəngəzura dönüşündən bəhs edir. Amma Bakı bu zaman silah gücünə qayıdışdan yox, dinc, davamlı prosesdən danışır. Erməni və azərbaycanlı siyasətçiləri arasında prinsipial fərq məhz budur.

 

Azərbaycan Prezidenti Kəlbəcər və Laçında!

Ermənistanın postmüharibə dövründə sülhün bərqərar edilməsinə mane olduğu bir vaxtda Azərbaycan işğaldan azad etdiyi ərazilərinin bərpası ilə məşğuldur, İlham Əliyev işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarına səfər etmiş ilk Azərbaycan Prezidentidir. AZƏRTAC xəbər verir ki, dövlət başçısı və birinci xanım bu səfər çərçivəsində 11,6 kilometrlik tunelin təməlqoyma mərasiminə qatılıblar. O, Murovdağda, Toğanalı-Kəlbəcər yolunun üzərində inşa ediləcək. Daha sonra prezident və xanımı Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündəki kiçik su elektrik stansiyasında görülmüş işlərlə tanış olub, 110/35/10 kV-luq «Kəlbəcər» yarımstansiyasının açılışında iştirak ediblər. Prezident İlham Əliyev həmçinin Kəlbəcər-Laçın yolu üzərində 3,4 kilometrlik tunelin və Qorçu kəndində Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

Geri qayıdan zaman Prezident İlham Əliyev ilə birinci xanım Mehriban Əliyeva işğala son qoyulduqdan sonra yayı öz təsərrüfatları ilə birlikdə Kəlbəcərdə keçirmiş ilk arıçılarla görüşüblər. Bu, Ermənistanın yandırdığı torpaqlara həyatın qayıtdığını göstərən daha bir əlamət sayıla bilər.

İlham Əliyevin bu səfər zamanı verdiyi əsas ismarıclardan biri azərbaycanlıların yalnız işğaldan azad olunmuş doğma kəndlərinə deyil, həm də müasir Ermənistanın ərazisində yerləşən, vaxtilə əcdadlarının qovulduğu bölgələrə qayıdacağı ilə bağlı olub.

«Qərbi Zəngəzur hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində, əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq», - deyə Prezident İlham Əliyev bildirib.

Gözlənildiyi kimi, Azərbaycan Prezidentinin bu sözləri istər Ermənistanda, istərsə də onun hüdudlarından kənarda böyük səs-küyə səbəb olub. Sağlam düşünə bilməyən tənqidçilər dərhal Azərbaycanın Qərbi Zəngəzuru işğalı, ermənilərin qətliamı, qisas təhlükəsi və s. kimi apokalipsis mənzərələri yaratmağa başlayıblar. Məqsəd bəllidir: himayədarlarda şəfqət hissi yaratmaq, onların Bakıya təzyiq göstərməsinə nail olmaq.

Halbuki, Azərbaycan lideri sadəcə, tarixi ədalətin bərpası arzusunu ifadə edib. Maraqlıdır, necə olur ki, İrəvanın Qarabağa erməni əhalini yerləşdirmək istəyi anlayışla qarşılanır, Bakının azərbaycanlıların hazırkı Ermənistan ərazisində yerləşən tarixi vətənlərinə qaytarılması arzusu isə yox? Niyə Azərbaycan Xankəndini əsl adı ilə çağıranda Ermənistanda və ondan kənardakı siyasətçilər buna xor baxırlar? Axı, Ermənistanın özündə belə, vaxtilə Azərbaycan adlarını daşımış çoxsaylı şəhər və kənd var. İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı Azərbaycanın qədim yaşayış məskənlərinin əsl adı ilə çağırılmalı olduğunu əbəs yerə söyləməyib. Məsələn, Azərbaycanın tarixi Göyçə mahalının Basarkeçər rayonunu ermənilər Vardenis adlandırırlar. Dövlət başçısı xatırladıb ki, Basarkeçər rayonu Ermənistan ərazisidə 1930-cu ildə yaradılıb və o zaman rayon əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar olub.

«Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona «Vardenis» adı qoyub. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır», - deyə dövlət başçısı bildirib. O, xatırladıb ki, ermənilərin «Yerasx» adlandırdıqları kəndin də tarixi adı Arazdöyən olub və deportasiya olunanadək bu kənddə də azərbaycanlılar yaşayıb.

Qarabağın geri qaytarılması azərbaycanlıların daimi yaşayış yerlərinə qayıtması prosesinin əsasını qoyub. Söhbət yalnız hazırkı Azərbaycan ərazilərindən yox, həm də onun hüdudlarından kənarda yerləşən bölgələrdən gedir. Bu prosesin asan olacağını heç kim düşünmür, lakin artıq onun dönməz xarakter aldığına da şübhə yoxdur.



MƏSLƏHƏT GÖR:

171