20 Aprel 2024

Şənbə, 06:02

«İBRAHİM RAZILAŞMASI»NIN REALLIĞI

İsrailin ərəb dünyası ilə dialoqu Yaxın Şərqin geosiyasətini dəyişir

Müəllif:

01.01.2022

Başa çatmaqda olan ilin sonları Yaxın Şərq geosiyasətində bir sıra əlamətdar hadisə ilə yadda qalacaq. Söhbət konkret olaraq, İsrail-ərəb dünyası münasibətlərində sürət yığmaqda olan normallaşma prosesindən gedir. Artıq İsrail hökumətinin başçısı tarixdə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər belə, edib. Dünya KİV və siyasi ekspertləri bu səfəri tarixi hadisə kimi qiymətləndirir.

 

Bennet Əmirlikdə

Ərəb-İsrail münasibətlərində yaxınlaşma 2020-ci ilin sentyabrında Vaşinqtonda «İbrahim razılaşması»nın imzalanmasından sonra ciddi xarakter alıb. Sənəd İsrailin BƏƏ və Bəhreyn ilə diplomatik münasibətlər qurmasını nəzərdə tutur. İudaizm, xristianlıq və islamda ən çox hörmət olunan peyğəmbərlərdən olan, monoetnik dinin təbliğatçısı İbrahimin adını daşıyan bu razılaşmanın əsas ilhamvericisi və təşkilatçısı ABŞ-ın ozamankı prezidenti Donald Tramp olub. Az sonra o, böyük sazişlər ustası imicinə əsasən, İsraillə Sudan və Mərakeş arasında da analoji razılaşmaların imzalanmasına nail olub.

Adları çəkilən 4 ölkə ilə «İbrahim razılaşması»nın imzalanmasınadək İsrailin ərəb dünyası ilə münasibətləri əsasən Misir və İordaniya, qismən isə (diplomatik münasibətlər olmadan) Omanla məhdudlaşırdı. Bu razılaşmaların əksər ərəb ölkəsində mənfi qarşılanması təəccüblü deyil. Onlar «dördlüy»ün İsraillə 2002-ci ilin Ərəb Sülh Təşəbbüsünə zidd yaxınlaşmasını doğru saymırlar. 2002-ci il sənədinə əsasən, ərəb dövlətləri ilə İsrail arasında münasibətlərin normallaşması yalnız yəhudilərin Altı günlük müharibə nəticəsində ələ keçirdikləri əraziləri boşaltmasından sonra mümkündür. Söhbət Suriyadakı Holan təpələrindən, həmçinin Fələstin ərazisi saydıqları İordan çayının qərb sahilindən və Şərqi Qüdsdən gedir. Amma tarixin hökmü fərqlidir. Ərəb ölkələrinin ictimaiyyəti və rəhbərliyi getdikcə İsraili, onun yaratdığı geosiyasi reallıqları tanımamağın mümkünsüzlüyünü anlayırlar. Məhz bu üzdən yəhudi dövləti ilə konkret əməkdaşlığa başlanılması qərarı daha məqbul hesab olunmağa başlayıb. İsrailin baş nazirinin BƏƏ-yə ilk rəsmi səfəri bu yolda irəli atılmış daha bir ciddi addımdır.

«İbrahim razılaşması»nın imzalanmasından keçən bir ildən artıq dövrdə İsrail və BƏƏ ikitərəfli əməkdaşlığın qurulması istiqamətində bir sıra prinsipial əhəmiyyətli addımlar atıblar. Məsələn, iki ölkə arasında birbaşa uçuşlara başlanılıb, əməkdaşlığa dair bir neçə saziş imzalanıb, qarşılıqlı şəkildə səfirliklər açılıb.

Səfərə gəlincə, İsrailin baş naziri Naftali Bennet BƏƏ-nin faktiki rəhbəri, Əbu-Dabinin vəliəhd şahzadəsi şeyx Məhəmməd bin Zayed əl-Nəhyan və ölkənin XİN başçısı şeyx Abdulla bin Zayed əl-Nəhyanla görüşüb. Səfər çərçivəsində onlar bir sıra məzmunlu bəyanat da səsləndiriblər. Bəyanatların məğzi ondan ibarətdir ki, baş nazirin bu səfəri ümumilikdə Yaxın Şərqdə vəziyyətin iki ölkə xalqlarının və regionun maraqlarına uyğun olaraq, sabitləşməsinə müsbət təsir göstərəcək. Bennet BƏƏ-nin informasiya agentliyinə Əbu-Dabiyə yollanmaq ərəfəsində verdiyi müsahibədə bildirmişdi ki, bu səfər «regiondakı yeni reallıqları əks etdirir» və İsrail ilə BƏƏ «bizim övladlarımız üçün daha yaxşı gələcəyin təmini üçün birgə işləməyə hazırdır».

Bennet «yeni reallıqlar»dan danışarkən təbii ki, İsraillə ərəb dünyası arasında münasibətlərdəki ciddi dəyişiklikləri nəzərdə tutur. Bu iddianı səsləndirmək üçün isə həqiqətən də ciddi əsaslar var.

 

Fələstin məsələsi

Məsələ ondadır ki, artıq bir çox ərəb dövləti Fələstin məsələsinə (İsrailin əsas başağrısına) bütün ərəb dünyasının birləşməsi üçün həlli ən vacib problem kimi baxmır. Halbuki ərəb dövlətlərinin mütləq əksəriyyəti onilliklərdir məhz bu mövqedən çıxış edirdilər. Praktik olaraq, İsrail dövlətinin yarandığı 1948-ci ildən onlar bunun üçün əsas şərt kimi, Fələstin probleminin həllini göstərirdilər. Bu xətt ümumərəb həmrəyliyinin əsas təşkilati aləti olan Ərəb Dövlətləri Liqasının siyasətində də əsas yer tutub.

Lakin «İbrahim razılaşması» ərəb ölkələrinin siyasətində yeni trend yaradıb. İsrailin yalnız Misir və İordaniya ilə deyil, BƏƏ, Bəhreyn, Mərakeş və Sudanla da əməkdaşlığa başlaması göstərir ki, indi ərəb dövlətlərinin əksəriyyəti üçün əsas şərt ümummilli həmrəylik yox, öz ölkələrinin maraqlarıdır. Görünən odur ki, yeni trendin tərəfdarları tədricən artacaq. Məsələn, ərəb dünyasının ən nüfuzlu dövlətlərindən olan Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin qurulması üçün Fələstin xalqının hüquqlarının təminini hələ də əsas şərt kimi irəli sürsə də, praktik olaraq, onunla müəyyən siyasi əlaqələrin inkişafına etiraz etmir. Yeri gəlmişkən, İsrail hökuməti başçısını BƏƏ-yə aparan təyyarə yəhudi dövlətinin tarixində ilk dəfə olaraq, Səudiyyə Ərəbistanının hava məkanından keçib.

Bütün bunlarla yanaşı, belə bir fikir də var ki, ərəb ölkələri İsraillə münasibətlərdə normallaşmaya getməklə, onun Fələstin siyasətinin yumşalacağına da ümid edirlər. Bu mənada, 1979-cu ildə Misirlə İsrail arasında sülh müqaviləsinin imzalanmasından sonra sonuncunun işğal etdiyi ərəb torpaqlarını, o cümlədən Sinay yarımadasını Qahirənin nəzarətinə qaytardığı xatırladılır. Ayrı-ayrı ərəb dövlətləri məhz bu səbəbdən ümid edir ki, İsraillə ərəb dünyası arasında mehriban qonşuluq münasibətləri yaranarsa, o, Fələstinə güzəştə gedə, hətta 1967-ci il sərhədlərini bərpa edə, Qüdsün şərq hissəsini paytaxt olaraq fələstinlilərə qaytara bilər. Lakin mövcud reallıq və İsrailin siyasətindəki strategiya (ən azı hələlik) belə düşünməyə əsas vermir. Bu gün görünən yalnız odur ki, yəhudi dövləti ərəb dövlətləri ilə ikitərəfli münasibətlərini yaxşılaşdırmaq istəyir, lakin bunu Fələstin problemi ilə ümumiyyətlə əlaqələndirmir.

Beləliklə, ərəb ölkələri ilə İsrail arasında ikitərəfli formatda dialoqun qurulması tendensiyasına, İsrailin baş nazirinin BƏƏ-yə tarixdə ilk dəfə rəsmi səfər etməsinə baxmayaraq, Yaxın Şərqdə texliklə yəhudi dövləti ilə ərəb dünyası arasında dayanıqlı sülhün bərqərar olacağını düşünmək tezdir. Fələstin məsələsi İsraillə ayrı-ayrı ərəb ölkələri arasındakı münasibətlərdə aparıcı rolunu itirməkdə olsa da, hərtərəfli ərəb-İsrail barışığı kontekstində hələ də ciddi maneə kimi qalır. Bunu bariz şəkildə göstərən məqamlardan biri də Fələstin rəhbərliyinin BƏƏ ilə İsrailin yaxınlaşmasına son dərəcə mənfi reaksiyasıdır.

 

İran amili

Ayrı-ayrı ərəb ölkələrinin, o cümlədən BƏƏ-nin İsraillə yaxınlaşmasını böyük hiddətlə qarşılayan tək Fələstin deyil. Eyni sözləri İran haqda da demək olar. Bu, o İrandır ki, «İbrahim razılaşması»nın imzalanmasında və ümumiyyətlə, İsraillə ərəb dünyası arasında dialoqun qurulmasında əsas motivasiya mənbələrindən biridir. Bəli, konkret ərəb ölkələrinin İsraillə yaxınlaşma siyasətinə keçmələrinin əsas səbəblərindən biri məhz Tehran və onun artan regional iddialarıdır. Prosesin ilhamvericisi olan Birləşmiş Ştatların mövqeyi də öz yerində. O, təbii ki, ərəb-İsrail münasibətlərinin inkişafına İrana vacib təzyiq, həmçinin Yaxın Şərqdə öz mövqelərini gücləndirmək vasitəsi kimi baxır.

Aydın görünür ki, Amerikanın İsraillə yaxınlaşmaya sövq etdiyi ərəb ölkələrinin hər birinin İranla öz haqq-hesabı var. Bu mənada, Tehranın Yəməndə husi hərəkatına dəstəyini yada salmaq kifayətdir. Məlum olduğu kimi, ərəb koalisiyası illərdir bu hərəkatla savaşmaqdadır. Koalisiyada isə İsraillə münasibətlərə başlamış BƏƏ və Bəhreyn, həmçinin İranla qarşıdurma fonunda yəhudi dövləti ilə açıq taktiki ittifaqa gedən Səudiyyə Ərəbistanı da var. Bu dava isə Fars körfəzində liderlik, perspektivdə isə Yaxın Şərqdə və bütün müsəlman dünyasında nüfuz davasıdır. Hər halda, ərəb-İsrail əməkdaşlığının strateji sahələri də əhatə etməsi təsadüf deyil. Söhbət yalnız ərəb ölkələrinin İranın nüvə silahına yiyələnməsinin qarşısının alınmasında İsraillə həmrəyliyindən getmir. Tərəflər hərbi-texniki əməkdaşlıq layihələri üzərində də işləyir. Məsələn, artıq İsrailin BƏƏ-yə hərbi avadanlıqlar tədarük etməsindən danışılır. Üstəlik, yəhudi dövləti Fars körfəzinin ərəb ölkələri ilə İrana qarşı birgə müdafiə sistemi yaratmaq haqda da düşünür.

Beləliklə, Tehranın «İbrahim razılaşması»nı hiddətlə qarşılaması, Bennetin BƏƏ-yə səfərini «islam ümməti, region insanları və ərəb ölkələrinin maraqlarına zidd» addım kimi qiymətləndirərək sərt tənqid etməsi təəccüblü deyil. Dünyada İsraili məhv etməklə hədələyən tək dövlət kimi qalan İran yaxşı anlayır ki, ərəb-İsrail əməkdaşlığında başqa cəhətlərlə yanaşı, antiiran çaları da var.

Lakin İranın müqaviməti bu istiqamətdə cərəyan edən hadisələrin istiqamətini dəyişmək iqtidarında deyil. ABŞ, İsrail və Mərakeşin xarici siyasət idarələri rəhbərlərinin Mərakeşlə İsrail arasında diplomatik əlaqələrin bərpasının birinci ildönümü münasibəti ilə dekabrın 22-də keçirdikləri videokonfrans bunu təsdiq edir. Mərakeş yəhudi dövləti ilə rəsmi münasibətləri 20 il sonra bərpa edib. Onların əlaqələri ikinci Fələstin intifadasından sonra kəsilmişdi. Artıq bir ildir ki, onlar tərəfdaşlığın inkişafı yoluna qədəm qoyublar. ABŞ-ın dövlət katibi Entoni Blinken bunu «ümumi məqsədlərə nail olunması naminə əlaqələri dərinləşdirən, tərəfdaşlığı və imkanları genişləndirən nailiyyət» kimi qiymətləndirib. Videokonfrans zamanı Mərakeşin xarici işlər naziri Naser Buritanın israilli həmkarı Yair Lapidin «İsrailə mümkün qədər tez səfər etmək» təklifini qəbul etməsi maraqlı faktdır.

Xatırladaq ki, 2021-ci ilin noyabrında İsrailin müdafiə naziri Benni Hanst Mərakeşdə səfərdə olub. Səfərin gedişində iki ölkə arasında təhlükəsizlik paktı imzalanıb və bundan sonra Mərakeşə İsrailə məxsus müdafiə texnologiyalarının tədarükünə dair məlumat yayılıb. Doğrudur, bu ölkələr arasındakı hərbi-texniki əməkdaşlıqda məqsəd Mərakeşin İrandan deyil, Əlcəzairdən qorunmasıdır. Əlcəzair Şimali Afrikada Mərakeşin ənənəvi düşmənidir. Yeri gəlmişkən, o, İsraillə əlaqələrin qurulmasına hələ də müqavimət göstərən azsaylı ərəb dövlətlərindəndir. Bu məqam da Yaxın Şərqdə mənzərənin birmənalı olmadığını bir daha nümayiş etdirir. Hər halda, regionda son yeddi onillikdə dərin köklər atmış düşmənçilik fonunda İsrailin ərəb dövlətləri ilə dialoqu daha parlaq görünməkdədir. 



MƏSLƏHƏT GÖR:

125