20 Aprel 2024

Şənbə, 17:11

SINAQ EMBARQOSU

Rusiyadan qaz idxalından tam imtina edilməsi ilə bağlı razılığa gəlməyən Avropa İttifaqı ölkələri yalnız kömür tədarükünə qadağa qoyublar

Müəllif:

15.04.2022

Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında münasibətlərdə böhran daha da dərinləşir. Moskva Avropaya tədarük etdiyi qazın rublla ödənilməsi haqda qərar qəbul edib. Doğrudur, Brüssel indi bu gözlənilməz qərarın şokundan çıxa bilib. Amma Rusiyanın qazın rublla ödənilməsi qərarının öz zamanı çatacaq. Hər halda, Avropa İttifaqı misli görünməmiş addım atıb. Belə ki, Brüssel Rusiyadan Aİ-yə kömür və yer altından çıxarılan bərk yanacağın idxalına embarqo qoyub.

Təbii ki, Aİ bu qərara asanlıqla nail olmayıb. Belə ki, bəzi Avropa ölkələri bu qərarın qəbuluna müqavimət göstərib. Onlar təklif edirdilər ki, Rusiya tədarükündən dərhal deyil, mərhələli şəkildə imtina etmək lazımdır. Fikir ayrılığına baxmayaraq, tərəflər razılığa gəliblər. Bu qadağa isə Aİ-nin Rusiyanın enerjidaşıyıcılarının idxalından imtina edilməsi məsələsində sınaq addım kimi qiymətləndirilə bilər. Lakin bu, ilk baxışdan enerji resursları ilə bağlı komponentin olduğu qərar kimi görünür. Digər tərəfdən bu qərar bir daha onu göstərir ki, Avropa İttifaqı daha da irəli getməyə, yəni Rusiyadan neft və xüsusilə qaz idxalına embarqo qoymağa hələ hazır deyil.  

 

Kömür vasitəsilə cəza

Rusiyalı diplomatların Avropa ölkələrindən çıxarılmasına paralel olaraq, avropalı liderlər ötən həftə ərzində Moskvaya qarşı yeni sanksiyalar paketini fəal şəkildə müzakirə ediblər. Məlum olduğu kimi, buna səbəb Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsidir. Aİ-nin qərarı da özünü çox gözlətmədi. Belə ki, Avropa İttifaqı Şurası aprelin 8-də Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini elan edib. Söhbət 10 milyard avro dəyərində yüksək texnologiyalı Avropa məhsullarının Rusiyaya tədarükünə, ağac, sement, gübrə və sair daxil olmaqla, Rusiyada istehsal edilən 5,5 milyard dollar dəyərində məhsulların Aİ-yə idxalına qadağa qoyulmasından gedir. Üstəlik, Brüssel 4 Rusiya bankının Aİ-də maliyyə əməliyyatları aparmasına, həmçinin kənd təsərrüfatı məhsulları, humanitar yardımlar və enerji resurslarının daşınması istisna olmaqla, Rusiya gəmilərinin Aİ limanlarına daxil olmasına tam qadağa qoyub.

Bütün bunlarla yanaşı, Rusiya və Belarus avtomobil nəqliyyatı şirkətlərinə Aİ-yə üzv dövlətlərin ərazisindən tranzit kimi istifadə etməsi daxil olmaqla, avtomobil yolu ilə yük daşımalarına qadağa tətbiq edilir. Lakin əczaçılıq, tibb, kənd təsərrüfatı məhsullarının, həmçinin humanitar yardımın daşınması bu qadağaya aid deyil. Brüssel bu sanksiyalardan başqa Rusiyadan kömür idxalına da qadağa qoyub.

Bu arada, Avropa Komissiyası əmindir ki, əvvəlki 4 sanksiya paketi ilə birlikdə yeni məhdudiyyətlər Rusiyaya qarşı iqtisadi təzyiqləri artıracaq, bu da öz növbəsində Moskvanın Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməsi imkanına zərbə vuracaq. “Bu tədbirlər daha geniş və ciddidir. Onlar Rusiya iqtisadiyyatına daha güclü zərbə vurur. Bu tədbirlər beynəlxalq tərəfdaşlarla razılaşdırılıb”, - deyə Avropa Komissiyasının Rusiyaya qarşı qəbul etdiyi beşinci sanksiya paketi ilə bağlı bəyanatında qeyd olunur.

Rusiya Federasiyasından kömür idxalı ilə bağlı embarqo isə 2022-ci ilin avqustundan qüvvəyə minəcək. Bu, tərəflərə uzunmüddətli müqavilələri başa çatdırmağa, Avropa ölkələrinə isə alternativ tədarükçülər tapmağa imkan verəcək. Qeyd edək ki, Brüsselin bu qadağası Rusiya kömürünün üçüncü ölkələr vasitəsilə Avropa İttifaqına tədarükünə də imkan vermir. Xatırladaq ki, Aİ-nin idxal etdiyi kömürün 54%-i məhz Rusiyanın payına düşür. Avropa İttifaqı Şurasının bəyanatına əsasən, söhbət 8 milyard dollar dəyərində kömürün tədarükündən gedir.  

Qeyd edək ki, 2021-ci ildə Rusiya Avropaya kömür tədarükünü 10,3% artıraraq 50,4 milyon tona çatdırıb. Bu ölkənin ümumi kömür hasilatı 438,4 milyon ton olub. Rusiya ötən il 227 milyon ton kömürü ixrac edib. Bunun 129 milyon tonu Asiya-Sakit okeanı regionunda yerləşən ölkələrə tədarük olunub. Beləliklə, Rusiya şirkətləri avqustun ortalarına qədər mövcud müqavilələrə əsasən Aİ-yə kömür ixrac edə biləcək. Lakin sanksiyaların tətbiqindən sonra Rusiyadan kömürün spot satınalınması dərhal dayandırılacaq. Eyni zamanda “Reuters” xəbər agentliyinin məlumatına əsasən, Rusiyadan kömürün tədarükü ilə bağlı mövcud müqavilələrin əksəriyyəti qısamüddətlidir. Yəni onlar 90 gün ərzində başa çatacaq. Bu, hüquqi risklərlə üzləşməməyə imkan verəcək.

ABŞ və Aİ-nin ardınca Yaponiya da Rusiyadan kömür idxalını dayandırmağa qərar verib. “Biz kömür idxalını azaldacağıq. Eyni zamanda alternativ ixracatçılar axtaracağıq. Nəticədə, Rusiyadan kömür idxalını dayandırmaq istəyirik”, - deyə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda aprelin 8-də bəyan edib.

Yeri gəlmişkən, Yaponiyaya tədarük edilən kömürün 11%-i  məhz Rusiyanın payına düşür. ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının hesabatına əsasən, Yaponiya istehlak etdiyi kömürün,demək olar ki, hamısını idxal edir və nəticədə, o, Hindistan və Çindən sonra kömürü idxal edən üçüncü ən böyük ölkədir.

 

Bazarın reaksiyası

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi kömür qiymətlərini artırıb. “ICE Futures Europe”un məlumatına əsasən, aprelin 5-də (Aİ-nin yeni sanksiyalar paketinin rəsmi elan edilməsindən üç gün əvvəl) Nyukaslda (Avstraliya) aprel ayı üçün kömür fyuçersləri bir ton üçün 281 dollara yüksəlib. Bu son iki həftədə ən böyük artım idi. Analitiklər hesab edirlər ki, avropalı istehlakçılar Rusiya kömürünə alternativ mənbələr axtardığına görə onun qiyməti artmağa davam edəcək.

Sidney şəhərində yerləşən “Fat Prophets” şirkətinin əmtəə üzrə eksperti Devid Lennoks isə hesab edir ki, elektrik enerjisinə tələbatın artması və yeni mənbələrdən kömür tədarükü ilə bağlı çatışmazlıq qiymətin yüksəlməsinə səbəb olacaq. Dünyanın aparıcı energetika kömürü tədarükçüsü olan İndoneziyanın kömür sənayesinin nümayəndələri artıq bildiriblər ki, İtaliya, İspaniya, Polşa və Almaniya daxil olmaqla, Avropa ölkələrindən olan alıcılar onlara müraciət ediblər. Lakin kömür tədarükçülərinin ixracı artıra biləcəyi hələ məlum deyil, çünki onlar məhdud ehtiyata malikdirlər. Üstəlik, onlar ilk növbədə yerli tələbata diqqət yetirməlidirlər.

Yeri gəlmişkən, kömür ixrac edən vacib ölkələrdən biri olan Avstraliyanın kömür istehsalçıları bəyan ediblər ki, onların Avropada satışları artırmaq imkanları məhduddur.

“Yeni hasilat üçün investisiyanın çatışmazlığı və Asiyada nisbətən yüksək tələbat bazarda Rusiya ixracının azalması nəticəsində yaranan boşluğu doldurmağa imkan vermir”, - deyə “Australia & New Zealand Banking Group LTD”nin analitikləri qeyd edirlər. Onların sözlərinə görə, 2020-ci ildə dünyada kömür ixracının 18%-i Rusiyanın payına düşüb.

“Morgan Stanley” şirkətinin isə bəyanatında deyilir ki, Avropanın kommunal müəssisələri və treyderləri, güman ki, CAR, Kolumbiya, ABŞ və hətta Avstraliyadan kömür idxalını artıracaq. Qeyd edilir ki, amma qlobal ticarət axınlarının belə bir ssenari üzrə yenidən konfiqurasiyası vaxt aparacaq və xərcləri artıracaq.

Rusiya hökuməti isə hesab edir ki, Aİ-nin Rusiya kömürünün tədarükünə qadağası, ilk növbədə, avropalılara böyük zərbə vuracaq. Rəsmi Moskvanın fikrincə, Aİ-nin Rusiya tədarükündən imtina etdiyi şəraitdə Rusiyanın kömür şirkətləri alternativ bazarlara istiqamətlənəcək. Lakin analitiklər hesab edirlər ki, bu, asan məsələ deyil. Belə ki, “Financial Times” nəşri adının açıqlanmasını istəməyən rusiyalı istehsalçıya istinadən xəbər verir ki, Rusiyada kömür sahəsi ilə məşğul olan istehsalçılar uzun müddət ərzində şərq istiqamətində daşımalar üçün dəmir yollarının gücünün artırılması ideyasını təşviq edirdilər. Amma Rusiyanın dəmir yolları hələ də lazım olan həcmləri qəbul etmək imkanına malik deyil.

“Renessans Kapital”ın analitikləri hesab edirlər ki, “Rusiya Dəmir Yolları” ASC-nin kömürlə bağlı prioriteti azalıb və onun üçün daha çox digər məhsulların daşınması prioritetdir. Odur ki, Rusiya üçün 50 milyon tondan çox kömürün tədarükünün yenidən paylanması çətin məsələ olacaq.

 

Qazla bağlı fikir ayrılığı

Bu arada, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi beşinci sanksiya paketində gözlənilənlərin əksinə olaraq, Rusiyadan neft-qaz tədarükünə embarqo qoyulmayıb. Bu məsələdə Ukrayna məlum səbəblərə görə israr edirdi. Amma Aİ liderləri Rusiyadan neft-qaz tədarükünə embarqo qoyulması qərarının sadəcə zaman məsələsi olduğunu söyləyirlər.

“Hesab edirəm ki, neft, hətta qazla bağlı tədbirlərə gec, ya da tez ehtiyac olacaq”, - deyə Avropa Parlamentində çıxış edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyan edib.

Brüsseldə fəaliyyət göstərən “Breyqel” analitik mərkəzinin hesabatına əsasən, Aİ dövlətləri Rusiya qazı üçün gündəlik, təxminən, 380 milyon avro, nefti üçün isə gündəlik, təxminən, 360 milyon avro vəsait ödəyir. Odur ki, tənqidçilər israr edirlər ki, bununla Brüssel dolayı yolla Rusiyanın Ukraynada apardığı müharibənin maliyyələşdirilməsində iştirak edirlər.

Xatırladaq ki, Ukraynanın Buça şəhərində dinc əhalinin ölümünə cavab olaraq, Avropa Parlamentinin deputatları Rusiyadan qaz, neft, kömür və nüvə yanacağının idxalına dərhal embarqo qoyulmasına çağırıblar.

“Avropa Parlamenti Rusiyadan neft, kömür, nüvə yanacağı və qaz idxalına dərhal və tam embarqo qoymağa, “Şimal axını 1” və “Şimal axını 2”dən tamamilə imtina etməyə və Aİ-yə enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün qısa müddətdə plan təqdim etməyə çağırır”, - deyə Avropa Parlamentinin aprelin 7-də Strasburqda keçirilən plenar iclasında qəbul edilmiş qətnamədə deyilir. 413 avropalı deputat sənədin lehinə səs verib.

Aİ-də hesab edirlər ki, Rusiya neftindən bir il ərzində imtina etmək olar. Təbii qaza gəlincə, quruma daxil olan dövlətlər bu məsələ ilə bağlı razılığa gəlmək üçün uzun yol qət etməlidir. Rusiyadan qaz tədarükündən dərhal və tam imtinanın əsas əleyhdarları olan Almaniya, Avstriya və Macarıstan sərt tənqid edilir.

“Avstriya Rusiyadan qaz və ya neftin idxalına embarqo qoyulmasını dəstəkləmir”, - deyə Avstriya kansleri Karl Nexammer bəyan edib. Onun sözlərinə görə, Vyana Rusiyanın enerjidaşıyıcılarından çox asılıdır və ölkədə qaz təchizatı çox ciddi məsələdir: “Odur ki, biz açıq şəkildə Rusiya qazının və ya neftinin idxalını dayandırmaq fikrindən imtina etməliyik”.

Macarıstanın Baş naziri Viktor Orban da açıq şəkildə bildirib ki, o, ABŞ-dan nümunə götürmək fikrində deyil, çünki Rusiyanın enerjidaşıyıcılarından imtina ölkə üçün altından çıxa bilməyəcəyi yük olacaq. Bundan əlavə, Budapeşt hətta Moskvanın qazın Rusiya milli valyutası ilə ödənilməsi şərtinə razıdır. “Bizim rublla ödənişlə bağlı çətinliklərimiz yoxdur. Əgər rusiyalılar istəsə, biz rublla ödəniş edəcəyik”, - deyə V.Orban vurğulayıb.

 

İtaliya Azərbaycana “stavka” edir

İtaliya isə öz yolu ilə getmək və Rusiya qazına alternativ tapmaq qərarına gəlib. Bu baxımdan İtaliya Azərbaycana və Əlcəzairə “stavka” edir. Yeri gəlmişkən, qaz sahəsində əməkdaşlıq məsələsi İtaliyanın xarici işlər naziri Luici Di Mayonun aprelin 2-də Bakıya səfərinin gündəliyində duran əsas məsələlərdən biri olub.

Məlumdur ki, “Cənub Qaz Dəhlizi” layihəsinin tikintisi başa çatdıqdan sonra Azərbaycan İtaliyanın vacib qaz tədarükçüsünə çevrilib. Azərbaycanın İtaliyaya “mavi yanacaq” tədarük edən ölkələr arasında üçüncü yerdə olduğunu qeyd etmək yerinə düşər. Üstəlik, İtaliya Azərbaycan neftinin bir nömrəli alıcısıdır.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycandan bu ölkəyə qaz tədarükü 7 milyard kubmetr təşkil edib. Lakin rəsmi Bakı bu il qaz tədarükünün daha çox olacağına söz verir. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, bu il uzunmüddətli və spot müqavilələrə əsasən İtaliyaya 9,5 milyard kubmetr qaz tədarük ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı qonağı qəbul edən zaman qeyd edib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıqda yeni imkanlar açılır: “Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır və İtaliyanın Cənubi Qafqazla apardığı ticarətin 95%-i Azərbaycanla aparılır. Rəqəmlər çox yaxşıdır, demək olar ki, ötən il 10 milyard ABŞ dolları olmuşdur. Əminəm ki, bu il İtaliyaya əlavə qaz təchizatına görə bu göstərici daha da artacaqdır”.

Luici Di Mayo isə ölkəsinə qayıtdıqdan sonra – görünür, Azərbaycan səfərinin nəticələrindən razı qalıb – avropalı həmkarlarını əmin edib ki, İtaliya hakimiyyəti Rusiyadan qaz tədarükünə qarşı mümkün sanksiyaların qarşısını almaq niyyətində deyil.

“İtaliya Rusiya qazına qarşı sanksiyalar ilə əlaqədar veto hüququndan istifadə etmək niyyətində deyil”, - deyə o, xorvatiyalı və sloveniyalı həmkarları ilə görüşündə vurğulayıb.

Əlcəzairə gəlincə, artıq aprelin 12-də İtaliya Əlcəzairlə qaz tədarükü ilə bağlı saziş imzalayıb. Sənədə əsasən Əlcəzairdən İtaliyaya qaz nəqli, təxminən, 40% artırılacaq. Belə ki, İtaliyanın nəhəng enerji şirkəti “Eni” Əlcəzairin “Sonatrach” şirkəti ilə bu ildən “Transmed” kəməri vasitəsilə qaz nəqlini mərhələli şəkildə artırmaq barədə razılığa gəlib. Üstəlik, şirkətlər arasında razılaşmaya əsasən 2023-2024-cü illərdə İtaliyaya əlavə olaraq illik 9 milyard kubmetr qaz nəql ediləcək.

 

Qətiyyətli addımlar

Bu arada, Şərqi Avropa və Baltikyanı ölkələrin liderləri Qərbi Avropa dövlətlərinin siyasətindən narazıdırlar. Odur ki, belə vəziyyət onları Rusiyanın enerji resursları ilə bağlı daha qətiyyətli addımlar atmağa sövq edir. Məsələn, aprelin 2-də Latviya Rusiya qazından imtina etdiyini elan edib. Bununla, o, Avropa İttifaqında Rusiya qazından imtina edən ilk dövlət olub. Aprelin 3-də isə məlum olub ki, bütün Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) Rusiyadan qaz idxalından imtina ediblər.

Bu ölkələrin ardınca Polşa hakimiyyəti də bəyan edib ki, o, bu ilin aprel və ya may ayında Rusiya kömürünün idxalından tamamilə imtina etməyi planlaşdırır. Bundan əlavə, ölkə rəhbərliyi 2022-ci ilin sonuna qədər Rusiya neftindən tam imtina etmək üçün böyük səy göstərmək niyyətindədir.

“Bu gün biz Avropada Rusiyanın karbohidrogenlərindən - neft, qaz və kömüründən mərhələli şəkildə imtina etmək üçün ən radikal plan təqdim edirik. Bu plan Avropanın bərpası üçün lazımdır”, - deyə Polşanın Baş naziri Mateuş Moravetski ölkəsinin planlarını açıqlayıb.

Onun sözlərinə görə, “biz Rusiyadan enerji resursları almağa davam edən hər kəsi – həm Almaniyanı, həm də Qərbi Avropanın digər dövlətlərini buna çağırırıq”.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putinin qərarı ilə “dost olmayan ölkələr” qazın ödənişini avro və ya dollarla deyil, rublla həyata keçirməlidir. Bu qərardan sonra Kreml artıq gələcək hesablaşmaların mexanizmini aydınlaşdırıb.

Rusiya Mərkəzi Bankı qaz ödənişi ilə bağlı yeni sxem hazırlayıb. Bu sxemə əsasən, Qərb dövlətləri Rusiya qazını xarici valyutalarla ala biləcək. Yəni onlar qazın pulunu avro və ya dollarla ödəməyə davam edəcəklər. Amma bu ölkələrdən olan alıcılar “Qazprombank”da hesab açmalıdırlar. Məhz bu bank xarici valyutaların rubla konvertasiyasını həyata keçirəcək.

Bu arada, Rusiyaya qarşı beşinci paket sanksiyaların qəbul edilməsindən qısa müddət keçməsinə baxmayaraq, Aİ-yə daxil olan dövlətlərin xarici işlər nazirləri Brüsseldə Moskvaya qarşı altıncı paket sanksiyaların müzakirəsinə başlayıblar. Litvanın xarici işlər naziri Qabrielyus Landsbergisin sözlərinə görə, növbəti sanksiya paketində Rusiya nefti haqda da bənd olacaq. Amma hansı məhdudiyyətlərdən söhbət getdiyi hələ məlum deyil.

Avropa diplomatiyasının rəhbəri Jozep Borrel isə bildirib ki, neft və qazla bağlı yanaşmaları bir-birindən ayırmaq lazımdır. Rəsmi Brüssel qeyd edib ki, 2021-ci ildə Aİ-nin neft idxalı üçün xərcləri qaz tədarükündən düz dörd dəfə çox olub. Odur ki, Aİ gələcək sanksiyalarını neftdən başlamaq istəyir. Üstəlik, neft tədarükçüsünü əvəz etmək daha asandır. Yəni Rusiyanın enerji resurslarına təsir göstərəcək yeni sanksiyalar tətbiq edilsə, yeni “qurban”ın nə olacağı artıq göz qabağındadır.



MƏSLƏHƏT GÖR:

110