19 Aprel 2024

Cümə, 09:48

ÜZ-ÜZƏ

Vişvanatan Anand: “Çempion olmaq üçün 24 saat hazırlaşmalısan”

Müəllif:

01.01.2022

2021-ci ildə Azərbaycanda təşkil edilən son turnir görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirə turniri oldu. Artıq 7-ci dəfə təşkil edilən Vüqar Həşimov Memorialı bu dəfə fərqli formatda baş tutdu.

ABŞ şahmatçısı Fabiano Karuana Vüqar Həşimov Memorialının qalibi adını qazandı. Təmsilçimiz Şəhriyar Məmmədyarov 3-cü yeri tutdu. Həmsöhbətimiz isə yarışın ən titullu iştirakçısı sabiq dünya çempionu Vişvanatan Anand olacaq.

Təəssüf hindistanlı şahmatçının Vüqar Həşimov Memorialında çıxışı uğurlu alınmadı. Bununla belə, dünyanın ən güclü şahmatçılarından biri sayılan Vişvanatan Anand EKSKLÜZİV olaraq “Region Plus”un suallarına cavab verməyə razılaşdı.

- Sizi yenidən Bakıda görməkdən çox məmnunuq. Vüqar Həşimovun turnirini hansı təəssüratlarla tərk edirsiniz?

- Vüqarın xatirəsinə həsr olunan turnirdə iştirak etmək böyük şərəfdir. Onunla dəfələrlə beynəlxalq turnirlərdə rastlaşmışıq. Çox gülərüz insan, xoş niyyətli həmkarım idi. Təəssüf ki, indi aramızda yoxdur. Vüqar ən çətin partiyalarda belə təslim olmağı sevmirdi. Çıxış yolu axtarırdı. Onunla bağlı gözəl xatirələrim var. Sanki onun xatirə turnirində iştirak etməklə Vüqarı yenidən xatırlayırıq. Bakıda olduğum zaman onun adını daşıyan Şahmat Akademiyasında oldum. Bu akademiyanın Azərbaycan üçün yeni çempionlar hazırlayacağını düşünürəm.

- Turnirin nəticələri sizi qane edə bilməz. Uğursuz çıxışın səbəbi nədir?

- İnanın səbəbi axtarıram. Vüqar Həşimov Memorialında yaxşı oynaya bilmədim. Bəlkə, ilin sonunda fikrimi turnirə yönəltmək çətin idi, bəlkə, yorğunluqdan idi. Amma turnir mənim üçün uğursuz alındı. Ardıcıl səhvlər etdim. Vəziyyət gərginləşdikcə çıxış yolu tapa bilmədim. Nəticədə, yarışın ən zəif nəticə göstərən şahmatçısı oldum.

- Turnir ilk dəfə rapid və blits üzrə təşkil olundu. İlk altı yarış klassik şahmatda qalibi müəyyənləşdirib. Bəlkə, sürətli şahmat oynamaq bir qədər çətindir?

- Deməzdim. Bilirsiniz ki, həm klassik, həm rapid, həm də blits üzrə dünya çempionu olmuşam. Əlbəttə, klassik şahmat bizə daha doğmadır. Sadəcə, vaxt azlığını nəzərə alaraq turnir rapid və blits üzrə keçirildi. Klassik şahmat olsaydı saatlarla fikirləşmək, gecə növbəti tura hazırlaşmaq lazım olardı. Heç bir bəhanə axtarmadan zəif çıxış etdiyimi qəbul edirəm.

- 2022-ci ildə yeni çempionluq mövsümü başlayır. Biz sizi yenidən İddiaçılar Turnirində izləyəcəyik?

- Yeni mövsümdə dünya şahmat tacı uğrunda mübarizədə olmayacağam. Hazırda ancaq bundesliqada (Almaniya açıq çempionatı) iştirakım dəqiqləşib. Eyni zamanda bəzi turnirlərin təşkilatçıları ilə danışıqlar davam edir. Ola bilər olimpiadada iştirak edim. Təbii ki, Hindistan millisinin heyətində.

- Dubayda keçirilən Yan Nepomnyaşiy-Maqnus Karlsen çempionluq matçında sizi şahmat şərhçisi kimi izlədik. Şərhçi kimi dəvətlərə hazırsınızmı?

- Şərhçi kimi çox razı qaldım. Ümumiyyətlə, turnirlərdə qonaq olmağı xoşlayıram. Məni, adətən, iştirakçı kimi dəvət edirlər. Bu zaman normal vaxtımız olmur. Şahmatçıların vaxtla bağlı problemi hər zaman yaşanıb. Yarışda iştirak edəndə normal yuxu problemi yaranır. Gecələr rəqiblərə hazırlaşırıq. Ona görə şərhçi olanda rahat oldum. Səhər tezdən oyanmaq lazım deyildi. Fikrimcə, şərhçilər narazı qalmadılar. Gələcəkdə böyük yarışlarda şərhçi olmaq barədə təkliflərə açığam.

- Dünya çempionu Maqnus Karlsen növbəti dəfə titulu qorudu. Sizcə, Maqnusu dayandırmaq mümkün olacaq?

- Rəqibi səhv etməyə məcbur etdi və ardıcıl düzgün gedişlərlə qələbə qazandı. Maqnus müasir dünyanın ən güclü şahmatçılarından biridir. Hazırda isə həm də titulunu qoruyan dünya çempionudur. Rəqiblər Karlsenə qarşı hazırlaşmaqda çətinlik çəkir. Fikrimcə, bəzi hallarda onu dərin təhlil edə bilmirlər. Karlsenin çempionluğu layiqlidir.

- Son müsahibəsində Maqnus daha çempionluq görüşlərində iştirak barədə düşünəcəyini deyib. Onun sözlərinə görə, rəqiblər maraqsızdır. Yalnız Alireza Firuzca İddiaçılar Turnirini qazansa, o zaman ona qarşı həvəslə mübarizə aparacaq.

- Fikrimcə, bu açıqlama digər şahmatçılara qarşı düzgün söylənilməyən sözlərdir. Çempionla oynamaq üçün şahmatçılar bir neçə turnirdə qalib gəlir. Sonda dünya çempionu şahmat tacını qorumaq uğrunda uzun oyunlarda iştirak edir. Yəni Maqnusun sözləri digər şahmatçıları qəzəbləndirə bilər. Dünya çempionu tacı qorumaq uğrunda iki ildə bir dəfə çempionluq matçında iştirak etməyə borcludur.

- Pandemiya şahmata necə təsir etdi? Sizcə, saatlarla oynanılan klassik şahmat artıq tarixə qovuşur?

- Saatlarla oynanılan klassik şahmatın həvəskarları var. İnsanlar var hansı ki, rapid və blitsi sevmir. Pandemiya FİDE-nin planlarını dəyişməyə məcbur etdi. Böyük yarışlar ertələndi və ya təxirə salındı. Bununla belə, onlayn qaydada turnirlər təşkil etmək mümkün oldu. Hərçənd onlayn turnir adi yarışı əvəz etmir.

- Siz də deyəsən onlayn yarışlara qarşısınız?

- Onlayn yarışlar xərcləri azaldır. Təyyarəyə minmirsən, evi tərk etmirsən. Amma bu əsl şahmat deyil. Əsl şahmat üzbəüz oynamaqdır. Onlaynda texniki problemlər yaşanır, bəzən köçürmələrdən şübhələnirlər. Pandemiya zamanı şahmatçıları işsiz qoymamaq üçün onlayn turnirlərin təşkilini dəstəkləyirəm. Amma imkan varsa, adi yarışların keçirilməsinin tərəfdarıyam.

- Növbəti il Azərbaycan şahmatçısı Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakı dəqiqləşib. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə İddiaçılar Turnirinə vəsiqə uğrunda yarışacaq. Şanslar barədə danışmaq olar?

- Hər ikisi dünya şahmat tarixinə güclü qrossmeyster kimi düşüb. Amma İddiaçılar Turnirində qalib gəlmək asan deyil. Pandemiya bəzi şahmatçılara pis təsir edib. Eyni zamanda inkişaf edənlər də var. Məsələn, adını çəkdiyiniz Firuzca favoritlərdən biridir. İddiaçılar Turnirində birinci olmaq üçün mütləq bütün rəqiblərə hazırlaşmalısan. Bir xal itkisi bütün planları poza bilər. Rəcəbov Dünya Kubokunda qalib gəlməklə yüksək nəticə göstərdi. Məmmədyarov dəfələrlə güclü şahmatçı olduğunu sübut edib. Hər şey hazırlıqdan asılı olacaq.

- Bəs, şahmat tacı uğrunda mübarizədən qalib ayrılmaq üçün necə hazırlaşmaq lazımdır? Siz dünya çempionu olmusunuz və titulu qorumusunuz. Həmkarlarınıza nə məsləhət verərdiniz?

- Şahmatda hamı məsləhət almağı sevməyə bilər. Peşəkar şahmatçılar hər şeyi bilir. Çempionluq matçında qalib gəlmək üçün, gərək, həyatı bir müddətlik unudasan. 24 saat çempionla oyuna hazırlaşasan və gecə-gündüz rəqibi təhlil edəsən. Amma bu da sənin qalib gələcəyini dəqiqləşdirmir. Rəqib səndən yaxşı hazırlaşacaqsa şansların azalacaq.

- Müsahibəyə görə təşəkkür edirik. Sizi yenidən ölkəmizdə görməkdən şad olduq.

- Çox sağ olun.


MƏSLƏHƏT GÖR:

145