20 Aprel 2024

Şənbə, 20:19

STRATEJİ SƏFƏR

Türkiyə ilə Özbəkistan hansı razılığa gəldilər?

Müəllif:

01.04.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana iki günlük səfər edib. Ankaranın bu hadisəyə hansı əhəmiyyəti verdiyi səfərə yollanmış nümayəndə heyətinin tərkibindən də bəlli idi. Səfər zamanı dövlət başçısını xanımı Əminə Ərdoğanla yanaşı, ədliyyə naziri Bəkir Bozdağ, milli müdafiə naziri Hülusi Akar, əmək və sosial müdafiə naziri Vedat Bilgin, səhiyyə naziri Fəxrəddin Qoca, ticarət naziri Mehmet Muş və Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun müşayiət ediblər.

Bu cür ciddi nümayəndə heyətinin səfərinə Özbəkistanda da böyük əhəmiyyət veriblər. Özbəkistan KİV-nin məlumatına görə, Türkiyə prezidenti bu ölkəyə səfərə «Yeni Özbəkistan» parkındakı Müstəqillik monumentini ziyarətlə başlamış ilk xarici liderdir. Bundan sonra bu mərasim Özbəkistana səfər edəcək bütün xarici liderlər üçün ənənəyə çevriləcək. Əvvəllər protokola görə, ali qonaqlar səfər zamanı Özbəkistan paytaxtının mərkəzindəki «Müstəqillik» meydanında yerləşən Müstəqillik və humanizm monumentinin önünə əklil qoyurdular.

 

Statusu yüksəltmək

Səfər çərçivəsində iki türk dövlətinin liderləri təkbətək də görüşüb, Strateji Əməkdaşlıq Şurasının iclasını da keçiriblər. Onlar hökumətlərarası sazişlərin imzalanması mərasiminə qatılıblar, həmçinin Daşkənd vilayətində istilik enerji stansiyasını işə salıblar, Sırdəryada daha bir belə stansiyanın təməlini atıblar. Hər iki enerji layihəsinin icraçısı Türkiyənin «Cengiz Enerji»şirkətidir.

Səfərin əsas hadisəsi Özbəkistanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası olub. Toplantının yekununda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan birgə bəyanata imza atıblar. Özbəkistan lideri bildirib ki, onlar iki ölkə arasındakı münasibətlərin statusunun «hərtərəfli strateji tərəfdaşlıq» səviyyəsinə yüksəldilməsi haqda razılığa gəliblər. Ərdoğan isə bundan sonra Şuranın iclaslarının iki ildə bir dəfə deyil, hər il keçirilməsini təklif edib. Müzakirələrin sonunda Rəcəb Tayyib Ərdoğan həmkarını Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısında iştirak üçün Türkiyəyə dəvət edib.

Tərəflər, əlbəttə ki, prezidentlərin birgə bəyanatı ilə kifayətlənməyib. Hökumətlər, nazirliklər və qurumlar səviyyəsində iki ölkə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldəcək daha 9 sənəd imzalanıb. Onların arasında ticarət, logistika, əmək və məşğulluq, məhkəmə ekspertizası, inşaat, səhiyyə və KİV sahələrində əməkdaşlığa dair sənədlər var.

Türkiyə və Özbəkistanın müdafiə nazirlərinin hərbi əməkdaşlığa dair imzaladıqları çərçivə sazişi xüsusi diqqət çəkir. Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, sənəd həm də müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdə tutur. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra və Rusiya ilə Ukrayna arasındakı hərbi böhran fonunda Türkiyə hərbi texnikasının populyarlığının kəskin şəkildə artdığını nəzərə alsaq, Özbəkistanla Türkiyə arasında hərbi əməkdaşlığa dair sənədin imzalanması region ölkələrinin ekspertləri arasında qızğın müzakirələrə yol açıb.

 

«Hərtərəfli strateji tərəfdaşlıq»

Amma tərəflərin əlaqələri gücləndirmək niyyəti bununla da bitmir. Bu kontekstdə prezident Şavkat Mirziyoyevin bir bəyanatı maraqlıdır: o, ölkəsinin Türkiyə ilə çoxplanlı münasibətləri daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.

R.T.Ərdoğanın sözlərinə görə, 2021-ci ildə Türkiyə ilə Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 72% artaraq, 3,6 milyard dolları ötüb. İl ərzində tərəflər bu göstəricini 5 milyard dollara çatdırmaq niyyətindədirlər. Sonradan rəqəmin 10 milyard dollaradək artırılması planlaşdırılır.

Maraqlıdır ki, Özbəkistanla Türkiyə arasında ticarət balansında saldo sıfıra bərabərdir. Yəni ixracla idxalın həcmi, demək olar ki, eynidir.

Son 3 ildə Özbəkistan iqtisadiyyatına yatırılan Türkiyə investisiyasının həcmi iki dəfə artaraq, 2021-ci ildə 1,2 milyard dollar təşkil edib. Bundan başqa, Türkiyə Özbəkistanda birgə müəssisələrin açılmasına görə Rusiya və Çindən sonra üçüncü ölkədir. Hazırda bu ölkədə Türkiyəyə məxsus 1,5 mindən artıq şirkət fəaliyyət göstərir. Onların arasında «Çalık Holding», «Cengiz Energy», «Aksa Energy», «Akaya İnşaat», «Varnet» və digərləri var. Üstəlik, yeni investisiyaların yatırılması üçün «Anadolu Group», «Eszacıbaşı», «Medicana», «Acıbadem» kimi şirkətlərlə danışıqlar aparılır.

Bu il Türkiyə ilə Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Ankara SSRİ-nin dağılmasından sonra Özbəkistanın müstəqilliyini tanımış ilk ölkədir. Lakin təqdim olunan statistikadan da görünür ki, iki türk dövləti arasında əməkdaşlığın genişləndirilməsi xüsusilə son illərə, yəni Şavkat Mirziyoyevin prezidentliyi dövrünə təsadüf edir. Bu prosesə hələ 2017-ci ildə, Mirziyoyevin Türkiyəyə ilk səfəri zamanı start verilib. Özbəkistanın təbii və iqtisadi potensialı, regional bazarlara çıxış imkanları, faktiki olaraq dil əngəlinin olmaması və digər vacib amillərlə yanaşı, Şavkat Mirziyoyev hökumətinin təşəbbüsü ilə həyata keçirilən miqyaslı islahatlar da Türkiyə sərmayəçiləri üçün vacib siqnala çevrilib. Prezident Ərdoğanın Ankaranın Mirziyoyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatların gedişini maraqla izlədiyinə dair bəyanatı da bunun təsdiqidir.

Mərkəzi Asiya bazarlarına və nəqliyyat yollarına çıxış maraqlarını gizlətməyən Ankara üçün Özbəkistan bu mənada vacib tərəfdaşdır. Maraqlıdır ki, Ərdoğanın rəsmi səfərindən bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim partiyasının sədr müavini Binəli Yıldırım da Daşkənddə olub. Məlumata görə, səfər zamanı Türk Dövlətləri Təşkilatının nümayəndələri Özbəkistan təmsilçiləri ilə nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, qarşılıqlı səmərəli logistika marşrutlarının yaradılması məsələlərini müzakirə edib, 2026-cı ilədək türk dövlətləri arasında nəqliyyat və infrastrukturun inkişafı konsepsiyasının icrasının sürətləndirilməsinə dair razılığa gəliblər. Bununla yanaşı, qeyd olunan sahənin inkişafı üçün 2022-2023-cü illəri əhatə edəcək «yol xəritəsi» də hazırlanacaq.

Türk dünyasının inteqrasiyası məsələsi gündəmdə ayrıca mövzu kimi yer alır. «Əcdadlarınızın vətəninin qapıları sizin və bütün türk qardaşlarımızın üzünə hər zaman açıqdır», - deyə Özbəkistan prezidenti türkiyəli həmkarına üz tutaraq bildirib. «Qohumluq bağlarına əsaslanan» münasibətlərdən Rəcəb Tayyib Ərdoğan da danışıb. Bu bəyanatlar Türk Dövlətləri Təşkilatının payızda Daşkənddə keçirilməli olan sammiti ərəfəsində vacib ismarıc kimi qiymətləndirilə bilər.

Hər iki prezidenti xanımları ilə birlikdə Xivəni ziyarət etmələri də təsadüf deyil. Bu qədim şəhər uzun illər ərzində bir çox türk dövlətinin mərkəzi olub. 2020-ci ildə TÜRKSOY beynəlxalq təşkilatı Xivəni türk dünyasının mədəniyyət paytaxtı elan edib.

Beləliklə, Türkiyə prezidentinin Özbəkistana səfəri istər ikitərəfli münasibətlərdə yeni mərhələnin başlaması, istərsə də Daşkəndin regional proseslərdə rolunun artması baxımından əlamətdar hadisədir. Bununla yanaşı, analitiklər bu səfərə, əlbəttə ki, Ankaranın beynəlxalq nüfuzunun artması kontekstində də yanaşırlar. Məsələn, demək olar ki, bütün müşahidəçilər diqqəti Ərdoğanın Daşkəndə İstanbuldakı Rusiya-Ukrayna danışıqlarından dərhal sonra yollanmasına diqqət çəkir.

Sonda qeyd etmək lazımdır ki, Türkiyə-Özbəkistan münasibətlərinin inkişafı Azərbaycan üçün də vacib əhəmiyyət daşıyır. Birincisi, Bakının hər iki dövlətlər qardaş və tərəfdaş münasibətləri var. İkincisi, Azərbaycan türk dünyasının inteqrasiyası prosesində mərkəzi rollardan birini oynayır. Üçüncüsü, torpaqlarını erməni işğalından azad etmiş Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində nəqliyyat qovşağı mövqeyini də gücləndirib və bu mənada Bakı gələcəkdə Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında yerüstü nəqliyyat əlaqəsinin qurulmasına ciddi maraq göstərir. Perspektivdə isə Bakı-Ankara, Bakı-Daşkənd, Daşkənd-Ankara ikitərəfli əməkdaşlığı Bakı-Ankara-Daşkənd üçtərəfli formatına çevrilə bilər. Məlum olduğu kimi, Azərbaycanla Türkiyənin müxtəlif ölkələrlə üçtərəfli formatda əməkdaşlıqla bağlı uğurlu təcrübəsi var.



MƏSLƏHƏT GÖR:

112