20 Aprel 2024

Şənbə, 12:35

FİNİTA LYA KOMEDİYA

Ermənilərin «miatsum» layihəsinin kədərli «yubileyindən» çıxarılan «kədərli» nəticələr

Müəllif:

15.09.2021

Məlumatlı adamlar bilir ki, siyasi informasiya mənbəyi heç də yalnız rəsmi sənədlər və səs-küylü bəyanatlar olmur. Bəzən geyimin detalları və əlbəttə ki, «protokol incəlikləri» də xüsusi məna yükü daşıyır. ABŞ-ın dövlət katibi Madlen Olbraytın danışıqlara necə kökləndiyini onun jaketinə sancdığı broşlardan anlayırdılar. Moskvada akkreditasiya olunmuş qərbli jurnalistlər isə mayın 1-də və noyabrın 7-də Mavzoleyin tribunasında Kreml bonzalarının necə düzüldüyünə diqqət edirdilər.

 

Səs-küylü bəyanatlar…

Əvvəlcə tarixə ekskursiya edək. 1991-ci il sentyabrın 2-də Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Vilayət Şurasının və Şaumyan rayonu sovetinin etnik erməni deputatları bir araya gələrək, «Dağlıq Qarabağ Respublikası»nın yaradıldığını bəyan ediblər. O vaxtdan keçən 30 ildə bu «respublika»nı Ermənistanın özü də daxil olmaqla, heç bir ölkə tanımayıb. Lakin bu, hər il sentyabrın 2-də bu münasibətlə təntənəli tədbirlərin, paradların keçirilməsinə, mükafatların paylanmasına mane olmayıb. Bu tədbirlərdə birmənalı olaraq Ermənistanın ali rəhbərliyi də iştirak edib.

Bu il isə guya onların yubiley ili idi. Həmin gün ərəfəsində yenə İrəvandan səs-küylü bəyanatlar gəlməyə başlayıb. Nikol Paşinyan ciddi-cəhdlə bildirir ki, Ermənistan münaqişəni həll olunmuş saymır, beynəlxalq arenada «Artsax xalqı» (dırnaq işarəsi bizə aiddir – red.) üçün «öz müqəddəratını təyin etmək» hüququnun tanınması səyləri davam etdiriləcək. Ermənistan prezidenti Armen Sarqsyan da eyni həyəcanla danışıb: «Artsax»ın müstəqilliyinin təmini, əhalinin həyatının toxunulmazlığı, Azərbaycan tərəfindən yeni müharibə təhdidlərinin davam etməsi, «Artsax»ın statusu, sosial-iqtisadi, humanitar problemlərin həlli ilə bağlı məsələlər ümumxalq gündəmidir, prioritetdir». O, fikirlərini belə yekunlaşdırıb: «Bizim artıq hər hansı ümumerməni məsələsində səhv etmək haqqımız yoxdur». Prezident, əlbəttə ki, 1988-ci ildə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə iddia etməklə hansı faciəvi səhvə yol verdiyindən danışmayıb.

Ermənistan Xarici İşlər Nazirliyi isə bir qədər də irəli gedib: «Ermənistan «Artsax xalqı»nın öz müqəddəratını təyin etməsi, tarixi vətənində yaşamaq və inkişaf etmək hüquqlarını davamlı şəkildə müdafiə edəcək. Münaqişənin ədalətli həlli, regionda sülhün bərqərar olması üçün əsas şərt budur. «Artsax xalqı» hələ də ekzistensional təhlükə qarşısındadır. Bu, onun Azərbaycanın tərkibində olmasını mümkünsüz edir».

Bu bəyanatlar Azərbaycanın kifayət qədər sərt cavab addımları atması üçün əsas yaratmaqla yanaşı, həm də İrəvanla razılığa gəlməyin mümkünsüzlüyünü göstərir. Amma bu yolla erməni ictimaiyyətində hansısa nikbinlik yaratmaq artıq heç cür mümkün deyil və olmayacaq.

 

Qəmgin «protokol incəlikləri»

Bu dəfə Xankəndidə parad və ya hər hansı digər təntənəli tədbir olmayıb. Hər şey yerli qəbiristanlığın ziyarət olunması, Birinci Qarabağ müharibəsində, 2016-cı il aprel döyüşlərində və İkinci Qarabağ savaşında həlak olmuş şəxslərin xatirəsinin anılması ilə başlayıb və onunla da bitib. Ən əsası isə son 30 ildə ilk dəfə Ermənistanın ali rəhbərliyi həmin gün Xankəndiyə gəlməyib. Nikol Paşinyan şətta ehtiyat üçün məzuniyyətə də çıxıb. Bəzi məlumatlara görə, həmin vaxt o, Soçidə olub. Səbəb heç də baş nazirin yerli rəhbərliklə münasibətlərindəki gərginlik, Paşinyanın «Vətəndaş müqaviləsi» partiyasından olan deputatların Xankəndidə daş-qalaq edilmələri deyil. İndi Paşinyanın karteclə Laçın dəhlizindən keçməsi haqda düşünmək belə, artıqdır. Azərbaycanın Ermənistan XİN-in artıq sabiq rəhbəri Ara Ayvazyanın Xankəndiyə səfərinə necə sərt reaksiya verdiyi hər kəsin yadındadır.

Bəs, parad? Ermənistanın imzaladığı kapitulyasiya aktında bütün erməni silahlı birləşmələrinin sülhməramlıların nəzarətində olan zonadan çıxarılmalı olduğu açıq şəkildə əksini tapıb. Belə bir vəziyyətdə hansı paraddan danışmaq olar? Bu, lap «yarama duz basma» məsəlidir.

Heç bir təntənəli «parlament» toplantısı da olmayıb. Nəhayət, əklil qoyma mərasimində Rusiya sülhməramlılarının təmsilçiləri də iştirak etməyib.

Ədalət naminə qeyd edilməlidir ki, separatçıların «rəsmi tədbirlər»inə sülhməramlıların komandanlığı heç vaxt qatılmayıb. Yalnız fevralda «Qarabağ hərəkatı»nın növbəti ildönümü ilə əlaqədar təşkil olunmuş hüznlü mitinqdə sülhməramlıların formasında və hərbi pencəkdə keşiş də göründü. Lakin Azərbaycanın sərt reaksiyasından sonra keşişi operativ şəkildə Xankəndidən rədd etdilər. Bütün bunlarla yanaşı, ölmüş erməni əsgərlərinin cəsədlərinin axtarışı hələ də davam edir və belə bir vəziyyətdə təntənəli tədbirlərdən çəkinmək daha uyğun görünür.

 

Məğlubiyyətin konturları

Bəs, Qarabağdakı separatçı rejimin nəzəri cəhətdən belə, tanınmaq şansı olubmu? Bu gün bu mövzuda uzun-uzadı diskussiya aparmaq olar. Ermənistan dəfələrlə guya buna yaxın olduğunu göstərməyə çalışsa da, nəticəyə heç zaman bir addım da yaxınlaşmayıb.

Bir daha Jirayr Libaridyanın BBC-yə verdiyi məşhur müsahibəyə müraciət edək. Tarixçi, istefada olan diplomat Libaridyan müsahibəsində Ermənistanda çoxlarının dilə gətirməyə çəkindiyi fikirləri səsləndirib: «Atəşkəsin əldə olunduğu andan dünya birliyi bizə Qarabağın müstəqilliyini tanımayacağını deyib. Nəzəri baxımdan o, bunu bir halda edə biərdi ki, Azərbaycan özü Qarabağın müstəqilliyini tanısın. Ümumilikdə isə Rusiya, Türkiyə, İran, ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünə əsaslanan variantlar təklif edirdilər. Bu, aydın idi. Son 30 ildə onlar bizə ancaq bunu deyiblər. İkinci məsələ – dünyada heç kim bizim 7 rayonu əbədi özümüzdə saxlayacağımızı gözləmirdi. Onlar hər zaman bu rayonların hər hansı şərtlərlə geri qaytarılmasını gözləyiblər».

İzahı: Xankəndidəki separatçıların tanınmaq şansı heç zaman olmayıb!

Bununla yanaşı, bir vaxtlar ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqlarda, verilən təkliflərdə «ərazi müqabilində status» - «aralıq», «daimi» və s. kimi prinsiplərlə «alver» etmək olardı. Amma erməni tərəfi bu siyasi alver şansını bayağı şəkildə əldən verib. Azərbaycan Ordusunun yalnız keçmiş DQMV ətrafındakı rayonları deyil, həm də Şuşa və Hadrutu azad etməsindən sonra belə alver imkanı sıfra bərabərdir. Bakı davamlı olaraq bildirir ki, status məsələsi qapanıb və o, bir daha gündəmə gətirilməyəcək. Separatçılar üçün ən qorxulusu isə status mövzusunun ortaya atıla biləcəyi rəsmi danışıqlar meydanının da olmamasıdır. Postmüharibə bəyanatlarının heç birində status məsələsi müzakirə mövzusu kimi keçmir.

Bir də ATƏT-in Minsk qrupunun məşhur rusiyalı həmsədri Vladimir Kazimirovun sözü var idi. O, müharibəni «güllələrlə səsvermə» adlandırmışdı. Amma əslində, Ermənistanın siyasi rəhbərliyinin başını yalnız 1990-cı illərin əvvəllərindəki döyüşlərin nəticəsi gicəlləndirməmişdi. 25 ildən artıq davam edən işğal, İrəvana real təzyiqlərin olmaması da onlarda bir inam, bir əminlik yaratmışdı. Bütün bu dövrdə ermənilər düşünürdülər ki, «gec-tez onsuz da tanıyacaqlar, əsas bu gün güzəştə getməməkdir», hətta «lazım gələrsə, yeni ərazilər də işğal edərik». Ötən ilin payızında baş verənləri onlar ən qorxulu yuxuda belə, görə bilməzdilər.

İndi, 44 günlük müharibədə darmadağın olduqdan sonra ermənilər nəinki təntənəli mərasimlərdən imtina edir, artıq Xankəndidə baş verənlər və verməyənlər «protokol ingəlikləri» belə, deyil. Bu, belə demək mümkünsə, «miatsum» layihəsinin qapandığının əlamətidir. Ermənilər bunu rəsmən elan etməyə bilərlər, amma gerçəklik ortadadır. Üstəlik, 44 günlük savaşda alınmış yalnız hərbi deyil, həm də siyasi və diplomatik məğlubiyyətin miqyası İrəvan və Xankəndi sakinlərinə hələ indi çatır.



MƏSLƏHƏT GÖR:

162