25 Aprel 2024

Cümə axşamı, 12:29

FRANSIZ AKSENTİ İLƏ SEPARATÇILIQ

Şüşə evdə yaşayırsansa, heç kəsə daş atma

Müəllif:

01.04.2022

Korsika adasının adı günlərdir ki, istər Fransa, istərsə də dünya KİV-nin əsas xəbərləri sırasındadır. Zarafat deyil: Paris əvvəlcə Korsikaya muxtariyyət verilməsi məsələsini nəzərdən keçirəcəyini vəd edir, lakin sonra ölkənin daxili işlər naziri Jerald Darmanen «adanın Fransaya məxsus olduğunu və belə də qalacağını» bildirir. Ekspertlər isə baş qaldırmış iğtişaşları müzakirə edir, Fransanın ərazi bütövlüyünə təhlükənin olub-olmadığına dair fikir mübadiləsi aparırlar…

İnformasiya agentlikləri martın əvvəlindən Korsikada kütləvi iğtişaşların başladığını xəbər verir. Nəticədə, ən azı 40 nəfər yaralanıb. Məlumata görə, Fransanın DİN başçısı adaya məhz bu səbəbdən səfər edib.

Lakin bir çox məsələ kadr arxasında qalır. Hazırda yaşananlar başlanğıcını heç də bu il martın əvvəlindən götürməyib…

 

«Başlanğıc»ı harada axtarmalı?

Çoxları üçün Korsika Aralıq dənizində gözəl adadan başqa bir şey deyil. Məlumatlı şəxslər isə onun açıq şəkildə «böyük korsikalı» adlandırılan Bonapart Napoleonun vətəni olduğunu da bilir. Bir məqam isə çoxlarına məlum deyil: Korsika həm də qədim separatizm ocağıdır.

Məlum olduğu kimi, Aralıq dənizi regionu bəşər sivilizasiyasının qədim mərkəzlərindən biridir. O, coşğun, dolğun tarixə malikdir. Burada ərazilər uzun illər ərzində bir əldən digərinə keçib və əksinə. Bu mənada, Korsika da istisna deyil. O, XVIII əsrdə Fransanın tərkibinə daxil edilənədək müstəqil belə, olub. Amma adada hələ də Parisə tabe olmaqla barışmayanlar qalır. Hələ 1919-cu ildə peyda olmuş «Korsikanın azadlığı cəbhəsi» 1976-cı ildə Avropadakı ümumi «solçu terroru» dalğası zamanı terrorçuluq fəaliyyətinə başlamışdı.

1989-cu ildə Korsikanın paytaxtı Ayaççoda adanın prefekti Klod Erinyak qətlə yetirilib. O zaman bu cinayət əməlli-başlı rezonansa səbəb olmuşdu: Fransada şübhə etmirdilər ki, Erinyakı Parisin adadakı nümayəndəsi olduğu üçün öldürüblər. Polis cinayətə aidiyyəti olan şəxsləri müəyyənləşdirmiş, nəticədə, bilavasitə qətli həyata keçirmiş şəxs də tapılmışdı: İvan Kolonnanın həbsinə xeyli vaxt lazım gəlmişdi. Çünki saç və saqqalını uzatmış Kolonnanı «axtarış fotosu»ndakına bənzətmək çox çətin idi. Sonrakı məhkəmə prosesi də səs-küylü keçmiş, uzun-uzadı çəkişmələrə səhnə olmuşdu. Kolonna iddia edirdi ki, o, hərbi qrupda yer alsa da, prefektə atəş açmayıb. Amma etirazlar nəticə verməmiş və Kolonna ömürlük azadlıqdan məhrum edilmişdi. Zaman keçdikcə onu xüsusilə Korsikadan kənarda unutmağa başlamışdılar. Üstəlik, artıq «Korsikanın azadlığı cəbhəsi» də silahlı mübarizədən imtina etmişdi.

Lakin sonradan hər şey dəyişdi.

 

Siyasi məğzi olan kriminal insident

Ötən ayın əvvəlində İvan Kolonnanın adı yenidən qəzetlərin ilk səhifəsinə çıxmağa başlayıb. Fransanın ən məşhur məhbuslarından biri kamera yoldaşı tərəfindən döyülüb, nəticədə, komaya düşərək, martın 22-də dünyasını dəyişib. Həbsxanada baş vermiş bu insident haqda xəbər yayılar-yayılmaz, Korsikada kütləvi iğtişaşlar başlayıb və qarşıdurma onlarla insanın yaralanmasına səbəb olub.

Kolonna ilə bağlı insidentin hansı hadisələr fonunda baş verdiyinə diqqət edək. Ötən il Korsikada keçirilmiş seçki yerli ekspertlərə məlum trendi bir daha təsdiqləyib – 2015-ci ildən adada hakimiyyət faktiki olaraq, muxtariyyət tərəfdarlarının əlindədir. Ümumiyyətlə, burada seçki ilə bağlı reytinqlərin ilk pillələrində «ümumfransa» tərəfdarları deyil, adanın müxtariyyət olmasını istəyən partiya və hərəkatlar yer alır. Kobud desək, bu düşərgədə birlik yoxdur. Lakin onların şüarlarının əhali tərəfindən anlayışla qarşılandığı şübhə doğurmur. Söhbət heç də yalnız insanların rifah halının yaxşılaşdırılması ilə bağlı şüarlardan getmir. Məsələn, Korsika dilinin rolunun artırılması məsələsi davamlı müzakirə olunan məsələlər sırasındadır. Bəli, o, mövcuddur. Bu gün bir çox yerli kəndlərdə bu dildə danışırlar, hətta turistlərin gedib çıxa bilmədiyi regionlarda yollardakı məlumat lövhələri belə, bu dildə yazılır. Nəhayət, «ada rezidenti» ideyası da müzakirə olunur. Bu, mənzil alışı hüququ deməkdir. Rəsmi versiyaya görə, Korsikada bir çox zəngin fransız villalar, mənzillər, hətta studiyalar alır, bununla da, dəniz kənarında vaxt keçirmək, yerli mənzərədən zövq almaq imkanı qazanır. Nəticədə, Fransanın digər regionlarından xeyli kasıb olan adada daşınmaz əmlakın qiyməti az qala Parisdəki səviyyəyə çatır. Qeyri-rəsmi versiyaya görə isə hədəf Korsikanı daha çox «korsikalaşdırmaq», qitə Fransasından buraya üz tutanların sayını azaltmaqdır. Paris son versiyaya qəti etiraz edir və bunu Fransa vətəndaşlarının bərabərliyinə zidd sayır. Amma istənilən halda, rezident statusu ilə bağlı ideya populyarlığını itirmir.

Bundan başqa, hər an «partlaya biləcək» daha bir mövzu var – muxtariyyət tərəfdarları siyasi zorakılıqda təqsirli bilinərək həbs olunmuş 11 adalının azadlığa buraxılmasını istəyir. Mərkəzi hökumət isə bunun əleyhinədir. Belə bir vəziyyətdə «Kolonna işi» ciddi detonator effekti verib. Nəticədə, Fransanın daxili işlər naziri aranın qarışdığı adaya yollanmaq və Parisin adaya muxtariyyət vermək imkanlarını nəzərdən keçirə biləcəyini söyləmək məcburiyyətində qalıb.

 

Separatçılıq qapını döydükdə…

Emmanuel Makron komandasının üzvləri nəzəri olaraq, politologiya dərsliyinə uyğun davranırlar. «Nəzərdən keçirə bilərik», «dialoqa açığıq», «gəlin müzakirə edək» - məlum olduğu kimi, bütün bunlar coşmuş ehtirasları yatırmağın ən yaxşı yoludur. Amma bir şərtlə: sonradan muxtariyyət məsələsi, həqiqətən, müzakirə olunsun. Yoxsa «dinlədik və unutduq» yanaşması işə yaramır. Bununla yanaşı, belə məsələlərdə güzəştə getmək çox təhlükəli, prosesi ölkənin bütövlüyü çərçivəsində saxlamaq isə çətindir.

Qeyd edək ki, Parisin Qarabağdakı 44 günlük müharibə zamanı nümayiş etdirdiyi qəribə mövqe Korsika hadisələrinə xüsusi kontekst qazandırır. Söhbət istər Fransa parlamentinin «Dağlıq Qarabağın müstəqilliyi»nin tanınmasına etdiyi çağırışdan gedir, istərsə də ölkənin xarici işlər naziri Le Drianla prezident Emmanuel Makronun bəyanatlarından. Bu sıraya Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycan qanunlarına zidd olaraq, Qarabağa səfərini də əlavə etmək olar – Fransada heç kim onun bu əməlini pisləməyi lazım bilməyib.

Aydındır ki, Parisin İrəvanla xüsusi münasibətləri var. Fransanın seçkilərdə fəal şəkildə səs verən böyük erməni icması isə yerli siyasətçiləri məhz onların səsi uğrunda rəqabət aparmaq məcburiyyətində qoyur.

Amma indi görünən odur ki, Paris «qırmızı xətt»i keçib və Fransa üçün son dərəcə təhlükəli presedent yaranıb. Separatçı əhvalın hər zaman yüksək olduğu Korsika yenidən qızışır. Belə bir vəziyyətdə nə Valeri Pekress, nə də Azərbaycana təzyiq göstərməyə çalışmış fransalı deputatlar Fransanın sərhədlərini şübhə altına alırlar. Halbuki onlar sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünə hörmət kimi prinsipləri açıq şəkildə pozublar. Bəli, siyasətdə belə hadisələr izsiz olmur və bu iz özünü heç də yalnız ikitərəfli münasibətlərdə göstərmir. Parisin diqqətsiz bəyanatlarından Korsikada da nəticə çıxarıblar. Adada bu qənaətə gəliblər ki, bu dünyada separatçılığa yer var və ona nail olmaq üçün sadəcə, «sıxmaq» lazımdır.

Korsika Fransada separatçılıq probleminin olduğu yeganə region deyil. Fransanın Atlantik okean sahillərində fəaliyyət göstərən «Bretanın azadlığı cəbhəsi» də kifayət qədər radikal təşkilatdır. Uzun illər Fransa ilə Almaniya arasında mübahisə mövzusu olan Elzas və Lotaringiya da öz yerində. Bəli, İkinci Dünya müharibəsi və Yelisey müqaviləsi bu mübahisələrə sanki aydınlıq gətirib. Lakin Avropa ölkələri Budapeşt memorandumuna əməl etmirlərsə, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını unudurlarsa, qalan bütün razılaşmalara əməl edəcəklərmi? Bütün bunlar, əlbəttə ki, versiya və ehtimallardır. Lakin qədim bir xalq deyimi də var: şüşə evdə yaşayırsansa, heç kimə daş atma.



MƏSLƏHƏT GÖR:

113