26 Aprel 2024

Cümə, 02:32

BÜDCƏ MARAFONU BAŞLAYIR

Azərbaycanın əsas maliyyə sənədində bu il həm iqtisadiyyatın daxili problemləri, həm də xarici risklər nəzərə alınır

Müəllif:

01.01.2022

Dövlət büdcəsi maddələrinin formalaşmasında yeni rekordların müəyyən edilməsi və əldə edilməsi Azərbaycanda son onilliyin demək olar ki, dayanıqlı ənənəsinə çevrilib. Ən böhranlı illərdə belə bundan imtina edilməyib. Neftin qiyməti rekord həddə düşəndə və ya pandemiyanın qəfil başlanması ilə bir çox iqtisadi proseslər dayananda, ya da ölkə çətin və baha başa gələn, lakin qələbə ilə nəticələnmiş və işğal olunmuş torpaqların azad edilməsi ilə başa çatmış müharibədən yenicə çıxanda belə, bundan imtina etməyib. Təbii ki, bu problemlərin çoxu artıq geridə qalıb, neftin qiyməti sanki qənaətbəxş səviyyədədir və koronavirus pandemiyasının sona çatacağı ilə bağlı getdikcə daha çox ümidverici bəyanatlar səslənir, buna görə də, hökumətin yeni büdcə rekordunlan imtina etməsi üçün səbəb yoxdur.

Beləliklə ki, Azərbaycan 2022-ci ilə yeni əsas iqtisadi sənədlə qədəm qoyub. Bu sənəddə qeyd olunur ki, bu il ölkənin dövlət gəlirləri 26,8 milyard manat olacaq – bu, 2021-ci ilin proqnozundan 10,2 faiz çoxdur, xərclər isə 29,9 milyard manat olacaq (artım 4,7 faiz təşkil edəcək).

 

Köhnə və yeni prioritetlər

“2022-ci ilin dövlət büdcəsi həm miqyasına, həm gəlir və xərclərinə, həm də sosial yönümünə görə müstəqil Azərbaycanın ən böyük büdcəsidir”, - deyə Azərbaycjanın Baş naziri Əli Əsədov Milli Məclisin iclasında büdcə dinləmələri zamanı bildirib.

Yeni ildə prioritet məqsədlər dəyişməyib - iqtisadi dayanıqlılığın təmin edilməsi, makroiqtisadi sabitliyin qorunması, milli valyutanın möhkəmliyinin artırılması və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi olaraq qalır. Amma artıq ikinci ildir ki, onlara çox mühüm və çoxdan gözlənilən başqa bir bənd əlavə olunub - işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və onların ölkə iqtisadiyyatına inteqrasiyası üzrə işlərin təmin edilməsi. Bu məqsədlər üçün gələn ilin dövlət xəzinəsindən 2,2 milyard manat vəsait ayrılacaq.

Bununla yanaşı, ölkədə ordu quruculuğu və müdafiə qabiliyyətinin gücləndirilməsi davam etdiriləcək: “Ordumuzun çağdaş hərbi texnika və sursatla təchiz edilməsi, təhlükəsizliyin təmin edilməsi üçün lazımi hərbi infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial-məişət və xidmət şərait şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə maliyyə təminatı göstərilməsi hökumətin əsas prioritet xərc maddələri sırasındadır”, - deyə Ə.Əsədov vurğulayıb.

Ermənistan kimi qonşumuzun olması nəzərə alındıqda, 4,5 milyard manatlıq müdafiə xərcləri yetərincə məntiqli görünür. Bununla yanaşı, 2003-2004-cü illərdə müdafiə üçün büdcə xərcləri 0,9 milyard manat olmasına baxmayaraq, 2020-ci ildə isə bu rəqəm 3,9 milyard manata çatıb. Bu maliyyə dəstəyinin sayəsində Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü 40 ordusu sırasındadır.

Ancaq büdcənin belə iri bəndlərinə, ölkənin müharibədən sonrakı dövrünü yaşamaqda davam etməsinə baxmayaraq, hökumət dövlət büdcəsinin ənənəvi sosial yönümlülüyünü qoruyub saxlamağa nail olub - sosial xərclər dövlət büdcəsinin yarısından bir qədər azını (46,4%) təşkil edəcək və xərcləri 1,7 mlrd. manat artacaq. Bu məbləğə sosial təminat, təhsil, səhiyyə, ekologiya, elm və s. sahələrə ayrılan vəsaitlərin artımı daxildir.

Həm də onlar birbaşa əmək haqlarının, pensiyaların, müavinətlərin, sosial müavinətlərin maliyyələşdirilməsini də əhatə edir - yeri gəlmişkən, onların hamısı son inflyasiya dalğaları, kommunal xidmətlərin, benzinin və s. qiymətlərin artması fonunda artıq bu il artırılıb. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə minimum aylıq əməkhaqqı yanvarın 1-dən 250 manatdan 300 manatadək artırılıb ki, bu da 2022-ci il üçün nəzərdə tutulmuş yaşayış minimumundan (210 manatdan) 43 faiz çoxdur. Həmçinin minimum əmək pensiyasının məbləği 20 faiz artırılaraq 240 manata çatdırılıb.

Beləlikl, xərc üzrə planlar iqtisadiyyatdakı cari vəziyyət nəzərə alınmaqla tərtib edilib, yəni ölkə daxilində cari problemlərin həlli ilə yanaşı, pandemiya böhranı nəticəsində qlobal iqtisadiyyatda formalaşmış xarici amillərin mənfi təsirlərinin neytrallaşdırılmasının zəruri olduğu da nəzərə alınır.

 

Sabit gəlirlər

Başqa önəmli məsələ budur: böhranın təsiri hələ də hiss olunarsa, bu xərclər necə qarşılanacaq? Burada, xoşbəxtlikdən, yetərincə fəal müzakirə olunan “yaşıl enerji”yə keçidə baxmayaraq, hələ heç kim ənənəvi mənbələri ləğv etməyib: gözlənilən dövlət büdcəsi gəlirlərinin 54,8%-i neft sektorundan əldə olunacaq. Gəlirlərin strukturunda əsas həcm - 12 milyard 710 milyon manat Dövlət Neft Fondundan (ARDNF) transfertlərin payına düşəcək. Belə transfertlər dövlət büdcəsinin ümumi gəlirlərinin 47,4 faizini təşkil edəcək. Dövlət Vergi Xidməti üzrə daxilolmalar 8,8 milyard manat səviyyəsində nəzərdə tutulub, daha 4,3 milyard manatı isə Dövlət Gömrük Komitəsinin öz üzərinə götürüb.

Ölkənin əsas maliyyə sənədində neftin qiyməti 50 dollar götürülüb və demək olar ki, bütün ekspertlər bunun yetərincə optimal rəqəm olması ilə razılaşırlar. Aparıcı maliyyə qurumlarının proqnozlarında 2021-ci ildə Brent markalı neftin 1 barelinin orta illik qiymətinin 65-70 dollar arasında dəyişdiyi nəzərə alvnsa, büdcəmizin gəlir hissəsi ilə bağlı heç bir narahatlıq yoxdur. Neftin qiyməti ilə bağlı sabitlik olan yerdə isə manatın sabitliyi də var – yəni bu il devalvasiyadn qorxmağa dəyməz, baxmayaraq ki, ölkənin yaxın qonşularının və ticari tərəfdaşlarının valyutaları ciddi şəkildə “titrəyir”.

Gəlirlərə bağlı isə, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətini səciyyələndirən bir mühüm detalı vurğulamaq lazımdır. Gəlir balansında hələ də neft sektoru üstünlük təşkil etsə də, qeyri-neft sektoru ondan cəmi 2,4% geri qalır - 2021-ci illə müqayisədə qeyri-neft sektorundan büdcəyə daxilolmalar 21,4% artacaq. Beləliklə, aydın görünür ki, son illər fiskal sahədə şəffaflığa nail olmaq üçün həyata keçirilən bütün tədbirlər, sahibkarlıq fəaliyyətinin liberallaşdırılması, yeni istehsal sahələrinin təşkili üçün şəraitin yaradılması, ayrı-ayrı sahələr üzrə inkişaf proqramları - bütün bunlar birlikdə müəyyən real nəticələr verir.

Xatırladaq ki, ötən il qeyri-neft sektorunda 20 faizdən çox artım qeydə alınıb, ixrac isə 44 faiz artıb ki, bu da yetərincə önəmli rəqəmdir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun qeyd etdiyi kimi, bu, tarixi yüksək göstəricidir.

Bildirmək gərəkdr ki, dünyada iqtisadi vəziyyətin dəyişməsi və ölkə daxilində bəzi yeniliklərin olması ilə dövlət büdcəsindən qənaət olunan vəsaitlərin xərclənməsinə yanaşma da dəyişir. Belə ki, “Büdcə sistemi haqqında” qanuna edilən dəyişikliyə əsasən, onlar Büdcənin Ehtiyat Fonduna göndəriləcək. Bundan başqa, Dövlət Neft Fondundan (ARDNF) transfertlərin və borcların tənzimlənməsi məqsədilə fiskal qaydada dəyişiklik edilib. Qanun layihəsinə əsasən, ARDNF-dən dövlət büdcəsinə transfertlərin yuxarı həddinin tənzimlənməsi üçün və dövlət borcunun səviyyəsinin artmasının qarşısının alınması üçün parametrlər təklif edilib.

Beləliklə, Azərbaycanın 2022-ci il dövlət büdcəsini haqlı olaraq sabit və risksiz, balanslaşdırılmış, xarici çağırışlara və iqtisadiyyatın daxili tələbatlarına uyğun kimi xarakterizə etmək olar. Sürprizlərlə dolu keşməkeşli dövrümüzdə sabitlik həqiqətən də böyük nailiyyətdir.


MƏSLƏHƏT GÖR:

122