20 Aprel 2024

Şənbə, 04:39

AZƏRBAYCAN BOKSU – AVROPADA 4-cü

Gənc boksçular Xorvatiyada keçirilən Avropa çempionatında uğurla çıxış ediblər

Müəllif:

01.04.2022

2022-ci il Azərbaycan boksu üçün gənclərin Avropa çempionatı ilə başladı.  Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək oğlan boksçular arasında qitə çempionatı dəri əlcək sahiblərinin yüksək nəticələri ilə əlamətdar oldu.

 

Dörd boksçumuzun uğurlu çıxışı

Avropa çempionatında 13 çəkidən 7-də təmsil olunan yığmamız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medal sıralamasına görə qitə birinciliyini 4-cü pillədə başa vurub. Millimiz bu yeri Bolqarıstan və Gürcüstanla bölüşüb. Ümumilikdə, 20 ölkənin təmsilçisi Xorvatiyada medala sahib olub. Onlardan isə cəmi 11-i çempionluq sevinci yaşayıb. Siyahıda birinci yeri İtaliya yığması tutub. İlk “üçlük”də Türkiyə və Ukrayna milliləri yer alıblar.

Azərbaycan yığmasının heyətində Nicat Hüseynov (51 kq) qızıl, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıb.

Komandada ən yüksək nəticəni 51 kq-da çıxış edən Nicat Hüseynov qazandı. Ardıcıl iki qələbədən sonra 1/4 finala adlayan boksçumuz burada Antonio Payvanı (İrlandiya), 1/2 finalda isə Mehmethan Çinarı (Türkiyə) məğlub etdi. Dünya və Avropa birinciliklərinin azərbaycanlı mükafatçısı finalda gürcüstanlı Lekso Xasaya ilə qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.

Ruslan Qədirov (54 kq) komanda yoldaşının uğurunu təkrarlaya bilərdi. Təəssüf ki, boksçu finalda qələbə qazana bilmədi. Marian Çiniou (Rumıniya) və Elmir Nəbiyevi (Ukrayna) məğlub edən 20 yaşlı Azərbaycan çempionu finalda türkiyəli Samet Gümüşlə üz-üzə gəldi. Gərgin keçən döyüşdə rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətləndi.

67 kq-da çıxış edən Nəbi İsgəndərov Avropa çempionatını 3-cü yerdə başa vurub. Yarımfinalda uduzan İsgəndərov qitə çempionatının bürünc medalına layiq görülüb. Cəlal Qurbanov da finalın bir addımlığında dayanaraq reqlamentə görə üçüncü yeri tutub.

Qitə çempionatında Nicat Hüseynov və Ruslan Qədirovun çıxışı barədə xüsusi danışmaq lazımdır. Yeniyetmələrdə kifayət qədər nəticə qazanan boksçular gənclərdə də özünü göstərməklə əsas yığmaya namizəd olduğunu göstərdi. Artıq bu ildən hər iki boksçu böyüklər arasında yarışlarda iştirak edəcək. Nicatla Ruslanın nümayiş etdirdiyi texnika, cəldlik və əzmkarlıq onları daim nəzarətdə saxlamağa məcbur edir. Hər iki boksçu böyüklərdə də yüksək nəticələr qazana bilər. Mütləq qaydada əsas millinin məşqçi heyəti onları böyüklərlə birgə hazırlığa cəlb etməlidir. Hər iki boksçunun növbəti olimpiadada lisenziya uğrunda mübarizə aparacağını proqnozlaşdırmaq olar.

 

Şəhidlərin xatirəsinə

Avropa çempionu titulunu qazanan Nicat Hüseynov jurnalistlərə açıqlamasında qələbəni şəhidlərə həsr etdiyini deyib: “Çox sevinirəm ki bacardım. Qələbəmi şəhidlərimizə həsr edirəm. Biz həmişə onlara borcluyuq. Ən böyük zəfəri onlar qazanıblar. Ümumilikdə bütün görüşlərdə layiqli çıxış etdiyimi düşünürəm. Ən çətin görüşüm yarımfinalda oldu. Türkiyəli Mehmethan Çinarla görüşüm gərgin və ağır keçdi. Rinqə də bədən ağrısı ilə çıxmışdım. Ağrını unudub fikrimi rəqibə yönəltdim. Öz üslubumda döyüşərək finala yüksəldim.

Finala çox yaxşı köklənmişdim, döyüşə həvəslə çıxdım. Görüş gərgin alınsa da, tezliklə üstünlüyü ələ aldım. Raundları xeyrimə bitirdim. Məqsədim qızıl medal qazanmaq idi və onu da götürüb, gəlirəm. İştirak etdiyim bütün yarışlarda Azərbaycan himnini səsləndirmək istəyirəm. Ən böyük arzum isə Paris-2024 Yay Olimpiya Oyunlarında çempion olub, ölkə boksunda tarix yazmaqdır”.

Rəsmi yarışlarda ilk medalını qazanan Ruslan Qədirov uğurun ona gələcək yarışlarda stimul olacağını deyib. 20 yaşlı boksçu yarışdakı çıxışını şərh edib: “Çox həyəcanlı idim. Bu, rəsmi beynəlxalq yarışlarda ilk medalımdır. Ölkə xaricində yarışlarda çox az iştirak etmişəm. Buna baxmayaraq, U-22-lərin Avropa çempionatında ikinci yeri tutdum. İlk iki görüşdə rumıniyalı Marian Çiniou və Ukraynanı təmsil edən həmyerlimiz Elmir Nəbiyevə qarşı taktiki cəhətdən yaxşı hazırlaşmışdım. Hər iki döyüşdə inamlı qələbə qazandım. Finalda qalib gəlməyə bir az təcrübəm çatmadı. Rəqibim döyüşümü oxudu. Bu yarışda müəyyən qədər təcrübə topladım. İnşallah, qarşıdakı yarışlarda daha uğurlu nəticə qazanmağa çalışacam. Gümüş medal mənə həm təcrübə, həm də “dərs” oldu”.

 

İddialı hədəflər

Milli komandanın böyük məşqçisi Nəriman Abdullayev Avropa çempionatının Azərbaycan yığması üçün uğurlu alındığını vurğulayıb. O qeyd edib ki, nəticə göstərən boksçular əsas millinin məşqçilərinin nəzarətində olacaq: “Avropa çempionatında, ümumilikdə, 39 ölkə iştirak etdi. Dörd boksçumuz fəxri kürsüdə yer aldı. Bu nəticə bizim üçün qənaətbəxşdir. Gələcəkdə medallarımızın sayının daha çox olacağına inanırıq. Mükafatçılarımızın gənc olduğunu nəzərə alsaq, sabaha böyük ümidlə baxa bilərik. Medal qazanan idmançılar məşqçilərin nəzarətində olacaq. Onlara gələcəkdə əsas yığmada da çıxış etmək şəraiti yaradılacaq. Bunun üçün onlar öz yaş kateqoriyalarında bir neçə güclü turnirdə mübarizə aparacaqlar”.

Abdullayev məlumat verib ki, ötən il İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində keçirilən analoji yarışda da 7 boksçu ilə təmsil olunmuşduq. Amma o vaxt boksçularımızdan yalnız biri – Ruslan Rüstəmov (64 kq) bürünc medala yiyələnmişdi. Bu dəfə isə komandamız 4 medalla Avropa çempionatının medal sıralamasında 4-cü yeri tutub. Abdullayevin sözlərinə görə, növbəti hədəf daha inamlı çıxış olacaq: “İdmançılar, o cümlədən boksçular həmişə dövlət qayğısını hiss edib. Bunun qarşılığında əsas hədəf həmişə olduğu kimi ən yüksək nəticəni göstərməkdir. İnanıram ki, Avropa çempionatındakı uğurlu çıxışımızı növbəti yarışlarda da davam etdirəcəyik”.



MƏSLƏHƏT GÖR:

138