20 Aprel 2024

Şənbə, 10:22

BİR ARZU VƏ İKİ QƏLƏBƏ

Teymur KAZIMOV: «Dünya səhnələrində çıxış etməyi və öz ölkəmi layiqincə təmsil etməyi arzulayıram»

Müəllif:

01.10.2021

ABŞ. Klivlend şəhəri. Məhz burada Rokfeller parkında Mədəniyyət bağları yerləşir - 40 -dan çox ölkəni və mədəniyyəti təmsil edən peyzaj və heykəllərlə əhatə olunmuş unikal açıq hava muzeyi. 12 may 2008 -ci ildə burada Azərbaycan bağı da salınıb. Milli bağımızın əsas abidəsi ustad Xanlar Qasımovun əlləri ilə yaratdığı «Ocaq» heykəlidir ki, kasavari abidənin büküklərində yerlə göyün birləşməsi çulğaşması əks olunur. Klivlend bağları yalnız öz gözəl peyzajları ilə deyil, həm də vokalist və pianoçuların hər il keçirilən «The Stars of Summer» festivalı ilə məşhurdur. Bu il bu müsabiqənin Qran-prisini Bakı Musiqi Akademiyasının xüsusi musiqi məktəbi-studiyasının tələbəsi, azərbaycanlı gənc vokalist Teymur KAZIMOV qazanıb. Bu, onun yaradıcılıq həyatında ən önəmli qələbələrdən biri olub! Teymur üçün bu, istedadına inanmaqda və öz imkanlarının sərhədlərini genişləndirməyə davam etmək üçün bir stimul olub. İstedadlı gənc gələcək hədəfləri, Şuşaya bağlı kökləri, qələbələri və musiqiyə olan sevgisi haqqında «R+»a danışıb.

- Vokalist və pianoçuların «The Stars of Summer» II beynəlxalq müsabiqə-festivalında qazandığınız qələbə münasibətilə sizi təbrik edirik. Müsabiqəyə necə dəvət edildiniz və buna necə hazırlaşdınız?

- Təbrikə görə çox sağ olun. Vokalist və pianoçuların «The Stars of Summer» müsabiqə-festivalı ABŞ-ın məşhur Mədəniyyət bağları yerləşən Klivlend şəhərində keçirilir. Müsabiqənin təşkilatçıları kimi Rus və İtalyan mədəniyyət bağları Yelena Obraztsova mədəniyyət mərkəzi ilə tərəfdaşlıqda çıxış edirlər ki, sonuncunun direktoru İrina Çernova məni orada iştirak etməyə dəvət etdi. Bunun üçün ona çox minnətdaram. «The Stars of Summer» müsabiqəsində mən barokko musiqisinin ən sirli əsərlərindən birini – «Adagio di Tomaso Albinoni»ni ifa etdim və bu da mənə yarışmanın Qran-prisini qazandırdı. Əsər o qədər gözəl və ilhamlıdır ki, normal məşqin mümkün olmadığı pandemiya zamanı onu, sözün əsl mənasında, üç məşqdə öyrəndim. Müsabiqəyə hazırlaşmaqda mənə vokal müəllimim Ofeliya xanım Axundova və konsertmeyster Dilarə xanım Kərimova kömək etdilər.

- Münsiflər heyətinin üzvləri sizi öz ölkələrinin müsabiqələrinə qatılmağa dəvət ediblər. Bu müsabiqələrin nə ilə bağlı olduğunu artıq bilirsinizmi?

- Bəli, münsiflər heyətinin üç üzvündən ölkələrində keçirilən festivallarda və müsabiqələrdə iştirak etmək üçün dəvət almışam. Həm də Amerikanın «Geauga West Rotary Club»undan pul mükafatı da verildi. Klivlenddəki İtalyan mədəniyyət bağlarının prezidenti Coyse Marianidən, Rusiyanın əməkdar artisti, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının vokal kafedrasının professoru Mariya Lyudkodan dəvətnamələr almışam. Hal -hazırda müğənni, pianoçu, Londonda «Albion ulduzları» ifaçılıq sənəti festivalının direktoru Yevgeniya Terentyevanın müsabiqəsində iştirak etməyə hazırlaşıram.

- Bəllidir ki, bu, sizin beynəlxalq müsabiqələrdə qazandığınız ilk qələbə deyil. III Ümumrusiya vokal və instrumental incəsənəti müsabiqəsi haqqında məlumat verin. Qələbə çalacağınızı gözləyirdinizmi?

- Yox, həqiqətən də, qabaqcadan bunu hiss etmirdim. Həmişə internetdə keçirdiyim adi bir axşam idi və müsabiqənin nəticələri açıqlandı. Anamla mən bu qələbəni qavraya bilmirdik, çünki Yelena Obraztsova adına mədəniyyət mərkəzinin mükafatı uğrunda Ümumrusiya vokal və instrumental incəsənət müsabiqəsi kimi bir yarışda qalib gəlmək vokalist üçün böyük uğurdur. Bu il müsabiqədə 5 yaş qrupu üzrə 7 yaşdan 22 yaşa qədər 270-ə yaxın vokalçı iştirak etdi və müsabiqə Yelena Obraztsova mədəniyyət mərkəzinin 25 illiyi münasibətilə təşkil edilmişdi.

- Sizin «İnstagram» hesabınızda müxtəlif diplom və mükafatlar təqdim olunur. Onlar sizin həyatınızda hansı rolu oynayırlar?

- Hə, 20-dən çox diplom var (gülümsəyir). Bilirsiniz, hər bir diplom və hər bir mükafat nəsə deməkdir. Azərbaycanın görkəmli mədəniyyət xadimi, bəstəkar Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazi və tanınmış rəqqas və xoreoqraf Əminə Dilbazinin təşkil etdiyi «Florida Keys» müsabiqəsi mənim üçün çox əlamətdardır. Müsabiqə 2018 -ci ildən Azərbaycan bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilir. Bu müsabiqədə görkəmli bəstəkarın əsərini ən yaxşı ifa etməyə və Azərbaycan musiqisini xaricdə təbliğə görə Fikrət Əmirov adına Beynəlxalq Assosiasiyanın xüsusi pul mükafatını aldım və birinci yeri qazandım. Siz təsəvvür edə bilməzsiniz, mükafatı Fikrət Əmirovun qızı Sevil Əmirovanın əlindən almaq nə qədər qürurverici idi. Moskvada Qara Qarayev müsabiqəsi, Tbilisidə Nodar Andquladze vokal müsabiqəsi məndə özümə inam yaratdı. İlk əyani müsabiqəmi - məşhur gürcü pianoçu Tsitsino Biçikaşvilinin təşkilatçılığı ilə Türkiyə və Gürcüstanda keçirilmiş «Harmony» müsabiqəsini də unutmuram.

- Qələbə - inanılmaz bir hissdir, elə deyilmi? Ancaq eyni zamanda bir çox musiqiçilər, musiqidə heç bir qələbə olmadığını və müsabiqələrin yalnız təcrübə mübadiləsi və qabiliyyətlərinin nümayişi olduğunu iddia edirlər. Siz bu barədə nə düşünürsünüz?

- Hə, qələbə, həqiqətən də, inanılmaz bir hissdir! Sualınıza gəldikdə isə, Metropolitan-Operanın solisti, gözəl müəllimim Aleksey Lavrovun sözlərini deyə bilərəm. O, bir dəfə mənə yazmışdı: “Teimur, müxtəlif görüşlərdən maksimum yararlan. Hər bir çıxış, hər bir yarış öz brendinin tanıdılmasıdır. Buna görə də, ilk növbədə, ifa dünyasında kim olduğunu tapmalısan. Öz yaradıcılığınla necə bir ismarıc– «message» daşıyırsan. Ürəkləri isidirsənmi, bəlkə, əksinə onları titrədirsən? İnsanları özlərini dərindən araşdırmağa və ya əksinə daxili narahatlıqlardan uzaqlaşdırmağa və düşüncələrini təmizləməyə məcbur edirsən? Bütün bunlar dərin səviyyələrdə çox vacibdir. Bir missiyan olmalıdır. Onu nə qədər tez tapsan, səsin və ifa etdiyin mühit bir o qədər dərinləşəcək". Aleksey Lavrovla ünsiyyətim mənə çox şey bəxş etdi, o, məni ürəkləndirdi və faydalı məsləhətlər verdi. Yəni hər yarışdan özəl bir şey əldə edirsən. Müsabiqə, hər şeydən əvvəl, özünün, əldə etdiklərinin nümayişidir. Mükafatı qazana bilməsən də, bu, gələcək üçün böyük bir təcrübə və motivasiyadır.

- Qələbə demişkən, sizin üçün Qarabağ müharibəsindəki Böyük Zəfərimiz nə deməkdir? Bu xəbəri necə qarşıladınız və nələr yaşadınız?

- Bu mövzu ailəmiz üçün özəl məsələdir. Atam əslən şuşalıdır. İşğaldan əvvəl atamgilin ailəsinin ağlına belə gəlməzdi ki, Şuşada son günləridir və 30 il müddətinə oranı tərk etməli olacaqlar. Aydın səbəblərə görə, əlimizdə Şuşadakı həyatla bağlı çox az sayda ailə fotoşəkilləri var. Nənəm məktəb direktoru işləyirmiş və oradakı hərbi vəziyyətə baxmayaraq, doğma şəhərini tərk etməyi düşünmürmüş. Ancaq daha qalmaq mümkün deyilmiş və Qarabağdan çıxmağa məcbur olublar. Əməkdar müəllim olan ulu babam şəhərdə uşaq evinin müdiri işləyib. Onların bütün həyatı Şuşa ilə bağlı olub və şəhərlə əlaqəni kəsmək çox ağrılı idi. Bundan sonra hər bir azərbaycanlı üçün Qarabağ müharibəsindəki Zəfər ortaq bir sevincdir və indi siz təsəvvür edin ki, biz necə sevinc yaşayırıq. Musiqi ədəbiyyatı üzrə müəllimim, bəstəkar Aytən Oqtayqızı dəfələrlə müxtəlif tədbirlərdə və televiziyada ifa etdiyimiz "Zəfər nəğməsi" adlı vətənpərvərlik mahnısını yazıb.

- Şuşa səhnəsində çıxış etmək arzunuz varmı? Orada nəyi ifa etmək istərdiniz?

- Bu suala cavabım əvvəlki cavabdan aydın olur. Hələ Qarabağ savaşında Qələbədən əvvəl də mən dəfələrlə demişəm ki, arzum Şuşada çıxış etməkdir. Həm də mən «Zəfər nəğməsi» mahnısı ilə çıxış etmək istərdim, çünki lirik-vətənpərvər melodiyası ilə yanaşı, bu sözləri özündə əks etdirir: Şuşa, Qarabağ, Xarıbülbül və “Qoy, dünya tanısın Azərbaycanı!»

- Gənc musiqiçi qarşısına hansı məqsədlər qoyub?

- Yaxın gələcək üçün yaxşı təhsil almaq, gələcəkdə dünya səhnələrində çıxış edə bilmək və ölkəmizi layiqincə təmsil etmək üçün təcrübə qazanmaq.

- Necə oldu ki, Teymur Kazımov musiqiçi olmağa qərar verdi? Onun seçiminə nə təsir etdi?

- Erkən uşaqlıqdan musiqiyə meylim vardı, baxmayaraq ki, özüm də bunu anlamırdım. Musiqi hər zaman ətrafımda dolaşırdı, mən isə qeyri-ixtiyari olaraq və maraqlısı odur ki, yalnız klassik musiqilərlə maraqlanırdım. İndi olduğu kimi, başqa heç bir musiqini anlamırdım. Mənim yaradıcılıq qabiliyyətimi ibtidai sinif musiqi müəllimim gördü və musiqi məktəbinə girməyimi israr etdi. Beləliklə, bu sahəyə gəldim. Qara Qarayev adına Musiqi Məktəbini fortepiano sinfi üzrə fərqlənmə diplomu ilə bitirdim. İndi də Bakı Musiqi Akademiyasının (BMA) xüsusi musiqi studiya-məktəbində akademik vokal sinfində təhsilimi davam etdirirəm. Ondan sonra təhsilimi harada davam etdirəcəyimi hələ bilmirəm.

- Fəaliyyətinizdə, təhsilinizdə sizin üçün vacib olan nədir?

- İlham, sakitlik və öz duyğularımı ifadə etmək. Məhz musiqidə istənilən bir hissi ifadə etmək mümkündür. Həm mahnı oxumaqla, həm də fortepiano çalmaqlaa. Bu səbəbdən, musiqi yazmağa da başlamışam. Mən xüsusilə macar-alman bəstəkarı, virtuoz pianoçu Ferens Listdən ilham alıram, musiqidən əldə etmək istədiyim hər şeyi onun əsərlərində tapıram. O insan duyğularını ifadə etmək ustasıdır. Onun hər əsərində həm sakitliyə, həm də üsyana yer var. F.Listin özündən sitat gətirərək bunu deyəcəm: "Ən yüksək sakitlik hələ də böyük incəsənət idealı olaraq qalır".

- Öz peşəkar inkişafınızda kimdən ən çox dəstək alırsınız?

- Həyatımda belə insanlar çox olub və indi də var. Bizim studiya məktəbinin direktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, BMA-nın professoru Tərlan Seyidov bizdən, studiya məktəbinin şagirdlərindən hərtərəfli təhsilli musiqiçilərin formalaşması üçün hər cür şərait yaradır. Əlbəttə ki, mənim vokal müəllimim Ofeliya Axundova və Bakı Musiqi Akademiyasının müşayiətçi-müəllimi Dilarə Kərimova mənim üçün dəstək və dayaqdırlar. Bu insanlar birlikdə biz gücə çevrilirik!

- 18 sentyabr - Üzeyir Hacıbəyovun adı ilə bağlı Milli Musiqi Günü idi. Bu günü sizin musiqi çevrənizdə necə qeyd etdiniz?

- Artıq üç ildir ki, mən «Gənclərə dəstək» layihəsinin üzvüyəm, layihənin ideya müəllifi Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru, Azərbaycanın xalq artisti Murad Adıgözəlzadə, layihənin koordinatoru isə musiqişünas Ayla Kərimova-Zəkəriyyədir. Bu layihə Azərbaycanın gənc istedadlı musiqiçilərinə dəstək verir və özlərini təsdiqləməkdə kömək edir. Bu il biz "Gəncliyə dəstək" layihəsi olaraq Milli Musiqi Gününü Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Salonunda baş tutan böyük bir konsertlə qeyd etdik. Yalnız Üzeyir Hacıbəyovun deyil, həm də Niyazinin, Fikrət Əmirovun, Tofiq Bakıxanovun və başqa Azərbaycan bəstəkarlarının əsərləri səsləndi.

- Gücünüz və ilhamınız heç vaxt tükənməsin. Növbəti qələbələrinizi gözləyirik!

- İşimə göstərdiyiniz marağa görə sizə və jurnalın redaksiya heyətinə təşəkkür edirəm.



MƏSLƏHƏT GÖR:

168