18 Aprel 2024

Cümə axşamı, 06:37

OLUM, YA ÖLÜM

Roma və Qlazkoda əldə edilmiş razılaşmaların planetin «yaşıl» gələcəyinə hansı müsbət təsirləri olacaq?

Müəllif:

15.11.2021

«Dünyanın ən güclüləri»nin qlobal istiləşmənin nəticələri ilə bağlı müzakirələri heç kimi razı salmayıb. Bu, heç də təəccüblü deyil. Çünki iki tədbirin – «Böyük iyirmiliy»in oktyabrın 31-də Romada keçirilmiş sammitinin və BMT-nin iqlim dəyişikliklərinə dair Qlazkoda təşkil edilmiş 26-cı konfransının nəticələrini bir məşhur məsəllə xarakterizə etmək olar – «hərənin ağzından bir avaz gəlir». Bu, sözün hərfi mənasında belədir. Məsələn, hansısa ölkələr meşələrin qırılması ilə mübarizə öhdəliyi götürür, hansılarsa kömürə müharibə elan edir, digərləri ümumiyyətlə heç bir vəd vermir, bəziləri qeyri-müəyyən mövqe nümayiş etdirir və s. Bir sözlə, bu templərlə heç nə vəd etməmək də olardı. Hər kəsin vəd etdiyi müddət fərqlənir, öhdəliklərə əməl olunmayacağı halda sanksiyaların tətbiqi mexanizmi yoxdur, üstəlik, hələlik onu kimin müəyyənləşdirəcəyi də məlum deyil.

Beləliklə, ortaya ümumi fəaliyyət planı qoymaq mümkün olmayıb. Bundan başqa, ötən illərin təcrübəsi göstərir ki, bu və ya digər ölkədə hakimiyyətin dəyişməsi ilə o ölkə asanlıqla «yaşıl cığır»ı tərk edə bilir. Ən vacibi bütün bunların nə üçün baş verdiyidir. Bu suala isə heç kim cavab verməyib.

 

Fəlakətlər və fəsadları

Halbuki bəşəriyyətin narahat olması üçün, həqiqətən də, səbəblər var – ötən yay bunu bir daha sübut edib. Havanın hərarətinin yüksəlməsi yalnız istidən ölüm hallarına səbəb olmur, o həm də başqa anomaliyalara (daşqınlar, qasırğalar və s.) yol açır, təbii fəlakətlər yaradır, meşə yanğınları ilə nəticələnir. Bütün bunlar isə insanları ev-eşiyindən məhrum edir, ətraf mühitə zərbə vurur və ən əsası, ən müxtəlif məhsulları məhv edir, təmiz suyu əlçatmaz edir. Nəticədə, əlbəttə ki, aclıq qaçılmaz olur. Bu vəziyyət geniş ərazilərin insan və heyvanların yaşayışı üçün əlverişsiz çöllərə çevrilməsi ilə nəticələnə bilər. Atmosferdə zəhərli qazların miqdarının artması isə respirator və digər təhlükəli xəstəliklərə, o cümlədən depressiya və demensiyaya yol açır. Təbii fəlakətlərin təhlükəli infeksiyaların yayılmasına səbəb olması da öz yerində…

Ümumilikdə Romada dünyanın, demək olar ki, bütün ölkələri  yer kürəsində temperaturu 2°S səviyyəsində saxlamaq, idealda isə, heç 1,5°S də çatdırmamaq haqda razılığa gəliblər. Lakin dünyada əhalinin artması ilə enerjiyə tələbatın da artdığı bir şəraitdə buna necə nail olunacağını heç kim bilmir. Axı, alternativ enerji istehsalının özü üçün də enerji lazımdır. Belə çıxır ki, dünya qapalı dairənin içərisindədir. İnkişaf etmiş və üçüncü dünya ölkələrinə bölünmüş vəziyyətdə qlobal istiləşmə ilə mübarizə aparmaq mümkün deyil. Çünki belə mübarizə yoxsul ölkəni bir qədər də yoxsullaşdırır. Başqa sözlə, qloballaşma dövründə iqtisadi vəziyyətindən asılı olmayaraq, hər bir ölkəyə əlində olanı qurban verməsi təklif edilir. Halbuki istehlak və istehsalın ixtisarı ilə bağlı ümumi plana ehtiyacın olduğu ortadadır. Məsələn, İndoneziya ilə Braziliyanın palma yağı, kakao və soya istehsalı üçün cəngəllikləri qırmaqdan imtina etməsi üçün bütün dünya şokoladsız və digər vacib olmayan ərzaqlarsız yaşamağa razılaşmalıdır. Bununla yanaşı, istehsalatla məşğul olanların itkiləri də necəsə kompensasiya edilməlidir. Qlazkoda və Romada heç kim bəşəriyyətin hansısa müddət yeni model telefonsuz və digər qacetlərsiz yaşamaqdan heç nə itirməyəcəyini deməyib. Bu təklif səsləndirilməyib, çünki bu, mümkün deyil. İndi bu sənayenin qarşısını kəsmək heç də asan deyil. Müqayisədə, indoneziyalı kəndliyə cəngəllikləri qırmağı qadağan etmək daha asandır. Amma bununla qlobal istiləşmənin qarşısını almaq mümkün olmayacaq. Məsələ də bundadır…

 

İqlim və rəqabət

Bu gün dünyada ən çox tullantıların olduğu Çin (tarixən bu «status» ABŞ-da olub) üzərinə hər hansı ciddi öhdəlik götürməyib. Əslində, bütün XX əsr boyunca dünyaya hökmranlıq etməyə çalışmış və bu zaman planeti sürətli şəkildə çirkləndirmiş Vaşinqtonla geosiyasi rəqabətdə olan Pekini məzəmmət etmək, əlbəttə ki, çətindir. Elə ABŞ-ın özünün də danışmağa çox sözü yoxdur.

Qərb mətbuatı yazır ki, bu il Amerika ötən illə müqayisədə 20% çox kömür istifadə edib. Müşahidəçilər ABŞ prezidentinin kortecində 100-dən artıq avtomobilin yer aldığına da diqqət çəkir. Halbuki Bayden 2030-cu ilə atmosferə atılan çirkli tullantıların miqdarının 2005-ci illə müqayisədə 50% azaldılacağını vəd edir. Bununla yanaşı, bir gün Ağ Evdə Baydeni məsələn, Tramp düşüncəsində olan şəxs əvəzləyərsə, o, sələfinin vədinə görə hər kəsdən üzr istəyə bilər və bu halda vədlərin yerinə yetirilməsini yenə ən azı 4 il gözləmək lazım gələr…

Narahatlıq verən məqamlardan biri də Cozef Baydenin çıxışında ölkəsinin iqlimin qorunması hərəkatında yenidən lider olmaq iddiasını dilə gətirməsidir. Demək, ABŞ yeni texnologiyaların istehsalı, onlara yiyələnilməsi sahəsində də lider olmağa çalışır. Bu, bizim qlobal istiləşmə ilə mübarizəyə paralel olaraq, beynəlxalq geosiyasi mübarizənin yeni mərhələsi ilə üz-üzə olduğumuz anlamına gəlmirmi? Moskvanın iqlim məsələlərində qəflətən çox yumşaq davranmağa başlaması bir çox müşahidəçinin, o cümlədən rusiyalı müşahidəçilərin özlərinin təəccübünə səbəb olub. Bəziləri düşünür ki, yaxın vaxtlarda Çin də bu məsələdə eyni cür davrana bilər.

Dünyanın sözdə və ya əməldə «yaşıl gündəm»ə kökləndiyi bir vaxtda Moskva ilə Pekin bir də «yaşıl sanksiyalar»la üzləşmək istəmir. Onlar bu qlobal oyunda öz yerlərini tapmağa, səsə sahib olmağa çalışırlar. Bu oyun isə ildən-ilə daha da böyüyəcək, çünki logistik zəncirlər dəyişəcək (məsələn, elə həmin Şimal dəniz yolu). Kənd təsərrüfatının xarakteri də dəyişəcək, regionları da. Amma əsas həlledici amil içməli su məsələsi ola bilər. BMT ekspertlərinin proqnozlarından belə çıxır ki, yaxın gələcəkdə içməli su «yeni neft»ə çevrilə bilər…

Bu kontekstdə, hələlik dəqiq hesablama şkalasının olmadığı faktor və məlumatlarla manipulyasiya etmək təhlükəli görünür. Məsələn, Rusiya KİV-i yazır ki, Braziliya və İndoneziyada meşələrin kiçilməsi fakt olsa da, ümumilikdə dünyada bu, belə deyil. Ən azı ona görə ki, havanın istiləşməsi yaşıllıqların artmasına səbəb olur (istilikxanalar bunun təsdiqidir). Amma əlbəttə ki, bu, dünyanın hər yeri üçün keçərli deyil və bunun özü də üzərində düşünməyin vacib olduğu amildir. Geosiyasi mənada…

 

Və gəlirlərin qeyri-bərabərliyi

Beləliklə, bu gün bəşəriyyətin qarşısında dayanan əsas məsələ «yaşıl gələcəy»ə nə vaxt keçiləcəyi yox, onun ümumilikdə insani olub-olmayacağıdır. Hər halda, bəşəriyyət iqlim təhdidləri ilə mübarizədə də cəmi bir neçə il əvvəl terrorçuluqla mübarizə zamanı üzləşdiyi problemlərlə qarşılaşır. Bu gün də mövcud olan həmin problemlər dəfələrlə dilə gətirilsə də, görünən odur ki, məsələyə ciddi yanaşılmayıb. Söhbət gəlirlərin qeyri-bərabərliyindən gedir. Gəlirlərin qeyri-bərabərliyi, əlbəttə ki, özünü yalnız qidalanmada deyil, həm də tibbin, səhiyyənin əlçatanlığı məsələsində də göstərir. Fakt ondan ibarətdir ki, bu gün dünyanın bir çox sakini Roma və Qlazkoda önəmli kişi və qadınların nədən danışdıqlarını anlamaq iqtidarında deyil… Qərbin nüfuzlu nəşrləri yazdıqda ki, hər bir ölkənin sakinləri, xüsusilə gənclər nə ilə qidalandıqlarına, necə səyahət etdiklərinə, nə aldıqlarına diqqət yetirməlidir, nəzərə almırlar ki, bu çağırışlar günlərini yalnız sağ qalmaq uğrunda mübarizə ilə keçirən insanların vecinə deyil. İnsanları ağacları qırmağa yalnız məsələn, iri şirkətlərdə olduğu kimi, asan pul qazanmaq istəyi sövq etmir. Saysız-hesabsız insan bunu sadəcə, əsas tələbatlarını ödəmək üçün edir. Amazon selvaslarında ağac kəsən kəndli planetin 100 il sonra məhvində pay sahibi ola bilər. Amma həmin kəndli ağacı kəsməyəcəksə, onun ailə üzvləri cəmi 1 həftə sonra öləcək. Ona bu fərqi izah edə bilərsinizmi? Ümumiyyətlə, bunu izah etməyə çalışmağın özü mənəviyyata nə qədər uyğundur?

Bütün bunlarla yanaşı, planetin xilası üçün tədbirlərin görülməsi şərtdir. Bu tədbirlər könüllü şəkildə görülməzsə, məcburi xarakter ala bilər. Bu yerdə ortaya sual çıxır: bunu kimlər və necə edəcək, bu zaman ortaya hansı risklər çıxacaq? Hər halda, Avropada son illərin miqrasiya böhranı göstərib ki, belə hallarda vəziyyət asanlıqla nəzarətdən çıxa bilir.



MƏSLƏHƏT GÖR:

141