27 Aprel 2024

Şənbə, 07:07

BEŞİNCİ ÇEMPİON

Boks üzrə Azərbaycan yığmasının Belqradda əldə etdiyi nəticələri qənaətbəxş hesab etmək olar

Müəllif:

15.11.2021

Uzun müddət Azərbaycan boksunda hökm sürən sakitlik Serbiyada keçirilən dünya çempionatında pozuldu. Səfərə iddialı yollanan dəri əlcək sahibləri ilin son mötəbər yarışında 3 medala layiq görüldü. Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (92 kq+) yarımfinalda uduzmaqla bürünc medalla kifayətləndi. Serbiyada millimizdə ən yüksək nəticəni Alfondo Dominges qazandı. Bütün rəqiblərinə qalib gələn kubalı təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

 

Azərbaycana sadiqlik

Ümumilikdə 88 ölkədən 510 idmançının yarışdığı dünya çempionatında boks millimizin əldə etdiyi 3 medalı qənaətbəxş nəticə hesab etmək olar. Səbəb isə medallardan birinin qızıl əyarlı olmasıdı. İlk növbədə 71 kq-da çıxış edən Sərxan Əliyevin döyüşü barədə danışaq. Kifayət qədər inamlı təsir bağışlayan Sərxan yarımfinaladək bütün rəqiblərindən üstün oldu. İlk üç mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəldi. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından Əliyev bürünc medalla kifayətlənməli oldu. Ümumilikdə Sərxanın əzmkarlığı barədə ancaq xoş sözlər demək mümkündü. Məşqlərdə səylə çalışmağı davam edəcəyi halda boksçunu üç il sonra Paris Yay Olimpiya Oyunlarında görmək nəsib olacaq. 92 kq-dan yuxarı çəkidə çıxış edən Məhəmməd Abdullayev də üçüncü yeri tutdu. Abdullayev ilk üç görüşdə daha yaxşı təsir bağışlasa belə yarımfinalda özünə bənzəmdi. Fiziki hazırlıqda problemin olması ona finala çıxmağa mane oldu.  

86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi Alfonso Dominges AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub etməklə finala vəsiqə qazandı. Tokio Olimpiadasının bürünc medalçısı finalda braziliyalı Keno Maçadonu məğlub etdi. Rəqibi üzərində 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanan Dominges fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. O, təşkilatçılar tərəfindən çempion üçün xüsusi kəmərə və 100 min dollar mükafata da sahib oldu. 

Alfonso Dominges millimizdə hazırda ən güclü boksçudur desək yanılmarıq. Yarımfinalda Vətəni Kubanı təmsil edən Keno Maçadonu məğlub etməklə növbəti dəfə Azərbaycan millisinə sadiqliyini nümayiş etdirdi. Yüksək texnikaya malik Dominges həm də uca boyu sayəsində rəqiblərə problem yaradır. Onun cəldliyi vaxtında dəqiq zərbə vurmağa kömək edir. Tokioda üçüncü yeri tutan Domingesin üç il sonra Paris Olimpiadasında daha yüksək əyarlı medal qazanacağını proqnozlaşdırmaq olar.

 

Beşinci dünya çempionu

Beləliklə, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurdu. Alfonso Domingesin qazandığı qızıl medal sayəsində ölkə idmanı tarixində boks üzrə beşinci dünya çempionu oldu. Onlardan Məhəmmədrəsul Məcidov (+91 kq) 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla rekordçudur. Boksçumuz 2011-ci, 2013-cü və 2017-ci illərdə birinci yeri tutub. Yığmamıza ilk qızıl medalı 2003-cü il Banqkokda Ağası Məmmədov (54 kq) qazandırıb. Cavid Çələbiyev (56 kq) 2013-cü ildə, Elvin Məmişzadə (52 kq) isə 2015-ci ildə mundialda Azərbaycan himnini səsləndirib. Ümumilikdə 5 çempionumuz 7 qızıl medal əldə edib.  Yığmamız indiyədək dünya çempionatlarında 22 mükafata sahib olub. Onlardan 7-si qızıldırsa, 4-ü gümüş, 11 bürünc medaldır.

 

Şəhidlərə həsr olunur

Region Plus-un suallarına cavab verən dünya çempionu Alfonso Dominqes qələbəni şəhidlərimizə həsr etdiyini bildirib: “ Çox xoşbəxtəm. Bakıya dünya çempionu kimi qayıtmaq gözəl hisslərdi. Serbiyada "Zəfər Günü" ərəfəsində Azərbaycan himnini səsləndirilməsi gözəl duyğudu. İnamlı çıxış sayəsində lazımi uğuru qazandım. Bu, "Zəfər Günü" ərəfəsində olduğu üçün çox sevincliyəm. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirəm. Bu uğuru da şəhidlərimizə həsr edirəm”.

O, yarımfinalda kubalı Ruis Kordoba ilə döyüşdən sonra rəqibinin əlini qaldırmasından da danışıb. Alfonsonun sözlərinə görə, həmyerlisi ilə münasibəti çox yaxşıdır: “Biz rinqdən kənarda dostuq. Amma döyüşdə mən Azərbaycanı, o Kubanı təmsil edir. Bu səbəbdən də görüşdə mübarizə aparmalıyıq. Olimpiadada qızıl medal qazana bilmədim, bürünc mükafat əldə etdim. Bundan sonra artıq dünya çempionatının hazırlığına başladım. Öz üzərimdə işləyərək, qızıl medal qazandım. İnanıram ki, uğurun ardını gətirəcəyəm”.

Boks üzrə Azərbaycan millisinin baş məşqçisi Umberto Orta Dominqes komandanın ümumi çıxışından razı qaldığını deyib: “Çox gərgin yarışda iştirak etdik. Elə bir mundial oldu ki, hər bir idmançı 5 və ya 6 görüş keçirməli idi. Keçirdiyimiz gərgin təlim-məşq toplanışlarının sayəsində bu medalları əldə edə bildik”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, 3 döyüşdəki məğlubiyyət baş məşqçi kimi ona təsir edib: “Tayfur Əliyevin 1/8, Məsud Yusifzadənin 1/4 və Məhəmməd Abdullayevin yarımfinal görüşlərini nəzərdə tuturam. Onlar layiq olduqları qələbə ilə qiymətləndirilsəydi, medallarımızın sayı və əyarı müxtəlif ola bilərdi. Buna baxmayaraq, özümüzü xoşbəxt hiss edirik. İki illik zəhmətimizin bəhrəsini gördük və bizim üçün ən önəmlisi budur. Bu nəticəni daha da yaxşılaşdırmaq üçün davam etməliyik”.

 

Daha yüksək hədəflər

Kubalı baş məşqçi rinqdən kənarda aqressiv olmasına da aydınlıq gətirib: “Bu, idmandır və məşqçiyə aid olan xüsusiyyətdir. Məqsəd boksçuların rinqdə dediklərimi etməsi üçündür. Onlara qarşı hansısa təzyiq deyil. Əksinə, daha da irəli getmələrinə hesablanan addımdır. Gələcək hədəflərimiz daha yüksəkdir. Paris-2024 Yay Olimpiya Oyunlarında məqsədimiz 2 qızıl medal qazanmaqdır. Ən azından dünya çempionatında qazandığımız mükafatlarla özümüz üçün yolu açdıq”.

Qeyd edək ki, dünya çempionatından sonra boks üzrə əsas milli komandamıza istirahət verilib. Milli üzvləri ilin sonunda Azərbaycan çempionatında iştirak etməklə yığmadakı yerini qorumağa çalışacaq.



MƏSLƏHƏT GÖR:

153