19 Dekabr 2024

Cümə axşamı, 16:39

ZƏRBƏ ALTINDA

Karantin məhdudiyyətlərinin davam etdiyi 2021-ci ildə Azərbaycan idmanı nə qazanıb, nə itirdi?

Müəllif:

15.01.2022

Yenicə yola saldığımız 2021-ci ildə Azərbaycan idmanı bütövlüklə pandemiyadan çıxmadı. Bəzi yarışlar dünyanı cənginə alan koronavirus bəlasına görə təxirə salındı. Sevindirici yalnız odur ki, 2021-ci ilin martından etibarən Azərbaycan ərazisində pandemiya qaydalarına uyğun olaraq azarkeşsiz yarışların keçirilməsinə icazə verildi. Yalnız futbol matçları zamanı stadion tutumundan asılı olaraq 50% azarkeşin gəlməsinə razılıq alındı.

 

İslahatlara start verilib

Ümumilikdə 2021-ci ildə Azərbaycan idmanında yeni dönəmin başlanmasına start verildi. Avropa Gimnastikasının prezidenti Fərid Qayıbovun gənclər və idman naziri təyinatından sonra ölkə idmanında islahatlar başladı. Əksər federasiyalarda hesabat-seçki konfransları keçirildi, mühüm idman sahələrində vacib dəyişikliklər edildi.

İdmandakı nəticələrə gəlincə futbol üzrə milli komandamız ənənəsinə sadiq qalaraq azarkeşləri sevindirə bilmədi. Futbolda yalnız ölkə çempionatının gümüş medalçısı “Qarabağ” yüksək nəticə qazandı. Qurban Qurbanovun komandası ilk dəfə iştirak etdiyi UEFA Konfrans Liqasında qrupa vəsiqə qazandı və ikinci yerlə pley-offa adladı. 116 finalda “Qarabağ”ın rəqibi Fransanın “Marsel” klubu olacaq. Qeyd edək ki, “Qarabağ” pley-offda oynayan ilk komanda kimi adını tarixə yazdırdı.

 

Gimnastikada əldə edilən uğurlar

Gimnastlarımız mötəbər yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qorudu. Avropa Çempionatının çoxnövçülükdə gümüş medalçıları olan qrup hərəkətləri komandamız Bolqarıstanın Sofiya şəhərində keçirilən Olimpiadaya təsnifat xarakterli Dünya Kubokunda da bu uğurlu çıxışla yadda qaldı. Çoxnövçülük yarışlarında layiqli çıxış edərək, Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət komandamız fəxri kürsünün 2-ci pilləsinə yüksəldi. Bakıda təşkil edilən bədii gimnastika üzrə dünya kubokunda Zeynəb Hümmətova, Məryəm Səfərova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzan 5 topla çıxışına görə bürünc medala layiq görüldü.

Bakıda Aerobika Gimnastikası üzrə 16-cı Dünya Çempionatı nəhayət ki baş tutdu. 2020-ci ildə keçirilməli olan, lakin COVID-19 pandemiyası səbəbilə təxirə düşən bu çempionat 27-29 may tarixlərində təşkil edildi. Azərbaycan Gimnastika Federasiyasının (AGF) may ayında təşkil etdiyi yarışlardan sonuncusu olan bu yarışda da gimnastlarımız uğurları ilə hər kəsi sevindirdilər. Belə ki, Azərbaycan təmsilçiləri ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi aerobika gimnastikası üzrə dünya çempionatında dünya çempionu titulunu qazanmağa müvəffəq oldular. Avropa çempionu adını daşıyan Akif Kərimli, Nigar İbrahimbəyli, Ayxan Əhmədli, Nərminə Hüseynova, Mədinə Mustafayeva, Elçin Məmmədov, İmran İmranov və Nurcan Cabbarlıdan ibarət aerodans komandamız bu dəfə də onlara olan inamı doğrultdu və fəxri kürsünün ilk pilləsinə yüksəldi. Doğma divarlar arasında - Milli Gimnastika Arenasında Azərbaycan Respublikasının Dövlət Himni yenidən səsləndi. Bu dəfə məhz dünya çempionlarımız şərəfinə!

İsveçrənin Cenevrə şəhərində keçirilən akrobatika gimnastikası üzrə 11-ci Dünya Yaş Qrupları Yarışları komandamız üçün bürünc medalla yekunlaşıb. Yarışların son günü Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan (12-19 yaş qrupu) ibarət qadın qrupumuz qarışıq hərəkətlər proqramı üzrə final çıxışlarına görə fəxri kürsünün 3-cü pilləsində qərarlaşdılar.

İki illik fasilədən sonra baş tutan akrobatika gimnastikası üzrə Avropa çempionatı da gimnastlarımız üçün uğurlu keçdi. Təmsilçilərimiz bu dəfə də bizi qitə birinciliyindən qazandıqları medallarla sevindirdilər. 29 sentyabr – 3 oktyabr tarixlərində İtaliyanın Pesaro şəhərində baş tutmuş çempionatda ölkəmizi böyüklər arasında qarışıq cütlük tərkibində Ağasif Rəhimov və Raziyə Seyidli, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, gənclər yaş qrupunda isə qadın qrupu tərkibində Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova təmsil etdilər. Akrobatlarımız yarışın elə ilk günündən medal qazanmağa başladılar. Qadın qrupumuz temp hərəkətlərinə görə hakimlərdən 27.400 xal alaraq, bürünc medal qazandılar. Ağasif və Raziyə isə komandamızın hesabına həm “gümüş”, həm də “bürünc” əlavə edərək, medal sevincimizi daha da artırdılar. Gimnastlarımız qarışıq hərəkətlər proqramı üzrə nümayiş etdirdikləri çıxışlarına görə 86.470 xal toplayaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşdılar. Yarışın son günü isə temp hərəkətlərinə görə bürünc medal qazanaraq, Pesaronun Vitrifriqo Arenasında üç rəngli bayrağımızın üçüncü dəfə ucalmasına nail oldular.

Bakıda ilk dəfə keçirilmiş Batut gimnastikası üzrə 35-ci Dünya Çempionatında Azərbaycan təmsilçisi Avropa çempionu Mixail Malkin gümüş medal qazandı. Batut gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının final mərhələsində çıxış edən Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında fərdi batut yarışlarının qalibi adını qazandı.

 

Güləşçilərin 89 medalı

Bu il keçirilən Yay Olimpiya Oyunları, dünya, Avropa çempionatları və I MDB Oyunlarında güləşçilərimiz ümumilikdə 89 medal qazanıb ki, bunların da 22-si qızıl, 23-ü gümüş, 44-ü isə bürünc olub. İlk dəfə Kazanda keçirilən MDB Oyunlarında Azərbaycanın hesabına yazılan 40 medaldan 16-sı güləşin payına düşdü.  Gənclərin Avropa çempionatında və U-23 Dünya çempionatında Azərbaycan medalların əyarına görə 3-cü yeri tutdu. Böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığmamız Osloda keçirilən dünya çempionatında komanda hesabında 3-cü oldu.  Olimpiadada 7 güləşçimizdən 3-ü medal qazandı. Hacı Əliyev gümüş, Rafiq Hüseynovla Mariya Stadnik isə bürünc medal əldə etdi. Rafiq həmçinin karyerasında ilk dəfə dünya çempionu oldu.

Bu il keçirilən yarışlarda gənc güləşçilər ümidləri doğrultdu. Bunlardan üçünü xüsusilə qeyd etmək yerinə düşər. Belə ki, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) gənclər arasında Avropa və dünya çempionu olmaqla yanaşı, 23 yaşadək güləşçilərin qitə birinciliyində bürünc, dünya çempionatında isə qızıl medal qazandı. O, həmçinin I MDB Oyunlarının qalibi oldu. Sərbəst güləşdə Turan Bayramov böyüklər arasında Avropa ikincisi olmaqla yanaşı, gənclərdə Avropa çempionu və dünya üçüncüsü ünvanına sahib çıxdı. Güləşin bu növündə Cəbrayıl Hacıyev həm gənclərdə, həm də U-23 yaş qrupunda Avropa çempionatının qızıl, eləcə də gənclər arasında dünya çempionatının gümüş medalını boynundan asdı.

 

Şahmat, karate, boks və paralimpiyaçılar

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurdu. Medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı oldu. Beləliklə, Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.

Şahmatda isə ən böyük uğur klub və yığmaların yarışlarda əldə edildi. “Vüqar Həşimov” klubu Avropa Çempion Klublar yarışında bürünc medal qazandı. Qadın şahmatçılardan ibarət Azərbaycan millisi isə Avropa çempionatında üçüncü yeri tutdu.

Karateçilərimiz Tokio Olimpiadasından iki gümüş medulla qayıtdı. İrina Zaretska isə 2021-ci ildə Avropa və Dünya çempionatında qızıl medala layiq görüldü.

Boksda uğurlarımız Alfonso Domingeslə bağlı oldu. Dominges Tokio Olimpiadasında bürünc medal qazandı. İlin son yarışında isə boksçumuz dünya çempionu tituluna sahib çıxdı.

Azərbaycan paralimpiya yığması Tokio Paralimpiya Oyunlarında möhtəşəm nəticə qazandı. Yığmamız Tokio-2020-də 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla yeni rekord müəyyənləşdirdi.

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında nisbətən zəif çıxış etdi. Yarışa 44 idmançı ilə qatılan Azərbaycan millisi Yaponiya paytaxtında 7 medal qazandı.Komandamızın üzvləri 3 gümüş və 4 bürünc mükafata yiyələndi. Bununla da, Azərbaycan medal sayında 205 ölkə arasında 33-cü yeri tutdu.



MƏSLƏHƏT GÖR:

173