24 Aprel 2024

Çərşənbə, 19:30

«NƏYİ NECƏ VƏ NƏ VAXT ETMƏK LAZIMDIR»

Prezident İlham Əliyev Qarabağın Azərbaycan olduğunu əməldə göstərir!

Müəllif:

01.01.2022

Bu gün dünyada 5000-dən artıq xalq var. Onlardan yalnız, təxminən, 4%-i dövlətə və dövlətçiliyə malikdir. Azərbaycan xalqı da dövlətə malik azsaylı xalqlardan olmaq xoşbəxtlyinə nail olub.

Müasir Azərbaycanda dövlət quruculuğunun ilk dövrləri asan keçməyib. Qonşu Ermənistanın onun ərazisinin 20%-ni işğal etməsi, nəticədə, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, daxili siyasi çəkişmələr nəticəsində o, dövlətçiliyini itirmək riski ilə üz-üzə qalmışdı.

Geosiyasətin banisi olan almaniyalı sosiaoloq Fridrix Ratselin dediyi kimi, «dövlət o yerdə yaranır ki, bütün cəmiyyət bütünlükdə ictimaiyyətin hədəfi olan məqsəd ətrafında birləşsin. Dövlət ümumi səylərlə müəyyən müddət ərzində qurulur».

1990-cı illərin əvvəllərində Azərbaycan ictimaiyyəti parçalanmışdı və onun vahid məqsədi yox idi. Qarabağ probleminin mövcudluğu belə, daxili siyasi xaos şəraitində cəmiyyəti səfərbər edə bilməmişdi.

 

Dövlətçiliyin qorunmasından institusionallaşmaya

Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vahid hədəflər müəyyənləşdirə, ictimaiyyəti həmin hədəflər ətrafında birləşdirməyə nail olub. O, nəinki qısa vaxtda Azərbaycan dövlətçiliyi institutunu formalaşdırıb, həm də uzaq perspektiv üçün onun keyfiyyətcə dəyişməsinə imkan verəcək təməli də qoyub. Dövlət formalaşma prosesinin başlanğıcında idi. O, balaca uşaq kimi, «gəzməyi», «ayaq üstə durmağı» yeni öyrənirdi. İllər keçdi, hədəflər, vəzifələr dəyişdi. Heydər Əliyevin rəhbərliyi dövründə «dövlətçiliyin qorunması» mərhələsindən onun «institusionallaşması» mərhələsinədək bir təkamül yolu keçilib, lakin bütün bu dövrdə Qarabağ problemi aktual olaraq qalıb.

İlham Əliyevin hakimiyyətə gəldiyi zaman onun üçün əsas çağırış, əlbəttə ki, Azərbaycan torpaqlarının qonşu Ermənistanın işğalı altında qalması idi. Hətta güclü, təcrübəli, sözün əsl mənasında lider şəxsiyyət Heydər Əliyevin uğurlu dövlətçilik siyasəti və idarəçiliyindən sonra belə, «nə» və «necə olacaq?» sualları açıq qalırdı.

 

Xalqın inamını özünə qaytaran lider

2003-cü il seçkisi və yeni prezident. 1990-cı illərin əvvəllərindən bu yana Azərbaycanda ilk təlatümsüz hakimiyyət dəyişikliyi. Dövlət başçısı qarşıya yeni hədəf və vəzifələr qoyur, bununla yanaşı, ölkənin uğurlu dövlət quruculuğu prosesinin davam etdiriləcəyini deyir. Çoxsaylı siyasi proseslərə, dövlət proqramlarına, milli layihələrə start verilir. Azərbaycan dövlətçiliyi «daha çox dünyanın aparıcı dövlətlərinə enerji resursları nəql edən kiçik postsovet ölkəsi»ndən «çoxsaylı regional və beynəlxalq proseslərin iştirakçısı»na çevrilməyə doğru gedir.

Bunlarla yanaşı, daxili siyasi islahatlara da start verilir. Doğrudur, bu, heç də həmişə asan və ağrısız başa gəlmir. Çünki yanaşmalar, baxışlar, fikirlər fərqlidir. Lakin hər kəs əmindir ki, ölkəmizi bizim əvəzimizə heç kim inkişaf etdirməyəcək, onun problemlərini, xüsusilə 30 illik işğal problemini bizdən başqa heç kim çözməyəcək. Nəhayət, bu gün Qarabağ probleminin həlli artıq baş tutmuş tarixi faktdır. Bu gün, burada bu haqda asanlıqla danışmaq mümkündür. Halbuki buna gətirib çıxarmış yol çox çətin, çox əzablı yol idi.

İlham Əliyevin 18 illik rəhbərliyi dövründə çox şey dəyişib. Dəyişməyən, sarsılmaz qalan yalnız Prezidentə inam, onun «nəyi, necə və nə vaxt etməyin» lazım olduğunu dəqiq bildiyinə əminlikdir. İlham Əliyev reallığı aydın görür, vəziyyəti dəqiq qiymətləndirirdi. O, bilirdi ki, çox iş görmək, çox addım atmaq olar. Lakin nə qədər ki, Qarabağ problemi həllini tapmayıb, bunlar kifayət etməyəcək. Prezident yaxşı bilir və əla anlayırdı ki, ölkədə hər kəs bu problemin həllini gözləyir. Bu, ciddi çağırış idi, çünki onunla paralel gündəmdə başqa vəzifələr də var idi. Birincisi, dövlətçiliyin güclənməsi və inkişafı, ikincisi, «proseslərin idarə olunması»ndan «hədəflərin idarə olunması»na keçid, üçüncüsü, dövlət hakimiyyəti institutlarının güclənməsi.

 

200 ildə ilk dəfə

Müasir Azərbaycan dövlətçiliyinin tarixiliyi baxımdan dönüş anı, şübhəsiz ki, 44 günlük müharibədir. O, tək Ermənistanda və dünyada deyil, Azərbaycanın özündə də şok effekti yaratdı. Bu savaşla Azərbaycan xalqı «200 ildir yalnız ərazi itirmişik», «biz tarixdə döyüş meydanında məğlub olan xalq kimi qalacağıq», «Qarabağı geri qaytarmaq mümkün deyil» və s. kimi psixoloji stereotiplərdən xilas oldu. Məhz İlham Əliyev bunun belə olmadığını sübut etdi. O, yaşayış yerindən, siyasi baxışından, ölkədə baş verən proseslərə yanaşmasından asılı olmayaraq, bütün azərbaycanlıları birləşdirə bildi. İkinci Qarabağ müharibəsində qələbə qazanan İlham Əliyev istər ölkədə, istərsə də regionda yeni reallıqlar yaratdı. Nəticədə, xarici oyunçular da həvəssiz də olsa, bu reallıqları qəbul etməyə başladılar.

İstər 2020-ci ilin 27 sentyabrınadək, istər 44 günlük müharibə zamanı, istərsə də postmünaqişə dövründə Prezident İlham Əliyevin dünya KİV-nə verdiyi hər müsahibədə, xarici dövlət başçıları ilə keçirdiyi hər ikitərəfli görüşdə, apardığı bütün çoxtərəfli danışıqlarda, iclaslarda, yekun bəyanatlar və protokollarda bir əsas tezis var idi: «Qarabağ Azərbaycandır!» Bəli, çox böyük işlər görüldü. Amma hələ çox iş görüləcək.

Bu gün Yeni il, 2022-ci il qapıdadır. Bu il qarşıya qoyulan hədəflərə birmənalı nail olunacaq, Qarabağ istiqamətində Azərbaycanın mövqeyi güclənəcək. Hələliksə geridə qalan ili təhlil edərək bir əsas qənaətə gəlmək olar: o, Azərbaycan və bütün azərbaycanlılar üçün uğurlu oldu.

 

Qarabağ Azərbaycandır!

Ötən il Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşlə başlamışdı. Bu, tərəflərin atəşkəs sazişi imzalamasından 2 ay sonra (2021-ci il yanvarın 11-də) ilk üçtərəfli görüşü idi. Danışıqların yekununda Azərbaycanın postmünaqişə dövrü ilə bağlı maraqlarını, prioritetlərini tam əks etdirən birgə bəyanat imzalandı.

İlin sonlarına yaxın liderlərin Soçi və Brüsseldə keçirdikləri üçtərəfli və ikitərəfli görüşlərin nəticələri də ümidvericidir. Ümumilikdə il ərzində Azərbaycanın xarici siyasi gündəmində Qarabağ mövzusu əsas yeri tutub – sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi, kommunikasiyaların açılması. Bu gün Bakı Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin bütün bəndəlrinə əməl etməsini gözləyir. Bununla yanaşı, Azərbaycan yerində saymır. Onun üçün əsas gündəm Qarabağ və Şərqi Zəngəzurda bərpa, yenidənqurma və inkişaf prosesini davam etdirməkdir. İlham Əliyev «Qarabağ Azərbaycandır və nida!» şüarını sözdə deyil, əməldə nümayiş etdirir.

Beləliklə, 1993-2003-cü illərdə Heydər Əliyev Azərbaycan dövlətçiliyini qoruyub saxlamağı bacarıbsa, 2003-2020-ci illərdə İlham Əliyev nəinki bu dövləti gücləndirib və inkişaf etdirib, həm də Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Nəticədə, Azərbaycan bir ildən bir qədər artıq müddətdə keyfiyyətcə yeni siyasi-nüfuz səviyyəsinə keçib. Bunadək siyasətçilər və jurnalistlər İlham Əliyevi böyük vətənpərvər, güclü lider, bacarıqlı diplomat kimi xarakterizə edirdilərsə, indi xalq onu həm də müzəffər Ali Baş Komandan adlandırır.



MƏSLƏHƏT GÖR:

129