Müəllif: Sənan ŞƏFİZADƏ
2022-ci ilin ilk böyük yarışı Çində baş tutacaq Qış Olimpiya və Paralimpiya Oyunları olacaq. "Pekin-2022" Qış Olimpiya Oyunları fevralın 4-22-də, Paralimpiya Oyunları isə martın 4-13-də keçiriləcək.
Dünyada koronavirus pandemiyasının davam etməsi, eləcə də yeni ştamların meydana çıxmasını nəzərə alan İsveçrə Olimpiya Komitəsinin prezidenti Ralf Ştokli oyunların təxirə salınmasını təklif edib. O, Beynəlxalq Olimpiya Komitəsini olimpiadanı ertələməyə çağırıb: "Hər gün idmançıların koronavirusa yoluxduğunu eşidirik. Yarışın təxirə salınmasını hələ də müzakirə edə bilərik. Ən yaxşı idmançılar Oyunlara gedə bilməsə, vəziyyət çətin olacaq".
Amma Çin mötəbər yarışın yeni qaydalarla keçiriləcəyini və təxirə salınmanın müzakirə edilmədiyini bildirib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician yarış zamanı virusla bağlı problemlərin olmayacağını deyib: “Virusu nəzarətdə saxlamaq üçün göstərdiyimiz səylərin mütləq çətinliklərlə üzləşəcəyi qənaətindəyəm. Amma Çin koronavirusu qabaqlamaq və nəzarətdə saxlamaqla bağlı təcrübəli olduğu üçün rəsmi Pekinin Qış Olimpiya Oyunlarına nəzərdə tutulan vaxtda, rahatlıqla və uğurlu şəkildə ev sahibliyi edə biləcəyinə tam əminəm”.
Yeni qaydalar
"Pekin-2022" Qış Olimpiya və Paralimpiya oyunlarının atletləri və onları müşayiət edən şəxslər Çin və xarici aviaşirkətlərin həyata keçirəcəyi çarter və müvəqqəti xüsusi reyslərlə Pekinə gələcək. İştirakçı ölkələrə ayrılıqda çarter reysinin sifariş verilməsinə icazə verilməyəcək. Olimpiya və Paralimpiya oyunlarının bütün iştirakçıları Sinqapur, Paris, Tokio, Honkonq da daxil olmaqla bir neçə şəhərdən təyyarələrlə Pekin Beynəlxalq Hava Limanına gəldikdən sonra Olimpiada və Paralimpiada üçün ayrılmış "Qapalı zona"ya daxil olacaqlar.
"Qapalı zona" oyunlar üçün xaricdən gələnlərin yerli sakinlərlə ünsiyyətinin qarşısını alan sistemdir. Yanvarın 23-də işə başlayacaq və Paralimpiya Oyunlarının sonunadək davam edəcək "Qapalı zona" sistemi atletlərin Çinə giriş-çıxışı, nəqliyyat, yerləşmə, qidalanma, yarışlarda iştirak, açılış və bağlanış mərasimlərini əhatə edəcək.
Atletlərin və heyət üzvlərinin yalnız yarış məkanlarına, məşq zallarına və oyunlarla bağlı digər yerlərə girişinə icazə verilir. Onlar müəyyən olunmuş məkanlardan kənara çıxa bilməyəcəklər. Təşkilat komitəsi qəbul olunan qərarların atletlərin və heyət üzvlərinin sağlamlığının qorunmasına xidmət edəcəyini düşünür.
Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi və Pekin-2022 Təşkilat Komitəsi 2022-ci il Pekin Olimpiya və Paralimpiya Qış Oyunlarında idmançılar və jurnalistlər üçün koronavirus əleyhinə qaydaların ilk versiyasını təqdim edib. Bildirilir ki, vaksinasiyanın tam dövrünü başa vuran idmançılar 21 günlük karantindən azad olunacaqlar. Peyvənd olunmamış bəzi idmançılar da istisna olaraq karantindən azad edilə bilərlər. Atletlər hər gün testdən keçiriləcək. Tokio Oyunlarında olduğu kimi, idmançılardan sağlamlıqları haqqında məlumat vermək üçün proqramdan istifadə etmələri tələb olunacaq. İştirakçılara və media nümayəndələrinə başqa məkanlarda gecələmək, eləcə də şəhər gəzintisinə çıxmaq qadağan edilib.
Azərbaycan Qış Oyunlarında
Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak üçün Azərbaycanın iki idmançısı - fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova lisenziya qazanıb. Olimpiada ərəfəsində daha bir idmançımız “vayld” kartla – xüsusi dəvətlə yarışda iştirak etmək hüququ qazana bilər. Söhbət dağ xizəkçisi İlya Kostovdan gedir. Bu barədə məlumatı Bolqarıstan əsilli 17 yaşlı idmançının məşqçisi Martin Fornari verib. İtaliyalı mütəxəssisin sözlərinə görə, olimpiadaya lisenziya qazanmaq üçün Kostovun bir neçə şansı var: "O, əvvəlcə təcrübə toplamaq üçün yarışacaq. Çünki öz yaş kateqoriyasının birinci ilindədir. Kostov indiyədək dağ xizəyinin müxtəlif növləri üzrə yarışlarda qüvvəsini sınayıb. Bu ay daha bir neçə turnirdə mübarizə aparacaq. İlk 2 yarış Fransada baş tutacaq. Olimpiadaya lisenziya qazanmaq üçün 80 xal toplamalıdır. Amma bunu etmək çətin olacaq".
Artıq Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu bəlli olub. Bu vəzifəni Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov yerinə yetirəcək.
Medalların Çin fəlsəfəsi
2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunları sayca 24-cü olacaq. Pekin dünya idman tarixində həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olacaq. Xatırladaq ki, 2008-ci ildə Pekin 29-cu Yay Olimpiya Oyunlarının paytaxtı olub. 2022-ci ildə Pekində oyunların keçirilməsi üçün 3,9 dollar büdcə ayrılıb. Olimpiya Oyunlarının artıq Çinin paytaxtında keçirildiyini nəzərə alaraq, təşkilatçılar əvvəlki yarışlar üçün hazırlanmış infrastrukturdan istifadə etmək niyyətindədirlər.
Qış Olimpiya Oyunları zamanı 17 idman növü üzrə yarışlar keçiriləcək, bu dəfə Beynəlxalq Olimpiya Komitəsi (BOK) Oyunların proqramına yeddi yeni idman növü daxil edib. Pekində 2022-ci ildə 109 dəst medal veriləcək ki, bu da 2018-ci ildə Pxençxan (Koreya) Qış Olimpiya Oyunları ilə müqayisədə yeddi dəst çoxdur.“Tonsin” (“Hamı bir nəfər kimi birlikdə”) adlanan medalların üzərində Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və “Pekin-2022”nin loqosu, digər üzündə isə Olimpiya halqalarının təsviri əks olunub. Medal üçün qutu isə bambukdan hazırlanıb. Bu, Çin mədəniyyətinin xüsusiyyətlərinə diqqət çəkir və ekoloji Olimpiya oyunları konsepsiyasına uyğun edilib.
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax bir neçə ölkənin Pekin-2022 Qış Olimpiya Oyunlarını diplomatik boykot etməsinə (Böyük Britaniya, Kanada, ABŞ və Avstraliya kimi ölkələr olimpiada ilə bağlı diplomatik boykot elan edib) baxmayaraq, yarışların baş tutacağını bildirib. 68 yaşlı funksioner IOC-un siyasi neytrallığa riayət etdiyini söyləyib. Baxın sözlərinə görə, olimpiadada ölkələrin rəsmi nümayəndələrinin iştirakı onların siyasi qərarıdır: "IOC həmişə idmançıların Olimpiya Oyunlarında iştirakı məsələsindən narahatdır. Ona görə də olimpiya komandalarının öz ölkələrindən aldıqları dəstəyi alqışlayırıq. Bu, idmançılara inam verir".
Qeyd edək ki, Qış Olimpiya Oyunlarında kiçik nümayəndə heyətiylə təmsil olunan Azərbaycan indiyədək heç vaxt “ağ olimpiada”da medal qazanmayıb.
MƏSLƏHƏT GÖR: