20 Aprel 2024

Şənbə, 05:03

ANLAŞMA ÇƏRÇİVƏLƏRİ

TAP AG-nin direktorlar şurasının üzvü Murad Heydərov: «Azərbaycan tərəfi öz kommersiya öhdəliklərini bir santimetr belə pozmayıb»

Müəllif:

01.01.2022

Azərbaycan ölkədə çıxarılan təbii qazın ixrac coğrafiyasını genişləndirməyə hazırdır, lakin bunun üçün yeni kommersiya sazişlərinə ehtiyac var. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də bildirib: “Hazırda yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətlərinin arasında maraq artır. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq”, - deyə dövlət başçısı İspaniyanın EFE agentliyinə müsahibəsində bildirib.

Bu istiqamətdə yaxın gələcəkdə nə gözlənilir, Azərbaycanın təşəbbüskarı olduğu qaz sazişlərinin perspektivləri necədir? TAP AG konsorsiumunun Direktorlar Şurasının üzvü Murad HEYDƏROVUN “Region plus”a müsahibəsində bu məsələlərə toxunulur.

- Prezident İlham Əliyev bu yaxınlarda NATO-nun Şimali Atlantika Şurasının Brüsseldə keçirilən iclasında bildirib ki, Alyansın dörd ölkəsi Azərbaycandan qaz idxal edir və onların siyahısı artırıla bilər, bu kontekstdə, sizin fikrinizcə, daha hansı ölkələrin bazarlarına yaxın gələcəkdə bizim infrastrukturumuzdan istifadə etməklə Azərbaycan qazı və ümumilikdə, Xəzər qazı ixrac edilə bilər?

- Bu gün Azərbaycan təbii qazını Trans-Adriatik qaz kəməri vasitəsilə Avropaya nəql edən TAP konsorsiumuna daxil olan ölkələrin hər biri - Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan və Albaniya NATO üzvüdür. İon-Adriatik Boru Kəmərini (İAP) götürsək, ona üzv olan ölkələrin əksəriyyəti də NATO üzvüdür. Monteneqro və Albaniya Avropa İttifaqının üzvü olmasalar da, NATO üzvüdürlər. Bundan başqa, Xorvatiya və Şimali Makedoniya da əlavə edilməlidir. Əgər Cənub Qaz Dəhlizinin (CQD) potensial genişlənməsi Qərbi Balkanlara çıxışı təmin edəcək desək, o zaman nəzərə almaq lazımdır ki, bu ölkələrin çoxu həm də NATO üzvüdürlər. Ona görə də cənab Prezident diqqəti Alyansın dörd ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyini və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi üçün imkanların olduğunu diqqətə çatdırıb.

Bununla belə, cənab Prezidentin də qeyd etdiyi kimi, gələcəkdə mövcud nəqliyyat infrastrukturunun nə dərəcədə etibarlı olması, bu istiqamətdə qazın vurulması üçün onun nə dərəcədə sınaqdan keçirildiyi, bu sistemin yenilənməsinə ehtiyacın olub-olmaması, qazın alıcısının kim olacağı - bütün bunlar bu kommersiya danışıqlarının mövzusudur.

- Azərbaycan qazının Qərbi Balkanlara nəqlinə yol aça biləcək İon-Adriatik boru kəmərinin tikintisi ilə bağlı hər hansı irəliləyiş varmı?

- Son iki ildə layihə çərçivəsində Avropadakı ciddi karantin məhdudiyyətləri ilə bağlı ciddi dəyişikliklər olmayıb, eləcə də müəyyən qeyri-sabitlik səbəbindən layihə tapşırıqlarının yerinə yetirilməməsi baş verməyib.

Lakin son vaxtlar ümidverici siqnallar yaranıb, o cümlədən bu mövzu ötən ilin oktyabrında Azərbaycan-Xorvatiya hökumətlərarası komissiyasının iclasında da çox geniş müzakirə olunub. Bu müzakirələrin nəticələrinə əsasən deyə bilərik ki, layihədə müəyyən canlanma yaranıb.

Bu, müəyyən təmkinli optimizmə əsas verir ki, yaxın 2-3 ay ərzində İAP-da dəyişikliklər olacaq ki, bu, layihə şirkətinin yaradılmasını və layihənin növbəti mərhələyə keçməsini nəzərdə tutur.

Azərbaycan layihə şirkətində iştirak etmir, çünki buna Xorvatiya qanunvericiliyi icazə vermir, lakin SOCAR onun tərkibinə müşahidəçi və texniki məsləhətçi qismində daxildir.

Layihənin dəyərinə gəlincə, o, yenilənməyib və 600 milyon avro ətrafında qalır.

- Bu yaxınlarda Azərbaycan, Türkmənistan və İran arasında qaz mübadiləsi sazişi imzalandı. Trans-Xəzər boru kəmərinin tikintisi ilə bağlı qərar hələ verilmədiyinə görə, bu svop sazişinin Türkmənistan qazının TAP vasitəsilə Avropaya nəqlinin başlanğıcı olması ehtimalı nə qədərdir?

- Bir ölkənin onu maraqlandıran bazara ərazicə, coğrafi çıxışı olmayanda mübadilə əməliyyatları da rol oynayır. Beləliklə, mübadilə əməliyyatları müvafiq infrastruktur vasitəsilə texniki çıxışı olan tərəfdaşlarla birgə həyata keçirilir. Türkmənistanın Avropa ilə heç bir şəkildə texniki əlaqəsi yoxdur, Azərbaycan isə CQD vasitəsilə əlaqə qurub və biz həmişə deyirik ki, infrastrukturumuz üçüncü tərəflərin gəlişi üçün açıqdır. Ancaq yenə də bu müzakirə mövzusudur.

Yeri gəlmişkən, mübadilə əməliyyatları və CQD-nin imkanlarının birləşdirilməsi nəzəri cəhətdən Türkmənistan qazının Avropaya yolunu aça bilər.

- Bəs, Rusiya qazı? Onun TAP vasitəsilə nəqli üçün hansı perspektivlər var?

- Bayaq dediyim kimi, TAP-ın istənilən genişlənməsi Avropa İttifaqının (Aİ) müvafiq qanunvericiliyi ilə tənzimlənir və bu, bazar iştirakçılarına qarşı ayrı-seçkiliyə yol vermir. Yəni əgər hansısa şirkət Rusiya qazını Avropaya satmaq istəyirsə, bu genişlənmə prosesində Aİ qaydalarına uyğun olaraq iştirak edərsə, nəzəri cəhətdən bu, istisna deyil.

- Yaxın günlərdə Azərbaycanın Avropaya təbii qaz ixracına başlamasının düz bir ili tamam olacaq. İlin sonuna qədər qaz tədarükünün həcmi ilə bağlı gözləntilər necədir?

- İlin sonunadək Avropaya 8 milyard kubmetrədək Azərbaycan qazının nəqli gözlənilir, baxmayaraq ki, hətta 7,5 milyard kubmetrlik həcm də çox yaxşı nəticə sayıla bilər. Trans-Adriatik boru kəməri ilə qaz həcmlərinin nəqli müqavilə əsasında həyata keçirilir. Hər bir müqavilə müəyyən həcmləri nəzərdə tutur. Beləliklə, hər şey plan üzrə gedir.

Bununla yanaşı, İtaliya ticarət meydançalarında Azərbaycan qazının əlavə həcmləri üzrə danışıqlar aparılır.

- Bolqarıstan da müqavilə çərçivəsində əlavə qaz həcmləri tələb edib, halbuki Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi hələ başa çatmayıb. Müqavilə bağlanmış həcmlərin alternativ marşrutla nəqli mümkündürmü?

- Hazırda alıcı tərəfindən verilən nominasiyalar üzrə alternativ marşrutla nəql davam edir. Əlavə təchizatla bağlı bütün söhbətlər əsasən mətbuatda səslənir və bununla bağlı, çox fərziyyələr var. Yəni konkret kommersiya öhdəliklərinə və kommersiya müqaviləsinin olmasına əsaslanmaq lazımdır. Azərbaycan tərəfi kommersiya öhdəliklərini bir santimetr belə pozmayıb və onlara heç bir dəyişiklik etməyib. Bizim üçün vacibdir ki, Bolqarıstan Yunanıstanla birlikdə ona tam həcmdə, yəni hər il 1 milyard kubmetr qaz almağa imkan verəcək uyğun infrastrukturun tikintisini tez bir zamanda başa çatdırsın.

- İnterkonnektorun istismara verilməsi tarixləri dəfələrlə təxirə salınıb. IGB-nin 2022-ci ilin ortalarına qədər işə salınması ehtimalı nə qədərdir?

- Bolqarıstanın yeni hökumətinin təsdiqi ilə bağlı olaraq, layihənin vaxtında başa çatdırılmasına ümid edirik. Nəzərə almaq lazımdır ki, kəmərin tikintisinin başa çatdırılması ilə kommersiya fəaliyyətinin başlanması arasında müəyyən vaxt intervalı var. Bunlar iki fərqli hadisədir. 2022-ci ilin ortalarına qədər IGB-ni tamamlamaqdan danışırıqsa, bu daha realdır. Əgər biz kommersiya əməliyyatlarının başlanğıcından danışırıqsa, bu halda biz daha çox şey öyrənməliyik. İstər IGB konsorsiumu, istərsə də «Bulgargaz» şirkəti olsun, biz uyğun Bolqarıstan şirkətləri ilə daim əlaqə saxlayırıq.

- Albaniya da Azərbaycan qazını almağa iddialıdır, ancaq bu ölkənin uyğun qaz nəqli sistemi yoxdur. Dövlət Neft Şirkəti Albaniyanın qazlaşdırılmasında və infrastrukturun yaradılmasında köməklik göstərməyə hazır olduğunu bəyan edib. Hazırda bu istiqamətdə hansı işlər görülür?

- Tamamilə doğrudur. Albaniyada qazı qəbul edib paylaya biləcək adekvat infrastruktur qurulmalıdır. Bu yaxınlarda Albaniya bu məsələdə irəliləyiş əldə edib və uyğun qanunvericilik aktı qəbul edilib. Qazın alqı-satqısı ilə məşğul olan şirkət, eləcə də qaz nəqli infrastrukturuna sahiblik edəcək və istismarı həyata keçirəcək texniki operator yaradılıb.

Hazırda Albaniya tərəfindən ölkə daxilində istifadə üçün qazın alınmasının ən optimal forması ilə bağlı məsləhətləşmələr davam etdirilir. Bir neçə variant, o cümlədən LNG nəqli variantı var ki, bu, «SOCAR Trading» tərəfindən həyata keçirilə bilər.

Hazırda biz «AlGas» və bəzi digər maraqlı şirkətlərlə birlikdə bu mövzu üzərində işləyirik. «SOCAR Balkans» Albaniyada ticarə mövcudluğunun perspektivlərini araşdırır.

- Keçən həftə Avropa İttifaqı faydalı qazıntılarla bağlı mövcud qanunvericiliyə daxil edilməsi planlaşdırılan yenilikləri açıqladı. Bu, Avropa bazarında baş verən qaz böhranının qarşısını necə ala bilər?

- Prinsipcə mövcud qanunvericiliyə, o cümlədən 209-73 saylı qaz direktivinə əsaslı dəyişiklikləri nəzərdə tutan Aİ direktivi Avropa qaz bazarının fəaliyyəti üçün tənzimləyici bazanı yeni reallıqlara uyğunlaşdıracaq. İki yeni reallıq var: Aİ-nin iqlim gündəliyinin təşviqi və hazırkı qaz böhranı ilə bağlı problemlər. Faktiki olaraq, baza direktivi yenilənib. Ehtimal olunur ki, qaz keçid faydalı qazıntısı kimi mövcud olmaqda davam edir və heç kim onu qadağan etmir. Eyni zamanda hidrogen və biometan da daxil olmaqla, az karbohidrogenli məhsullara keçid üçün bütöv bir güzəşt və üstünlüklər sistemi yaradılır.

Sənəddə həmçinin uzunmüddətli qaz müqavilələrinin qüvvədə olma müddəti - 2050-ci ilə qədər göstərilir.

2024-cü ildən isə operatorlar 5%-ə qədər hidrogenlə qarışıq daşımalı olacaqlar. Eyni zamanda, qaz qıtlığı və müvafiq qaz böhranı dövründə Avropa İttifaqının reaksiyası ilə bağlı yeni müddəa nəzərdə tutulur. O cümlədən, rəhbərlik bir sıra Avropa ölkələrinin qaz böhranları zamanı istifadə oluna biləcək ehtiyat yaratmaq üçün kollektiv şəkildə məhsul almaq təklifini əks etdirib. Bu təklif İspaniya tərəfindən xüsusilə fəal şəkildə irəli sürülür. Bu, həmçinin sənəddə öz əksini tapmış bir sıra sırf texniki yeniliklər Aİ-nin qaz sektoru üzrə normativ-hüquqi bazasını iqlim gündəliyinə, Aİ-nin karbohidrogen neytrallığına nail olmaq üzrə öhdəliklərinə uyğunlaşdırmağa və qaz böhranları zamanı reaksiya mexanizmləri formalaşdırmağa imkan verəcək.

- TAP-ın genişləndirilməsi halında, bu direktivi nəzərə almaqla, maliyyə cəlb edə biləcəyikmi?

- 2021-ci ildə Cənub Qaz Dəhlizi layihələrinin heç biri Avropanın marağına səbəb olan layihə kimi təsnif olunmayıb. Baxmayaraq ki, əvvəlki illərdə bu layihələr ayrı-ayrılıqda müxtəlif siyahılarda təqdim olunurdu. Hazırda nə TAP, nə TANAP (Trans-Anadolu qaz kəməri), nə də Cənubi Qafqaz qaz kəməri siyahıda yoxdur.

Yeri gəlmişkən, bu yaxınlarda yeni prosedurlar qəbul edilib ki, ona əsasən, yalnız faydalı qazıntıların çıxarılması ilə bağlı layihələr Avropa İttifaqı tərəfindən dəstəklənməyəcək. Müvafiq olaraq, qaz layihələrinin bütün təşəbbüskarları və ya təşkilatçıları, yəqin ki, bu məqamı nəzərə almalıdırlar.

İstənilən halda, yeni qanunvericilik aktları Avropa İttifaqına üzv olan bütün dövlətlər tərəfindən milli səviyyədə qəbul edilməlidir. Bunun üçün də bu sənəd öyrəniləcək, təhlil ediləcək, müəyyən izahlar və şərhlər olacaq. Amma bu, artıq irəliyə doğru bir addımdır. Çünki indiyə qədər qaz layihələri ilə bağlı qeyri-müəyyənlik var idi: biri deyirdi ki, qazı qadağan etmək lazımdır, biri deyirdi ki, qalsın, kimsə arada nəsə təklif edirdi. İndi bir əminlik var - qaz qalır, lakin az karbohidrogenli məhsullar üçün güzəştlər var. Avropanı istənilən qaz qıtlığından qorumaq və gələcəkdə bu ağır vəziyyətin təkrarlanmaması üçün yeni mexanizmlər yaradılır.

Amma ən əsası, Avropanın enerji bazarında qazın gələcəyi ilə bağlı müəyyən sabitlik yaranıb.



MƏSLƏHƏT GÖR:

129