19 Dekabr 2024

Cümə axşamı, 16:34

KAİNATIN PIÇILTISI

Nigar Əliyeva: “XXI əsr incəsənəti və rəssamlığı mütərəqqi və daim hərəkətdə olan dünyada insan ruhunun reabilitasiyasıdır”

Müəllif:

01.04.2022

Qədim şəhər. Taybatay açılmış qapıdan bir qadın görünür. O, üzü kətana tərəf dayanıb və diqqətlə fırça ilə nəsə yazır. Bəli, məhz yazır, çəkmir. Bu, sakral etiraf anıdır. O, həmin an nələr yaşayır? Nə haqda düşünür? Nə hiss edir? Eyni sətri niyə inadla yazır? Niyə? Məlum oldu ki, bu, ümumiyyətlə, xətt deyil, dağın yamacındakı qar zolağıdır. Zolaq qar çərçivəsinə çevrilir, ehmalla sanki bir şal kimi dağı bürüyürdü. Onlara, yəni dağlara bu qar örtüyünün altında isti və rahat idi. Bu dağlar ətəkləri boyu yayılan yaşıl-sarı dünyanın coşqunluğunu xeyirxah sakitliklə seyr edirdilər.

Lakin dağların əzəməti insan əzəməti ilə müqayisə belə, edilə bilməz! Rəssamlar İttifaqının və Fotoqraflar Birliyinin üzvü, ixtisasca bioloq, biofizika üzrə elmlər namizədi, AMEA-nın Fiziologiya İnstitutunun dosenti, rəssam Nigar Əliyeva dağları dağ landşaftının gözəlliyinin təkrarolunmaz rəngarəngliyinin himni kimi sevir. Vladimir Vısotski iddia edirdi ki, “dağlardan ən yaxşısı sənin hələ olmadığın dağlar ola bilər”. O, haqlı idi.

Dərələr, yaylalar, zirvələr, kələ-kötürlü qayalar – bütün bunlar Nigar Əliyevanın yaradıcılığına cəlb edir. Bütün bunlar insanı valeh edir. Sanki asanlıqla rəssamın fantaziya dünyasına qərq olmaq və həmin an ayaqyalın otların üstündə qaçmaq və ya dağətəyi boyu axan çayda üzmək mümkündür...

Nigar Əliyeva Bakıda ziyalı ailəsində anadan olub. Bu ailədə tərbiyə milli mədəniyyətə səmimi maraq, hörmət və sevgiyə əsaslanır. Burada övladın mərhəmət və xeyirxahlıq hisslərinə əsasən tərbiyəsi normaldır. Bu ailədə valideynlər tərəfindən etnik dəyərlər nəsil və ailə səviyyəsinə qədər yüksəldilib.

- Atam məndə - balaca qızda ədəbiyyatımıza, poeziyamıza və musiqimizə həqiqi maraq oyatmağı bacarıb. 9 yaşımda Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” əsərini, 11 yaşımda isə Məhsəti Gəncəvinin poeziyasını oxumuşam. Bizim evdən hər zaman muğam səsi gəlirdi. Atam mənə deyirdi ki, “muğamın sənin damarlarından qan kimi axacağı an gələcək”. Belə də oldu.

- Bəs təsviri incəsənətə sevgi?

- Bu, hər zaman dünya ilə münasibətimin ayrılmaz hissəsi olub. Eynilə, fortepianoda ifa etmək kimi. 11 yaşlı qızın musiqi təhsili alması, təsviri incəsənət məktəbində dərslərə getməsi və öz uşaq dünyasını çəkməsi heç kəsi təəccübləndirmirdi və bunda xüsusi bir şey də yox idi. Mən dünyanı gördüyüm kimi çəkirdim. Maraq davamlı həvəsə çevrildi. Nəticədə, belə bir sual ortaya çıxdı: nəyə üstünlük vermək lazımdır? Musiqiyə, yoxsa rəsmə?

- Universitet seçimi zamanı?

- Xeyr! Mən Tibb Universitetini seçmişdim. Yaxşı həkim olmağı arzulayırdım. İmtahanları verdim, lakin istədiyim kimi Tibb fakültəsinə deyil, Epidemiologiya kafedrasına daxil oldum. Lakin Tibb Universitetində təhsilimi davam etdirmədim. Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil oldum. Hazırda akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda çalışıram.

- Bəs hansı ixtisas üzrə?

- ...biofizika

- Biofiziklər nəyi öyrənir?

- Biomaqnit dalğalarının insana təsirini.

- Nəticədə, təsviri incəsənətdə təhsili dayandırdınız?

- Xeyr, incəsənət təhsili ilə vidalaşmadım. Bundan əlavə, musiqi məktəbində təhsilimi dayandırdım. Elə oldu ki, valideynlərim həm Tahir Salahovla, həm də Arif Məlikovla dostluq edirdi. Bildiyiniz kimi, Məlikov da rəsm çəkirdi. O, şöhrət üçün deyil, mənəvi zövq məqsədilə rəssamlıqla məşğul olurdu. Mən isə dostların qızı olaraq onlara suallar ünvanlayırdım: əsl rəssamlığı necə öyrənmək olar?

- Bəs XX əsrin dahiləri sizə necə cavab verirdilər?

- Salahov hər zaman deyirdi ki, rəsmləri hiss etdiyin kimi çəkmək lazımdır.

- Yəni fırça və boyalarla deyil, qəlblə?

- Məhz belə. Arif Məlikov isə fortepianoda ifa etməməyi məsləhət gördü. Nəticədə, mən kətanı və sakit təkliyi seçdim. Özünü ifadənin səs-küylü forması olan musiqi yaradıcılığını isə müstəsna hallara saxladım. Buna görə də əhvalıma uyğun olaraq fortepianoda ifadə edirəm. Lakin rəsmi hər zaman çəkirəm. Hesab edirəm ki, mən bu yolla gedirəm. Əslində, bu, peşə deyil. Bu, mənimlə kainat arasında enerji mübadiləsinin üsullarından biridir: mənəvi, emosional hiss və efir yolu ilə.

- Amma siz Rəsssamlar İttifaqının, Fotoqraflar Birliyinin üzvüsünüz...

- Bu, sosial statusdur. Yaradıcılıqla bağlı axtarışlar isə insanın öz qəlbi, mənəvi nöqteyi-nəzərdən dəyişməsi ilə bağlı axtarışlardır.

- Bu, özünü nədə göstərir?

- Yaradıcı mövqe ilə bağlı olan prinsiplərdə: gözəllik yarat və dünyanı bu gözəlliyə bürü, şər yaratma.

- Bəs bu prinsiplər haradan gəlir?

- Kainatdan: özündən və kosmosdan.

- Bəs, sizcə, kainatın pıçıltısı nəticəsində yaranan belə rəsmlərə XXI əsrin insanının tələbatı olacaq?

- XXI əsr incəsənəti və rəssamlığı mütərəqqi və daim hərəkətdə olan dünyada insan ruhunun reabilitasiyasıdır.

- Bəs sizin kainat nə haqda pıçıldayır?

- Mənim yaratdığım gözəlliyi kətan üzərində təkrarlasan, dünyanın ruhun ilə və ruhunun da dünya ilə ünsiyyətinin mahiyyətini anlayacaqsan.

- Demək, rəssamlıq sizin üçün dünya və öz ruhunuz ilə ünsiyyət vasitəsidir?

- Həyatımızın hər bir anının sirli və gizli məqamları var. Əgər rəssamlıq olmasaydı, insanlıq bu anları düşüncə və sözlərə çevirən tərcüməçi icad etməli olacaqdı.

- Bəs indiki zamanın strukturunda rəssamlıq vəhyinə səbəb olan həmin anı necə tutmaq olar?

- Sutkanın 24 saatı kainatla əlaqə qurmağa açıq olmaq lazımdır.

- Biofizika sahəsi ilə bağlı olan bacarıqlar yaradıcı prosesə yardım göstərir, yoxsa mane olur?

- Rəssamlıq məhz ruhun reabilitasiyasıdır. Elmi biliklər isə həm özünüzü başa düşməyə, həm də bədəninizdə baş verən bütün fizioloji prosesləri anlamağa kömək edir.

- İxtisasca bioloq, biofizika üzrə elmlər namizədi, Fiziologiya İnstitutunun dosenti... Siz gözəl anların bəxş etdiyi dünya ilə təmasdan nə əldə edirsiniz?

- Beyində dofamin istehsalını. Bu da öz növbəsində yaradıcı fantaziyanı oyadır. Mən rəsm çəkərək azadlıq əldə etdim! Hiss etdiyim kimi çəkmək azadlığına...

Söhbətimiz çox uzun çəkdi. Uşaqlar və valideynlər, mədəni ənənələr, tərbiyədə ədəb qaydalarının qorunması, gənc nəsil üçün hərtərəfli təhsilin əhəmiyyəti haqda söhbətləşdik. Bütün bunlar qadın rəssamın yaratdığı rəsm əsərləri fonunda baş verirdi. Onun rəsmləri bir neçə mövzulara bölünür: çılpaq natura, güllər, dağlar, qadınlar, mənzərələr. Bütün bu rəsm əsərləri emosional və estetik cəhətdən təsir göstərirdi. Gözəl mənzərələr və insanlar, dağlar və atlar, güllər və... yenə də dağlar! Nigar haqlı idi: rəsmi ürəklə çəkmək, bu zaman tamaşaçının qavrayışı ilə ətraf aləmi sevgi və harmoniya ilə bürümək həqiqətən xoşbəxtlikdir. Kainatın pıçıltısını eşitmək xoşbəxtliyi kimi...



MƏSLƏHƏT GÖR:

204