25 Aprel 2024

Cümə axşamı, 15:45

ƏLAVƏ DƏYƏR

Azərbaycanın qeyri-xammal ixracının strukturunda qeyri-neft sənayesinin məhsulları aparıcıdır neftdən kənar sənaye öndədir

Müəllif:

01.10.2021

Əksər ölkələrin pandemiyanın törətdityi mürəkkəb qlobal reallıqların təsiri altında olduğu daha üç rüb başa çatdı. Azərbaycan üçün bu il dirçəliş və işgüzar aktivliyin yüksəlişi ilə əlamətdar oldu. Böhran əleyhinə genişmiqyaslı tədbirlər, Qarabağ bölgəsində infrastrukturun bərpası, habelə yazdan bu yana müşahidə olunan əlverişli xarici ticarət konyunkturu keçənilki ressesiyanın nəticələrini minimuma endirməyə kömək edərək, ümumi daxili məhsulun (ÜDM) 3,6 faiz artımını təmin edib. Eyni zamanda, qeyri-neft ixracının, ilk növbədə, sənaye məhsullarının tədarükünün böyük artım templəri milli iqtisadiyyatın müsbət dinamikasını təyin edən əsas göstəriciyə çevrilib.

 

Likvidlik trilyonları

Statistikası keçən ilin ən optimist proqnozlarını önəmli dərəcədə üstələyən xarici ticarət əməliyyatlarının bu qədər sürətli bərpasının səbəbləri ilə bağlı bu gün ekspert dairələri arasında yekdil bir fikir yoxdur. Bununla yanaşı, əksər analitiklər artan tələb və təklif arasındakı balansın bu qədər sürətli dəyişməsini ABŞ, Avropa Birliyi, Yaponiya və bir sıra başqa inkişaf etmiş ölkələr tərəfindən keçən ilin ortalarından bu yana görülən önəmli maliyyə tədbirləri ilə izah edirlər.

Özəlliklə, «Bloomberg»in hesablamalarına görə, ABŞ Federal Rezerv Sistemi tərəfindən dövriyyəyə bir neçə trilyon dollar likvid vəsaitin buraxılması, habelə inkişaf etmiş ölkələrin əksəriyyətinin mərkəzi bankları tərəfindən uçot dərəcələrinin son dərəcə aşağı saxlınması ilə Avropa iqtisadiyyatının maliyyə ilə təmin edilməsi qlobal ticarətin dinamikasını artıran hərəkətverici qüvvə rolunu oynayıb. Çin, Koreya Respublikası və Cənub-Şərqi Asiyanın digər ölkələri tərəfindən istehsalın artırılması üzrə görülən tədbirlər də öz rolunu oynayıb.

Bütün bunlar, dünya üzrə xammala tələbatın kəskin artmasına səbəb olaraq, iqtisadiyyatın çarxının hərəkət etməsinə imkan yaratdı: ilk növbədə, enerji daşıyıcıları, neft-kimya məhsulları, əlvan və qara metallurgiya, ərzaq, həmçinin tikinti materialları, mikrosxemlər, avadanlıqlar və s. üzrə tələb artıb.

Digər tərəfdən kütləvi peyvəndlər və karantin məhdudiyyətlərinin ləğvi də qlobal mal və xidmət tələbini artırıb. Üstəlik, gecikmiş tələb üzündən bütün bunlar bütün xammal və yarımfabrikat növləri üzrə  qiymətlərin indiyədək görünməmiş artımına çevrildi. Nəticədə, inkişaf etməkdə olan ölkələrdən bu cür məhsulların daşınmasına olan tələbat xeyli artıb.

 

Birinci amil - energetika

Mart ayının əvvəlindən etibarən müşahidə olunan əlverişli xarici konyunktur Azərbaycanın baza ixracat sahələrinin bərpasına kömək edib. Bu, ilk növbədə, bu ilin yanvar-avqust aylarında bütün ixracatın, təxminən, 87%-ni təşkil edən enerji resurslarının ixracından əldə olunan gəlirin artmasına təsir etdi.

Xatırladaq ki, yanvar-avqust aylarında 18,8 milyon tonu keçmiş neft ixracı hasilatın azalması, həmçinin Bakının OPEK+ proqramı çərçivəsində götürdüyü öhdəliklərin icrası səbəbindən keçən ilin göstəriciləri ilə müqayisədə 9,5% azalıb. Bununla belə, il ərzində bu itkilər azalma daha çox yüksək bazar qiymətləri ilə kompensasiya olunub və bunun hesabına neft gəlirləri ilk səkkiz ayda 8,5 milyard dollara yaxınlaşıb,  bu da gəlirlərin 25,1% artmasını təmin edib.

Təbii qaz, elektrik enerjisi və neft məhsulları ixracı seqmentində daha yaxşı göstəricilər əldə etmək mümkün olub. Burada istehsal və ixrac həcmlərində artım, habelə enerji məhsullarının qiymətinin kəskin artması ilə bağlı gəlirlərin artması qeyd edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında Azərbaycan 13,2 milyard kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən illə müqayisədə 47,2% çoxdur. Dəyər baxımından, ixrac 2.4 milyard dolları keçib ki, bu, 2020-ci ilin uyğun rəqəmləri ilə müqayisədə 38% çoxdur.

Neft və qaz xammalının artan qiymətləri təkcə yanacağın deyil, həm də bütün növ neft-kimya məhsullarının, o cümlədən müxtəlif polimerlərin, metanolun, karbamid gübrələrinin və Azərbaycanda istehsal olunan digər ixrac məhsullarının qiymətlərini artırıb. Nəticədə, bu ilin səkkiz ayında ölkənin neft-kimya məhsullarının xarici bazarlara çatdırılması pul ifadəsi ilə 450 milyon dollara çatıb və 2,1 dəfə artım təmin edilib.

Oxşar proseslər elektrik enerjisi generasiyasında da müşahidə edilib: İES-lərdə elektrik enerjisi istehsalı üçün baza yanacağı olan qazın bahalaşması həm Avropada, həm də bir sıra qonşu bölgələrdə ixrac olunan elektrik enerjisinə tələbatı keyfiyyətcə dəyişib. Bir il əvvəl Azərbaycandan elektrik enerjisi ixracı xeyli azalmışdısa, 2021-ci ilin səkkiz ayında ölkə 971,9 milyon kilovat/saata yaxın elektrik enerjisi ixrac edərək, 17,1%-lik artıma nail olub.

Bununla da, enerji resurslarının bahalaşması amili Azərbaycanın xarici ticarət dövriyyəsinə önəmli təsir göstərib: səkkiz ay ərzində onun toplam həcmi 22,4% artaraq 20,3 milyard dollara çatıb. Eyni zamanda ölkənin xarici ticarətdəki müsbət saldosu artıb - hesabat dövründə 5,6 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 75,1 faiz yüksəkdir.

 

İkinci amil – qeyri-xammal ixracı

Ayrıca qeyd etmək önəmlidir ki, xam neft və qaz ixracından fərqli olaraq, neft-kimya məhsullarının və elektrik enerjisinin ixracı sənaye istehsalı seqmentinə aiddir. Bununla da, yüksək əlavə dəyər qatılmış məhsulların ixracını artırmaqdan bəhs edirik ki, bu da, yeni qeyri-xammal sənaye klasteri qurmaq üçün səy göstərən hökumətin islahatlarının əsas məqsədlərindən biridir.

Aqroparklarda, texnoparklarda, sənaye məhəllələrində və yaradılmaqda olan Ələt Azad İqtisadi Zonasında (AİZ) emal olunmuş aqrar və sənaye məhsullarının istehsalının artırılması üzrə həyata keçirilən proqramın məqsədi elə bunlardır. Hökumətin hesablamalarına görə, emal və sənaye qruplarının inkişafı sayəsində beş il ərzində qeyri-neft mallarının illik ixracı iki dəfə artaraq 4 milyard dollara çatacaq.

Növbəti hədəf, uzaq xarici ölkələrin, o cümlədən Yaxın Şərq, Afrika, Cənub-Şərqi Asiya və AB ölkələrinin bazarlarına dayanıqlı girişlə bağlıdır ki, bu, 2030-cu ilə qədər emal olunmuş məhsulların payını ümumi ixracın yarısına çatdırmağa imkan verəcək.

Bu, yetərincə çətin, eyni zamanda tələb duyulan bir işdir. Azərbaycan qeyri-xammal ixracından valyuta gəlirlərinin artmasında maraqlıdır, çünki 10-15 ildən sonra enerji resurslarının ixracından gəlir itkilərini kompensasiya etmək ehtiyacı artacaq. Ekspertlərin fikrincə, qlobal enerji dəyişiminin tətbiqi ilə alternativ enerjiyə keçid, elektrik, hidrogen və digər "yaşıl" nəqliyyat növlərinin kütləvi şəkildə tətbiqi ilə ənənəvi enerji daşıyıcılarına, ilk növbədə, neftə olan tələbat və qiymətlər nəzərəçarpacaq dərəcədə azalacaq.

Buna görə də, mümkün riskləri qabaqlayan Azərbaycan öz iqtisadiyyatını və ticarətini tədricən gələcək tələbata uyğun şəkildə yenidən qurur. Bu vacib öhdəliklərin gerçəkləşdirilməsində önəmli irəliləyiş əldə edilib. Məsələn, ixrac olunan qeyri-neft məhsullarının həcmi 2021-ci ilin əvvəlindən başlayaraq bir qədər artıb və hazırda ölkənin ümumi ixracatının, təxminən, 13%-ni təşkil edir. Xüsusilə də, bu ilin səkkiz ayı ərzində qeyri-neft ixracatında 2 milyard dollar həddinə yaxınlaşılıb və 37 faiz artım qeydə alınıb.

Ən əsası isə, qeyri-xammal ixracatının ənənəvi strukturu, ilk növbədə, qeyri-neft sənayesinin artan rolu ilə bağlı dəyişir. Əgər bir neçə il əvvəl qeyri-neft ixracının 2/3 hissəsini aqrar sektor təşkil edirdisə, bu gün onun payı çətinliklə 1/3 hissəyə çatır. Eyni mənzərə faraş meyvə və tərəvəz məhsullarının ixracında da yaşanır - bütün qeyri-neft xarici ticarətdə payı 1/4-dən azdır. Mövcud vəziyyət qismən yerli aqrar sənayemizin əsas satış bazarı olan Rusiyada yaradılan fitosanitar məhdudiyyətlərindən və digər maneələrdən qaynaqlanır.

Bunun fonunda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, qeyri-neft sənayesi məhsullarının ixracı seqmentində dəfələrlə artım qeydə alınıb. Əlavə dəyəri yüksək olan emal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının statistikası xüsusilə ürəkaçandır. Özəlliklə, bu ilin yeddi ayında şəkər ixracı 2,3 dəfə, pambıq lifi ixracı 2,8 dəfə, qara metallar və onlardan hazırlanan məhsulların ixracı 2,4 dəfə və s. artıb. Bir sözlə, xaricə ixrac olunan yarımfabrikatların və hazır məhsulların çeşidində nəzərəçarpacaq dərəcədə artım var.

Başa çatmaqda olan 2021-ci ilin statistik məlumatları da düşünməyə əsas verir ki, keçənilki ressesiyanı aşan Azərbaycanın qeyri-neft iqtisadiyyatında keyfiyyət dəyişiklikləri və prioritetlərin dəyişməsi müşahidə olunur. Azərbaycan müəssisələri xammal asılılığından uzaqlaşır və əlavə dəyər səviyyəsi daha yüksək olan emal məhsullarının ixracını artırır.



MƏSLƏHƏT GÖR:

144