23 Aprel 2024

Çərşənbə axşamı, 23:15

AVROPA MÜSTƏQİLLİK İSTƏYİR

Əfqanıstanda yaşananlar Avropa İttifaqı liderlərində ağır təəssüratlar yaradıb

Müəllif:

15.09.2021

Qərb qoşunlarının Əfqanıstandan çıxarılmasının yaxşı təşkil olunmaması, hökumətin qəflətən qaçması, taliblərin ölkəni sürətlə ələ keçirməsi və Avropa vətəndaşlarının, onların əfqan müttəfiqlərinin xaotik təxliyəsi Avropa İttifaqının çevik reaksiya qoşunlarına ciddi ehtiyacını üzə çıxarıb. Hər halda, indi Aİ-nin yüksək rütbəli rəsmiləri də bu qənaətdədirlər.

«Biz kənar yardım olmadan vətəndaşlarımızı, həmçinin bizə yardım etdikləri üçün təhlükə altına düşmüş insanları müdafiə edə bilmirik. Belə vəziyyət qlobal iqtisadi və demokratik fövqəlgüc olan Avropanı qane edə bilərmi?», - deyə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib.

Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel də, təxminən, eyni cür düşünür: «Əfqanıstanda yaşananlar göstərdi ki, biz müstəqil hərəkət etmək, dostlarımız, müttəfiqlərimiz olsalar belə, başqalarının seçimindən asılı qalmamaq istəyiriksə, öz imkanlarımızı genişləndirməliyik».

Həqiqətən də, Əfqanıstanda baş verənlər Avropa liderlərində ağır təəssüratlar yaradıb. Avropa ölkələri Əfqanıstanda qalmaq, onun taliblərin əlinə keçməsinə mane olmaq istəsələr də, oranı ABŞ ilə birlikdə tərk etməkdən başqa yol tapmayıblar. Əfqanıstanda aparılmış hərbi əməliyyatlar zamanı Vaşinqtonun NATO-dakı müttəfiqləri hər zaman ABŞ-ın maddi-texniki, həmçinin aviasiya dəstəyindən asılı olub. İndi isə onların öz vətəndaşlarını Əfqanıstandan təhlükəsiz təxliyə etmək işində də Amerikadan nə qədər asılı olduqları ortaya çıxıb.

Aİ paytaxtlarının Əfqanıstanda zəif olduqlarını təsdiqləyən daha bir məqam var: Aİ-nin burada 2007-ci ildə yaratdığı, lakin bir dəfə də istifadə etmədiyi birləşmiş hərbi qüvvələri böyüklüyünə görə Kabil aeroportunun təhlükəsizliyini təmin edən 6 minlik ABŞ hərbi qrupu boyda idi.

 

Çevik reaksiya qüvvələri

Sentyabrın ilk günlərində, Kabildən təxliyə başa çatar-çatmaz, Avropa İttifaqının müdafiə nazirləri gələcək böhranlara daha çevik reaksiya verə bilmələri üçün müzakirələrə başlayıblar. Bu zaman 5 minlik çevik reaksiya qüvvələrinin yaradılması ideyası da irəli sürülüb: o, dünyanın istənilən nöqtəsindəki münaqişə zonasına operativ şəkildə gedib çatmaq iqtidarında olmalıdır.

Amma bu ideyanı yenilik saymaq mümkün deyil.

«Köhnə dünya»da Avropa Silahlı Qüvvələrinin yaradılmasına dair söhbətlər hələ ötən əsrin 40-cı illərində – Avropa dövlətləri ittifaqının yaradılmasına ilk cəhdlər zamanı da var idi. Amma bu müzakirələr indiyədək hər hansı ciddi nəticə verməyib.

Doğrudur, 2007-ci ildə Aİ böhranlara reaksiya vermək üçün ümumi sayı 1500 nəfər olan hərbi qrup yarada bilib. Lakin bu qüvvələrdən heç vaxt istifadə olunmayıb. Ona görə yox ki, buna ehtiyac yaranmayıb. Ona görə ki, Avropa ölkələri bu günədək onun maliyyələşdirilməsi və tətbiqi ilə bağlı yekdil mövqeyə gələ bilməyib.

Bu dəfə də çevik reaksiya qüvvələrinin yaradılması ilə bağlı təklif, məsələn, İsveç tərəfindən heç də şövqlə qarşılanmayıb. Məlum olduğu kimi, bu ölkədə ictimai rəy getdikcə NATO-ya qoşulmağa daha çox meyil göstərir. Eyni sözləri Baltikyanı dövlətlər və Polşa haqda da demək olar – onlar Avropanın ABŞ-dan kənar istənilən müdafiə təşəbbüsünə ehtiyatla yanaşırlar.

Son dövrlərədək Almaniya da Avropanın müdafiəsində NATO-nun əsas element olaraq qalmasına tərəfdar idi. Amma deyəsən, bu məsələdə artıq Berlin də müstəqilliyə daha çox meyil edir. Amma almanlar bunu bir qədər fərqli görür – təxminən, «könüllülər koalisiyası» formasında.

 

Hərbi koalisiyalar

Birgə silahlı qüvvələrlə bağlı problem ondadır ki, bu qüvvələrin iştirakı ilə hər hansı əməliyyatın keçirilməsi üçün 27 Aİ üzvünün yekdil qərarı tələb olunacaq. Buna nail olmaq isə çox çətindir. Ən azı qərarın müzakirəsinə və razılaşdırılmasına xeyli vaxt tələb olunur. Demək, yaradılacaq qüvvələri «çevik reaksiya» qüvvələri adlandırmaq özü doğru olmayacaq.

Maraqlıdır ki, Avropa ölkələrinin Silahlı qüvvələri ümumilikdə Rusiya və ya Birləşmiş Ştatların Silahlı qüvvələrindən böyükdür. Lakin onların çoxu ölkədən kənara göndərilməyə yaramır. Onların təchizatı köhnəlib və ya bir-birinə uyğun gəlmir, bir çox hallarda isə bu qüvvələr eyni funksiyanı daşıyır. Aİ-də 27 dövlət yer alır. Demək, söhbət 27 baş qərargahdan gedir. Buraya öz proqramlarını koordinasiya etməyən 20 hərbi akademiyanı da əlavə edin.

Bütün bunlarla yanaşı, Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer konkret vəzifələrin öhdəsindən gəlməli olan «könüllü dövlətlər koalisiyası» ideyasını dəstəkləyir. Bu halda yekdil qərar yox, sadə səs çoxluğu tələb olunacaq.

Məlumdur ki, Aİ çərçivəsindən kənarda hərbi əməkdaşlığa dair kifayət qədər uğurlu nümunələr var. Məsələn, Böyük Britaniya ilə Fransa 10000 nəfərlik hərbi qrupa, birgə ekspedisiya korpusuna malikdirlər. Nəzərə alsaq ki, bu dövlətlərin Silahlı qüvvələrini hansısa bölgəyə göndərməsi üçün yalnız siyasi rəhbərliyin qərarı lazımdır, Paris ilə London 48 saat ərzində öz qüvvələrini hazır vəziyyətə gətirə bilərlər.

Almaniyada isə bu iş daha çətindir – burada eyni addımın atılması üçün parlamentin qərarı lazımdır. Amma ötən ay Berlin də Fransa ilə taktiki hava nəqliyyatı sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş imzalayıb. Sənədə əsasən, Fransanın Evrödəki aviabazasında birgə eskadrilya yerləşdiriləcək.

Bundan başqa, Belçika, Fransa, Almaniya və Niderland 2010-cu ildə Eyndhoven aviabazasında nəqliyyat aviasiyası üzrə Avropa komandanlığı yaradıblar. Aİ-dən kənar hərbi əməkdaşlığa dair başqa nümunələr də var.

Doğrudur, avropalı hərbçilərin təkbaşına döyüş təcrübəsi azdır. İndiyədək Aİ üçün əsas hərbi fəaliyyət siyasi çəkilərin, iqtisadi nou-hauların, bəzən isə hərbi potensialın birləşdirilməsi yolu ilə həyata keçirilən kiçik missiyalar olub. Məsələn, Balkan ölkələrində polislərin hazırlığı, Gürcüstanda dövlət sərhədlərinin təhlükəsizliyi ilə bağlı konsultasiyalar, yaxud Uqandada zabitlərin hazırlanması.

Təkbaşına hərbi əməliyyatlara nümunə kimi isə Liviya, Mali, Konqo, Çad və Mərkəzi Afrika Respublikasındakı münaqişələrdə iştirakı göstərmək olar. Amma bu ölkələrdə də hərbi dəstələrin yaradılması həftələr, hətta aylar çəkib, onların dislokasiyası üçün isə ABŞ-ın ciddi dəstəyi lazım gəlib.

 

NATO ilə münasibətlər

Avropa uzun illər müdafiə məsələlərində ənənəvi olaraq, NATO-ya arxalanıb, hərbi xərclərdən qaçmağa çalışıb. Bəzən bu vəziyyət absurd sayılacaq həddə də çatıb. Məsələn, dünyanın beşinci iqtisadiyyatı olan Almaniya Silahlı Qüvvələrinin maliyyələşməsində o qədər qənaətə gedib ki, NATO taliblərində almaniyalı hərbçilər silah əvəzinə süpürgədən istifadə ediblər. Nəticədə, Vaşinqton Avropa ölkələrindən öz təhlükəsizlikləri üçün xərcləri artırmalarını tələb etmək məcburiyyətində qalıb.

Nəhayət, Donald Trampın «ilk növbədə, Amerika» siyasəti, həmçinin Rusiyanın Krımı ələ keçirməsi Brüsseli öz müdafiə siyasətini formalaşdırmaq haqda düşünməyə vadar edib. Aİ-nin müdafiə iddialarının aktuallaşmasına «Brexit»  də öz təsirini göstərib. Çünki o, artıq hərbi məsələlərdə Londona da arxalana bilməyəcək. Eyni zamanda Brüssel Britaniya hökumətinin Aİ-nin müdafiə qabiliyyətini artırmasına qoyduğu məhdudiyyətlərdən də xilas olub.

Əfqanıstan hadisələrindən sonra isə hərbi doktrinaya malik olmağın vacibliyini daha çox Avropa ölkəsi anlamağa başlayıb. Məsələn, Fransa prezidenti Emmanuel Makron və Niderlandın baş naziri Mark Ryutte birgə bəyanatla çıxış edərək, Aİ-ni «strateji muxtariyyət»ini inkişaf etdirməyə, «öz təhlükəsizliyi və müdafiəsi üçün daha böyük məsuliyyətə girməyə» çağırıb.

«Avropanı gücləndirməliyik ki, o, heç vaxt Amerikanın ümidinə qalmasın» deyən Almaniyanın Xristian-Demokrat İttifaqı partiyasının sədri postunda Angela Merkeli əvəzləmiş, kanslerliyə iddialı Armin Laşet də həmkarları ilə eyni fikirdə olduğunu təsdiqləyib.

Yaşananların fonunda Vaşinqton Avropada onun üçün təhlükəli küləklərin əsməyə başladığını hiss edib. NATO-nun baş katibi Yens Stoltenberq Brüsselin ümumi müdafiə siyasəti formalaşdırmaq planını dəstəklədiyini bildirsə də, Aİ-ni hər hansı çevik reaksiya qüvvələri yaratmaqdan çəkinməyə çağırıb. Baş katib hesab edir ki, müttəfiqlərin əməliyyatlarını təkrarlayacaq qüvvələrin yaradılmasına ehtiyac yoxdur.

 

Strateji kompas

Xarici hərbi missiyalarla bağlı təcrübəsi məhdud olan Avropa uzun illər iqtisadi qüdrəti sayəsində öz nüfuz dairəsini «yumşaq güc» vasitəsilə genişləndirib – ticarət, humanitar yardım və s. Lakin ABŞ ilə Çin arasında qlobal rəqabətin getdikcə gücləndiyi, Aİ-nin sərhədləri boyu qeyri-sabitlik ocaqlarının artdığı bir şəraitdə Brüssel hərbi və texnoloji müstəqillik fikrinə düşüb. Hazırda Aİ Strateji təhlükəsizlik və müdafiə kompası üzərində işləyir. Sənəd 2022-ci ilin martına hazır olmalıdır. Orada Aİ üçün əsas təhdidlər və çağırışlar əksini tapmalı, onlara cavab verilməsi üçün lazım olan  vasitələr, hədəflər və vəzifələr müəyyənləşdirilməlidir.

Hələlik Aİ-nin ümumi hərbi strategiya müəyyənləşdirmək cəhdləri nəticə vermir. Səbəb isə təhlükəsizliklə bağlı prioritetlərin fərqlənməsidir. Məsələn, Mərkəzi Avropa ölkələri, ilk növbədə, Fransa diqqəti Yaxın Şərq və Afrikadakı münaqişələrə yönəldir, Şərqi Avropa isə Rusiyanı əsas təhlükə sayır.

Strateji kompasda nələrin yer alacağından asılı olmayaraq, əsas odur ki, dünya arenasında daha vacib rol oynamaq iddiasına düşmüş Aİ müdafiə doktrinasında şəffaflığı təmin etsin. Brüsselin qonşularının və tərəfdaşlarının inamını qazanması üçün bu, vacibdir.



MƏSLƏHƏT GÖR:

137