29 Mart 2024

Cümə, 13:59

QARABAĞA XOŞ GƏLMİSİNİZ!

Füzulidə aeroportun açılması regionda qüvvələr nisbətini kökündən dəyişir

Müəllif:

15.09.2021

Sıfırdan yeni aeroport tikmək və istismara vermək üçün nə qədər vaxt lazımdır? Xüsusilə bütün sahələrdə sərt tələblərin olduğu XXI əsrdə – naviqasiya qurğuları və terminallardan tutmuş, betona, uçuş zolağının örtüyünədək. Avropanın ən uzunmüddətli inşaat işi, nəhayət, 2020-ci ilin noyabrında başa çatıb – Almaniyada yeni Berlin-Brandenburq hava limanı istismara verilib. Onun tikintisinə 2006-cı ildə başlanılmışdı və aeroportun 2011-ci ildə istifadəyə verilməsi nəzərdə tutulurdu. Amma bu, yalnız 2020-ci ilin noyabrında mümkün olub, üstəlik, tikinti işləri nəzərdə tutulmuş 2 milyard avro əvəzinə, 6,5 milyard avroya başa gəlib.

Bütün bunların fonunda Azərbaycandan cələn xəbərlər çox təzadlı görünür. 2021-ci il sentyabrın 5-də AzAL-a məxsus ilk «Airbus A-340» təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib. Azərbaycan aviaşirkətinə məxsus təyyarələrin öz adları var və bu ilk təyyarə də yəqin ki, elə adına görə seçilmişdi – «Qarabağ».

Onunla eyni vaxtda Füzuliyə daha bir təyyarə eniş edib. Söhbət «Silk Way» şirkətinə məxsus «Boeing» yük təyyarəsindən gedir.

Təbii ki, eniş xəttində qırmızı lent yox idi, amma tədbir bununla heç nə itirmədi. «Hava limanının inşası bu il başlamışdı. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də, dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməyib», - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

 

«Vertikal uçuş»

Həqiqətən də, Azərbaycanın qürur duyması üçün əsaslar çoxdur. Yeni aeroport cəmi 9 aya inşa olunub. 2020-ci il oktyabrın 17-dək bu ərazilər erməni işğalında idi. Füzuli işğaldan azad olunan zaman isə orada heç nə yox idi: nə infrastruktur, nə yol, nə elektrik, nə su. Yalnız viran qoyulmuş torpaq, tar-mar edilmiş evlərin qalıqları, minalı ərazilər… İndi isə dəbdəbəli terminal, yeni, ən yüksək standartlara uyğun naviqasiya qurğuları, «Airbus»ların, «Boeing»lərin enə bildiyi zolaq… Və bu, yalnız başlanğıcdır.

Bu yerdə bir qədər haşiyə çıxmağa ehtiyac var. Ermənistan Qarabağı – istər dağlıq, istərsə də aran – 25 ildən çox işğalda saxlayıb. Bu müddət ərzində Azərbaycanın həyatında ciddi dəyişikliklər baş verib. Bundan başqa, Azərbaycanda dəfələrlə qeyd olunduğu kimi, əvvəllər işğal altında olmuş, indi isə azad edilmiş ərazilər dağıdılıb, evlər, infrastruktur, sənaye müəssisələri, muzeylər talan edilib, məscidlər, qəbiristanlıqlar təhqir olunub… Ərazilərin minalardan təmizlənməsi də ciddi problem olaraq qalır. Belə vəziyyətdə insanın artıq dəfələrlə deyildiyi kimi, nəzəri cəhətdən belə, sadəcə avtobusa əyləşərək Füzuliyə yollanması, öz açarı ilə evinin qapısını açaraq əvvəlkitək yaşamağa başlaması mümkün deyil. Demək, məcburi köçkünlərin oralara qayıtması üçün miqyaslı hazırlıq işləri görülməlidir. Bu isə heç də yalnız ərazilərin minalardan təmizlənməsi deyil. İnfrastruktur yenidən qurulmalı, logistika təşkil edilməlidir. Ən əsası isə iş yerləri, biznes üçün iqtisadi şərait lazımdır.

Ekspertlər iddia edirlər ki, Şuşaya aparan Zəfər yolu ilə yeni aeroport klaster turizmi üçün vacib element olacaq. Bu, Şərqi Zəngəzurda – Laçın və Zəngilanda inşa olunacaq daha 2 aeroporta da aiddir. Təbii ki, onlar da yük daşımaları üçün istifadə ediləcək – nəzərə alaq ki, bu gün Azərbaycanda hava yolu ilə yük daşımaları çox inkişaf edib. Beynəlxalq karqo bazarında artıq öz yerini tutmuş «Silk Way» aviaşirkəti, Heydər Əliyev Beynəlxalq Hava Limanında MDB məkanının ən böyük yük terminalı və s. Bu işdə toplanmış təcrübədən artıq camışların bəsləndiyi, İtaliya texnologiyası ilə pendirin istehsal olunduğu Qarabağda da istifadə ediləcək.

 

Kənardan baxış

Erməni işğalından azad edilmiş Füzulidə yeni aeroportun istifadəyə verilməsini İrəvanda da xüsusi diqqətlə izləyirlər və bu, heç də təəccüblü deyil. Gözləmək olardı ki, məsələnin hərbi tərəfi daha çox diqqət mərkəzində olacaq. Çünki aeroportların apriori ikili təyinatı olur. Azərbaycanın regional hava limanları 44 günlük müharibə zamanı bir çox vəzifənin öhdəsindən gəlib. İndi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 3 yeni aeroport peyda olursa, bundan ciddi nəticələr çıxarılmalıdır.

Lakin təmas xəttinin qarşı tərəfindən məsələnin hərbi tərəfi haqda çox danışılmır. Əksər yerli müşahidəçilər «Stepanakert aeroportu» haqda epopeyanı xatırladır və ortaya sual qoyur: necə oldu ki, Azərbaycanın Füzulidə bir ildən də az müddətdə hava limanı tikib istismara verdiyi halda, Ermənistan Xankəndidəki aeroportu işə sala bilmədi? Populyar telekanallardan biri isə daha konkret olub: «Düşmən təxminən bir ildə bu torpaqlarda ən azı 10 infrastruktur layihəsini başa çatdırıb. Şuşiyə (Şuşa – red.) yol, Hadrut və Mrav silsiləsində (Murovdağ – red.) tunel, Füzulidə aeroport və s. Halbuki, müharibədən sonrakı 30 ildə ağla yalnız bir ciddi infrastruktur layihəsi gəlir – Karvaçar (Kəlbəcər) vasitəsi ilə çəkilmiş yol. O da Ümumerməni Fondu və Allah bilir, hansı miqyasda korrupsiyanın hesabına».

Cavab məlumdur. İnfrastruktur layihələri ciddi sərmayə tələb edir. Üstəlik, onları icra edənlər nə vaxtsa bu torpaqları tərk etmək məcburiyyətində qalmayacaqlarına əmin olmalıdırlar. İstər İrəvanda, istər Xankəndidə, istərsə də erməni diasporunda hər kəs ürəyinin dərinliklərində anlayırdı ki, işğalı leqallaşdırmaq heç vaxt mümkün olmayacaq. Nəticədə, onlar bütün bu illər ərzində yüksək tribunalardan «Artsaxın öz müqəddəratını təyin etməsi hüququ» haqda danışmaqdan başqa heç bir iş görməyiblər – bu ərazilərə nə dram, nə dollar və ya avro, nə də rubl xərclənib. Doğrudur, istisnalar da olub – işğal edilmiş ərazilərin talan olunması hesabına qurulmuş bizneslər. Lakin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra o da sona çatır.

Azərbaycandan gələn iqtisadi xəbərlər ilk növbədə Qarabağın Rusiya sülhməramlılarının yerləşdiyi hissələrində yaşayan azsaylı əhalini düşündürür. Bu şəraitdə onlar təbii ki, özlərinə bir sual verirlər: bəs sonra? Onlar Azərbaycanın bərpa strategiyası ilə Ermənistanın iqtisadi reallıqları arasında hansı uçurumun olduğunu görürlər.

 

Baş tutmayan «miatsum»un maliyyə tərəfi

Qarabağa aid analitik hesabatlarda ilk yerdə hərbi, siyasi və diplomatik reallıqlar gəlir. Bu zaman iqtisadiyyat ikinci plana atılır, lakin görünən odur ki, bu, doğru deyil. Bunu Ermənistan KİV-də yer alan bir səs-küylü hekayə də təsdiqləyir. İşğal dövründə Şuşada yaşamış 32 yaşlı İzaura Balasanyan 4 övladı ilə birlikdə Xankəndidən Şuşaya qalxaraq, azərbaycanlılara təslim olmaq qərarına gəlib. Lakin o, istəyinə nail ola bilməyib – sülhməramlılar qadını saxlayaraq erməni tərəfinə təhvil verib. Balasanyan jurnalistlərə açıqlamasında bildirib ki, o, Xankəndiyə müharibə zamanı köçüb və burada ona yataqxananın birinci mərtəbəsində sığınacaq veriblər. Qadın bu mənzilə görə ayda 100 min dram (200 dollardan bir qədər artıq) ödəyib. Sonradan oranın sahibi ödənişi 150 min drama qaldırıb. İzaura Balasanyan vəziyyəti düzəltmək üçün bütün qapıları döyməyə başlasa da,  hər yerdə «sabah gəlin» cavabını eşidib. Odur ki, qadın sonda övladları ilə birlikdə «azərbaycanlılara təslim olmaq» qərarına gəlib.

Balasanyanın həqiqətən bu fikirdə olduğu, yoxsa «yuxarılar»ın diqqətini çəkərək daha yaxşı mənliz əldə etməyə çalışdığına dair mübahisə etmək olar. Amma vacib olanı başqa məqamdır. Xankəndidəki separatçıların başçıları durmadan Şuşa və Hadrutdan olan «qaçqınlar» üçün «yeni evlərin tikildiyi» haqda ağızdolusu danışırlar. Amma bu insanlar hələ də başqalarının evində yaşayırlar. Guya onlara kompensasiya ödənilir, amma mənzil sahibləri yenə də qiymətləri qaldırır. Yerli boşboğaz sinifin «vəziyyəti nəzərə almaq», «bir-birimizə yardım əli uzatmaq» və s. haqda çağırışları isə göstərir ki, erməni tərəfinin sakinlərin sosial problemlərini həll etməyə nə pulu, nə istəyi var.

Belə olan vəziyyətdə, separatçıların rəhbərliyinə erməni əhalini saxlaya bilib-bilməyəcəyi, artıq ritorik sualdır.



MƏSLƏHƏT GÖR:

166