19 Dekabr 2024

Cümə axşamı, 17:12

İDMAN YOXSA ƏYLƏNCƏ?

Kiberidmançılar olimpiadaya hazırlaşır?

Müəllif:

01.02.2022

Dünyada populyarlaşan kiber idman artıq milyonlarla auditoriyaya sahibdir. Böyük büdcəyə malik kiber idman yarışlarındakı  rəqabəti milyonlarla insan izləyir. Azərbaycan da daxil olmaqla əksər ölkələr kiber idmanı ayrıca idman növü kimi tanıyıb.  Kiber idman virtual məkanda insanların – iştirakçıların təkbətək və ya komanda şəklində mübarizə apardığı idman növüdür. Sadə dildə desək kompyuter yarışları kimidir. Amma daha ciddi, özünəməxsus qaydalarla və şərtlərlə. Hazırda dünyada ən populyar kiber idman növləri arasında Counter-Strike: Global Offensive, FİFA, PUBG, League of Legends, Dota 2 var.

 

Rəqəmlər danışır

Adi idman növündə olduğu kimi kiber idmanda da iştirakçılar – oyunçular fiziki hazırlığa önəm verir. Artıq çəki oyun zamanı cəld olmağa, daha çevik qərar qəbul etməyə mane ola bilər. Düzdür kiber idmanı ağır atletika ilə müqayisə etmək mümkün deyil. Amma kiber idman şahmat kimi düşüncənin böyük rol oynadığı idmandır.

Mütəxəssislərin son hesablamalarına əsasən hazırda dünyada kiber idmanın auditoriyası 250 milyon insanı üstələyir. Hər il bu rəqəm 15-20% artır. Təbii idmançılar – iştirakçıların qazancı da yüksəlir. Müxtəlif brend şirkətlər kiber idman yarışlarına, komandalara və ya geymerlərə (oyunçu) sponsor olmağa çalışır.

Newzoo şirkətinin məlumatına görə ilbəil kiber idman növünün qazancı artır. Ötən il dünya üzrə kiber idman təşkilatlarının dövriyyəsi 700 milyon dollara bərabər olub. Bu məbləğin 86%-i reklam, sponsor müqavilələri və internet yayımdan əldə olunub. Digər qalan vəsait kiber idman tədbirlərinə bilet satışı və məhsulların satışından daxil olur.

İndi hətta bukmeykerlər də kiber idman yarışlarına pul qoyuluşu qəbul edir. İnsanlar tennis, qolf, reqbidən daha çox kiber idman turnirlərinə yatırım etməklə bu idman növünə marağını göstərir.

 

Azərbaycanın oyun liqası

Ölkəmizdə Azərbaycan Kiber İdman Federasiyası fəaliyyət göstərir. 2019-cu ildə yaranan və kiberidman turnirləri həyata keçirən “Gaming League Azerbaijan” bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Ölkədə kiber idman üzrə yarışları təşkil edən «Gaming League Azerbaijan»ın rəhbəri Adil Mahmudovun sözlərinə görə virtual yarışlara maraq böyükdür. «Azərbaycan maraq gözlədiyimizdən çoxdur. Artıq kiber   idman peşəkar səviyyədə irəliləyir. 2021-ci ildə «Gaming League Azerbaijan» ın yetirməsi Cavid Qurbanov 25 min manat qarşılığında GMT Esports - «Guardians of the Maiden Tower» - «Qız Qalasının keşikçiləri» klubu ilə rəsmi müqavilə imzaladı. Bu transfer ölkə mediasında gündəm oldu və uzun müddət müzakirə edildi. Bu ölkəmiz üçün ilk böyük transfer hadisəsi idi. Kiber idman eyni zamanda oyunçuya böyük idmanda olduğu kimi özünü təmin etməyə şərait yaradır. Bildiyiniz kimi oyunçularımız – geymerlərimiz beynəlxalq yarışda da iştirak edirlər».

Yeri gəlmişkən, GMT Esports komandası Valorant kiberidman növü üzrə Portuqaliyada təşkil edilən nüfuzlu turnirin qalibi olub. Ötən il komandamız Portuqaliyadan olan rəqiblərini məğlub etməklə qitə turnirinin çempionu olub (VALORANT Circuito de Elite). 7 saat davam edən finalda kiberidman komandamız böyük əzmkarlıq və peşəkarlıq nümayiş etdirə bilib.

«Hazırda kiber idman üzrə klubların sayının artmasına çalışırıq. Ötən il kiberidman üzrə «Fireland»-«Odlar Yurdu» adlı yeni komanda təsis edildi. Komandaların sayı artdıqca rəqabət yüksəlir. Biz ən güclülərin beynəlxalq arenada iştirakına kömək oluruq», - deyə Gaming League Azerbaijan-ın rəhbəri bildirib.

 

Yeni üfüqlər

Adil Mahmudov deyir ki, Pandemiya şəraiti bütün idman növlərində yarışları dayandırdığı halda kiber idmana yeni inkişaf yolu açıb. Məsafədən oynanılan əksər oyunlarda böyük turnirlər – çempionatlar baş tutub. Onun sözlərinə görə, bəzi insanlar kiber idmanı sadəcə əyləncə kimi qəbul etsə də, əslində bu, həyat tərzinə çevrilən idmandır.

Qeyd edək ki, kiber idman müsabiqədən kənar olsa belə 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına daxil edilib. Gələcəkdə kiber idmanın Yay Olimpiya Oyunlarında da olacağı proqnozlaşdırılır.

2021-ci ildə baş tutan Tokio Yay Olimpiya Oyunları da bəzi idmançıların virtual kompüter yarışları ilə başladı. Velosiped idmanında və avarçəkmədə olan idmançılar özlərini həm də kiber idmanda sınadı. Bu kiber idmanın olimpiadada olduğu ilk hal idi – müsabiqədən kənar olsa belə.

Ümumiyyətlə, istənilən idman növü olimpiadada oyun proqramına daxil olmaq üçün üç əsas müddəaya cavab verməlidi. İlk növbədə həmin idman növündə beynəlxalq federasiya fəaliyyət göstərməlidi. 2008-ci ildə Beynəlxalq Kiber İdman Federasiyası yaradılıb və hazırda Beynəlxalq Olimpiya Komitəsinin üzvü olmaq üçün işlər aparılır. İkinci şərt idman növünün kişilər və qadınlar arasında müvafiq olaraq 75 və 40 ölkədə (4 qitə üzrə) təmsil olunmasıdı. Son məlumatlara görə kiber idman 6 qitədən 150 ölkədə geniş yayılıb. Son önəmli qayda idman növü kimi qəbul edilməsidi. Kiber idman artıq idman növü kimi təsdiqlənib.  International Journal of Excercise Science təşkilatı yarışlar zamanı geymerlərin ürək döyüntülərinin dəyişdiyini, insanda müxtəlif reaksiyaların yaşanmasını qeydə alıb.

Önəmli məqam Beynəlxalq Olimpiya Komitəsinin idman növlərinin gənclərə uyğun seçim etmək istədiyir. Kiber idman gənclər arasında çox sevilir. 2016-cı ildə Rio De Janeyro Olimpiadasını NBC kanalından 27 milyon insan izləyir. Həmin ildə kiber idmanın League of Legends növündə dünya çempionatını 43 milyon izləyicisi olub.

Beynəlxalq Olimpiya Komitəsin həmçinin idman növünün gəlirliliyi maraqlandırır. 2022-ci ildə kiber idmanın qazancının dünya üzrə 1 milyard dollardan çox olacağı proqnozlaşdırılır. Məhz bu amillərə görə 2028-2030-cu illərdə kiber idmanın olimpiya ailəsinə daxil olacağı gözlənilir.



MƏSLƏHƏT GÖR:

170