28 Mart 2024

Cümə axşamı, 18:58

BAŞ AĞRIDAN NÜVƏ

Nüvə problemi İran-İsrail qarşıdurmasını dərinləşdirir, Vaşinqtondan “əlini üzən” ərəb hakimiyyətlərini İsraillə yaxınlaşdırır

Müəllif:

01.10.2021

İranın yeni prezidenti İbrahim Rəisi BMT-nin 76-cı Baş Assambleyasında səsləndirilən video ismarıcında ölkəsinin nüvə proqramı barədə danışıb. İranın nüvə proqamı və nüvə sazişinin tərəfləri ilə Vyanada keçirilən danışıqlardan bəhs edən İ.Rəisi bildirib ki, onun ölkəsi beynəlxalq hüquqa əsasən nüvə haqqını tələb edir və tərəflərin beynəlxalq hüquq, eləcə də nüvə sazişinə sadiq olmasını istəyir.

İbrahim Rəisi çıxışında İranın ali dini lideri Ayətullah Əli Xameneyinin kütləvi qırğın silahını qadağan edən fətvasını xatırladaraq ölkəsinin hərbi doktrinasında nüvə silahının istehsalı və əldə olunmasının əksini tapmadığını qeyd edib.

 

Böyük risklər

Ancaq cənab Rəisinin açıqlamaları, çətin ki, İranın nüvə proqramı ilə əlaqədar yaranmış gərginliyi sakitləşdirsin. Çünki İslam Respublikasının rəqibləri bu təhlükə barədə yeni xəbərdarlıqlarla çıxış edir. O cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) də sentyabrın əvvəllərində açıqlanan son hesabatında İranın nüvə proqramının təhlükəli həddə olması ilə bağlı xəbərdarlıq edir.

BAEA-nın sədri Rafael Mariano Qrossi Agentliyin sonuncu hesabatı ilə bağlı sentyabrın 13-də verdiyi açıqlamada İranda bildirilməyən gizli yerlərdə nüvə vasitələrinin olduğunu və bu nüvə vasitələrinin yerlərinin Agentliyə məlum olmamasından narahatlıq hiss etdiyini bildirmişdi.  

Doğrudur, bu açıqlamadan dərhal sonra Vyana müzakirələrində iştirak edən İranın BMT-nin Vyana təmsilçiliyindəki daimi nümayəndəsi Kazım Qəribabadi BAEA sədrinin açıqlamasını təkzib edərək hesabatda qeyd olunan gizli yer iddialarının mənbəyinin 20 il əvvəl bir peyk vasitəsilə qeydə alınmış görüntülər olduğunu və reallığı əks etdirmədiyini deyib.  

Lakin gözlənildiyi kimi, BAEA-nın hesabatı Qərbdə və eləcə də İsraildə ciddi narahatlıq doğurub. İsrailin müdafiə naziri Benni Qantz hesabatdan bir neçə gün sonra verdiyi açıqlamasında İranın yaxın 2-3 ay ərzində nüvə silahına sahib ola biləcəyini qeyd edib. İranın uranı zənginləşdirmə proqramını sürətləndirdiyini xatırladan Qantz yaxın 2-3 ay ərzində İslam Respublikasının nüvə silahı istehsal etmək üçün lazım olan material və imkanlara sahib ola biləcəyini xatırladıb.

İsrailli nazir deyib ki, İranın bu xətti keçməsindən sonra regionda nüvə silahlanması yarışı başlayacaq. Eyni zamanda o qeyd edib ki, ABŞ-ın hərbi qüvvələrini Əfqanıstandan çıxarması Tehran və regional müttəfiqlərini cəsarətləndirəcək. O, İranın cəsarətinin “Qərbi təslim olmağa” məcbur edəcəyi nəticəsinə çatmasına imkan verməməyə çağırıb.

 

Köhnə müttəfiqlərin fikir ayrılıqları

Əslində, İran ətrafında son narahatlığın səbəbləri İsrailin müdafiə nazirinin qısa çıxışında dəqiqliklə əks olunub. Söhbət Vaşinqtonun İran siyasəti və nüvə sazişinin bərpa olunması riski və bunun regiona təsirindən gedir. İsrail indi yalnız İrandan deyil, həm də əzəli müttəfiqi Vaşinqtonun davranışlarından narahatdır.  

Yeri gəlmişkən, avqustda baş nazir Naftali Bennet bildirdi ki, Co Bayden hökumətinin İranla nüvə sazişinə dönməsi cəhdlərinə qarşı çıxacaqlar. Eyni zamanda İsrail İranın nüvə proqramına yönəlmiş hücumlarını davam etdirəcək. Bundan başqa Bennet müttəfiq ərəb ölkələri ilə birlikdə İrana qarşı koalisiya yaradacaqlarını da əlavə edib.

Məsələ ondadır ki, Bayden administrasiyası ilə İsrail hakimiyyəti arasında İran mövzusunda ciddi fikir ayrılığı var. Daha aydın ifadə etməli olsaq, Vaşinqtonun indiki hökuməti İsrailin İranla bağlı narahatlığını bölüşmür.  

Söhbət İrandan İsrail və ABŞ-ın digər region müttəfiqlərinə, hətta Vaşinqtonun birbaşa maraqlarına qarşı Tehrandan olacaq risklərin qiymətləndirilməsindən gedir. Bayden administrasiyası Tehranı düşmən elan etmək deyil, əksinə, Tehranla masaya oturub anlaşmaya hazırlaşır. Aydın məsələdir ki, Vaşinqtonun indiki administrasiyası Tehranın Yaxın Şərqdəki ABŞ maraqlarına qarşı təhlükəsindən xəbərdardır və bunu qiymətləndirir. Lakin məsələ ondadır ki, Ağ Evin indiki sahiblərinə görə bu problemi Tehranın “səngərin o tayına” keçirməklə həll etmək mümkün olmayacaq. Bu səbəbdən də, Bayden komandası “daha rasional” metodu seçib. ABŞ-ın İran siyasətini dəyişməsinə səbəb olan amilləri bu şəkildə qruplaşdırmaq olar. 

Birincisi, ötən 42 illik siyasət, İrana qarşı Tramp dövründəki ən sərt sanksiyalar faktiki olaraq nəticəsiz qaldı. Əksinə, İran regionda hərbi-siyasi təsir gücünü daha da artırdı və antiqərb estafetini əlində toplamağa nail oldu.

İkincisi, ABŞ-ın sərt reaksiyaları İranı ABŞ-ın daha təhlükəli hesab etdiyi rəqiblərinə doğru itələdi. Çin və Rusiya Yaxın Şərqdəki kəskin cəbhələşmədən istifadə edərək ABŞ-ın ənənəvi təsir zonasına daxil ola bildi. Sentyabrda Tehranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması Vaşinqtonun narahatlığının əsassız olmadığının bir nümunəsi idi.  

Üçüncüsü, qarşıdurma siyasəti toqquşmaya doğru gedir və aydın məsələdir ki, İrana hərbi müdaxilə ABŞ üçün uğursuz və acı nəticələr doğura, müsəlman aləmində antiqərb əhvalını daha da yüksəldə bilər.  

Və nəhayət, dövlət strategiyası sərhədlərin möhkəmlənməsi olan İsrailin regional vizionu dünya lideri ABŞ-ın prioritetləri ilə üst-üstə düşmür. Başqa sözlə, İsrail üçün təhlükə hesab olunan məsələ, ABŞ üçün regional gərginliyin elementidir.

Başqa sözlə, Vaşinqton Tehranla masaya oturmaqla onu neytrallaşdırmağa, müəyyən güzəştlər müqabilində onu təsir dairəsində saxlamaq xəttini götürüb.  

Lakin bu vəziyyət, ilk növbədə, İsrail və regiondakı ənənəvi ərəb müttəfiqlərini narahat edir. Aydın məsələdir ki, yeni nüvə sazişi və ya 2015-ci il nüvə razılaşmasının bərpa olunması nəticəsində Tehranın nüvə fəaliyyəti nəzarət altına alınacaq. Lakin məlumdur ki, Tehranı İsrailə qarşı olan qrupları dəstəkləməkdə davam edəcək, üstəlik, Qantzın dediyi kimi, Əfqanıstandan sonra İranla nüvə sazişi Tehranın və himayə etdiyi hərbi-siyasi qrupları daha da fəallaşdıracaq. Bu isə İsrail və region ərəb hakimiyyətləri üçün təhlükənin artmasına səbəb olacaq. İsrailin “Dəmir qübbə” hava hücumundan müdafiə sistemlərinin yenilənməsinə ABŞ büdcəsindən maliyyə ayrılması ilə bağlı layihənin Konqresdə demokratların müdaxiləsinə məruz qalması İsrail siyasətçilərinin narahatlığının əsassız olmadığını göstərir.  

İranın Venesueladan sonra indi də Livana yanacaq göndərməsi və bu prosesin kəskin antiqərb şüarlarının kölgəsində qalması Tehranın regional rəqiblərini ciddi narahat edən hadisə idi. Çünki bütünlükdə bu prosesi İsrail və müttəfiqlərinin son illərdə Livan siyasətindən sıxışdırıb çıxarmağa çalışdığı Hizbullah həyata keçirdi.

Bundan başqa bu ilin fevralında Bayden administrasiyasının Yəmən husiləri ilə dialoq qapılarını açması İranın dəstəklədiyi husilərin mövqelərini gücləndirdi. Bunun nəticəsində Vaşinqtonun dəstəyini çəkməsi ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya cəbhədə ciddi itkilər verməyə, nəzarət etdiyi əraziləri itirməyə başlayıb.

 

“Başağrısı” nın çarəsi

Vaşinqtonun Tehran siyasətindəki yumşalma İsrail və regiondakı ərəb müttəfiqləri üçün hər keçən gün daha ciddi başağrısına çevrilir. Bu səbəbdən də, İsrail hakimiyyəti Vaşinqton və Tehran əlaqələrində yumşalmanın əsas elementi olan nüvə məsələsi ilə bağlı ciddi narahatdır. Çünki Tehranın nüvə silahı əldə etməsi hərbi təhlükədən daha çox psixoloji üstünlük qazandıracaq.

Digər tərəfdən nüvə mövzusu İsrail qədər regionun, xüsusən də körfəzin ərəb hakimiyyətlərini qorxudur. Artıq ənənəvi ABŞ himayəsi olmadığı üçün ərəb hakimiyyətləri nüvə mövzusunda İranın qarşısında, necə deyərlər, “tək dayanan” İsrailə yaxınlaşır. Başqa sözlə, Vaşinqtonun “oyundan çəkilməsi” ilə İsrail İrana qarşı regional cəbhənin lideri rolunu üzərinə götürür. Bu səbəbdən də, İranın nüvə fəaliyyətləri ətrafında yaranan ajiotaj həm də regionda yeni ərəb-İsrail ittifaqının təkanverici qüvvəsinə çevrilib. Körfəz ölkələrinin İsraillə son bir ildə sürətli yaxınlaşmasının arxasında dayanan ən əsas səbəblərdən biri İran amilidir.  

Beləliklə, qarşıdakı dövrdə İsrail hakimiyyəti Baydenin İranla nüvə anlaşmasına mane olmağa çalışacaq. Bunun üçün bir neçə variant yoxlanılacaq.

Birincisi, ABŞ-dakı İsrailin dayaqlarından istifadə olunacaq və daxildən təzyiqlər ediləcək.

İkinci variant isə İsrailin ABŞ-ı gözləmədən İranın nüvə fəaliyyətini dayandırması ola bilər. 40 il əvvəl, 1981-ci ilin iyununda İsrail aviasiyası İraqın nüvə araşdırma mərkəzini bombalamaqla Səddam Hüseyn hakimiyyətinin nüvə silahı əldə etmə fəaliyyətlərini dayandırmağa nail olmuşdu.

İrana qarşı ikinci Babil və ya Opera əməliyyatı bir tərəfdən İranın nüvə fəaliyyətlərinə ciddi zərbə vurmaqla yanaşı, digər tərəfdən Vaşinqtonun İranla nüvə danışıqları və yumşalma prosesini dayandıra bilər. Əlbəttə, bu “son çarədir”, amma nəzərə almaq lazımdır ki, İranın nüvə silahına nail olması İsrail üçün daha böyük təhlükə vəd edir.

Daha bir ehtiyat variant isə İranın nüvə proqramına qarşı “hücumlarını davam etdirməsi”, yəni son 10 ildə olduğu kimi daxildən nüvə proqramını axsadan sui-qəsd və sabotaj əməliyyatları davam edəcək.

Bu baxımdan görünən odur ki, İranın nüvə məsələsi ətrafında gərginlik qarşıdakı aylarda daha da yüksələcək. Bu yüksəlmə hərbi qarşıdurmaya çevrilmə riskini özündə daşıyacaq. Proseslərin hansı istiqamətdə cərəyan etməsində Vaşinqtonun siyasi qərarları mühüm əhəmiyyət kəsb edəcək.



MƏSLƏHƏT GÖR:

150