16 Aprel 2024

Çərşənbə axşamı, 09:26

QAZAXISTAN HARAYA GEDİR?

Mərkəzi Asiya və Türk dünyasının əsas ölkələrindən birində baş qaldırmış böhranın ciddi geosiyasi nəticələri olacaq

Müəllif:

15.01.2022

2022-ci il postsovet Avrasiyasında növbəti geosiyasi kataklizmlə başlayıb. Qazaxıstan böhranı ölkənin siyasi üfüqündə simaların dəyişməsi, kütləvi iğtişaşlar nəticəsində çoxsaylı insan ölümü, etiraz aksiyalarının dağıdılması, o cümlədən ölkəyə dəvət olunmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbçilərinin dəstəyi ilə dağıdılması ilə yadda qalacaq. Son zamanlara qədər Mərkəzi Asiyanın ən firavan ölkəsi sayılan Qazaxıstanın yanvarın ilk yarısında yaşadıqlarının mənzərəsi qismən bundan ibarətdir. Mənzərə yekun şəklini yalnız o zaman alacaq ki, bu dramatik, hətta faciəvi hadisələrdən sonra Qazaxıstanın Avrasiya və dünya siyasətindəki yekun yeri tam aydın olsun.

 

Qiymət artımı, etirazlar, «terrorçu»lar

Qazaxıstan haqda hər zaman hakim olmuş sabit, tədricən inkişaf edən, nisbətən firavan ölkə təsəvvürü yanvarın ilk günlərində ölkəni bir anda bürüyən etiraz aksiyaları, miqyaslı nümayişlərlə bir anda yerini tamamilə dəyişib. Hadisələr maye qazın qiymətinin artımına etirazla başlayıb. Amma ilkin səbəb yalnız bu qiymət artımı deyilmiş. Hər halda, nümayişlər ölkədə kifayət qədər sosial-iqtisadi problemin olduğunu ortaya çıxarıb.

Bununla yanaşı, bu cür hadisələrin yaşandığı əksər ölkələrdə olduğu kimi, sosial-iqtisadi tələblərlə başlamış etiraz aksiyalarında qısa müddət sonra siyasi tələblər irəli sürülməyə başlayıb. Üstəlik, hökumətin güzəştə getməsindən sonra etiraz dalğası nəinki zəifləməyib, əksinə, getdikcə şiddətlənməyə başlayıb. Halbuki hökumət enerji daşıyıcılarının qiymətini dərhal əvvəlki səviyyəsinə qaytarıb, sosial əhəmiyyətli məhsulların qiymətinə dövlət tənzimləməsi tətbiq olunub, həmçinin əhali üçün kommunal tariflərin yüksəldilməsinə 180 günlük moratorium qoyulub. Bundan başqa, prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərməklə, ciddi siyasi güzəştə də gedib. Ən başlıcası isə o, ölkəyə uzun illər rəhbərlik etmiş elbaşı Nursultan Nazarbayevin Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri postundan kənarlaşdırıldığını, bundan sonra bu vəzifəni özünün icra edəcəyini də açıqlayıb. Bu, Qazaxıstan tarixində, təxminən, 30 illik bir eranın sonu demək idi.

Amma bütün bu addımlar ehtirasları zərrə qədər də azaltmayıb. Əksinə, sosial-iqtisadi tələblər tamamilə siyasi tələblərlə əvəzlənib və nümayişçilər hakimiyyətin tam şəkildə dəyişməsi tələbini irəli sürməyə başlayıb. Bununla yanaşı, Qazaxıstanın bir çox şəhərini kütləvi iğtişaşlar bürüyüb, nümayişçilərlə asayiş keşikçiləri arasında toqquşmalar başlayıb. Baş verənlərdən ən çox zərəri Almatı görüb – bu çiçəklənən şəhər cəmi bir neçə günə, demək olar ki, xarabaya çevrilib…

Bütün bunlar prezident Tokayevin kömək üçün KTMT-yə müraciət etməsinə səbəb olub. Qurum isə öz növbəsində, müraciətə dərhal reaksiya verib və kollektiv sülhməramlı qüvvələrini Qazaxıstana göndərib. KTMT-nin Qazaxıstanda baş verənlərə hərbi müdaxiləsinin hüquqi cəhətdən əsaslandırılması üçün xarici təhdid, xaricdə hazırlanmış terrorçu və cinayətkar qrupların Qazaxıstana hücumu tezislərindən istifadə olunub. Lakin KTMT-nin Qazaxıstana yeridilməsi çoxlarına keçmiş dövrlərin çoxsaylı bənzər hadisələrini xatırladıb. Məsələn, Azərbaycanda ekspertlər bunu 1990-cı ilin 20 Yanvar hadisələri ilə müqayisə edib. Məlum olduğu kimi, o zaman Bakıda xeyli sayda dinc sakin qətlə yetirilmişdi.

Rəsmi məlumata görə, KTMT Qazaxıstana strateji əhəmiyyətli obyektlərin mühafizəsi məqsədi ilə göndərilib. «Terrorçu»ların zərərsizləşdirilməsi ilə isə bilavasitə dövlətin özünün güc strukturları məşğul olub. Amma nə baş verməsindən asılı olmayaraq, fakt faktlığında qalır – etiraz aksiyaları məhz KTMT qoşunlarının Qazaxıstana gəlişindən sonra yatırılıb. Bundan keçən cəmi bir neçə gündə hakimiyyət iğtişaşların baş qaldırdığı şəhərlərə və digər yaşayış məntəqələrinə nəzarəti təmin edib.

Konstitusion quruluşun bərpası prosesində istər nümayişçilər, istər də hüquq-mühafizə orqanları əməkdaşları arasında ölənlər var. Minlərlə nümayişçi saxlanılıb…

Beləliklə, Qazaxıstanda böhranın güc yolu, üstəlik, xarici hərbi qüvvələrin iştirakı ilə həllinə üstünlük verilib. Bəs, böhranın əsl səbəbi nə idi? O, həqiqətən, daxili problemlərdən qaynaqlanmışdı, yoxsa baş verənlərdə əsas rolu xarici qüvvələr oynayırdı?

 

İkihakimiyyətliliyə son

Aydındır ki, postsovet Mərkəzi Asiyasının ən nəhəng ölkəsində böhranın ilkin səbəbi sosial etirazlar və daxili siyasi mübarizə idi. Üstəlik, bu mübarizə hakim elita səviyyəsində gedirdi. Qazaxıstan hakimiyyətindəki ayrı-ayrı qüvvələr maraqlarını böyük bir kütlənin etirazçı əhvalından istifadə etməklə təmin etmək qərarına gəlmişdi. Ənənəvi klanlararası münasibətlərin iradəçilikdə ciddi amil sayıldığı Qazaxıstanda hakimiyyət daxilində dərin ziddiyyət, hətta parçalanma olmasaydı, hökumətə təhdid sayılacaq etiraz aksiyalarının baş verməsi mümkün deyildi. Bu üzdən, ekspertlər qazax elitasının bir hissəsinin, həqiqətən də, Nazarbayevin təmsil etdiyi və ölkənin cənub tayfalarını birləşdirən Böyük Juzun uzun illər hakimiyyətdə qalmasına qarşı qalxdığını istisna etmirlər.

Böhranın əsas daxili siyasi səbəbi, şübhəsiz ki, hələ 2019-cu ildə başlamış hakimiyyətin ötürülməsi prosesi ilə bağlı idi. O zaman Nazarbayevin varisi kimi hakimiyyətin başına Qasım-Jomart Tokayev keçib. Amma son 3 ildə Elbaşının kölgəsi hər zaman yeni prezidentin başı üzərində olub. Belə bir vəziyyətdə hakimiyyət daxilində yekun qarşıdurmaya, faktiki olaraq ikihakimiyyətliliyə son qoyulmasına bilavaistə nəyin təkan verdiyini söyləmək, hələ ki, çətindir. Ola bilsin ki, bu sualın cavabı qanlı iğtişaşların gedişində Nazarbayevin qəribə şəkildə susmasında, nəzərə çarpmamasında gizlənir. Böhrana xarici hərbi müdaxiləyə razılıq verildikdə belə, Nazarbayev səsini çıxarmayıb. Amma hakimiyyət daxilində parçalanmanın olduğunu güc strukturlarının həmin günlərdə tutduqları mövqe də təsdiqləyib. Onlardan bəziləri faktiki olaraq nümayişçilərin tərəfinə keçib və bu, kütləvi etiraz aksiyalarına qatılmış daha radikal dəstələrin bir çox qanunsuzluq etməsinə yol açıb. Amma vəziyyətin qaydaya salınmasında da bu amilin rolu olub. Hər halda, prezident Tokayev məhz ordu və polis üzərində nəzarəti itirdiyi üçün KTMT-yə müraciət edib.

Maraqlıdır ki, Tokayevin KTMT-yə müraciət etməsindən bir neçə saat əvvəl Kreml Qazaxıstan hökumətinin daxili problemləri təkbaşına həll etmək gücündə olduğuna inandığını bildirmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Qazaxıstan rəhbərliyinin yardım üçün Moskvaya müraciət etmədiyini demişdi. Amma bu müraciət özünü çox gözlətməyib. Prezident Tokayevin xarici hərbi qüvvələrin ölkəsinə girməsinə razılıq verməsi ilə Qazaxıstanda yaşananların geosiyasi məzmunu, təlatümün məqsədi ilə bağlı ən müxtəlif qiymətləndirmələr gündəmə gəlib.

 

Qərb, Avrasiyaçılıq, Türk dünyası…

KTMT qoşunlarının Qazaxıstana daxil olması dünya KİV-də, siyasi-ekspert ictimaiyyətində Rusiyanın bu və ya digər şəkildə Sovet İttifaqını bərpa etməyə çalışdığı fikrini yaradıb. Bu versiyanın tərəfdarları hesab edirlər ki, Qazaxıstan böhranı əvvəldən elə Moskvanın özü tərəfindən planlaşdırılıb və onun məqsədi Mərkəzi Asiyanın ən nəhəng ölkəsində, postsovet məkanının ən nüfuzlu dövlətlərindən birində öz mövqeyini birdəfəlik möhkəmləndirməkdir. Bu fikirdə olanlar düşünürlər ki, Moskva bununla Qazaxıstanı Nazarbayev dövrünün çoxşaxəli siyasətindən qoparmağa, nəhayət, onu Rusiya ilə Belarusdan ibarət İttifaq Dövlətinə cəlb etməyə çalışır.

Bununla yanaşı, Rusiyanın özündə Qazaxıstanda baş verənlərdə «Qərbin əli»ndən bəhs olunur. Moskva KTMT qüvvələrinin bu ölkəyə göndərilməsini Rusiyanın maraqlarına qarşı yönəlmiş növbəti «rəngli inqilab»ın qarşısının alınması zərurəti ilə əsaslandırır. Bu mövqedə olanlar bildirirlər ki, Qazaxıstanda «rəngli inqilab» baş versəydi, bu, ölkədə xaos və anarxiyaya yol açacaqdı.

Bu mənada, Rusiya prezidenti Vladimir Putinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının yanvarın 10-da keçirilmiş növbədənkənar toplantısında səsləndirdiyi fikirlər maraqlıdır. Qazaxıstanda baş verənləri postsovet məkanında növbəti «maydan» cəhdi kimi qiymətləndirən Putin bildirib ki, «biz evimizdə aranın qarışdırılmasına, «rəngli inqilab» ssenarisinin gerçəkləşdirilməsinə imkan verməyəcəyik». Toplantıda KTMT-nin əməli rəsmən Qazaxıstana «terror hücumu» və «xarici müdaxilə»nin qarşısının alınması kimi qiymətləndirib.

Yeri gəlmişkən, Qərbin özü Qazaxıstanda baş verənlərə çox həvəssiz reaksiya verib. Məsələn, ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatı ilə kifayətlənib. O, Tokayevi nümayişçilərin güllələnməsi göstərişinə görə tənqid edib, Qazaxıstan prezidentinin KTMT qüvvələrinə müraciəti əsaslandırmasını istəyib. Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin «Twitter» vasitəsi ilə yaydığı bəyanatın məğzi də, demək olar ki, eynidir.

Qazaxıstanda baş verənlərin geosiyasi məğzini təhlil edərkən ona yalnız Rusiya ilə Qərb arasında getdikcə daha sərt xarakter alan qarşıdurma kontekstində baxılmamalıdır. Burada Türk dünyasında fəallığın artması amili də var. Rusiyalı strateqlərin, kremlpərəst analitiklər bir fikri durmadan təkrar edirlər: Moskvanın postsovet məkanında həyata keçirdiyi Avrasiya inteqrasiyası Türk dünyasının inteqrasiyası ilə tam ziddiyyət təşkil edir. Başqa sözlə, Qazaxıstan böhranının səbəbləri, hərəkətverici qüvvələri haqda danışarkən bu amil də çox şeyi izah edə bilər.

Türk dövlətlərinin ötən ilin noyabrında İstanbulda keçirilmiş, Türk Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldığı sammiti faktiki olaraq dünyanın siyasi xəritəsində yeni inteqrasiya mərkəzinin əsasını qoyub. Bu prosesə təkan vermiş əsas hadisələrdən biri Azərbaycanın qələbə ilə bitmiş 44 günlük müharibə zamanı Türkiyə və digər türk dövlətləri tərəfindən ciddi dəstək alması olub. Bununla yanaşı, Azərbaycanın Ermənistanla münaqişəsində Bakının ədalətli mövqeyi ilə ümumtürk həmrəyliyində böyük rolu şəxsən Nursultan Nazarbayev oynayıb. Amma Nazarbayevin postsovet Avrasiyasında inteqrasiyanın ilhamvericilərindən, təşkilatçılarından biri olması onun Türk dünyasının inteqrasiyası üçün göstərdiyi səylərlə heç bir ziddiyyət təşkil etmirdi. O da aydın idi ki, Türk Dövlətləri Təşkilatının əsas dayaqlarından biri Böyük Türk məkanındakı aparıcı dövlətlərdən olan Qazaxıstandır.

Belə bir vəziyyətdə KTMT qoşunlarının Qazaxıstana girməsi fonunda Rusiyanın siyasi dairələrinin «Böyük Turan layihəsi»nin iflasa uğradığı, Qazaxıstanın Türk dünyasından qoparıldığı haqda həvəslə danışmaları, Kreml mənşəli imperiya klişesinə cavab verən digər «uğurlar»dan dəm vurması təəccüblüdürmü? Yeri gəlmişkən, bu klişe əslinə Avrasiyada inteqrasiyası prosesinə ən ciddi maneədir.

Diqqət çəkən daha bir məqam Türk Dövlətləri Təşkilatına üzv ölkələrin XİN başçılarının yanvarın 11-də keçirilmiş təcili toplantısından dərhal sonra, daha dəqiqi elə həmin gün Qazaxıstan prezidenti Tokayevin KTMT qüvvələrinin ölkəsini mərhələli şəkildə tərk edəcəyini açıqlamasıdır. O, bunun yaxın 10 gün ərzində baş verəcəyni bildirib. Bunun ardınca isə Moskvadan məsələ ilə bağlı birmənalı olmayan bəyanat gəlib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, «kollektiv sülhməramlı qüvvələr Qazaxıstan Respublikasında tam sabitliyin təmin olunmasınadək qarşısına qoyulmuş vəzifəni icra edəcək». Rusiya prezidentinin məbuat katibi Dmitri Peskov isə Moskvanın KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılma müddəti ilə bağlı «təhlil»lərə qarışa bilməyəcəyini söyləyib, bunun Qazaxıstan rəhbərliyinin səlahiyyətində olduğunu vurğulayıb. Bunun ardınca dərhal bu mövzu ətrafında manipulyasiyalara başlanıb. Lakin sonda KTMT cəbhəsindən Tokayevin sözlərini təsdiqləyiblər.

Bəs Tokayevin KTMT qüvvələrinin ölkəsini tərk edəcəyini Türk Dövlətləri Təşkilatının Qazaxıstana həsr olunmuş xüsusi toplantısı ilə eyni gündə bəyan etməsi təsadüf idimi? Hələlik bu suala birmənalı cavab vermək çətindir. Bu suala, yəqin ki, yaxın vaxtlarda aydınlıq gələcək. Eyni zamanda əksər ekspertlərin düşündüyü kimi, Qazaxıstandakı siyasi böhranın nizamlanmasından sonra ölkənin itaətkarlıqla Kremlin göstərdiyi xətt üzrə hərəkət edib-etməyəcəyini də zaman göstərəcək.

Müvafiq olaraq, müasir Rusiyanın SSRİ-ni bərpa etməyə çalışdığına dair fikirlər də açıq qalır. Amma bütün bunların fonunda çox mübahisəli bir məsələ var: ümumiyyətlə, müasir Rusiya keçmiş SSRİ məkanında hansısa ittifaq yaratmaq üçün lazımi resurslara – siyasi, iqtisadi, ideoloji – malikdirmi?

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin XİN başçılarının Türkiyənin təşəbbüsü və bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə keçirilən iclasında qurumun «Qazaxıstan dövləti və xalqına böhrandan çıxılması üçün lazımi dəstəyi göstərməyə hazır olduğu» bəyan edilib. «Qazaxıstan hökumətinin antiterror əməliyyatlarına», prezident Tokayevin ölkədə islahatlara başlamaq qərarına da dəstək ifadə olunub. Yeri gəlmişkən, iclasda ilk dəfə olaraq Azərbaycanın Qazaxıstan hadisələri ilə bağlı rəsmi mövqeyi ortaya qoyulub. Bakının Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edən, qardaş ölkədə vəziyyətin tezliklə düzəlməsini arzuladığını söyləyən Azərbaycanın XİN başçısı Ceyhun Bayramov deyib: «İctimai asayişə xələl gətirən, fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırıla bilməz və buna görə də qətiyyətlə pislənməli və rədd edilməlidir».

Azərbaycanın XİN başçısı Qazaxıstanda sağlam düşüncənin zəfər çalacağına ümidini ifadə edib. «Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq», - deyə «İnterfaks-Azərbaycan»ın məlumatına görə, o, bildirib. Nazir deyib ki, Qazaxıstanda vəziyyətin sabitləşməsi işində Türk Dövlətləri Təşkilatının üzərinə mühüm vəzifə düşür: «Təşkilat üzv dövlətlər arasında həmrəylik üzərində qurulub və bu çətin zamanda qazax bacı və qardaşlarımızın yanında olmaq bizim ümumi məsuliyyətimizdir».

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı nə KTMT-nin Qazaxıstana ordu göndərməsinin, nə də Avrasiyada inteqrasiyanın əleyhinə hər hansı fikir işlədib. Buradan da belə çıxır ki, Qazaxıstan ətrafında yaşanmaqda olan geosiyasi təlatümün gedişində bir prinsipial əhəmiyyətli məsələyə də aydınlıq gələcək: Rusiyada imperiya düşüncəli müəyyən qüvvələrin (bu düşüncə, əslində, onların inteqrasiya etmək istədikləri məkanın sivilizasiya koduna ziddir) iddia etdiyi kimi, avrasiyaçılıqla türk birliyi ideyaları bir-birinə nə qədər ziddir?



MƏSLƏHƏT GÖR:

121