25 Aprel 2024

Cümə axşamı, 16:13

TALİBLƏR NƏ İSTƏYİR?

Ekspertlər “Taliban”ın qonşu ölkələrə hücum ehtimalın istisna etmirlər

Müəllif:

15.04.2022

Sosial şəbəkələrdə və bəzi media orqanlarında Əfqanıstanda müharibənin yenidən alovlanacağı barədə xəbərlər yayılır. Amma bu dəfə versiyalar fərqlidir. Bəzi mənbələrə görə havalar isinəndə dağlarda “Taliban”a qarşı yeni üsyan başlayacaq. Bəzi iddialara görə isə yazda “Taliban” Mərkəzi Asiyaya hücum edəcək. Bununla bağlı, bir çox ehtimal və ssenarilər var.

 

“Pəncşir aslanlar”ı

Əvvəlcə ölkə daxilində gözlənilən müharibə haqda danışaq. 2021-ci ilin avqustunda taliblərin Kabili ələ keçirməsi və ABŞ qoşunlarının Əfqanıstanı tələsik tərk etməsindən sonra ölkənin bir neçə bölgəsində “Taliban”a qarşı olan qruplar meydana çıxdı.

Bunların ən məşhuru ölkənin şimalında Əhməd şah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi hərəkatın Pəncşirdə yenidən baş qaldırması idi. Daha sonra bu hərəkat “Milli Müqavimət Cəbhəsi” adlandırılıb. Doğrudur, bir neçə aydan sonra “Taliban” Pəncşirə əlavə “xüsusi təyinatlı” qüvvələr göndərərək üsyançılara ağır zərbə vura bildi. Amma “Pəncşir aslanları”nın müqavimətini tam olaraq qırmaq mümkün olmadı.

Qeyd edək ki, hazırda Pəncçir bölgəsi “Taliban”a qarşı davam edən bir neçə müqavimət ocağından biridir. Burada üsyançıların əksəriyyətini dağlarda yaşayan etnik taciklər təşkil edir. Bundan əlavə, Əfqanıstanın Əndərab rayonunda, həmçinin Bədəxşanda keçmiş polis Enayattullahın başçılıq etdiyi döyüşçülər “Taliban”a qarşı silahlı hücumlar həyata keçirir. Onun Tacikistanda yerləşən “Şimal Müqavimət Cəbhəsi” ilə əlaqələrinin olduğu ehtimal edilir. “Taliban”ın digər ciddi rəqibi isə bədnam ad qazanmış İŞİD-dir.

Bu da son deyil. “Əfqanıstanın Azadlığı Uğrunda Milli İslam Hərəkatı” adlanan qrup “Taliban”a qarşı silahlı müqavimət göstərəcəyini elan edib. Bu qrupa isə Əfqanıstanın keçmiş hökumət ordusunun generalı Əbdül Mətin Süleymanxilin rəhbərlik edir.

Görünən odur ki, taliblər artıq müqavimət göstərən qrupların fəallaşmasından narahatdır. Məlumatlara əsasən, məhz buna görə “Taliban” şimal rayonlarına 10 min nəfərlik əlavə qüvvə göndərib. Üstəlik, hazaraların da fəallaşdığı və yerli hazara komandiri Əbdül Qəni Əlipurun oturduğu Bamyana “Taliban”ın 2 min nəfərlik qüvvə göndərdiyi ehtimal olunur.

 

Şimal “təhlükəsi”

Amma indi Əfqanıstan sərhədlərindən kənarda müharibə olması barədə ehtimallar irəli sürülür. Belə ki, hazırda “Taliban”ın əsas qüvvələrini şimala cəmləməsi bir sıra ekspertlərin diqqətini cəlb edir. Söhbət yuxarıda adları çəkilən “təhlükə ocaqları”ndan getmir. Məsələnin ciddiliyini göstərən daha bir məqam isə “Taliban”ın hətta İŞİD-in “qalası” hesab olunan Kunar əyalətindən bəzi qüvvələri çəkərək şimala göndərməsidir.

Məsələ ondadır ki, ötən ilin avqustunda Əfqanıstanı “tam şəkildə” “Taliban”a təhvil verərək ölkədən qaçan keçmiş hakimiyyətin hazırda Türkiyə və BƏƏ-də yaşayan rəhbərləri ilk aylarda “Taliban”la koalisiya hökuməti quracaqlarına ümid etsələr də, sonradan bu ümidləri boşa çıxdı. “Taliban” isə hətta Hikmətyar, Abdulla Abdulla kimi barışdırıcı siyasətçiləri belə hökumətə daxil etmədi. Bu isə keçmiş hakimiyyətin taliblərə qarşı silahlı hərəkata dəstək verməsi ehtimalını artırır. Hələ ötən il ölkədə ən böyük silahlı gücə malik siyasətçilərdən biri olan Rəşid Dostum tərəfdarlarına Pəncşirdə “Taliban”a qarşı müqavimət göstərən Əhməd Məsuda qoşulması çağırışı etmişdi.

Beləliklə, hazırda “Taliban” rəhbərliyi hesab edir ki, əsas təhlükə məhz şimaldan, daha dəqiq desək, Mərkəzi Asiyadan gəlir. Onlar bunu onunla əsaslandırırlar ki, “Taliban”a qarşı müqavimət göstərən əsas qüvvələr taciklər və özbəklərdir. Xatırladaq ki, hələ ötən ilin payızında “Taliban” Tacikistanı Əfqanıstandakı müqavimət qruplarını gizli şəkildə dəstəkləməkdə ittiham edib. Üstəlik, taliblər Düşənbədən Tacikistana qaçan bir neçə min Əfqanıstan ordusu əsgərini və eləcə də Tacikistana qaçırılmış Əfqanıstana məxsus vertolyotları geri qaytarmağı tələb edir. Hətta ötən ilin oktyabrında Tacikistanda fəaliyyət göstərən və ideoloji olaraq Talibana yaxın hesab olunan “Camaat Ənsarullah” qrupunun rəhbəri Mehdi Arsalan ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduqlarını belə bəyan edib. Ötən ilin sentyabrında isə Tacikistan Prezidenti Emoməli Rəhmonun BMT Baş Assambleyasının növbədənkənar sessiyasında çıxışından sonra taciklərlə “Taliban” arasında münasibətlər daha da pisləşib. Ancaq Tacikistan hələlik “Taliban”a cavab verməyib. Oxşar tələblər Türkmənistana qarşı da irəli sürülüb. Çünki eyni qaydada əfqan hərbçiləri və vertolyotları Türkmənistana da qaçırılıb. Ancaq “Taliban” rəsmiləri Türkmənistana qarşı ərazi iddiası irəli sürsələr də “Taliban” bir qədər əvvəl Türkmənistana elçi təyin edib və Türkmənistandan Əfqanıstandan keçməklə Hindistana qədər uzanacaq qaz kəməri layihəsi ilə bağlı danışıqları bərpa edib.

 

Hücum ehtimalı

“Taliban”la müharibə ən çox Tacikistana təhlükə yaradır. Düşənbə Əfqanıstandan qaçan qüvvələrə siyasi səbəblərə görə sığınacaq versə də, onun Əfqanıstana qarşı böyük bir qüvvəni təmin edəcək gücü yoxdur. Bu məsələdə əsas söz sahibi Tacikistanın hərbi müttəfiqi Rusiya və iqtisadi müttəfiqi Çinin mövqeyi xüsusi əhəmiyyət kəsb edir.

Hazırda Rusiya Ukraynadakı hadisələr üzündən Mərkəzi Asiyadakı qonşusuna hər hansı dəstək verə bilmir. Digər tərəfdən Moskva “Taliban”la əlaqələri normallaşdırmağa çalışır. Yeri gəlmişkən, martın sonlarında Çinin paytaxtı Pekində Əfqanıstana qonşu ölkələrin XİN rəhbərlərinin iclası keçirilib. Bu iclasda Rusiya xarici işlər naziri Sergey Lavrov “Taliban”la bağlı müsbət mesajlar verib. Bəzi ekspertlər isə taliblərin Tacikistana hücumunun Rusiyanı daha da zəiflətmək məqsədi ilə təşkil olunması ehtimalından söz edirlər.

Bu arada, Əfqanıstanın şərq qonşusu İran isə indi mümkün qədər “Taliban”la məsafəli davranmağa çalışır. Hazırda İranın Əfqanıstandakı silahlı müqavimət qruplarına ciddi təsir imkanları olsa da, Tehran taliblərlə əlaqələri tamamilə kəsmək və onu Yaxın Şərqdəki rəqiblərinin “qucağına” itələmək istəmir.

Amma o da hiss olunur ki, son günlərdə “Taliban” və İran arasında münasibətlər sürətlə soyuyur. Bunu iranlı rəsmilər də etiraf edirlər. Taliblər isə bir qədər əvvəl Tehrana müraciət edərək İran ərazisindəki əfqan qaçqınları incitməməyə çağırıb. Tehranda isə hesab edirlər ki, sərhəddə “Taliban” təhlükəsi sürətlə artmaqdadır.

Yeni müharibə ehtimallarını qüvvətləndirən daha bir həssas məqam hərəkat daxilindəki etnik gərginlik və yerdəyişmələrdir. Məlumdur ki, “Taliban” daxilində böyük gücə və nüfuza malik etnik qruplardan biri özbəklərdir. Lakin maraqlıdır ki, yanvardan bu yana iki yüksək rütbəli özbək komandirin vəzifələri aşağı salınıb və onlar Əfqanıstanın Mərkəzi Asiya ilə sərhəddə yerləşən regionlarından geri çağırılıb.

Belə ki, yanvarda Əfqanıstanın cənub-şərqindəki qüvvələrə komandanlıq edən özbək əsilli Səlahəddin Əyyubi vəzifəsindən azad edilərək kəndlərin inkişafı nazirinin müavini təyin olunub. Halbuki onun daha əvvəl şimaldakı Fəryab əyalətinə qubernator təyin olunacağı gözlənilirdi. Odur ki, hərbçi komandirin məişət sahəsinə formal vəzifəyə təyinatı birmənalı qarşılanmayıb. Başqa bir özbək komandir Mövləvi Öməri isə şimaldakı ordu qüvvələrinin komandanı vəzifəsindən azad edilərək daha aşağı vəzifəyə - müdafiə nazirinin texniki məsələlər üzrə müavini - təyin olunub. Digər özbək “Taliban” komandiri Məxdum Əlam isə hələ də həbsdədir.

 

Ordu quruculuğu

Bütün bu yerdəyişmələr və şimala ordu göndərilməsinin iki izahı var. Birincisi, taliblər əsas təhlükəni şimaldakı üsyan qruplarından gözləyir və havaların isinməsindən sonra dağlarda hücumların artmasından narahatdır. İkincisi, Ukrayna və Rusiya mediasının iddia etdiyi kimi, “Taliban”ın hücumunun növbəti hədəfi Tacikistan ola bilər.

Bu iddianı gücləndirən ortada olan siyasi səbəblər, Tacikistanın Əfqanıstan üsyançılarına dəstək verməsi, himayəsi ilə bağlı iddialarla yanaşı, son bir neçə ayda “Taliban”ın hərbi qüvvələrini yeniləməsi və şimal sərhədlərinə ordu yığmasıdır. Yeri gəlmişkən, daha əvvəl ənənəvi partizan modelli ordu modelindən imtina edən “Taliban” yeni birləşmələr yaratmağa çalışır. Buraya hərbi hava qüvvələri də daxildir. Keçmiş Əfqanıstan hökumətinə məxsus olan çoxlu sayda təyyarə və vertolyotlar hazırda istifadəsizdir və “Taliban” bu texnikaların istifadəsi üçün xaricə qaçmış əfqan pilotlara geri dönmək çağırışı edib.

Ötən ilin payızından etibarən mediada “Taliban”ın yeni ordu birləşmələri yaratmağa başladığı barədə xəbərlər yayılıb. Amma onun yeni nizami ordu yaratmaq üçün vəsaiti yoxdur. Hazırda ölkədə ciddi inflyasiya və yoxsulluq hökm sürür. Bu səbəbdən də, “Taliban” daha mobil və kiçik heyətli, amma peşəkar ordu yaratmağa çalışır.

Hətta ötən ilin payızında Əfqanıstanda 1964-cü il qanununa əsasən hərbi çağırış elan olunması gündəmə gəlmişdi. Lakin sonradan toplanacaq 150 minlik çağırışçının orduya cəlb olunmasının əlverişsiz olduğu nəzərə alınaraq bu plandan vaz keçilib.

Yeri gəlmişkən, “Taliban”ın 80-100 min arası sayda hərbi gücünün olduğu deyilsə də, yerli mənbələr real sayın 40 min olduğunu söyləyir. Lakin bunlar əsasən hücum qüvvələridir. Yəni sərhəd və daxili təhlükəsizlik qüvvələri bura daxil deyil.

“Taliban”ın ordu quruculuğu işində xarici hərbi mütəxəssislər də iştirak edir. BBC fars xidmətinin saytında yayımlanan məqalədə çinli hərbi müşavirlərin “Taliban”ın ordu quruculuğu işinə kömək üçün bu ölkəyə gəldiyi qeyd olunur. Onlar Əfqanıstan Müdafiə Nazirliyində çalışacaqlar. Bundan əlavə, rusiyalı mütəxəssislərlə “Mİ-17” vertolyotlarının təmiri ilə bağlı danışıqlar aparılır.

Bir sözlə, görünən odur ki, yazda Əfqanıstanda hərbi gərginliyin artması ehtimalı yüksəkdir. Bu gərginliyin ölkə daxilində tabe olmayan qruplara qarşı, yoxsa Mərkəzi Asiya respublikalarından birinə qarşı müharibə ilə nəticələnəcəyini zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

110