29 Mart 2024

Cümə, 04:23

ONLAR ÜRƏKLƏRDƏ YAŞAYIR

Azərbaycanda zəfərlə bitmiş Vətən müharibəsinin başlamasının birinci ildönümü qeyd olunur

Müəllif:

01.10.2021

Ermənistan ondan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinə məhəl qoymur. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma aparır. Ermənistan Azərbaycan xalqına məxsus tarixi və mədəni irsi yer üzündən silir. Ermənistan dinc sakinləri atəşə tutur, silahlı təxribatlara əl atır, dövlət sərhədində və təmas xəttində diversiya aktları həyata keçirir. Nəhayət, Ermənistan yeni müharibəyə hazırlaşır…

Azərbaycan Prezidenti İlham Əliyev bütün bunlar haqqında beynəlxalq ictimaiyyət BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 21-də keçirilən toplantısında – İkinci Qarabağ müharibəsinin başlamasına 1 həftədən də az qalmış xəbərdar edir.

«Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik», - deyə Azərbaycan Prezidenti BMT-nin yaradılmasının 75-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli iclasda bildirir.

Lakin artıq o zaman məlum idi ki, dünyanın bu həcəyanlı siqnala adekvat reaksiya verəcəyini gözləməyə dəyməz. Ermənistanla Azərbaycan arasında münaqişə az qala 30 il idi ki, davam edirdi və bütün bu müddət ərzində beynəlxalq təşkilatlar yalnız bir şeyə nail ola bilmişdilər – müharibənin dayandırılması və ATƏT-in Minsk qrupu kimi uğursuz vasitəçilik formatının yaradılması.

Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinə sadiqlik nümayiş etdirir, amma eyni zamanda dünya birliyi tərəfindən onun ərazisi kimi tanınan torpaqların azad ediləcəyini sonsuzadək gözləmək niyyətində olmadığını da dəfələrlə dilə gətirirdi. Lakin bir milyondan artıq azərbaycanlı məcburi köçkünün doğma evlərinə qayıdacaqları günü gözlədikləri bu illər ərzində nə BMT TŞ, nə də vasitəçi dövlətlər Ermənistana təzyiq göstərməyə tələsirdi. Nəticədə, İrəvan onların susqun razılığı fonunda işğalçı siyasətini davam etdirirdi.

Ədalət naminə qeyd etmək lazımdır ki, bu illər ərzində vasitəçilər müəyyən nəticə də əldə etmiş, ən azı həll formulları hazırlayaraq ortaya qoya bilmişdilər. Onların arasında son anadək sülh danışıqlarının bazası sayılan «Madrid prinsipləri» də var idi. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə» bəyanatından, danışıqların davam etdirilməsi üçün yeddi şərt irəli sürməsindən sonra İrəvanın danışıqlar formatını pozmaq, o zamanadək əldə olunmuş razılaşmalardan da imtina etmək fikrində olduğu aydın idi. «Mən danışıqlara Serj Sarqsyanın qaldığı nöqtədən yox, sıfırdan başlamışam», - deyə Paşinyan hələ 2019-cu ildə bildirmişdi. Beləliklə, Paşinyanın «öz nöqtəsi» Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində geri sayımın başlama nöqtəsinə çevrilmişdi…

Ermənistanın inqilabçı rəhbərliyi 2016-cı ilin aprelində baş vermiş 4 günlük müharibənin dərsini unutmuşdu. Halbuki, həmin vaxt «Ohanyanın müdafiə xətti» adlı mif son dərəcə qısa müddətdə darmadağın edilmişdi. Bu azmış kimi, «yeni müharibə – yeni ərazilər» prinsipini elan etmiş Paşinyanın Ermənistanın 2020-ci ilin iyulunda Azərbaycanla sərhədinin Tovuz rayonu istiqamətində növbəti silahlı toqquşmaya səbəb olmuşdu. Həmin sərhəd insidentinə görə günahkarın Ermənistan olduğunu İrəvanın əsas hərbi-siyasi müttəfiqi olan Rusiya da təsdiqləmişdi. Tovuz hadisələri zamanı Bakıdan layiqli cavabını almış Ermənistan avqustda Azərbaycan ərazisinə diversiya qrupu da göndərmiş, lakin azərbaycanlı hərbçilər onları da zərərsizləşdirmişdi. Nəhayət, cəbhə xəttindəki növbəti təxribat Ermənistan üçün faciəyə çevrildi…

 

Sabah müharibə idi…

27 sentyabr 2020-ci ildə bütün təmas xətti boyunca miqyaslı əks-hücum əməliyyatlarına başlayıb. İki gün ərzində düşmənin ilk müdafiə xətti yarılıb, Murovdağ silsiləsində strateji yüksəkliklər, Azərbaycanın Füzuli və Cəbrayıl rayonunun bir neçə kəndi işğaldan azad olunub.

Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin sonradan «Dəmir yumruq» adlandırdığı əks-hücum əməliyyatı 44 gün çəkib. Bu müddətdə Azərbaycan hərbçiləri 300-dən artıq yaşayış məntəqəsini, təxminən 5 min kvadrat kilometrlik ərazini düşmən işğalından azad edib. Ordu bir-birinin ardınca rayon mərkəzlərini – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı – azad edərək, Xocavənd rayonunun strateji əhəmiyyətə malik Hadrut qəsəbəsini də geri qaytarıb, bununla da Laçın dəhlizinə çıxıb. «Dəmir yumruq» əməliyyatının tacı isə əlbəttə ki, Azərbaycanın mirvarisi olan Şuşa şəhərinin azad edilməsidir (8 noyabr).

Bunadək Ermənistan rəhbərliyi xilas olmaq üçün Moskva, Paris və digər müttəfiqlərinin «qapısını döyürdü». İrəvan öz hərbi avantürasına KTMT-ni də cəlb etməyə çalışırdı. Paşinyan müqavimət göstərməyin mənasız olduğunu yalnız Şuşanın azad edilməsindən sonra anlayıb və Moskvanın vasitəçiliyi ilə kapitulyasiya aktı imzalamağa razılıq verib.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərfli bəyannaməyə uyğun olaraq, Azərbaycanın daha üç rayonu – Ağdam, Kəlbəcər və Laçın Bakının nəzarətinə qaytarılıb. Bu rayonların ümumi ərazisi, təxminən, 5 min kvadrat kilometrdir və bu boyda ərazinin bir güllə belə, atılmadan azad olunması son dərəcə önəmli hadisədir.

Əlbəttə, istənilən müharibə insan ölümü deməkdir. Üstəlik, əks-hücuma keçən tərəf düşməndən daha artıq itki verməyə hazır olmalıdır. Lakin İkinci Qarabağ müharibəsi bu stereotipi qırıb. Dünya görüb ki, Azərbaycan Ordusu nəinki əla silahlanıb, həm də mükəmməl hərbi hazırlıq keçib. Azərbaycan Silahlı Qüvvələri ən yüksək texnologiyalı ultramüasir silahlara malikdir və döyüşlərdə itkinin minimum olması üçün o, məhz bu silahlardan istifadə edib. Türkiyə istehsalı olan «Bayraktar TB-2», İsraildən alınmış «Harop» kimi pilotsuz uçuş aparatları hesabına Azərbaycan Ordusu döyüşlərin ilk günlərindəcə düşmənin belini qırmağa, onun Hava Hücumundan Müdafiə sistemlərini, radioelektron mübarizə vasitələrini sıradan çıxarmağa, yaxşı möhkəmləndirilmiş müdafiə xəttini yarmağa nail olub. Bəli, müasir silahlar Azərbaycan Ordusunun işini asanlaşdırıb, lakin ərazilərin işğaldan azad olunması vəzifəsinin öhdəsindən məhz əsgərlər və zabitlər gəlib. Azərbaycan hərbçilərinin Şuşanı azad etməsi isə ayrıca dastan mövzusudur… Xarici hərbi ekspertlər hələ də bundan danışır, Şuşa əməliyyatını təhlil edirlər.

Müharibənin gedişində döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan Azərbaycanın dinc şəhər və kəndlərini atəşə tutmağa başlamışdı. Üstəlik, bu zaman o, qadağan olunmuş silahlardan istifadə edirdi. Nəticədə, 100-dən artıq mülki şəxs həyatını itirib, yüzlərlə ailə evsiz qalıb. Amma azərbaycanlılar hakimiyyətdən dayanmamasını, müharibənin tam qələbəyədək davam etməsini tələb edirdi.

«Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq mənfur düşmən, - baxmayaraq ki, onların əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, - geri getməyə məcbur oldu. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmayıb. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olub», - deyə Prezident İlham Əliyev Azərbaycan xalqına 27 sentyabr 2021-ci ildə Anım Günü münasibəti ilə ünvanladığı müraciətdə bildirib.

Anım Günü dövlət başçısının ötən il dekabrın 2-də imzaladığı fərmanla təsis edilib. Azərbaycanda hər ilin bu günü Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların parlaq xatirəsi anılacaq.

 

Bəs sonra?

İkinci Qarabağ müharibəsi tarixə çevrilib və hər zaman Azərbaycan tarixinin şərəfli səhifəsi olacaq. Azərbaycan bununla Ermənistandan yalnız 1992-1994-cü illər müharibəsinin qisasını almayıb, həm də bu ölkəni sosial, iqtisadi və siyasi problemlər burulğanına atıb. Bu zərbədən Ermənistan, çətin ki, tezliklə özünə gəlsin.

Müharibə bitib. Lakin üçtərəfli razılaşmaya zidd olaraq, Qarabağın kiçik bir hissəsində hələ də qanunsuz erməni silahlı birləşmələri qalmaqdadır. Üstəlik, Ermənstanda hələ də revanş xəyalı ilə yaşayan qüvvələr də var. Amma onların daha adekvat opponentləri bildirirlər ki, hazırkı qüvvələr balansında revanş cəhdi İrəvana ötənilki müharibədən daha baha başa gələ, Ermənistan onsuz da formal xarakter daşıyan dövlətçiliyini də itirə bilər.

Əlbəttə ki, müharibənin nəticələrindən məmnun olmayan çox ölkə və qüvvə var. Məhz onlar hələ də Minsk qrupunu bərpa etməyə çalışır, «Dağlıq Qarabağın statusu» məsələsini yenidən gündəmə gətirməyə çalışırlar. Bakı isə xatırladır ki, Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa edib. Demək, Minsk qrupunun mandatı bitib, status haqda söhbətlər aktuallığını itirib. Çünki erməni tərəfi dinc yolla razılığa gəlməkdən imtina edib.

«Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda «Dağlıq Qarabağ» adlı inzibati ərazi mövcud deyil və əgər kimsə «Dağlıq Qarabağ» adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində «Dağlıq Qarabağ» adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaq», - deyə İlham Əliyev bildirib.

Azərbaycan Prezidentinin prinsipiallığı hər kəsə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinə yaxşı məlumdur. Odur ki, «münaqişənin hələ də həll olunmadığı» haqda fikirlər nə qədər az səsləndirilərsə, postmüharibə razılaşmalarının irəli aparılması üçün o qədər yaxşı olar.

Bu gün bölgəyə sülh qayıdır. Azərbaycan azad etdiyi əraziləri ermənilərin basdırdığı minalardan təmizləyir, bu yerlərdə infrastrukturu bərpa edir, şəhər və kəndlər tikir. Müharibədən cəmi 9 ay sonra Füzulidə beynəxalq aeroport istismara verilib, Şuşaya yol çəkilib, rayonlar elektrik enerjisi ilə təmin olunub. Amma bu, yalnız başlanğıcdır. Ermənistan özündən sonra xarabalıqlar və yandırılmış torpaq qoyub. Onların bərpasına uzun illər, böyük vəsait və güc sərf olunacaq.

Artıq qeyd olunduğu kimi, müharibənin nəticələrindən heç də bütün ölkələr və qüvvələr razı qalmayıb. Odur ki, hələ ciddi diplomatiya tələb edən işlər də qalmaqdadır. Xoşbəxtlikdən, bədxahlarla yanaşı, hər zaman Azərbaycanın yanında yer alan, ötənilki qələbəyə də böyük töhfə vermiş Türkiyə də var.

İstənilən halda, artıq bir şey tam aydın və dəyişməzdir: hər zaman Azərbaycan xalqının ürəyində yaşayacaq qəhrəmanlarımızın sayəsində Qarabağ Azərbaycandır!

 

QEYD

Sentyabrın 27-si Azərbaycan Prezidentinin 2 dekabr 2020-ci il tarixli fərmanı ilə Anım Günü elan olunub. Azərbaycanda hər ilin bu günü Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların parlaq xatirəsi anılacaq.



MƏSLƏHƏT GÖR:

147