24 Aprel 2024

Çərşənbə, 19:02

DİRÇƏLİŞ VADİSİ

Ağdam və Cəbrayıl rayonlarındakı sənaye zonaları azad edilmiş ərazilərdə bərpa proseslərini sürətləndirəcək

Müəllif:

15.10.2021

Azərbaycanda artıq neçə illərdir ki, sənayeləşmə proqramı həyata keçirilir ki, bunun da nəticəsi əlliyə yaxın kənd təsərrüfatı parkının, ondan çox texnoparkın və sənaye məhəlləsinin yaradılması, həmçinin Ələt Azad İqtisadi Zonasının (AİZ) inşası olub. Bu sınaqdan keçmiş üsul Qarabağ bölgəsində sənaye klasterlərinin formalaşması prosesində aparıcı olacaq. O cümlədən, ilin ortalarından etibarən burada "Ağdam Sənaye Parkı"nın infrastrukturunun inkişafı üzrə işlər görülür, bu yaxınlarda isə "Araz Vadisi İqtisadi Zonası" sənaye parkının təməli qoyulub.

 

Sıfırdan bərpa

2020-ci ilin noyabrında 44 günlük müharibə bitdikdən dərhal sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinə başlanıldı. Bir ildən az müddət ərzində burada irimiqyaslı infrastruktur layihələri həyata keçirildi – sıfırdan yol şəbəkəsi çəkilir, sıfırdan enerji təchizatı və rabitə sistemləri tikilir, hidroqovşaqlar və kiçik su elektrik stansiyaları modernləşdirilir. Füzulidə hava limanı istifadəyə verilib, gələcəkdə daha iki rayonda hava limanı layihələri həyata keçiriləcək və bölgədə beynəlxalq önəmə malik dəmir yolu xətlərinin çəkilişinə hazırlıq başlanılıb.

Özü də, bu təşəbbüslərin önəmli bir hissəsi xarici podratçıların, avadanlıq təchizatçılarının, layihəçilərin və konsaltinq şirkətlərinin cəlb edilməsi ilə gerçəkləşdirilir. Bu gün işlərə onlarla şirkət cəlb edilib – onlar əsasən Türkiyə, İtaliya və İsraili təmsil edirlər; Qarabağ bölgəsində infrastruktur və istehsal layihələri ilə bağlı çoxsaylı iş təklifləri Macarıstan, Böyük Britaniya, Qazaxıstan, Pakistan, Çin, Polşa, Rusiya və dünyanın bir sıra digər ölkələrini təmsil edən sahibkarlardan gəlib.

Bütünlükdə, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sənayenin və yüksək texnologiyalı aqrar sektorun qurulmasında xarici kapitalın ən geniş iştirakını və müasir texnologiyaların cəlbini təmin etmək niyyətindədir. Bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi üzrə həllər, tullantıların və su resurslarının idarə edilməsi, kənd təsərrüfatında, sənaye istehsalında və şəhərsalmada, filiz və digər mineral xammalın çıxarılması və emalı sahəsində "ağıllı texnologiyalar" – bu, xarici və yerli iş çevrələrindən alınan iş təkliflərinin heç də tam siyahısı deyil.

Bununla belə, səmərəli istehsal klasterlərinin yaradılması üçün, ilk növbədə, bütün zəruri kommunal və digər kommunikasiyalarla təmin edilmiş ilkin sənaye infrastrukturlu sahələrin yaradılması, habelə investorlara geniş maliyyə güzəştləri və digər imtiyazları təmin etmək lazımdır. Son illərin təcrübəsi göstərir ki, bütün bu məsələlər azad edilmiş ərazilərdə texnoparklar, sənaye məhəllələri və aqroparklar şəbəkəsi yaratmaqla ən optimal şəkildə həll edilə bilər.

 

Səmərəli həll

Bu gün sənaye müəssisələrinin ixtisaslaşmış klasterlərdə yerləşdirilməsi Azərbaycanın 2030-cu ilədək sənayeləşmə strategiyasının əsas istiqaməti olaraq müəyyən edilib. Bundan əlavə, bu ilin yanvar ayında Prezident İlham Əliyev inzibati mexanizmlərin təkmilləşdirilməsi və bu cür strukturların istehsal səmərəliliyinin artırılması üçün "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb. Fərmana görə, İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin bazasında hüquqi şəxs statusu olan İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentliyə bütün sənaye parkları (Balaxanı istisna olmaqla) və sənaye məhəllələri (Naxçıvan istisna olmaqla), həmçinin Azərbaycanda fəaliyyət göstərən bütün aqroparklar daxildir.

Söhbət, o cümlədən Sumqayıtda artıq uzun illərdir fəaliyyət göstərən iki güclü texnoparkdan – Sumqayıt Texnologiya Parkından (STP) və Sumqayıt Kimya Sənaye Parkından (SKTP) gedir. Bizdə, həmçinin Mingəçevir, Pirallahı, Balaxanı və Qaradağ sənaye parkları da var.

«Qeyri-neft sektorunun inkişafı üçün optimal mexanizm olan sənaye parklarında istehsalın həcmi bu günə qədər 4,3 milyard manatı keçib. İnvestisiyaların ümumi həcmi isə 6,1 milyard manat təşkil edib»,- deyə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə bildirib.

Sənaye istehsalının konsentrasiyası üzrə səmərəli üsuldan biri də sənaye məhəllələri şəbəkəsinin formalaşdırılması oldu: onlardan beşi - Neftçala, Hacıqabul, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri bu gün fəal inkişaf edir, daha iki sənaye məhəlləsi tikilmə mərhələsindədir. Sənaye məhəllələrinin rezidentləri artıq 74,5 milyon manatdan çox sərmayə qoyublar, özü də bir çox qruplarda istehlak malları ilə yanaşı, avtomobil, yük maşını, metal konstruksiyalar, tikinti materialları və yüksək dəyərə malik digər məhsulların istehsalı qurulub.

Aqrar sektorda əmtəə istehsalını və emalını artırmaq üçün Azərbaycanda ümumi sahəsi, təxminən, 240 min hektar olan 51 aqroparkın yaradılması planlaşdırılır. 2014-cü ildən bu günə qədər aqroparklara qoyulan investisiyaların həcmi 2,4 milyard manatdır və bu obyektlərin, təxminən, 43-ü artıq fəaliyyət göstərir.

 

Ağdam sənaye parkı

Azərbaycan 2009-cu ildən bəri topladığı zəngin təcrübəni, o cümlədən sənayenin lokal klasterlərdə inkişafı üzrə təcrübəni Qarabağ bölgəsinin sənaye-aqrar inkişafı layihələrinin icrası zamanı da həyata keçirməyi planlaşdırır.

Bu istiqamətdə ilk addım bu ilin ortalarında İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi altında Ağdam Sənaye Parkının ilkin infrastrukturunun yaradılması üzrə görülən işlər olub. Burada rəqabət qabiliyyətli məhsulların istehsalının, emalının və logistikasının qurulması, habelə çağdaş texnologiyaların tətbiqi ilə sənaye sektorunda xidmətlərin göstərilməsi planlaşdırılır. "Ağdam Sənaye Parkı"nın ikimərhələli inkişafı nəzərdə tutulur: birinci mərhələdə, təxminən, 30-40 sahibkar üçün çıxış imkanı yaradacaq 76 hektar sahə mənimsənəcək, ikincidə isə qalan ərazi mənimsənəcək və oradakı müəssisələrdə yüzlərlə daimi iş yeri yaradılacaq. İnfrastruktur üzrə, inzibati və istehsalat binalarının tikilməsi üzrə bütün xərcləri dövlət öz üzərinə götürəcək.

Sənaye parkının əlverişli yerini qeyd etmək yerinə düşər. Yaxınlıqda iki magistral avtomobil yolu keçir - Bakı-Şuşa və Ağdam-Ağcabədi yolları, həmçinni buraya Yevlaxdan dəmir yolu xətti çəkilir. Beləliklə, Ağdam və yanaşı ərazilər regional əhəmiyyətli xammalın emalı üçün sənaye mərkəzinə çevriləcək. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, sənaye parkında tikinti materiallarının istehsalının və kənd təsərrüfatı məhsullarının emalının, o cümlədən şərab, gübrə və yüksək ixrac potensialına malik digər məhsulların istehsalının təşkili planlaşdırılır. Bütünlükdə, qarşıdakı illərdə Ağdamın sənaye klasterinə 110 milyon manatlıq investisiyanın cəlb olunacağı gözlənilir. Həmçinin yem isteşsalı, qablaşdırma məmulatlarının, habelə konserv, ət və süd məhsullarının istehsalı qurulacaq, taxıl və digər bitki məhsullarının emalı təşkil ediləcək.

 

Araz vadisi

Dövlət başçısının iştirakı ilə "Araz Vadisinin İqtisadi Zonası" sənaye parkının təməlinin qoyulması mərasiminin keçirildiyi Cəbrayıl rayonunda analoji miqyaslarda istehsal və xidmət klasteri yaradılacaq. Yeni qurum Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 hektar geniş ərazidə yerləşir. Özü də o, bütün Şərqi Zəngəzur iqtisadi rayonunun əsas istehsal habı olaraq formalaşır. Gələcək zonanın ilkin infrastrukturunun inkişafı üçün büdcədən 500 min manat ayrılıb. Amma gələn il investisiyalar artacaq, inzibati və istehsal binaları tikiləcək, idarəetmə strukturları formalaşdırılacaq və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün digər tədbirlər görüləcək.

Növbəti addım investorları yeni sənaye parkına cəlb etmək və rəqabət qabiliyyətli sənaye məhsulları istehsalı qurmaq olacaq.

Klasterin ərazisi kənd təsərrüfatı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzinin, anbar komplekslərinin, topdan və pərakəndə satış obyektlərinin, ağır nəqliyyat vasitələri parkının, gömrük, yanacaqdoldurma məntəqələrinin, habelə avtomobillərin və digər avadanlıqların təmiri üçün məntəqələrin yaradılması planlaşdırılır. «Gəncə Avtomobil Zavodu» İB ilə dünyanın aparıcı yük maşınları istehsalçılarından biri olan «KamAZ» ASC (Tatarıstan, RF) arasında birgə müəssisənin - gələcək servis mərkəzinin təməli artıq qoyulub. 1,5 hektar ərazidə yük maşınlarına və kənd təsərrüfatı texnikasına xidmət və təmir üçün servis blokları yaradılacaq.

Gələcəkdə "Araz Vadisi İqtisadi Zonası"nda tikinti üçün metal konstruksiyalar, üzlük və izolyasiya materialları istehsalının qurulması, kənd təsərrüfatı məhsullarının qablaşdırılması üçün müəssisələrin yaradılması planlaşdırılır.

Burada həm də gübrə istehsalı, ipək emalının qurulması nəzərdə tutulur, planlara tekstil və xalçaçılıq sənayelərinin qurulması da daxildir. Zonada soyuducu kameraları quraşdırılacaq, kiçik istehsal və servis qurumları yaradılacaq. Ətrafdakı bütün yaşayış məntəqələri dağıldığından, sosial zonada yaşayış, sosial və inzibati tikililərlə təchiz olunmuş 150 nəfərlik modul şəhərciyin tikilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonunun iri resurs bazası və kənd təsərrüfatı potensialı nəzərə alınarsa, "Araz Vadisi İqtisadi Zonası"nın inkişaf perspektivlərinin yetərincə genişliyi aydın olur. Özəlliklə, ərazidə 5 milyon kubmetr tutumu olan qum yataqları, həmçinin çınqıl, vulkan külü, kəsilmiş daş, kərpic istehsalı üçün gil, sement xammalı, gips, əhəng, yaşma, dağətəyi ərazilərdə isə dəmir və xrom - filiz konsentratının istehsalı üçün baza mövcuddur. Bu rayonda sənaye klasterinin yaradılması yerli elektrik sənayesinə əsaslanacaq - BP burada 240 MVt gücündə günəş elektrik stansiyası tikməyi planlaşdırır.

Cəbrayıl rayonunda aqrar-sənaye müəssisələrinin inkişafı da yetərincə perspektivlidir. Təxminən, 60 min hektar məhsuldar torpağın olması, yeraltı sularının bolluğu, Araz çayının və Xudafərin su anbarının yaxınlığı üzümçülük, pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlığın sürətlə canlanmasına kömək edir. Soyuq hava kütlələrinin axınından dağ silsilələri ilə qorunan günəşli Araz vadisində texniki üzüm sortlarının becərilməsi və şərabçılığın inkişafı da xüsusilə əlverişlidir. SSRİ illərində payına 300 tona yaxın ipəkqurdu baraması düşən rayonda kütləvi tut əkilməsi və ipək lifi istehsalının qurulması da planlaşdırılır.

Rezidentlərinin gömrük rüsumundan, ƏDV və bir sıra digər vergilərdən azad ediləcəyi Ağdam və Cəbrayıl sənaye parkları azad edilmiş ərazilərin sənaye potensialını canlandırmaq istiqamətində atılan ilk addımlardır. Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın rayonlarında da müxtəlif formatlı sənaye klasterlərinin yaradılması planlaşdırılır, buralarda mineral xammalın çıxarılması və emalını təşkil etmək, mədənçıxarma sənayesini inkişaf etdirmək mümkün olacaq. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həmçiin İT texnologiyalarının tətbiqi üçün yetərincə potensial var. Qarabağda yüksək texnologiyalar parkının və innovasiya mərkəzinin yaradılması da mümkündür, bununla bağlı Azərbaycan İnnovasiya Agentliyi və Türkiyənin GOSB texnoparkı arasında "Mədəni və elmi əməkdaşlıq haqqında" uyğun memorandum imzalanıb. Zəngilan rayonunun Ağalı kəndində türk şirkətlərinin dəstəyi ilə artıq elektron kənd təsərrüfatının inkişafı üçün genişmiqyaslı layihə həyata keçirilir.

Beləliklə, Qarabağın və Şərqi Zəngəzurun sənaye potensialının dirçəldilməsi həm qeyri-neft sektoruna yeni böyük investisiyalar cəlb etmək, həm də ölkə daxilində səmərəli istehsal zənciri yaratmaq baxımından güclü stimul olacaq. Sonucda, hökumətin bir məqsədi var - iqtisadiyyatın bütün komponentlərinin ÜDM-in formalaşmasında paritet paya sahib olmasına nail olunmalıdır.



MƏSLƏHƏT GÖR:

152