19 Aprel 2024

Cümə, 10:15

HƏYAT DOLU NAXIŞLAR

Tanınmış modelyer Rüfət İsmayıl Azərbaycan xalçalarının motivləri əsasında yaratdığı zərif kolleksiyası ilə Paris moda həftəsini fəth etdi

Müəllif:

15.10.2021

Qırmızı - tünd qırmızı təntənəsi. Sumax rəngi. Şərq ədviyyatının rəngləri Paris moda həftəsində. Fransa paytaxtındakı Müqəddəs Üç Üqnum amerikan kafedral kilsəsi Azərbaycan xalçalarının ovsunlayıcı rənglərinə bürünmüşdü. Məşhur Azərbaycan tarzəni Şəhriyar İmanovun “Nəbz” kompozisiyasının müşayiəti ilə çatmaqaş gözəl qızların boy-buxunlu cərgəsi podiuma daxil olur – çatma qaşlar Şərq qadınının cazibəsini, azadlığını və gücünü ifadə edir. Onlar dünya şöhrətli azərbaycanlı modelyer Rüfət İsmayılın Azərbaycan xalçaları əsasında yaratdığı “Haute Couture Sumakh by AFFFAIR” kolleksiyasından olan geyimləri nümayiş etdirirlər. Özü də, hər bir geyim – cəmi iyirmi bir model - xüsusi diqqətə və öyrənilməyə layiqdir.

Bu yaxınlara kimi fantastik sayıla biləcək arzu gerçəyə çevrildi: «Christian Dior», «Balenciaga», «Elie Saab», «Michale Cinco» kimi dünya moda nəhənglərinin şoularının yer aldığı Paris Moda Həftəsinin təqviminə azərbaycanlı modelyerin adı düşüb, bu, Azərbaycan xalçalarının semantikasının yeni təsviri və təqdimatıdır. Dəb kuturyesinin geyim kolleksiyasında onların naxışlarının tətbiqi maraqlı idi.

«Sumakh» kolleksiyasının gözəlliyi, çalarları və yaratdığı əhval heyran qoyurdu. Həmçinin Rüfət İsmayılın öz şousu ilə dünya moda sənayesinin diqqətini gerçək azərbaycanlı dəyəri olan hər şeyə cəlb etdiyini başa düşmək də eyni hissi verirdi. Ruhuna, ənənələrinə, mədəniyyətinə, tarixinə, etnik gözəlliyinə, dünyanın məşhur muzeylərində - Sankt-Peterburqdakı Ermitajda, Parisdəki Luvrda, İstanbuldakı Topqapıda, Londondakı Viktoriya və Albert Muzeyində, həmçinin Vaşinqtonda Tekstil Muzeyində sərgilənən xalçalarına. Unikal «Haute Couture Sumakh by AFFFAIR» kolleksiyası Rüfət İsmayılın rəhbərlik etdiyi 30-dan çox işçinin çalışdığı komandanın üç aylıq (!) gərgin əməyinin nəticəsidir. Dizaynerin sözlərinə görə, bu kolleksiya qədim Azərbaycan xalçalarının, igid Azərbaycan xalqının və çoxdan gözlənilən Qarabağ Zəfərinin tərənnümüdür.

 

Kulminasiya

Təqdim olunan kolleksiyanın bütün geyimlərində “Çələbi”, “Qarabağ”, “Açma-yumma”, “Qoca”, “Xanlıq”, “Nəlbəkigül” və s. kimi Azərbaycan xalçalarının medalyon və kompozisiyalarının tarixi-bədii məlumatları izlənilir. Onların çoxu nadir parçalardan əllə işlənib, nisbətən bahalı daşlarla bəzədilib, üzərində mulinedən – sap kimi eşilmiş ipək iplikdən "rokoko", "kurçuk" və "sarma" kimi köhnə üsullarla tikmələr işlənib. Azərbaycan Milli Xalça Muzeyi ilə sıx əməkdaşlıq nəticəsində mürəkkəb, zəngin və inanılmaz dərəcədə dəbli kolleksiya yaradılıb.

“Məni bu kolleksiyanı yaratmağa məşhur Azərbaycan xalçalarının motivləri, onların dərinliyi, zəngin çalarları və əcdadlarımızın onları hər bir naxışı işıqlandıraraq, həyatla dolduraraq, həyəcanla yaradarkən ortaya çıxan zəriflik ruhlandırdı”, - deyə dizayner özü etiraf edib.

Paris ictimaiyyəti Rüfət İsmayılın yaradıcılığına böyük maraq göstərdi. Yerli KİV-lərin yazdığına görə, kolleksiyanın təqdim edildiyi - 2 oktyabrda tamaşanın başlamasından bir neçə saat əvvəl Müqəddəs Üç Üqnum amerikan kafedral kilsəsinin binasının girişində növbə yaranıb.

“Kilsənin atmosferi heyrətamiz etnik dizayn və heyranedici modellərlə canlanmışdı. Premium-şounu məşhur dizayner Maykl Sinko açıb, bağlanışı isə Türkiyədə iki dəfə ilin ən yaxşı dizayneri adına layiq görülmüş super istedadlı, tanınmış azərbaycanlı modelyer Rüfət İsmayıl edib ”, - deyə Parisdəki Moda Həftəsinin rəsmi resursu FWO – «Fashion Week Online» (@pariscityfashionweekofficial) yazıb.

FWO onu da qeyd edib ki, Rüfət İsmayılın kolleksiyası həmin günün şousu üçün parlaq bağlanış olub. “Rüfət İsmayılın AFFFAIR brendi Azərbaycan xalqının müasir üslublarının, ənənələrinin və mədəniyyətinin kulminasiyasıdır. Dizayner mürəkkəb və son dərəcə incə əl işlərindən ibarət dəbdəbəli geyimlər yaratmaq üçün əsrlər boyu Azərbaycan mədəniyyəti tərəfindən qorunub saxlanılan ənənəvi xalça naxışlarından istifadə edib”, - deyə FWO-da vurğulanır.

Fashion Week Online əlavə edib ki, «Haute Couture Sumakh by AFFFAIR» kolleksiyası inanılmaz uğur qazanıb, nəzərə almaq lazımdır ki, pandemiya ilə bağlı yaranmış uzun bir fasilədən sonra bu Paris Moda Həftəsi oflayn tədbirlər üzrə ən zəngini olub. «Dior», «Chanel», Hermès, «Louis Vuitton» və «Maison Margiela» kimi iri brendlər daha bir mövsüm üçün də rəqəmsal təqdimatlara dözməyə hazır deyildilər və kiçik oflayn auditoriya üçün real şoular təşkil etmək qərarına gəlmişdilər. Rüfət İsmayıl da bu oflayn sırada olub.

Rüfət İsmayılın «Sumakh» kolleksiyasının təqdimatında baş model kimi hazırda Türkiyədə yaşayan məşhur azərbaycanlı top-model Günay Musayeva çıxış edib.

 

İstedadın və uğurun tanınması

Türkiyə KİV-ləri - “Takvim”, “A24”, “Milliyet” və başqaları Azərbaycan və Türkiyə modelyeri Rüfət İsmayılın Parisdəki xalça kolleksiyası barədə böyük qürurla yazır. Onlar dizaynerin triumfu barədə ardıcıl olaraq “Paris fəth edildi ”, “Rüfət İsmayılın Parisdəki uğuru” kimi başlıqlarla çıxış etdilər. Lakin azərbaycanlı kuturyenin Avropanın moda paytaxtında uğurunu ən parlaq işıqlandıran İtaliyanın ingilisdilli jurnalı - Milanda Moda Həftəsinin kulislərindən reportajlar hazırlamaq üzrə ixtisaslaşan “The Style Researcher” oldu. Belə ki, “The Style Researcher” jurnalının oktyabr sayının üz qabığında Rüfət İsmayılın «Sumakh» kolleksiyasından xalçalı donlar geyinmiş modellərin fotoşəkilləri yer alıb. Rüfət İsmayılın şousuna həsr olunmuş “Məşhur dizayner Rüfət İsmayıl Paris Moda Həftəsində unikal «Haute Couture Sumakh» kolleksiyası ilə fırtına yaratdı” başlığı ilə dərc olunan materialda isə jurnal təkcə dizaynerin yaradıcılığından və xalça modellərindən deyil, həm də Azərbaycandan bəhs edib. Qədim tarixə, zəngin irsə, nadir mədəniyyət və incəsənət nümunələrinə malik olan ölkədə məşhur Azərbaycan xalçasının mühüm yer tutduğu bildirilib. “The Style Researcher“ Azərbaycanı eramızdan əvvəl IV-III minilliklərdən bu yana qədim xalçaçılıq mərkəzi adlandırıb.

Niyə bu, beynəlxalq moda KİV-ləri tərəfindən azərbaycanlı modelyerin uğurunun tanınması sayılır? Məsələ burasındadır ki, onun moda brendi AFFFAIR yarandığı gündən Türkiyədə populyarlıq qazanıb, Avropada Milan Moda Həftəsində (2016), eləcə də bir neçə dəfə Nyu-Yorkda uğurla təqdim edilib və hazırda dünya moda sənayesinə qoşulmaqda davam edir. Bir çox dizayner uzun illər Milana və ümumiyyətlə bütün başqa önəmli moda həftələrinə çıxmağa çalışsa da, Rüfət bunu ilk dəfə edib. Kolleksiya yaradıb, Milana materiallar göndərdikdən bir müddət sonra dəvət alıb. Türkiyədən indiyədək heç bir dizayner Milan Moda Həftəsində iştirak etməyib. İştirak üçün müraciətlər hər il göndərilsə də, heç kim keçə bilməyib və AFFFAIR ilk dəfə uğur qazanıb.

“Milan Moda Həftəsi moda dünyasında bir plankadır və çox şeydən xəbər verir – ilk növbədə, başlıcası odur ki, dünya modasının mərkəzi sizi qəbul edir və etdiyiniz işi bəyənir. Milan inanmadıqlarını və modaya baxışı müəyyən edilmiş səviyyəyə uyğun gəlməyənləri heç vaxt qəbul etməyəcək. Sevindirici haldır ki, biz - yeni gələnləri - dünya mətbuatı alqışla qarşıladı. O vaxt üz qabığında bizi dərc etmiş «Vogue», ELLE və başqa aparıcı nəşrlər məni və AFFFAIR komandasını hər cür qorxu və şübhələrdən xilas etdi", - deyə R. İsmayıl müsahibəsində bildirib.

Bu dəfə də belə oldu. «The Style Researcher» moda dünyasının ən hörmətli jurnallarından biridir - İtaliyanın moda sahəsində ən böyük qurumu olan İtaliya Moda Milli Palatası tərəfindən akkreditə edilib. Nəşr üç əsas sahəni əhatə edir: moda və gözəllik, səyahət və həyat tərzi, incəsənət və fotoqrafiya. Jurnaldakı hər şey eksklüziv müsahibələr və ya köşə yazıları ilə tamamlanan fotoşəkillərin gözəlliyinə hörmətdir. Toplanmış təcrübə sayəsində nəşrin müxbirləri Los-Anceles, Nyu-York, Milan, Roma və digər şəhərlərdə keçirilən moda həftələrində iştirak edərək, oxuculara öz səhifələrinin hər birində zamansız və aktual zəriflik təqdim edirlər. Bu gün isə bu jurnalın üz qabığını Rüfət İsmayılın xalça modelləri bəzəyir.

 

Onun barəsində biz daha nələri bilməliyik?

Rüfət İsmayılın AFFFAIR brendi Türkiyədə yaradılıb və hazırda bütün dünyada uğurla genişlənməkdədir. Dizayner öz cəsarətinə və ekssentrikliyinə görə dəfələrlə dünya mediasının müzakirələrinin mərkəzinə çevrilib. Geyimlərinə görə iki dəfə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb. İsmayılın kolleksiyası dünya moda sənayesinin “Məkkə”sində – «Pitti Uomo»da da təqdim edilib və «Fashion TV» onu 2018-ci ilin "Ən yaxşı Avropa dizayneri" elan edib.

Dizayner danışır ki, öz geyim xəttini yaratmaq ideyası ona spontan gəlməyib, mağazalarda iri kişilər üçün geyim tapılmadığı üçün yaranıb. Belə demək olar ki, Rüfət özü üçün yaratmağa başlayıb. AFFFAIR brendinin adı “eyforiya”, “sevgi”, “intriqa” kimi tərcümə olunur, lakin daha bir F hərfi əlavə edilir. Addakı bu əlavə hərf, həm də brendin fəlsəfəsini, yəni üç sözü açır: Fashion, Fabulous, Forward (Moda, Heyrətamiz, Qabaqcıl).

Dizayner deyir ki, onun brendi özünə inanan, diqqət mərkəzində olmağı və dəbi izləməyi sevən insanlar, təbii ki, rahatlığa üstünlük verənlər və qiymətləndirənlər üçün yaradılıb.

- Nə ilə fəxr edirsən?

- Azərbaycanlı olmağımla!

Rüfət İsmayıl bu sözləri «R+»a müsahibəsində 6 il əvvəl demişdi. Amma o zaman Türkiyədə yaşayan soydaşımız moda sənayesinin yüksələn ulduzu idisə, bu gün dünyada məşhur Azərbaycan və Türkiyə «Haute Couture» dizayneridir. Bu gün biz fəxr edirik ki, Rüfət İsmayıl təkcə Parisdə deyil, bütün moda dünyasında ən tələbkar tamaşaçılar tərəfindən alqışlanan əsl azərbaycanlıdır.

Çox sayda dünya məşhurları öz fotosessiyaları və konsertləri üçün Rüfət İsmayılın yaratdığı geyimləri seçirlər: Beyons, Aşanti, Lil Kim, Erika Kostell və türkiyəli məşhurlar Murat Dalkılıç, Cansu Dere, Çağan Atakan Arslan, Tülin Şahin.

Yalnız «Haute Couture Sumakh» kolleksiyasının Bakıda nə vaxt təqdim ediləcəyini səbirsizliklə gözləmək qalır. Qarşıda Moskva və Nyu York şouları var. Parisdə isə o, Heydər Əliyev Fondunun dəstəyi ilə təqdim olunub.



MƏSLƏHƏT GÖR:

190