20 Aprel 2024

Şənbə, 19:46

MƏĞLUBİYYƏT MARŞI

Ermənistanın darmadağın olunmuş ordusu, ilk növbədə, İrəvanın özünə təhlükə yaradır

Müəllif:

01.10.2021

Sentyabrın 27-si Bakı və İrəvanda «44 günlük», yaxud İkinci Qarabağ müharibəsi adlandırılan, Azərbaycanda isə daha çox Vətən müharibəsi kimi tanınan savaşın birinci ildönümü ilə bağlı tədbirlər keçirilib.

İstənilən müharibə, ilk növbədə, insan ölümüdür. Odur ki, həmin gün istər Azərbaycanda, istərsə də Ermənistanda dünyasını dəyişmiş insanların xatirəsi anılıb. Deyirlər ki, acının milliyyəti olmur. Amma mütləq ki, fərqlər də var. Azərbaycan əsgəri öz torpağında, erməni hərbçiləri isə 30 il əvvəl işğal etdikləri yad torpaqlarda həlak olublar. Bakıda bu xatirə gününə parlaq hərbi qələbə, tarixi ədalətin təntənəsi prizmasından baxırlar, Ermənistanda isə tarixi məğlubiyyətin acısı ilə.

Azərbaycan, sadəcə, öz ərazilərini işğaldan azad etməyib. O, həm də «yenilməz Ermənistan ordusu» haqda mifi darmadağın edib, döyüş meydanında öz Silahlı Qüvvələrinin qüdrətini bütün dünyaya göstərib. İndi isə o, hərbi uğurunun siyasi və diplomatik dividendlərini qazanmaqdadır. 44 gün davam etmiş hərbi əməliyyatlar 2020-ci il noyabrın 10-na keçən gecə dayandırılıbsa, bu müharibənin təkan verdiyi regional siyasi proseslər getdikcə daha da qızışır. Məhz bu üzdən əksər ekspertlər hesab edirlər ki, Ermənistan acı məğlubiyyətin nəticələrini hələ çox yaşayacaq.

 

Kədərli bayram

Ermənistan müharibənin başlamasının , təxminən, 1 həftə qalmış özünün əsas bayramını – Müstəqillik gününü qeyd edirdi. Bu, həm də yubiley idi – İrəvan müstəqilliyini düz 30 il əvvəl qazanıb. Bu münasibətlə təntənəli tədbir də təşkil olunmuşdu – İrəvanın əsas küçələri ilə güc strukturu nümayəndələrinin yürüşü, Respublika meydanında «effektiv» dron-şou və s. Amma təşkilatçılar bundan gözlədikləri effekti ala bilməyiblər. Ermənistanda və ondan kənarda bir çox ekspert haqlı olaraq bir sualı verirdilər: Ermənistan vətəndaşlarında «dron» sözü Azərbaycan dronlarının hücumları ilə assosiasiya olunursa, «dron-şou»nun təşkili nə qədər doğru idi? Axı, müharibə zamanı Ermənistan ordusunun Azərbaycanın hücum dronları qarşısında necə aciz qaldığını hər kəs bilir. Bəlkə, pilotsuz uçuş aparatları texnologiyasının inkişafı haqda daha əvvəl və tam fərqli istiqamətdə düşünülməli idi?

Ermənistan vətəndaşlarının əksəriyyəti əmindir ki, bu il bayram tədbirinin keçirilməməsi daha düzgün olardı. Doğrudur, söhbət yubileydən gedir, amma müharibədəki sarsıdıcı məğlubiyyətdən sonra belə təntənəli bayram tədbirlərinin təşkili ən azı, nonsensdir. Bayram tədbirlərinin təşkili həm də ona görə yersiz təsir bağışlayır ki, Qarabağ dağlarında hələ də erməni hərbçilərin cəsədlərinin axtarışı davam edir. Ədalət naminə qeyd olunmalıdır ki, ölkənin əksər siyasətçiləri də bayram tədbirlərinin təşkilinə qarşı idi. Söhbət əsasən Robert Koçaryan və Artur Vanesyan da daxil olmaqla, rusiyapərəst siyasətçilərdən gedir.

Bayram tədbirlərinin təəccüb doğuran daha bir məqamı qoşun hissələrinin İrəvan küçələri ilə təntənəli yürüşü idi – parad əvəzinə.

 

Parad olmayacaq…

Ermənistan ənənəvi olaraq Müstəqillik günündə parad keçirir. 5 il əvvəl – 21 sentyabr 2016-cı ildə İrəvanın Respublika meydanında təşkil olunmuş paradda Ermənistan qoşun hissələri ilə yanaşı, Rusiyanın Gümrüdəki hərbi bazasının şəxsi heyəti və «Dağlıq Qarabağ ordusu»nun bölmələri də iştirak etmiş, bu isə Azərbaycanda haqlı olaraq hiddətlə qarşılanmışdı. O zaman İrəvanda hərbi texnika da nümayiş olunmuşdu. Söhbət həm də 44 günlük müharibənin sonunda səs-küylü qalmaqala səbəb olmuş «İsgəndər»lərdən gedir. Şuşaya atəş məhz bu sistemlərdən açılıb. Lakin bu atəş əmrini kimin verdiyi, sistemləri kimin zabitlərinin idarə etdiyi aydın deyil.

Bu il isə paradı miqyası daha kiçik olan hərbi yürüş əvəzləyib. Şübhəsiz ki, Ermənistan rəhbərliyi daha yaxşı reaksiya gözləyirdi. Amma nəticə «yaraya duz səpmək»dən o yana keçməyib.

Küçələrə «Qarabağ bölükləri»nin çıxarılması siyasi baxımdan çox riskli olardı. Gümrüdə yerləşən Rusiya hərbi bazasının hərbçiləri də indi daha ehtiyatlı davranır: «İsgəndər» qalmaqalı və Qarabağda sülhməramlı missiya fonunda Ermənistanla hərbi qardaşlıq nümayişindən çəkinmək daha doğru yoldur. Amma ermənilər üçün ən əsası və ağrılısı İrəvan küçələrində təşkil olunmuş yürüşdə hərbi texnikanın yer almaması idi. Bu, İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistan ordusunun hərbi zirehli texnika parkına hansı zərbənin dəydiyini açıq şəkildə ortaya qoyur. Yerli ekspertlər bildirirlər ki, İrəvanın müharibədə itirdiyi hərbi texnikanın dəyəri 4 milyard dollardan artıqdır.

Ermənistanın Azərbaycanla dövlət sərhədindən gələn xəbərlər də bayram əhval-ruhiyyəsi yaratmır. Sərhədlərin demarkasiyası prosesinə hələ yeni-yeni start verilir, lakin erməni hərbçilər artıq bir çox əlverişli mövqeni tərk etməli olublar. Yüksəkliklər, strateji yolların ayrı-ayrı hissələri, elektrik stansiyaları Azərbaycanın nəzarətinə keçir və Ermənistan bunun qarşısını heç nə ilə ala bilmir. İndi onun ordusu, güc strukturları ölkənin təhlükəsizliyinin təmini ilə bağlı ən elementar vəzifələrin öhdəsindən gəlmək iqtidarında deyil – İrəvanın kənarda təhlükəsizliyinə qarant axtarmaqdan başqa yolu qalmayıb.

Bütün bunlarla yanaşı, darmadağın olunmuş ordu Ermənistanın özü üçün təhlükədir.

 

…çevriliş ehtimalı isə əvvəlkitək realdır

Sentyabrın 13-də Ermənistan prezidenti Armen Sarqsyan silahlı qüvvələrdə miqyaslı kadr dəyişiklikləri edib. Kamo Koçuns Baş qərargah rəisinin birinci müavini təyin olunub, Saak Ohanyan hərbi-tibb idarəsinin rəisi, Poqos Poqosyan isə Ermənistan silahlı qüvvələrinin silahlanma idarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıblar. Sonuncu 2016-cı ildən bu postu tuturdu.

Bu, kadr dəyişiklikləri prosesində növbəti mərhələdir. Əslində, ekspertlər kadr dəyişiklikləri dalğası haqda müzakirələri hələ iyulda aparırdılar. O zaman müdafiə naziri Vaqarşak Arutunyan ilə müavini Suren Saakyan, həmçinin 3-cü ordu korpusunun komandiri, general-mayor Qriqori Xaçaturov vəzifələrindən kənarlaşdırılmışdılar. Yeri gəlmişkən, sonuncu KTMT-nin sabiq baş katibi, Nikol Paşinyanın təşəbbüsü ilə barəsində məhkəmə prosesi keçirilmiş Yuri Xaçaturovun oğludur. Ekspertlər dərhal xatırladıblar ki, Xaçaturov hələ fevralda, silahlı qüvvələrin ozamankı Baş qərargah rəisi Onik Qasparyanın baş tutmayan dövlət çevrilişi cəhdi zamanı hökumətin istefasının tələb olunduğu müraciətə imza atıbmış.

Bununla yanaşı, Ermənistanda orta ranqlı zabitlərlə bağlı saysız-hesabsız məhkəmə prosesləri keçirilir. Onlar qorxaqlıqda, hərbi əməliyyatlar zamanı döyüş mövqelərini özbaşına tərk etməkdə və s. ittiham olunurlar. Əlbəttə, düşünmək olar ki, müharibədə sarsıdıcı məğlubiyyət aldıqdan sonra Ermənistanda «günahkar axtarışı» başlamaya bilməzdi. Belə vəziyyətdə ayrı-ayrı zabitlərin məhkəməyə cəlbi də gözləniləndir. Məlumdur ki, belə məhkəmə proseslərindən həm də müharibədəki məğlubiyyətin əsl səbəblərinin ört-basdır edilməsi məqsədilə istifadə olunur. Çünki əsl səbəblərə görə məsuliyyəti orta ranqlı zabitlər deyil, daha yüksək rütbəli fiqurlar daşıyır.

Lakin bütün bunların həm də müəyyən siyasi riski var. Çünki yaşananlar Ermənistan ictimaiyyətində guya revanşın mümkünlüyü haqda boş xülyalar yaradır.

Bu gün Ermənistanda baş verənlər Paşinyanın orduda hələ hakimiyyətə yeni gələrkən başlatdığı «təmizlik» əməlyyatının davamına daha çox bənzəyir. Baş nazir qarabağlıların daha çox yer aldığı zabitlər korpusunu hələ o zaman özünə real təhlükə sayırdı. Bu gün Ermənistanda əksəriyyət tərəfindən açıq-aşkar kapitulyant adlandırılan hökumət başçısı üçün bu risk daha yüksəkdir.

Fevralda ordu Onik Qasparyanın simasında qiyama cəhd etmişdi. Doğrudur, o zaman hər şey Qasparyanın özünün istefaya göndərilməsi ilə bitdi. Amma indiki kadr dəyişiklikləri və həbslər göstərir ki, Paşinyanın ətrafı hərbi qiyam riskini hələ də real hesab edir.

Növbəti dəfə Paşinyanın bəxti gətirməyə bilər.



MƏSLƏHƏT GÖR:

149