26 Aprel 2024

Cümə, 02:31

«SOYUQ DİPLOMATİYA»

Rusiya-NATO münasibətlərində gərginlik davam etsə də, tərəflərin uğurlu danışıqlara başlamaq şansı var

Müəllif:

01.01.2022

Rusiya-NATO münasibətlərində gərginlik son həftələr kritik həddə çatıb. Bu gün beynəlxalq siyasətdə sabitliyi pozan əsas amil, yəqin ki, budur. Bununla yanaşı, gərginliyin əsas iştirakçılarının açıq bəyanatları diplomatik cəbhədə də fəallığa səbəb olub. İndi vacibdir ki, ilin sonuna yaxın yaranmış ehtiyatlı nikbinlik yeni ildə gözlənilən danışıqlar prosesinin başlanğıcında uğursuz addımlarla məyusluğa çevrilməsin.

 

Ultimatum kimi tələb

Dekabrın 21-də Rusiya Müdafiə Nazirliyinin illik kollegiyasında prezident Vladimir Putin Qərbdən Şərqə doğru genişlənməmə ilə bağlı uzunmüddətli hüquqi zəmanət tələb edib. Bununla yanaşı, Rusiya prezidenti onun sözlərinin ultimatum kimi qəbul olunmamasını istəyib. Amma Putinin sözləri Qərbdə məhz bu cür qəbul edilib. Nəticədə, qərbli liderlər belə qənaətə gəliblər ki, Moskva əməllərində daha irəli gedə biləcəyini göstərməyə çalışır.

NATO-nu narahat edən əsas məsələ əvvəlkitək, Rusiyanın Ukrayna ilə sərhədə qoşun toplamasıdır. Rusiya hərbçilərinin, ən azı Hərbi Hava Qüvvələrinin Belarus-Ukrayna sərhədində peyda olması da xüsusi narahatlıq yaradır. Artıq Qərbin analitik nəşrlərində mümkün hərbi əməliyyatların xəritələri də peyda olmağa başlayıb və orada Ukraynaya heç də yalnız Rusiya tərəfindən yox, Belarusdan da hücum edilə biləcəyi göstərilir.

Amma informasiya müharibəsinin bu elementi Moskvanın real planlarını əks etdirməkdən çox, ictimai ajiotajın yaranmasına hesablanıb. Prezident Putin bildirib ki, Rusiya NATO-nun «təcavüz»ünə qarşı «hərbi-texniki addımlar atmaq» hüququna malikdir. Vaşinqtonda, Brüsseldə və digər NATO paytaxtlarında isə hesab edirlər ki, Rusiyanın «hərbi-texniki tədbirləri» dedikdə, tammiqyaslı müdaxilə nəzərdə tutulur.

İndi Ukrayna ilə bağlı vəziyyəti hətta İkinci Dünya müharibəsi ərəfəsindəki durum ilə müqayisə etməyə başlayıblar. Rusiya ilə Belarusun İttifaq Dövlət haqqında Müqavilənin institusional əsaslarını möhkəmləndirmək cəhdi Belarusun Rusiya tərəfindən faktiki «anşlyus»u kimi qiymətləndirilir. Ukrayna ərazisinə hərbi müdaxilə hazırlıqları isə Moskvanın Avropada yeni hərbi-siyasi bölüşdürülmə iddiası kimi qəbul olunur.

Amma bütün bunlara yalnız informasiya məkanında və ictimai çıxışlarda rast gəlinir. Tərəfləri real addımları bir qədər fərqli qənaət yaradır.

 

Sülh istəyirsənsə, …danışıqlara hazır ol

Bütün hərbi hazırlıq prosesləri fonunda son aylarda ABŞ və NATO-nun Ukraynaya ciddi həcmdə silah və hərbi texnika verdiyini unutmaq olmaz. Qüvvələrin davamlı artırılması fonunda vəziyyətin hərbi qarşıdurma ssenarisi ilə gedəcəyi təqdirdə bunun hansı fəlakətlərə yol aça biləcəyini hər kəs anlayır. ABŞ yalnız oktyabrda Ukraynaya 30 ədəd «Javelin» tank əleyhinə raket kompleksi, həmçinin 80 ton döyüş sursatı verib, Rusiya isə sərhəddə hərbçilərinin sayını və silah-sursatını əhəmiyyətli dərəcədə artırıb. Odur ki, buraya cəmlənmiş hərbi güc istənilən vəzifənin öhdəsindən gəlmək iqtidarındadır. Amma görünən odur ki, tərəflər bu hərbi potensialdan istifadə istiqamətində praktik addımlar atmağa tələsmir.

Bundan başqa, Vladimir Putin dekabrın 23-də keçirdiyi illik ənənəvi mətbuat konfransında bildirib ki, Rusiya ABŞ tərəfi ilə Avropada təhlükəsizlik zəmanətinə dair danışıqların aparılması üçün nümayəndə təyin edib. Onun sözlərinə görə, diskussiyalara başlamağa qarşı tərəf də hazırdır. Söhbət bir tərəfdən Moskva, digər tərəfdən Vaşinqton və Brüssel arasında saziş layihələrinin müzakirəsindən gedir. Məsələn, layihədə NATO-nun Şərqə doğru genişlənməsinin istisna edilməsi, NATO üzvü olmayan keçmiş SSRİ respublikaları ərazisində hərbi bazaların yaradılmasından  imtina, öz ərazisindən kənarda orta və yaxınmənzilli yerüstü raket qurğularının qurulmamasına dair öhdəlik kimi məsələlər əks oluna bilər. Söhbət öz ərazisindən kənarda artıq qurulmuş bu cür raket sistemlərinin ləğvindən də gedə bilər. Bununla yanaşı, Moskva ilə Vaşinqton yenə də öz ərazilərindən kənarda nüvə silahı üçün nəzərdə tutulmuş infrastrukturların ləğvi haqda da öhdəlik götürə bilər və s.

Maraqlıdır ki, bununla demək olar ki, eyni vaxtda Avropa İttifaqının diplomatiyasına rəhbərlik edən Jozep Borrel ilə ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın təklifini müzakirə edib və belə qərara gəliblər ki, istənilən danışıqlar Aİ-nin iştirakı ilə keçirilsin. Aİ bununla göstərmək istəyir ki, o, ABŞ və NATO-nun Rusiya ilə aparacağı müzakirələrdən kənarda qalmaq niyyətində deyil və nəinki danışıqlarda iştirak etmək, həm də Qərbin qəbul edəcəyi qərarlara təsir göstərmək əzmindədir.

Məlumdur ki, Aİ-nin iki aparıcı üzvü – Almaniya ilə Fransa ənənəvi olaraq, Ukrayna, Gürcüstan və Moldovanın Şimali Atlantika Alyansına qəbuluna qarşı çıxırlar. Onlar Moskva ilə kifayət qədər sıx olan əlaqələrini bu məsələlərə qurban vermək istəmirlər. Moskva ilə tərəfdaş ölkə olan İtaliyanın baş naziri Mario Draqi isə bu yaxınlarda ritorik fikir söyləyib: «Bizim raketlərimiz, gəmilərimiz, toplarımız, ordumuz var? Hazırda yoxdur. İndi NATO-nun strateji prioritetləri fərqlidir. Yeganə «əngəlləmə» vasitəsi iqtisadi sanksiyalardır, lakin Avropa Rusiya qazından imtina edəcək gücdə deyil. Bəli, bunun vaxtı deyil».

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, NATO ölkələri Rusiya ilə qarşıdurmada yekdil mövqe sərgiləmir və onların məsələyə yanaşmaları fərqlidir. «Bizə qatı düşmən mövqeyində olan ölkələr var, amma davamlı dialoq aparan, Rusiyanın maraqlarının nəzərə alınmalı olduğunu düşünən dövlətlər də var. Belə ölkələr müsbət proses aparmaq iqtidarındadırlar», - deyə o, qeyd edib.

Odur ki, davam edən gərginliyə baxmayaraq, danışıqlara uğurla başlamaq şansı var.

 

Razılaşmaya alternativ yoxdur

Əlbəttə, bu gün NATO ilə Rusiyanın bir-birinin qarşısında qoyduqları bütün şərtləri yerinə yetirəcəklərini təsəvvür etmək çətindir. Amma bu, o demək deyil ki, tərəflərin danışıqların əvvəlində irəli sürəcəkləri şərtlərə prosesin gedişində dəyişikliklər oluna bilməz. Formullar yumşaldıla və şərti kompromis əldə edilə bilər. Hər halda, danışıqların ilkin məqsədi də elə kompromisin əldə olunmasıdır. Kompromis isə məlum olduğu kimi, münaqişənin qarşılıqlı könüllü razılaşma ilə, tərəflərin hər birinin tələblərinin bir hissəsindən imtinası ilə həll edilir.

NATO rəhbərliyinin fikrincə, Rusiya tərəfi konstruktivlik göstərə, gərginliyi azalda, nəinki Ukrayna yaxınlığına əlavə qüvvələr toplamaqdan imtina edə, hətta onların tədricən geri çəkilməsinə başlaya bilər. «Kəşfiyyat məlumatlarının detallarına getmək istəməzdim. Amma söhbət hərbi gücün əhəmiyyətli dərəcədə artırılmasından gedir və prosesin dayandırıldığını, hətta bir qədər zəiflədiyini göstərən heç bir əlamət yoxdur. Əksinə, proses davam edir. Beləliklə, Rusiyanın gərginliyi azaldaraq, öz qüvvələrini geri çəkməklə bu miladı hər birimiz üçün sülh, sabitlik miladına çevirmək imkanı var», - deyə NATO-nun baş katibi Yens Stoltonberq bildirib.

Rusiya tərəfi isə öz növbəsində bildirir ki, onun hər hansı addımı atması üçün NATO-nun çağırışları və bəyanatları kifayət deyil, bunun üçün ortaya Moskvanın maraqlarına uyğun konkret əməllər qoyulmalıdır. «Qərb dövlətləri boş söhbətlərlə zəhlə aparmaqdansa, təcili olaraq Rusiyaya təhlükəsizlik zəmanəti verməlidirlər», - deyə Rusiya prezidenti geniş mətbuat konfransında bildirib.

Bununla yanaşı, Stoltonberq NATO-nun heç zaman genişlənməyəcəyi vədi vermədiyini deyir. «Təşkilatımızın təsis sənədində də yazılıb ki, istənilən Avropa ölkəsi Alyansa qoşula bilər», - deyə baş katib vurğulayıb.

Moskva isə bu məsələdə fərqli mövqedədir. Vladimir Putin hələ bir müddət əvvəl bildirmişdi ki, keçmişdə NATO-nun Şərqə doğru genişlənməyəcəyi vədləri ilə Rusiyanı «aldadıblar». O vaxtdan bu tərəfə Alyansda nə az, nə çox – düz 5 genişlənmə dalğası yaşanıb.

Hər halda, KİV-də yer alan məlumatlar göstərir ki, Vaşinqton Rusiyanın təkliflərinə cavabı gecikdirmək niyyətində deyil. Ağ Evin adının açıqlanmasını istəməyən yüksək rütbəli nümayəndəsi bildirib ki, Birləşmiş Ştatlar Rusiya ilə artıq yanvarın əvvəlində danışıqlara başlamağa hazırdır, amma bu müzakirələr 3 istiqamətdə aparılmalıdır: artıq mövcud olan «strateji dialoq» formatında, NATO-Rusiya Şurası çərçivəsində və ATƏT xətti ilə. Beləliklə, Vaşinqton Moskva ilə danışıqlarda maksimum şəffaf olacağına eyham vurur. Yəni o, qarşı tərəflə müttəfiqləri və tərəfdaşlarından gizlin hər hansı razılaşmaya getməyi düşünmür.



MƏSLƏHƏT GÖR:

116