26 Aprel 2024

Cümə, 03:20

NİFAQ TIR-ları

İran Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra yaranmış yeni regional reallıqları qəbul etməlidir

Müəllif:

01.10.2021

Bakı-Tehran dialoqunda yaranmış problemlər regional siyasətin ən kəskin mövzularından biri olaraq qalır. Görünən odur ki, yaranmış gərginlik rəsmi şəxslərin təmasları sayəsində aradan qaldırılmaqdadır. Lakin Azərbaycan-İran əməkdaşlığını real olaraq genişləndirmək üçün daha ciddi səylərə ehtiyac var. Bunun üçün, ilk növbədə, İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hər hansı hörmətsizliyə yol verməməlidir.

 

Kimdir günahkar?

Məlum olduğu kimi, Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə nəticəsində yaranmış yeni regional reallıq özünü həm də Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi tədbirləri ilə göstərir. İki ölkə arasındakı Gorus-Qafan yolunun üzərində Azərbaycana məxsus polis postları da bu proses çərçivəsində qurulub. Bu postlarda digər funksiyalarla yanaşı, Azərbaycan-Ermənistan sərhədini keçən xarici nəqliyyat vasitələrinin yoxlanışı da həyata keçirilir. Azərbaycan tərəfinin bu addımı atmasına zərurət Laçın dəhlizi vasitəsi ilə mütəmadi olaraq onun ərazisinə İrana məxsus yük maşınlarının daxil olduğuna dair xəbərlər fonunda daha da artmışdı. Bu maşınlar Xankəndiyə, o cümlədən ona bitişik, müvəqqəti Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə mənşəyi bilinməyən yüklər daşıyır.

Rəsmi Bakı bundan narazı olduğunu əvvəllər də dilə gətirmiş, hətta İran tərəfinin bu qanunsuz əməlləri ilə bağlı bu ölkənin Bakıdakı səfirinə etiraz notası da təqdim etmişdi. Lakin Tehran Bakının reaksiyasına məhəl qoymur, İrana məxsus yük maşınları Xankəndi və ətraf rayonlara gəlməkdə davam edirdi. Belə olduqda Bakı İrandan Azərbaycana qanunsuz yük daşımalarının qarşısını almaq üçün sərt tədbirlər görmək qərarına gəldi. Bu tədbirlər sırasında Gorus-Qafan yolunun Azərbaycana aid hissəsindən keçən yük maşınlarından rüsum tələbi də var.

Tehran problemin rəsmi müzakirəsinə yalnız bundan sonra başlayıb. Nəticədə, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və baş nazirin müavini Şahin Mustafayev ilə görüşlər keçirib. Amma bunun ardınca Azərbaycana qarşı qeyri-rəsmi səviyyədə qeyri-adekvat hücumlar da başlayıb. Bu, əsasən İran “mollakratiya”sının şimal qonşusuna düşmən münasibətini gizlətməyən bəzi nümayəndələri tərəfindən baş verib.

Belə münasibətin səbəbləri hər kəsə yaxşı məlumdur. İran siyasi elitasının bəzi dairələri müstəqil, dünyəvi Azərbaycan Respublikasının möhkəmlənməsindən, Cənubi Qafqaz regionunun lideri kimi çıxış etməsindən narahatdırlar. Eyni zamanda, həmin qüvvələr bütün bunların fonunda İran ərazisində yaşayan milyonlarla cənubi azərbaycanlının milli özünüdərk hissinin güclənməsindən də ehtiyatlanırlar.

Halbuki, rəsmi Bakı Tehranın Azərbaycanı İrandakı ictimai-siyasi düzənin pozulması üçün katalizator saymasına heç zaman əsas verməyib. Məlum olduğu kimi, məlum qlobal güc mərkəzləri hər zaman bunda maraqlı olublar və bu gün də maraqlıdırlar. Bu yaxınlarda İbrahim Rəisinin İranın yeni prezidenti seçilməsindən sonra Azərbaycan Tehrana kifayət qədər ciddi ismarıc da ünvanlayıb: Prezident İlham Əliyevin təbrik məktubunda ikitərəfli münasibətlərin vəziyyətindən məmnunluq ifadə olunur, onun «strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi» vurğulanır, Bakının «dost və qardaş ölkə olan» İranla qarşılıqlı əməkdaşlığı genişləndirmək istəyi vurğulanır. Rəsmi Bakı İranın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştirak etmək istəyini də müsbət qarşılayıb.

Amma aydındır ki, dost münasibətləri tərəflərdən yalnız birinin səyləri ilə inkişaf edə bilməz. Azərbaycan İrandan da özünə analoji dost, qardaş münasibəti gözləyir. Bunun üçün isə Tehran Bakının maraqlarına, onun ərazi bütövlüyü və suverenliyinə zidd addımlar atmamalıdır.

Bakının bir istəyi var: madam ki, İran Azərbaycan və Ermənistanla münasibətlərində balansı qorumaq istəyir, qoy, heç olmasa, buna praktiki olaraq da əməl etsin. Bakı Tehrandan onsuz da əsl ədalətli yanaşma gözləmir. Çünki bu yanaşma olsaydı, o, Azərbaycan ərazilərinin, təxminən, 30 il işğal altında qaldığı dövrdə ifadə olunar, Ermənistanın təcavüzkarlığı qəti şəkildə pislənərdi. Bəli, Azərbaycan ötən dövr ərzində cənub qonşusundan belə prinsipial mövqe görməyib. Halbuki, onlar ortaq mədəniyyətə, ortaq dinə malikdirlər. Tehran onilliklər ərzində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, eyni vaxtda Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla münasibətlərini davamlı şəkildə gücləndirməklə məşğul olub. Üstəlik, özünü islam dəyərlərinin, müsəlman dininin qatı müdafiəçisi kimi təqdim edən Tehran erməni təcavüzkarlarının işğal altındakı Qarabağda çoxsaylı məscidləri, müqəddəs məkanları təhqir etməsindən, dağıtmasından da narahat olmayıb. İndi isə Azərbaycan erməni işğalına son qoyub və onun bütün qonşularından buna hörmətlə yanaşmalarını tələb etmək haqqı var.

İran siyasi dairələri tez-tez bildirirlər ki, Bakı-Tehran münasibətlərindəki çətinliklər «üçüncü qüvvələr»in təxribatının nəticəsidir. Amma İrana məxsus yük maşınları qanunsuz olaraq Qarabağ – Azərbaycan ərazisinə daxil olursa, müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə yük daşıyırsa, «üçüncü qüvvə»nin məsələyə nə aidiyyəti var? Yoxsa İranın nəqliyyat vasitələrinin hələ də Xankəndi və ətrafında qalan separatçılara «qonaq getməsi»ndə də dünya imperializmi ilə sionizm günahkardır?

 

Nə etməli?

İkitərəfli münasibətlərdə gərginlik, təbii ki, nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Bütün çətinliklərə, fikir ayrılıqlarına rəğmən, tərəflər mehriban qonşuluq münasibətlərinin dəstəklənməli, möhkəmləndirilməli olduğunu anlayırlar. Bu məqsədlə atmosferin yumşaldılmasına yönəlmiş danışıqlar da aparılıb. Məsələn, bir müddət əvvəl İran xarici işlər nazirinin müavini Məhəmməd Sacadpur üç günlük səfərlə Bakıya gəlmişdi. Səfərdə əsas məqsəd «Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri» mövzusunda konfransa qatılmaq idi. Bu da təəccüblü deyil. Çünki Sacadpur həm də İran Xarici İşlər Nazirliyinin Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin rəhbəridir.

Yeri gəlmişkən, Bakıda keçirilmiş konfransın Azərbaycan, Türkiyə və İranın XİN başçıları arasında Tehranda təşkil olunacaq üçtərəfli görüşə birbaşa aidiyyəti var. Bu haqda razılaşma Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş 76-cı sessiyası çərçivəsində baş tutmuş görüşdə əldə edilib. Üçtərəfli formatda əməkdaşlığın Bakı-Tehran əməkdaşlığının perspektivləri baxımından önəmli olduğunu Sacadpurun Azərbaycana səfəri də təsdiqləyib.

İran xarici işlər nazirinin müavini Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş Ağdam rayonunda da olub. Burada o, bütün şəhəri, kəndləri dağıtmış, Azərbaycan xalqına aid çoxsaylı mədəni-dini abidələri yer üzündən silmiş erməni işğalçılarının görünməmiş vandallığına şahid olub.

Sacadpurun səfəri zamanı aparılmış danışıqların məğzini isə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev açıqlayıb: «Biz ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin olduğunu təsdiqlədik, həmçinin elmi tədqiqatlar sahəsində əməkdaşlığın vacibliyini vurğuladıq».

Maraqlıdır ki, Sacadpurun Azərbaycana səfəri başa çatan kimi, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi bir sıra vacib bəyanatlarla çıxış edib. Məsələn, o, bildirib ki, «Qarabağa yük daşıyan özəl daşıma şirkətlərinə Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmasının vacibliyi haqda xəbərdarlıq edilib». Bundan başqa, səfir İran rəhbərliyinin hər zaman Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söylədiyini də xatırladıb.

Daha bir müsbət siqnal BMT Baş Assambleyasının keçirildiyi günlərdə gəlib. Sammitə qatılmaq üçün Nyu-Yorkda olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş olub. Görüşdə iranlı nazir ölkəsinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.

Lakin aydındır ki, İran tərəfinin maraqlarının reallaşması Tehranın Azərbaycanın maraqlarını da nəzərə almasından asılıdır. Burada söhbət İran tərəfinin Azərbaycanın ərazi bütövlüyünə yalnız şifahi deyil, həm də praktiki hörmət etməsindən gedir.

Azərbaycanla İran arasında dost, mehriban qonşuluq münasibətlərinin hərtərəfli inkişafı üçün 44 günlük müharibə nəticəsində yaranmış yeni regional reallıqlar qəbul olunmalıdır. Xüsusilə bu yeni reallıqlar Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə nail olunmasına, ikitərəfli və çoxtərəfli əməkdaşlıqları genişləndirməyə böyük yollar açır.

 

BUNA GƏTİRİB ÇIXARMAQ LAZIM İDİMİ?

Prezident Əliyev İrana məxsus yük maşınlarının Qarabağa qanunsuz daxil olması haqda

Azərbaycan Qarabağ regionuna İranın yük maşınlarının Ermənistandan qanunsuz girişinin qarşısını almaq məqsədilə bütün zəruri tədbirləri həyata keçirib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

«İlk dəfə deyil İranın yük maşınları Qarabağa daxil olurlar, işğal dövründə (Qarabağın – «İnterfax-Azərbaycan»)də bu cür hallar qeydə alınıb. İran İslam Respublikasının dövlət nişanları ilə yük maşınları mütəmadi ora daxil olurdu. Biz bu barədə bilirdik. Lakin, əlbəttə ki, indiki kimi dəqiq məlumat olmayıb. Biz müxtəlif kanallar vasitəsilə İran tərəfinə narazılığımızı bildirmişik. Ancaq bu proses davam etdi», - deyə dövlət başçısı Türkiyənin «Anadolu» agentliyinə müsahibəsində Azərbaycanın Gorus-Qafan yolunun Bakının nəzarətində olan hissəsində İrana məxsus nəqliyyat vasitələrinə nəzarəti gücləndirməsi haqda danışarkən bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin payızında Qarabağda müharibə bitdikdən sonra Azərbaycan İrana məxsus yük maşınlarının Laçın dəhlizi ilə hərəkətini müşahidə etmək üçün texniki imkanlar qazanıb.

«Bizim mövqelərdən Xankəndiyə gedən yola qədər məsafə 5-6 metr təşkil edir. Biz Laçın dəhlizi boyu, həmçinin Şuşa ətrafında və digər regionlarda kifayət dərəcədə texniki imkanlara malikik. Kameralar var. Biz peykdən, PUA-dan istifadə edirik. Biz görürdük ki, müharibədən sonra yük maşınları ora getməyə davam edirlər», - deyə Prezident qeyd edib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın Prezident Administrasiyasının əməkdaşlarına bu məsələnin İranın Bakıdakı səfiri ilə müzakirə olunmasına dair tapşırıq verib: «Biz bunu rəsmi səviyyəyə çıxarmaq istəmirik. Qoy, dostcasına söhbət etsinlər və bildirsinlər ki, buna son qoymaq lazımdır. Bu, bizə qarşı hörmətsizlikdir. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir və buna son qoyulmalıdır. Əgər səhv etmirəmsə, bu söhbət iyul ayında baş tutub. Əlbəttə ki, bundan sonra biz vəziyyəti izləməyə başladıq və hər ayın əvvəlində neçə maşın giriş edib, neçəsi çıxıb, nə aparıb-gətirdiklərini qeydə alırıq. Bizdə nömrə nişanlarına qədər bütün məlumatlar var. Bu məlumatlar mətbuatda da yer alıb».

Prezident əlavə edib ki, iranlılar öz yük maşınlarına erməni nömrələri quraşdıraraq hiylə gəlməyə cəhd ediblər. «Onlar bu cür fırıldaqçılığa əl atdılar. Bizi aldatmağa çalışdılar. Elə səriştəsiz iş gördülər ki, sisternin üzərində fars dilində yazılar, aşağıda isə erməni nömrələri vardı. Qeyd etmək istərdim ki, bir neçə nəqliyyat vasitəsində hətta eyni nömrə nişanları quraşdırılmışdı. Onlar bunu elə səliqəsiz etmişdilər ki. Bu isə onların öz fəaliyyətlərini davam etdirmək istədiklərini nümayiş etidirir, lakin maskalanaraq», - deyə o, vurğulayıb.

İlham Əliyev Azərbaycanın baş verənlərlə bağlı İran tərəfinə rəsmi nota verdiyini, İranın Bakıdakı səfirinin XİN-ə çağırıldığını da xatırladıb.

«Ona narazılıq bildirilib və buna son qoyulması xahiş olunub. Bu, avqustun ortalarında baş verib. Biz ümid edirdik ki, buna son qoyulacaq. Lakin avqustun 11-dən sentyabrın 11-dək İranın 60 yük avtomobili qanunsuz olaraq Qarabağa yola düşüb. Bunun qarşısını almaq məqsədilə biz praktiki addımlara keçdik. Bizim hərəkətlərimiz məsuliyyətlidir və dostluq münasibətlərinə əsaslanır. Birinci dəfə - şifahi xəbərdarlıq, ikinci dəfə - rəsmi nota, üçüncü dəfə - nəzarət-buraxılış məntəqələri, gömrük, sərhəd polis», - deyə İ.Əliyev bildirib. Onun sözlərinə görə, bununla da, Azərbaycan Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsinə nəzarətə başlayıb və nəticədə, Qarabağa yollanan İran yük maşınlarının sayı sıfıra düşüb: «Görürsünüz, bu dərəcəyə çatdırmaq lazımdır? Qarabağ regionunda rus sülhməramlılarının məsuliyyəti zonasında 25 min nəfər yaşayır. Bu bazar bu qədər mi vacibdir? Bu ticarət (İran üçün - İF) o qədər vacibdir ki, siz dost və qardaş hesab etdiyiniz ölkəyə qarşı açıq şəkildə hörmətsizlik nümayiş etdirirsiniz? Əlbəttə, biz bütün imkanlardan, müəyyən beynəlxalq konvensiya və beynəlxalq hüquqdan istifadə etdik. Bəziləri deyirlər ki, biz yalnız İranın nəqliyyat vasitələrindən gömrük rüsumu alırıq. Biz digər ölkəyə səfər edərkən gömrük rüsumu ödəmirik? Ödəyirik. Əgər kimsə Azərbaycan ərazisindən də istifadə edirsə, vergi və rüsum ödəməlidir?»



MƏSLƏHƏT GÖR:

160