24 Aprel 2024

Çərşənbə, 07:09

«REVANŞA HAZIRLİQ»

Ermənistanda «Qarabağ klanı» hansı planları qurur?

Müəllif:

15.01.2022

Ermənistanda növbəti dramatik daxili siyasi dəyişiklik müşahidə olunur. Devrilmiş «Qarabağ klanı»nın liderləri yenidən gündəmə gəlib, üstəlik, Nikol Paşinyan və komandasına praktik olaraq, eyni vaxtda meydan oxumağa başlayıblar.

 

Baş nazir üçün iki «əlcək»

Dekabrın 18-də İrəvanda vaxtilə Serj Sarqsyanın yaratdığı Ermənistan Respublika Partiyasının qurultayı keçirilib. Gözlənildiyi kimi, Ermənistanın üçüncü prezidenti təkrarən partiya sədri seçilib. Çıxışında o, Paşinyanın seçicilərini də «unutmayıb»: «Öz yanlışlarınızı mənim ayağıma yazmayın. Sizi bu avantüraya qoşulmağa, sonra isə gedib sürünün səsi ən bərk çıxan eşşəyinin alnından öpməyə mən məcbur etməmişəm».

Az sonra siyasi səhnəyə Ermənistanın ikinci prezidenti Robert Koçaryan da çıxıb. O, keçirdiyi mətbuat konfransında Nikol Paşinyanın ünvanına saysız-hesabsız ittihamlar səsləndirib. Koçaryan Ermənistanda demokratik azadlıqların vəziyyətini bir cümlə ilə ifadə edib: «Kim Çen In Ermənistanda baş verənləri görsəydi, paxıllıqdan ölərdi». O, gözlənildiyi kimi, hökumətin müdafiə sahəsindəki fəaliyyətini də pisləyərək bildirib ki, müdafiə nazirlərinin «corab kimi dəyişdirilməsi» tam qeyri-peşəkarlıqdır. O, bu posta ard-arda təyin olunmuş şəxslərin vəzifələrinin öhdəsindən gələ bilmədiklərini də vurğulayıb. Ermənistanda 1 ildə 3 dəfə müdafiə naziri və 2 dəfə isə baş qərargah rəisi dəyişib. Koçaryan Paşinyana elə öz sözlərini xatırladıb: «Biz dağ uğrunda savaşmayacağıq ki». Ermənistanın dağlıq ərazidə yerləşdiyini xatırladan sabiq prezident hesab edir ki, ölkə liderinin belə çıxışları azərbaycanlılar üçün siqnaldır: «Ölkəmizə xoş gəlmisiniz, ərazilərimizlə necə istəyirsinizsə, o cür də davranın».

Robert Koçaryan hökumətin Ermənistan ordusunun silahlandırılması ilə məşğul olmadığını deyib, bunu yolverilməz adlandırıb. Bununla yanaşı, o, İkinci Qarabağ müharibəsində ölmüş hərbçilərin siyahısının indiyədək elan edilməməsini biabırçılıq adlandırıb. Sabiq prezident çıxışına belə yekun vurub: «Ermənistan rəhbərliyi ordunun döyüş qabiliyyətinə malik olmasında maraqlı deyil və bu, çox acınacaqlı haldır».

 

Yeni dekorasiyada köhnə aktyorlar?

Ermənistanın kapitulyasiyasından keçən 1 ildə «qarabağlılar» mövcudluqlarını ilk dəfə xatırlatmır. Lakin bu dəfə Koçaryanla Sarqsyan bir anda «peyda olublar» və bu, maraqlıdır. Xüsusilə Qərbi Zəngəzurda (ermənilər «Sünik» adlandırır) yerli özünüidarəetmə orqanlarına seçki Paşinyan üçün əsl fəlakətlə, ən azı ciddi xoşagəlməzliklərlə başa çatıb. Nəticədən qorxuya düşmüş hakimiyyət dərhal «Vətəndaş müqaviləsi»nə səs verməmiş icma rəhbərlərinin həbsinə başlayıb. Ermənistanda bütün dairələr, o cümlədən müxalifət bunun səbəbini yaxşı anlayır. Söhbət sərhədlərin demarkasiyası və delimitasiyasından gedir.

 

Sərhəd tələsi, yoxsa imkanlar pəncərəsi?

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurun işğal altında olduğu vaxtda Ermənistan Azərbaycanın həmsərhəd ərazilərinə xeyli əhali yerləşdirib. Buradakı ev, ferma, dirrik yiyələri, küləklə işləyən elektrik generatorlarının, hətta qızıl mədənlərinin sahibləri mülkiyyətlərinin «Ermənistanın suveren ərazisində» yerləşdiyinə şübhə etməyiblər. İndi isə onlar bu torpaqlarla, obyektlərlə vidalaşmaq məcburiyyətindədirlər. Paşinyanın sərhədlərin delimitasiyası və demarkasiyası prosesini uzatmaq cəhdləri isə artıq iflasa uğrayıb. Vasitəçilər ondan real addımlar tələb edir. Bununla yanaşı, o cümlədən Qaragöl gölü və Böyük İşıqlı vulkanı yaxınlığında baş vermiş toqquşmalarla da göstərib ki, o, sərhədlərin delimitasiyası və demarkasiyasına birtərəfli qaydada öz gücünə də nail ola bilər. Odur ki, Paşinyan çox pis vəziyyətdə qalıb. İndi İrəvan, Vanadzor, Gümrü seçicilərini hələ də «bir bağ uğrunda savaşmayacağıq ki» fikri ilə razı salmaq mümkündürsə, işğal illərində bu dağda ev tikmiş, biznes qurmuş insanlar üçün vəziyyət fərqlidir. Başqa sözlə, Zəngəzurda Paşinyanın əleyhinə səs verilməsi təəccüblü deyil.

Bundan başqa, Brüssel danışıqları göstərib ki, artıq Paşinyanın əsas təbliğat «kozır»ı – Qərbin dəstəyi – də işləmir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin həmin görüşün yekunlarına dair verdiyi bəyanat diplomatik meydanda Azərbaycan üçün aşkar qələbə, Ermənistan üçün əsl faciə sayıla bilər. Başqa sözlə, İrəvanın hərbi məğlubiyyətin ardınca diplomatiyada da «darmadağın olması» faktdır.

Üstəlik, qarşıda məhkəmə məsələsi də var. Ermənistanda Azərbaycanın iddiaları qarşılığında 50 milyard dollar təzminət ödəmək məcburiyyətində qala biləcəklərini hələ 2020-ci ildə söyləyirdilər. Bu, xüsusilə yoxsul Ermənistan üçün kifayət qədər ciddi məbləğdir.

 

Kədərli «miras»

İlk baxışdan «revanş oyunu» «qarabağlılar» üçün məntiqli və ən aşkar taktikadır. Birincisi, Azərbaycanla müharibədə alınmış məğlubiyyət hazırkı baş nazir üçün təbii ki, ağrılı nöqtədir. «Qarabağlılar» hər imkanda xatırladırlar ki, İrəvanın Qarabağda üzləşdiyi darmadağına və biabırçı kapitulyasiyaya görə məsuliyyəti məhz Paşinyan daşıyır.

Bununşla yanaşı, «qarabağlılar» seçicilərinə açıq şəkildə revanş, Azərbaycan ərazilərinin yenidən işğalı və s. kimi vədlər də verə bilmir. Hər halda, revanş şüarları müharibə və kapitulyasiyadan sonrakı ilk seçkidə onlara qələbə qazandırmayıb. Üstəlik, hakimiyyətə gəlinəcəyi təqdirdə, bu vədləri yerinə yetirmək zərurəti yaranacaq. Bu isə Paşinyanın məyus fanatlarını «sancmaq» kimi asan iş deyil. Xüsusilə indiki qüvvələr nisbəti şəraitində.

Bundan başqa, Nikol Paşinyan hakimiyyətdə olduğu dövrdə artıq ictimaiyyəti bir vacib məqamla bağlı məlumatlandıra bilib. Baş nazir açıq şəkildə deyir ki, əvvəlki hakimiyyətdən ona heç də yaxşı «danışıqlar mirası» qalmayıbmış. Daha dəqiqi, diplomatik arenada vəziyyət Ermənistan üçün hələ müharibədən əvvəl də çoxlarının təsəvvür etdiyindən daha pis imiş.

Daha bir vacib məqam: erməni ictimaiyyəti «Qarabağ klanı»nın hakimiyyət illərini yaxşı xatırlayır – korrupsiya, kriminal diktatura və s. Yeri gəlmişkən, hakimiyyətdə olduğu illərin «çatışmazlıq»larını Serj Sarqsyan özü də etiraf edib, partiyasının qurultayındakı çıxışında həmin dövrdə korrupsiya halları da daxil olmaqla, bir sıra problemlərin yaşandığını açıq şəkildə söyləyib.

 

Piar, yoxsa qəsd?

Qayıdaq Robert Koçaryanın mətbuat konfransına. O, yalnız ordudan və müharibənin nəticələrindən danışmayıb. Koçaryan Ermənistanın üzləşdiyi ağır iqtisadi vəziyyətdən, qiymət artımından və bir çox digər məsələlərdən də bəhs edib. Lakin sabiq prezidentin səsləndirdiyi problemlər içində məhz müdafiə sahəsi ilə bağlı dedikləri daha çox maraq doğurub.

Düşünmək olar ki, söhbət Qarabağ meydanında revanş mövzusunun gündəmə gətirilməsinə növbəti cəhddən gedir və «Qarabağ klanı»nın öndə gedənləri bunun üçün uğurlu taktika seçdiklərini fikirləşirlər. Söhbət çox hiyləgər taktikadan gedir – sanki həqiqəti deyirsən, amma onu elə söyləyirsən ki, seçici yanlış anlasın. Koçaryan birbaşa revanş vədi vermir, sadəcə Paşinyanın «səhv»lərinə eyham vurur, amma bəzi seçicilərin «qabağa düşməsi» üçün bu da kifayət edir.

Paşinyanın təşəbbüsü ilə ordu sıralarında silsilə «təmizləmə» əməliyyatları aparılsa da, silahlı qüvvələrdə «Qarabağ klanı»nın mövqeləri hələ də güclüdür. Üstəlik, onların Qarabağın Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan hissəsi kimi «kozır»ları da var. Müharibənin üzərindən bir ildən çox vaxt keçsə də, həmin bölgədə hələ də silah-sursat da qalır, qanunsuz silahlı birləşmələr də. Realist olmaq lazımdır: Qarabağdakı erməni terrorçuları Azərbaycanın mobil rabitə şirkətinin əməkdaşlarından başqalarına da atəş aça bilər…

Ermənistan baş nazirinin bu yaxınlarda verdiyi səs-küylü bəyanatın ardından Qarabağda Paşinyanın əleyhinə açıq fikirlər səsləndirilməyə başlayıb. Xatırladaq ki, baş nazir «Facebook» sosial şəbəkəsindəki canlı yayımında Qarabağla bağlı müharibəyədək olan dövrdə aparılmış danışıqların detallarını açıqlayıb. O, bildirib ki, təxminən, 30 ildə DQMV məsələsinə heç zaman sırf erməni ərazisi kimi yanaşılmayıb və orada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi hər zaman «gündəmdə olub». 2016-cı ildə isə danışıqlar prosesində «faciə baş verib». «Həmsədrlər 3 təkliflər paketi irəli sürüb və 2011-ci ildən sonra ilk dəfə olaraq, onların heç birində Dağlıq Qarabağın aralıq statusu haqda heç bir fikir yer almayıb», - deyə N.Paşinyan qeyd edib. Onun sözlərinə görə, həmin paketlərdə müvəqqəti statusun müəyyənləşdirilməsi məsələsinə BMT Təhlükəsizlik Şurasında baxılmalı olduğu vurğulanıb. Paşinyan fikrini belə davam etdirib: «Məsələyə BMT TŞ-də baxılırsa, qərar tamamilə proqnozlaşdırılandır. Çünki BMT TŞ 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin tanınmasına dair qətnamə qəbul edib, orada isə Dağlıq Qarabağ Azərbaycanın Dağlıq Qarabağ vilayəti adlandırılıb».

Bundan sonra Paşinyanın əleyhinə ilk fikirlər Xankəndi separatçılarının başçısı Araik Arutyunyandan gəlib.

Beləliklə, «Qarabağ klanı»nın rəhbərləri yalnız daxili siyasi revanş planları qurmur. Onların hakimiyyətə silahlı çevriliş və qəsd yolu ilə gəlməyə çalışacaqları da istisna deyil. Unutmaq olmaz ki, Robert Koçaryan ilk dəfə Ermənistan prezidenti kürsüsünə məhz bu yolla yiyələnmişdi.

Nikol Paşinyan bu qəsdə sinə gərə biləcəkmi? Çətin sualdır…



MƏSLƏHƏT GÖR:

124