17 Aprel 2024

Çərşənbə, 03:54

90 YAŞLI KÖRPƏ

Uşaqların ən sevimli teatrı yetərincə hörmətli yaşa gəlib

Müəllif:

01.01.2022

Teatrın foyesi yavaş-yavaş uşaq səsləri ilə dolur, hörüklər, kəkillər, tellər ora-bura yellənərək, tələsə-tələsə bir axında qovuşurlar. İzləyici zalına gedən yolda uşaqlar heyrətamiz bir dünyaya düşürlər, ovsunlanmış kimi divarlarda çəkilmiş nağıl süjetlərinə baxırlar, nəhəng kuklalara - sevimli nağıllarının və cizgi filmlərinin qəhrəmanlarını seyr edirlər. Birdən Pərdə açılır və kuklalar canlanır, uşaqları həyəcanlanmağa, özləri ilə birlikdə gülməyə və sevinməyə məcbur edir. Uşaqların çoxu üçün bu, həyatlarında teatra ilk gedişdir və onlar tamaşanın sehrli dünyasına qərq olaraq, bütün həyatları boyu teatr sənətinə sevginin daşıyıcısına çevriləcək...

Bu il uşaqların çox sevdiyi məkanın - Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 yaşı tamam olur. Bu gün teatr öz şanlı tarixi, köklü ənənələri, bir-birinə bağlı aktyor ansamblı, maraqlı tamaşaları ilə təkcə Azərbaycanda deyil, respublikadan kənarda da məşhur olan bir kollektivə sahibdir.

 

Hər şey uzaq 1931-ci ildə başladı

Azərbaycan Kukla Teatrının yaradılmasının ideya müəllifi və təşəbbüskarı özünü bütünlüklə bu heyrətamiz peşəyə həsr etmiş Mollaağa Bəbirli (1905-1970) olub. O, 1905-ci il sentyabrın 15-də Bakı şəhərində anadan olub, uşaqlıqdan aktyor olmaq arzusunda olub və teatra olan bu sevgi onu 17 yaşında Azərbaycan Dram Teatrının səhnəsinə gətirib. 1927-1928-ci illərdə Mollaağa qrimçi sənətini öyrənmək üçün Moskvaya getməyi qərara alır. Moskvanın teatr mühiti onda böyük təəssürat yaradıb. Onu xüsusilə öz geniş imkanları, ifadə vasitələrinin müxtəlifliyi ilə kukla teatrı cəlb edib. Bu səbəbdən, qrimçi ixtisası ilə yanaşı, kukla teatrı aktyoru təhsili də alıb. Vətənə qayıdandan sonra peşəkar kukla teatrı yaratmaq fikri onu tərk etməyib. O, taxtadan kuklalar yaradıb, mexaniki qurğular yığıb, kostyumlar tikib. Ona dostları, dram teatrının aktyorları Musa Hacızadə, Fazil Dadaşov və Abbas Rzayev könüllü kömək ediblər və 1930-cu ildə Ağdamda qastrol səfəri zamanı öz ilk kukla tamaşasını nümayiş etdirib.

Tamaşanın uğuru onda özünəinam hissi aşılayıb. Gənc aktyora arzusunu gerçəkləşdirmədə böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı kömək edib, onun tövsiyəsi ilə Xalq Maarif Komissarlığı 1931-ci il mayın 16-da Bakıda Türk Kukla Teatrının yaradılması haqqında sərəncam verib. Gənc kollektiv böyük həvəslə çalışıb. Teatrın binası olmadığından Bəbirli evində kuklaların hazırlanması, bəzək əşyalarının, geyimlərin tikilməsi işlərini yerinə yetirir, məşqləri də evində keçirirdi. Nəhayət, 1932-ci ilin aprelində həm uşaqlar, həm də böyüklər arasında böyük marağa səbəb olan “Sirk” komediya tamaşasının premyerası olub. Ölkədə peşəkar kukla teatrının yaradılması həmin dövrün mədəni həyatında hadisəyə çevrilib və dövri mətbuatda geniş işıqlandırılıb.

 

Pərdə arxasında səhnə

Yeni yaradılan teatra maraq təsadüfi deyildi. Azərbaycanda müxtəlif kuklalardan istifadə edilən teatr səhnəsi ənənələri qədim zamanlardan mövcud olub və onların bəziləri zəngin poetik xüsusiyyətlərinə, rəngarəng estetik prinsiplərinə görə hətta çağdaş kukla teatrları üçün də örnək ola bilər.

Tamaşa zamanı kölgə oyununa qədər müxtəlif forma və texnikalardan istifadə olunan “Qodu-qodu”, “Kilimarası”, “Maraloyunu”, “Şah Səlim” qədim kütləvi xalq teatr oyunları xalqımızın milli-mənəvi mədəniyyətinin tərkib hissəsidir. Kukla teatrının formalaşması gərgin axtarışlar və cəsarətli təcrübələr şəraitində baş verib. Binalarının olmaması artistləri dayandıra bilməyib. Onlar yorulmadan öz qədirbilən tamaşaçılarının görüşünə gedir, ölkəni gəzir, öz şirma-səhnələrini şəhər həyətlərində, kənd mərkəzlərində, məktəblərdə, fabriklərdə, meyvə bağlarında, yaylaqlarda - tamaşaçıların toplaşa bildiyi hər yerdə quraşdırırdılar. M.Bəbirlinin silahdaşları - aktyorlar Əli Əsgərov, Zinyət Abbasova, Münəvvər Dadaşova, Ağamehdi Əliyev, aktyor-rejissor Süleyman Nəzəroğlu, rəssam Həsən Mustafayev və başqaları kukla, rekvizit, dekorasiyalar hazırlayıb, geyim tikiblər. Kollektivin ən böyük problemi azərbaycanlı müəlliflərin kukla teatrı üçün pyeslərinin olmaması imiş. M.Bəbirli digər teatrların repertuarından tamaşalar səhnələşdirib, rus dilindən tərcümələr edib. Repertuarda əsas yeri “Pişik və it”, “Balaca Muk”, “Ələddinin sehrli çırağı” tamaşaları tutub.

Teatr üçün ilk milli tamaşanı gənc şair Mirmehdi Seyidzadə yazıb. Onun pyesi əsasında hazırlanmış “Nərgiz” tamaşası uzun illərdir ki, teatrın repertuarındadır. Kollektiv klassik repertuarda da özünü sınayıb, M.F.Axundovun “Hacı Qara”, C.Məmmədquluzadənin “Ölülər”, N.V.Qoqolun “Evlənmə” pyesləri kukla səhnəsinə uyğunlaşdırılaraq, tamaşaya qoyulub.

Teatr tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılansa da, İkinci Dünya müharibəsinin başlaması ilə Mollaağa Bəbirli də daxil olmaqla, teatr işçilərinin bir qismi cəbhəyə yollanıb. Ancaq mərmi uğultuları və güllə səsləri arasında belə, o, öz sənətini unutmayıb, əsgər yoldaşlarını kukla səhnələri ilə əyləndirib. İgidliyinə və şücaətinə görə dəfələrlə orden və medallarla təltif edilib. Cəbhədən qayıdan M.Bəbirli doğma teatrının direktoru və bədii rəhbəri təyin olunur. Kiçik truppa yaşanılan çətinliklərə, yoxsulluğa baxmayaraq, böyük həvəslə öz fəaliyyətini davam etdirib, ölkəmizin ən ucqar guşələrinə gedərək, uşaqlara sevinc, təbəssüm, qəlblərinə hərarət bəxş edib. Kollektivin gərgin əməyi və fədakarlığı diqqətdən kənarda qalmayıb - 1964-cü il aprelin 15-də teatr dövlət teatrı statusu alır, 1965-ci il fevralın 3-də isə Neftçilər prospektindəki indiki binasına köçür.

 

Xüsusi poetika, zəngin repertuar

Teatr növbəti mövsümü yeni binada 1965-ci il sentyabrın 25-də rejissor Niyaz Şərifovun M.Dilbazinin pyesi əsasında hazırladığı “Göyçək Fatma” tamaşası ilə açıb. Kollektiv üçün əlamətdar olan bu hadisələr yeni teatr dili və bədii ifadə vasitələri axtarışında başlanğıc nöqtəsi oldu. Həmin tarixə kimi teatrın öz estetik prinsipləri, xüsusi poetikası olub, bütün yaş kateqoriyalarını əhatə edən tamaşaçılar üçün zəngin repertuar yaradıb.

Teatrın 1910-cu ildə memar İ.K.Ploşkonun layihəsi ilə fransız intibahı üslubunda tikilmiş binası Azərbaycan Dövlət Kukla Teatrının fəxridir. Neft bumu dövrü bu binada Bakının «Fenomen» adlı ilk kinoteatrı yerləşib. 1921-ci ildə mühəndis Zivərbəy Əhmədbəyovun layihəsi ilə bərpa işləri aparıldıqdan sonra kinoteatrın binasında müxtəlif illərdə “Satiragit” işçi teatrı, Bakı Türk İşçi Teatrı, Musiqili Komediya Teatrı yerləşib, müharibə illərində burada “Müdafiə” kinoteatrı, müharibədən sonra isə Azərbaycan Kənd Təsərrüfatı Muzeyi və SSRİ xalq artisti Rəşid Behbudovun Dövlət Mahnı Teatrı olub. Kukla Teatrının yerləşməsi ilə binanın ab-havası dəyişib, balaca tamaşaçılar oranı öz evlərinə çeviriblər, özləri ilə sevinc, fərəh, şaqraq və şən gülüş gətiriblər.

1974-cü ildən teatr görkəmli Azərbaycan şairi və dramaturqu, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Abdulla Şaiqin adını daşıyır. Teatrın yaradıcılıq yolu həmişə axtarışlarla, təcrübələrlə dolu olub, truppa heç vaxt asan yol tutmayıb, rejissorlar cəsarətlə həm müasir, həm də klassik əsərlərə müraciət ediblər. Müxtəlif illərdə teatrın səhnəsində “Dədə Qorqud”, “Aşıq Qərib”, “Kəlilə və Dimnə” dastanları, Ə.Haqverdiyevin “Pəri-cadu” dramı, C.Cabbarlının “Almaz”, M.F.Axundovun “Xırs-quldurbasan ”, “ Müsyo Jordan və Dərviş Məstəli şah", " "Hacı Qara" dramları, Ü.Hacıbəyovun "Məşədi İbad" komediyası və s. tamaşaya qoyulub. Teatr üçün Azərbaycanın Abdulla Şaiq, Mir Mehdi Seyidzadə, Xanımana Əlibəyli, Hikmət Ziya, Mirvarid Dilbazi, Anar, Tofiq Mütəllibov, Əli Səmədli kimi tanınmış yazıçı və dramaturqları da yazıblar.

 

Kukla ilə iş məktəbi

Azərbaycanda kukla teatrı mütəxəssisləri hazırlayan ixtisaslaşdırılmış təhsil müəssisəsi yoxdur. Yarandığı ilk günlərdən bu missiyanı kukla teatrının kollektivi öz üzərinə götürüb. Bütün mütəxəssislər, aktyorlar, rejissorlar, rəssamlar, o cümlədən texniki işçilər də artıq teatra gələndən sonra peşənin sirlərinə yiyələnirlər. Müxtəlif ölkələrdən olan və sıx əlaqə saxlanılan həmkarlar, bir qayda olaraq, Abdulla Şaiq adına Kukla Teatrının kollektivinin yaradıcılıq imkanlarını və texniki imkanlarını yüksək qiymətləndirirlər. Ölkədə onun populyarlığı çox yüksəkdir. Təsadüfi deyil ki, hazırda Azərbaycanda beş dövlət kukla teatrı, eləcə də Bakı Marionet Teatrı fəaliyyət göstərir. Onların hamısı UNİMA-nın (Beynəlxalq Kukla Teatrları İttifaqının) Azərbaycan Milli Mərkəzinin üzvləridir. Ğgklgəşt prezidenti Abdulla Şaiq adına Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadədir.

“Bizim teatr uşaqlara cəmiyyətin mənəvi dəyərlərini mənimsəməkdə kömək edir, onlarda ünsiyyət bacarıqlarını və sosial intellekti inkişaf etdirir, onlarda müəyyən situasiyada davranış qaydaları aşılayır”, - deyə rejissor bildirir: “Ona görə də kuklaçı aktyor çox şey bacarmalı və bilməlidir. Kukla ilə vahid bir orqanizmə çevrilməsi üçün o, bütünlüklə dəyişməli, diksiyasını, səsini, intonasiyasını dəyişdirməli, inandırıcı şəkildə oxumağı, ağlamağı və gülməyi bacarmalı, motorika möcüzələri və hərəkətlərin yüksək koordinasiyasını göstərməlidir. Hələ onu demirəm ki, aktyorlarımız üçün hər bir kuklanın özünəməxsus ruhu var ki, bu da onu təkcə iş aləti kimi qalmağa qoymur. Onlar üçün kukla səhnədəki dostdur. Düşünürəm ki, kuklaçı üçün ən böyük uğur kuklanın hərəkət və düşünmə qabiliyyəti olan canlı varlıq kimi qəbul edilməsidir. Bu, o deməkdir ki, aktyor bütün enerjisini və aktyorluq məharətini, emosiya və hisslərini kuklaya köçürə bilib! Ona görə də kuklaçı-aktyorluq peşə deyil, ruh halıdır. Üstəlik, bu aktyorlar qaranlığa məhkumdurlar – qara kostyumlar və şirma onların üzlərini tamaşaçılardan gizlədir”. Rəşad Əhmədzadə kukla teatrı aktyorunun özəlliklərini belə izah edir.

İndi çağdaş kukla teatrına multiplikasiya və qeyri-multiplikasiya animasiya kino incəsənəti, estrada kukla sənəti və televiziyaların bədii kukla proqramları da daxildir. Çeşidlərinə görə kuklalar əlcəkli, çubuqlu, yastı, tam boylu və mexaniki ola bilər, ən mürəkkəbi isə marionetlərdir. Son zamanlar çox vaxt kuklaçı aktyorlar tamaşaçılardan şirma arxasında gizlədilmir. Kukla Teatrı ölkədə yeganə teatrdır ki, burada eyni vaxtda üç studiya fəaliyyət göstərir: uşaqlar üçün "Oyuq", böyüklər üçün "Oyun", inklüziv "Küllücə" studiyaları. Teatrın həm də beynəlxalq tədbirlərdə çıxış etdiyi festival tamaşaları var.

Azərbaycan Dövlət Kukla Teatrı xarici həmkarları ilə sıx əməkdaşlıq edir, bir çox teatrlarla, o cümlədən bu il paralel olaraq 90 illik yubileyini qeyd edən S.V.Obraztsov adına Akademik Kukla Teatrının dünya şöhrətli kollektivi ilə dostluq edir. Teatrın dəvəti ilə Aleksandr Maksimiçev, Eduard Qayday, Kamran Şahmərdan, Yelena Matsxonaşvili kimi tanınmış rejissorlar burada tamaşalara quruluş vermiş, onun repertuarına yeni rənglər gətirmiş, truppanın yaradıcılıq imkanlarını genişləndirmişlər.

Teatrın kollektivi bizim milli mədəniyyətimizi Yəmən, Hindistan, İran, Türkiyə, Yunanıstan, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Misir, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Macarıstan və başqa ölkələrdə keçirilən beynəlxalq festivallarda böyük uğurla təmsil edib. Kollektiv 2010-cu ildə Mərakeşdə keçirilən XII Beynəlxalq Uşaq Teatrları Festivalında Nizami Gəncəvinin “Xeyir və Şər” pyesi əsasında hazırlanmış tamaşa ilə birinci mükafata layiq görülüb (rejissor Rəhman Əlizadə, rəssam Rəvanə Abbasova olub). Teatrın beynəlxalq nüfuzu imkan verib ki, 2011-ci ildə Mədəniyyət Nazirliyi və Beynəlxalq Kukla Teatrları İttifaqının dəstəyi ilə Bakıda 16 ölkənin 22 kukla teatrının iştirakı ilə beynəlxalq festival keçirilib. Festival çərçivəsində dünyanın aparıcı teatr təşkilatlarının nümayəndələrinin iştirak etdiyi simpozium keçirilib. 2013-cü ildə II Beynəlxalq Kukla Teatrları Festivalı keçirilib.

Azərbaycan Dövlət Kukla Teatrında hər tamaşaya böyük məsuliyyətlə yanaşırlar, pərdəarxasında gərgin iş gedir - axı, milli teatrın gələcəyinin asılı olduğu kiçik tamaşaçının etimadını qazanmaq lazımdır. Tamaşaçısız teatr sənətinin mənası yoxdur. Ona görə də 90 il əvvəl olduğu kimi, hər dəfə pərdə açılanda Abdulla Şaiq teatrının səhnəsində kuklalar canlanır ki, balaca dostlarına yeni maraqlı əhvalat danışsınlar.



MƏSLƏHƏT GÖR:

158