29 Mart 2024

Cümə, 01:06

İKİNCİ GƏNCLİK

Hakimiyyətin tranziti başa çatdı: Qazaxıstan yenidənqurmaya gedir

Müəllif:

01.04.2022

Qazaxıstanda bir neçə il əvvəl başlamış hakimiyyətin tranziti prosesi faktiki olaraq, qərar qəbul edən iki siyasi mərkəzin yaranması ilə nəticələnmişdi. Bu, xüsusi səlahiyyətlərə malik güc orqanları institutları və prezident hakimiyyəti idi. Bununla yanaşı, güc orqanları institutları tam olaraq ölkənin birinci prezidenti Nursultan Nazarbayevə tabe idi. Halbuki Nazarbayev son illər səlahiyyətlərini davamlı olaraq rəsmi varisi hesab edilən prezident Kasım-Jomart Tokayevə ötürürdü. Qazaxıstanda bu ilin yanvarında baş vermiş və az qala vətəndaş müharibəsinə çevrilmiş qarşıdurmalara məhz bu «ikihakimiyyətlilik» səbəb olmuşdu.

Xoşbəxtlikdən, hakimiyyətin tam tranziti ağrılı da olsa, baş tutub və indi ictimaiyyət yeniliklər gözləyir. Hər kəs hesab edir ki, bu yeniliklər müasir Qazaxıstanın simasını ciddi şəkildə dəyişməlidir. Artıq bu yolun «yol xəritəsi» hazırdır, lakin marşrut gözlənilməzliklərlə dolu və kifayət qədər çətin ola bilər.

 

Rebrendinq

Yanvar hadisələrindən 2 ay keçməmiş hakim «Nur Otan» partiyası növbədənkənar qurultayını çağırıb. Məqsəd vəd olunan miqyaslı siyasi islahatlar vədinin sadəcə siyasi ritorika olmadığını göstərmək idi. Qazaxıstan hakimiyyəti yenidənqurmaya hakim partiyanın rebrendinqi ilə başlayıb. Bunu bütünlükdə siyasi sistemin «yenilənəcəyi» haqda siqnal kimi də xarakterizə etmək olar.

«Nur Otan» partiyasının adı dəyişdirilib. İndi o, «Amanat» adlanır. Amma partiyanın rebrendinqi sadəcə ad dəyişikliyini yox, Qazaxıstanın aparıcı siyasi gücünün strukturunun və funksionallığının da dəyişməsini nəzərdə tutur. Ümumilikdə növbədənkənar qurultay hakim partiyanın ölkədəki siyasi monopoliyadan imtina edəcəyinə dair gözləntiləri artırıb.

Hakim partiya gələcək fəaliyyəti ilə bağlı kifayət qədər aydın prioritetlər də müəyyənləşdirib. Güman ki, buna sosial sifarişin öyrənilməsi istiqamətində aparılmış ciddi iş təkan verib. Məsələn, aşkarlıq, media məkanında işlərin fəallaşdırılması ilə ictimaiyyətin daha çox məlumatlandırılması prioritetlər sırasındadır.

Qaxazıstan ictimaiyyəti üçün bu hakimiyyətin onları eşidəcəyi, əvvəlki yanlışlıqları aradan qaldırmağa çalışacağı haqda siqnaldır.

 

Superprezidentlikdən prezidentliyə

Prezident Tokayev martın 16-da parlamentin palatalarının birgə iclasında Qazaxıstan xalqına proqramını elan etdikdə hər kəsə aydın olub ki, indi söhbət sistem islahatlarından gedir və bu, ölkənin siyasi simasını dəyişməlidir. Təklif olunan islahatların miqyası və xarakterinə əsasən söhbətin «ikinci respublika» konseptinin anonsundan getdiyini söyləmək olar. Bu, güman ki, 30 illik müstəqillik dövründəki «birinci respublika»nın varisi yox, hüquqi varisi olacaq.

Qazaxıstan prezidentinin çıxışında əsas vəd hakimiyyətlə ictimaiyyət arasında dialoq, həmçinin Qazaxıstan dövlətçiliyi modelinin təkmilləşdirilməsi çərçivəsində hökumətin effektivliyinin artırılacağı ilə bağlı olub. Tokayevin sözlərinə görə, «söhbət, ilk növbədə, superprezident idarəçiliyindən güclü parlamentə məxsus prezident respublikasına keçiddən gedir».

Söhbət hakimiyyət səlahiyyətlərinin mövcud sistem çərçivəsində effektiv bölüşdürülməsindən gedir ki, bu da onların funksiyalarını lazımi səviyyədə reallaşdırılmasına imkan yaratmalıdır. Yeni sistem yaradılır. İdarəçiliyə ən müxtəlif nüfuz dairələrinin nümayəndələri cəlb olunacaq, bu isə Tokayevin çıxışında barəsində danışdığı ictimai konsensusun təmininə imkan verəcək.

Ərazi-inzibati bölgü islahatları, idarəçilik rıçaqlarının gücləndirilməsi və bələdiyyə orqanlarının müstəqilliyinin artırılması Qazaxıstan ictimaiyyətində regional elitaların rol və əhəmiyyətini artıracaq. Prezidentin rayon, respublika əhəmiyyətli şəhər və paytaxt akimlərinin  aktlarını ləğv etmək və ya fəaliyyətini dayandırmaq, həmçinin rayon, şəhər, kənd akimlərini vəzifədən çıxarmaq səlahiyyətinin istisna olunması da bundan irəli gəlir.

Müxtəlif nüfuzlu qrupların ölkənin siyasi həyatında iştiraka cəlb olunması onların yeni partiyaların, siyasi birliklərin yaradılması prosesinin bir hissəsinə çevrilməsinə imkan verəcək. Siyasi partiyaların qeydiyyatı prosedurunun sadələşdirilməsi, siyasi prosesin müasirləşdirilməsi də bu imkanları artıracaq.

İslahatların strateji istiqamətini müəyyənləşdirən əsas amil isə milli dövlət quruculuğu prosesində effektivliyin artırılması cəhdləridir. «Yeni Qazaxıstanın qurulması kursu ölkənin inkişaf paradiqmasının dəyişməsinə hesablanıb. Biz hər addımımızı hesablayırıq və qəti olaraq müəyyənləşdirdiyimiz yolla gedirik. Yeni Qazaxıstanda biz birmənalı olaraq, «müxtəlif baxışlar, lakin vahid xalq» prinsipinə əsaslanmalıyıq», - deyə Tokayev bildirib. Bu prosesin əsas istiqamətləri kimi, cəhalətlə və geridəqalmışlıqla, radikallıq və başqasının hesabına yaşamaqla, istehlak kultu və korrupsiya ilə mübarizə müəyyən olunub.

Qazaxıstan prezidentinin hakim partiyanın qurultayında Rusiya ilə Ukrayna arasındakı silahlı münaqişə haqda danışması da təsadüf deyil. Onun bu hadisə ilə bağlı səsləndirdiyi bəyanat Qazaxıstanın hansı tərəfdə olmaq istədiyini göstərib. Bu, beynəlxalq hüququn tərəfidir. Sadə dildə desək, peşəkar diplomat olan prezident Tokayev göstərib ki, dünyanın bu və ya digər güc mərkəzinə tərəf boylanmadan, müstəqil xarici siyasət yürütmək niyyətindədir.

Beləliklə, obrazlı desək, «ikinci gəncliy»ini yaşayan Qazaxıstan yeni yeniləşmə yolunu tutur. Əlbəttə ki, istənilən yenidənqurma riskdir. Lakin haqlı risk hər zaman nəcib və eyni zamanda faydalı işdir.



MƏSLƏHƏT GÖR:

109