29 Mart 2024

Cümə, 13:11

MÜHARİBƏ ÖZ YERİNDƏ, DANIŞIQLAR ÖZ YERİNDƏ…

Sülh danışıqları imkanının qalması Ukrayna münaqişəsinin tərəfləri üçün son dərəcə vacibdir

Müəllif:

01.05.2022

Artıq iki aydan çoxdur ki, Ukrayna müharibə alovu içərisində yanır. Müharibə hər gün çox sayda insanın həyatına son qoymaqla yanaşı, yalnız Rusiyanın deyil, az qala dünya iqtisadiyyatına milyonlarla ziyan vurur. Dünya artıq həftələrdir ki, Ukrayna böhranının heç olmasa aralıq həllinə imkan verəcək barışığın əldə edilməsini gözləyir. Yaranmış vəziyyət vasitəçiləri qan axıdılmasının qarşısının alınması üçün yolların axtarışını artırmağa vadar edir. Onlar arasında aparıcı yeri isə Türkiyə tutur. Türkiyə rəhbərliyi münaqişə tərəflərinin ali rəhbərliyi arasında birbaşa danışıqların təşkili üçün var qüvvəsi ilə çalışır. Ankaranın bu fəallığı BMT rəhbərliyi tərəfindən də anlayışla qarşılanır və dəstəklənir. İndi bu qurumun rəhbərliyi də gec də olsa, sülhyaratma prosesinə qoşulub.

 

Müharibə öz yerində, danışıqlar öz yerində…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də bəyan edib ki, tərəflər arasında birbaşa görüşün təşkili səyləri müəyyən nəticələr verməkdədir. «İrəliləyişlər var. Lakin onlar arzulanandan uzaqdır. Nailiyyətlərə ümid edir, ümidimizi itirmirik», - deyə o, bildirib. Ərdoğan deyib ki, münaqişə tərəflərinin prezidentləri Türkiyənin təklifini qəbul edərlərsə, ali səviyyədə görüş İstanbulda təşkil oluna bilər.

Bu səylərə qoşulmuş BMT-nin baş katibi Antoniu Qutyerreş öz növbəsində, Ankaraya səfər edərək Türkiyə prezidenti ilə müzakirələr aparıb. Tərəflər Ukraynada insanların təxliyəsi üçün humanitar dəhlizlərin açılmasının vacibliyini bildiriblər. Beləliklə, BMT rəhbərliyi Ankaranın Ukraynada sülhə nail olmaq cəhdlərini daha real cəhdlər kimi birmənalı şəkildə qəbul edib ki, bu da Rusiya-Ukrayna dialoqunda Türkiyənin əsas və hələ ki, alternativsiz fasilitator rolunu gücləndirir.

BMT-nin baş katibi daha sonra Moskvaya yollanaraq, orada prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparıb. Qutyerreş humanitar dəhlizlərin funksionallığının təmini üçün BMT, Rusiya və Ukrayna nümayəndələrindən ibarət birgə qurumun yaradılmasını təklif edib.

Atəşin dayandırılması, ehtiyacı olan ukraynalılara, ilk növbədə, Mariupol sakinlərinə yardımın göstərilməsi məsələsi BMT rəhbərinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə də diqqət mərkəzində olub.

Hazırda bunun beynəlxalq gündəmin ən vacib məsələsi olduğunu son hadisələr də təsdiqləyir.

 

Müharibədə yeni mərhələ

Ukraynada hərbi əməliyyatların aktivliyi gözlənildiyi kimi, ölkənin şərqinə doğru yerdəyişməyə başlayıb. Xüsusilə Mariupol ətrafında döyüşlər nəzərəçarpacaq dərəcədə şiddətlənib. Xatırladaq ki, bu şəhərin müdafiə qüvvələri müharibənin başladığı ilk gündən iki aydan çoxdur ki, üstünlüyə malik Rusiya qoşunlarına müqavimət göstərir. Ukrayna Prezidenti Ofisinin rəhbərinin məsləhətçisi Aleksey Arestoviç hələ aprelin 18-də bildirmişdi ki, Zelenski Moskvaya bu haqda xəbərdarlıq da edib: «Mariupolun müdafiəçiləri həlak olarlarsa, Ukrayna danışıqlardan birdəfəlik imtina edəcək». Ondan bir neçə gün sonra Zelenski özü Kiyevdə keçirdiyi mətbuat konfransında Kiyevin danışıqlardan imtinasını labüd edəcək daha bir şərti açıqlayıb. Dövlət başçısı deyib ki, Rusiyanın Xersonda referendum keçirilməsi və «Xerson Xalq Respublikası»nın yaradılması təşəbbüsü də Ukraynanın danışıqlardan imtinası üçün əsas ola bilər.

Maraqlıdır ki, Arestoviçin bəyanatından, təxminən, 2 sutka sonra Rusiya Prezidenti Vladimir Putin Mariupoldakı «Azovstal» zavodunun sənaye zonasına hücumun məqsədəuyğun olmadığını bildirərək, onun ləğv edilməsi əmrini verib. Beləliklə, bir yandan Rusiya tərəfi Mariupolun ələ keçirildiyini bildirir, digər yandan rəsmi Kiyev üçün şəhərin müqavimətinin davam etdiyini söyləmək imkanı əldə edir. Demək, hələ ki, danışıqlardan çıxmağa ehtiyac yoxdur. Danışıqlar imkanının davam etməsi isə hər iki tərəf üçün son dərəcə vacibdir. Bununla yanaşı, Kiyevin bəyanatlarından belə təəssürat yaranır ki, Ukrayna ordusu müdafiə mövqelərinin gücləndirilməsi, müqavimətin artırılması ilə hərbi əməliyyatları Rusiya qoşunlarının ölkə ərazisindən mümkün olan maksimum həddə çıxarılmasınadək davam etdirmək əzmindədir. Uzunmüddətli hərbi əməliyyatlar üçün qoşunlarının hazırlığının zəifliyində tənqid olunan Rusiya üçün isə savaşın uzanması yalnız maddi və insan itkisi yox, həm də imic itkisi deməkdir.

Bütün bunların fonunda Moskvadan Ukraynaya dürüst ifadə olunmuş sülh müqaviləsi layihəsinin təqdim olunduğuna dair xəbər gəlib. Məlumatda bildirilir ki, hazırda Rusiya qarşı tərəfin cavabını gözləyir. «Ukrayna tərəfinə təqdim olunmuş sənəd layihəsində son dərəcə konkret formul əks olunub. Top onların tərəfindədir və biz cavab gözləyirik», - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, sənədə nə vaxt cavab veriləcəyinin Ukraynadan asılı olduğunu deyib, lakin bildirib ki, iş dinamikası «arzulanan səviyyədə deyil».

Bunu Kiyevin Moskvanın təklifinə skeptik münasibəti də təsdiqləyir. Bu, onu göstərir ki, Qərb dövlətlərinin dəstəyini getdikcə daha ciddi hiss edən, həmçinin öz potensialına arxalanan Ukrayna tərəfi özü üçün daha əlverişli danışıqlar şəraitinə nail olmağa çalışır. Martın sonunda İstanbulda əldə edilmiş əsas razılaşmalar isə kağız üzərində qala bilər.

 

Avropa Kiyevlədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə Avropa diplomatiyasının başçısı Jozep Borrelin Kiyevə səfərindən 1 həftə sonra – aprelin 20-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Ukraynaya baş çəkib. Mişel ilə Zelenskinin görüşündə müzakirə edilmiş əsas mövzulardan biri Ukrayna üçün trast fondunun yaradılması olub. Onu Ukraynanın bərpası fondu da adlandırırlar.

Dünya Bankının Şarl Mişelin Kiyevə səfərindən 2 sutka sonra açıqladığı qiymətləndirməyə görə, müharibə nəticəsində Ukraynanın binalarına və infrastrukturuna dəymiş zərər, təxminən, 60 milyard dollardır. Ukrayna prezidenti isə öz növbəsində bildirib ki, ölkəsinin davam edən müharibə nəticəsində üzləşdiyi iqtisadi itkiləri kompensasiya etməsi üçün ayda 7 milyard dollara ehtiyac var.

Bu vəsaiti isə yalnız Qərb dövlətləri, məsələn, Avropa İttifaqı ayıra bilər. Yeri gəlmişkən, Rusiyaya tətbiq olunmuş sanksiyalar üzündən onun özü də ciddi zərərlə üzləşib. Bununla yanaşı, Brüsseldə hesab edirlər ki, yaradılacaq fond investisiya və islahatları Ukrayna hökuməti ilə məsləhətləşmələr şəraitində həyata keçirəcək. Qrantlar və kreditlərin necə bölüşdürüləcəyi məlum deyil. Fonda toplanacaq vəsaitin təxmini həcmi haqda da konkret bilgi yoxdur. Güman olunur ki, fonda vəsait toplanılması onilliklər ərzində davam edəcək.

Bu arada, ayrı-ayrı Avropa dövlətləri rəhbərlərinin Kiyevə səfərləri davam edir. Balkan dövlətləri və Polşa rəhbərliyinin ardından Danimarka və İspaniyanın baş nazirləri Mette Frederiksen ilə Pedro Sançes də Ukraynada olublar. Avropa liderləri üçün hərbi əməliyyatların fəsadlarının miqyasını şəxsən görmək, Ukraynanın istər siyasi, istərsə də iqtisadi dəstəyində hansı dərəcədə iştirak edəcəklərini bu yolla müəyyənləşdirmək vacibdir. Hər halda, bu səfərin ardından hər iki ölkə Kiyevə miqyaslı hərbi yardım göstərəcəyini bəyan edib. İspaniya Ukraynaya 200 ton döyüş sursatı və başqa materiallar, o cümlədən yük maşınları və 20 zirehli nəqliyyat vasitəsi göndərəcəyini açıqlayıb. Danimarka isə silah alınması üçün, təxminən, 90 milyon dollar ayırır. Bu, onun Kiyevə göstərəcəyi hərbi yardımla birlikdə 1 milyard Danimarka kronunu aşır.

 

ABŞ-ın hərbi diplomatiyası

Ukraynaya göstərilən hərbi dəstəyin həcminə görə lider əvvəlkitək ABŞ-dır.  Amerikanın əsas proqramı Rusiyanın hərbi potensialının azalması və geostrateji təsir imkanlarının zəiflədilməsinə yönəlib.

Prezident Co Bayden bu yaxınlarda bəyan edib ki, Birləşmiş Ştatların Ukraynaya hərbi yardımının həcmi 3,2 milyard dollara çatır. Söhbət artıq ayrılmış yardımlara daha 800 milyon dolların əlavə olunmasından gedir. Yeni tədarüklər özündə ağır silahları, onlarla habutsanı, taktiki dronları və 144 min ədəd döyüş sursatını birləşdirir. Bundan əvvəl eyni həcmdə edilmiş yardımda artilleriya sistemləri, mərmilər, zirehli texnika və helikopterlər var idi.

Bununla yanaşı, Bayden yardımın praktik əhəmiyyət daşıdığını, konkret olaraq Rusiyanın hərbi kampaniyasının «ikinci mərhələsi»nin qarşısının alınmasına yönəldiyini bildirib.

Ümumilikdə isə Ukraynaya müharibənin başladığı vaxtdan göstərilən xarici yardımların həcmi 20 milyard dollara çata, hətta onu aşa bilər. Ukrayna Milli Bankının rəhbəri Kirill Şevçenko hələ aprelin 8-də bildirib ki, ölkəsi miqyaslı hərbi əməliyyatların başladığı gündən bu yana ümumilikdə 15 milyard dollarlıq maddi, texniki və humanitar dəstək alıb. Bu məbləğin 5 milyardından çoxu birbaşa büdcəyə daxil olub.

Kiyevə iqtisadi yardımın həcminə görə də lider ABŞ-dır. Şevçenkonun sözlərinə görə, Vaşinqtonun Kiyevə ayırdığı əlavə 500 milyon dolları hökumət iqtisadiyyatın sabitləşdirilməsinə, əhalinin dəstəklənməsinə və əməkhaqlarının ödənilməsinə yönəldə bilər.

Rusiya Qərbin Kiyevə hərbi və iqtisadi dəstəyini tənqid edir, bunu müharibənin davam etməsinin, demək həm də onun humanitar fəsadlarının əsas səbəbi sayırsa, Qərb özü bu dəstəyə yalnız Kiyevə yardım vasitəsi kimi baxmır. Moskvanın geosiyasi iddialarının qarşısının alınması üçün ona mümkün qədər böyük hərbi, iqtisadi və siyasi zərbə vurmaq istəyirlər.

Ukrayna prezidenti Kiyevdə aprelin 23-də keçirdiyi mətbuat konfransında bildirib ki, Qərbin onlara silah tədarükünə Rusiyanın necə yanaşdığı onu maraqlandırmır. Bundan başqa, dövlət başçısı deyib ki, Kiyevə ehtiyacı olan silahların tədarükü davam edərsə, o, bütün torpaqlarını azad etmək üçün mübarizə aparacaq. Söhbət, güman ki, həm də Krımdan gedir.

 

Kiyev Bakını başa düşür

Maraqlıdır ki, Ukrayna prezidenti bu yaxınlarda keçirdiyi mətbuat konfransında Azərbaycanın ölkəsinə göstərdiyi yardımdan da söz açıb. «Əliyev Ukraynanı dəstəkləyir. Silah məsələsində Azərbaycanın Ukraynaya yardım etməsi çətindir. Bu, həqiqətdir və bunu anlamaq olar. Çünki onların da Qarabağı var», - deyə Zelenski bildirib. Prezident bildirib ki, Ukrayna Bakının məsələyə daha çox cəlb olunmasını istəyərdi, amma bunu tələb etmir. «Bu, neytrallıq balansını anladığımız azsaylı dövlətlərdəndir. Çünki onların özlərində də müharibə qızışa bilər. Amma daha çoxunu gözləyirik və uzun müddət anlayış göstərə bilmərik. Çünki bizim üçün çətin olacaq», - deyə o, qeyd edib.

Kiyevin dost ölkədən ciddi dəstək gözləntisini, əlbəttə ki, başa düşmək olar. Lakin bu halda Zelenskinin özünün də dediyi kimi, yeni münaqişəyə imkan verməmək, Cənubi Qafqazda sabitliyin, dayanıqlı sülhün təmini üçün Azərbaycanın özünün dəstəyə ehtiyacı var. Bakının «3+3» formatında regional dialoq qurmaq cəhdlərinin əsas səbəbi də budur. Bununla yanaşı, Bakı münaqişənin fəsadlarını nəzərə alaraq, Ukraynaya ciddi humanitar dəstəyi davam etdirir.

 

Zelenski NATO ölkələrini qınayır

Bu arada, Ukrayna lideri NATO ölkələrini ölkəsinin alyansa qəbulu məsələsində cəsarətsizlik göstərməkdə təqsirləndirir. Zelenski hesab edir ki, Rusiyanın Ukraynaya hücumu məhz bu üzdən mümkün olub. Bununla yanaşı, prezident bildirib ki, bəzi ölkələr Rusiyaya sanksiya tətbiq etmək istəməyib, buna ehtiyacın olmadığını düşünüb. Çünki onlar Ukraynanın 3 günə Rusiyanın nəzarətinə keçəcəyini düşünüb. Bu bəyanatda Moskva ilə dialoqa tərəfdar olan əsas ölkələr – Fransa və Almaniyanın ünvanına gizli ittiham hiss olunur.

Hazırda Kiyev Vaşinqton, London və Varşava, həmçinin Baltikyanı dövlətlər və bir sıra digər ölkələrlə dialoqa üstünlük verir. Çünki onlar Paris və Berlinlə siyasi əlaqələri inkişaf etdirməkdənsə, Moskvaya qarşı daha sərt mövqe tutmağa üstünlük verirlər. Yeri gəlmişkən, sonuncular Ukraynaya ehtiyac duyduğu hücum silahlarının tədarükünə hələ də lüzum görmür.

Əvəzində, Ukraynanın bəzi avropalı tərəfdaşlarından fərqli olaraq, Yaponiya münaqişənin ilk günlərindən sərt antirusiya mövqeyi tutur. Yaponiyanın Xarici İşlər Nazirliyi 2003-cü ildən bu yana ilk dəfə Cənubi Kurili «Rusiya tərəfindən qeyri-qanuni işğal olunmuş ərazi» adlandırıb. 2011-ci ildən bu tərəfə isə bu adaların ilk dəfə «Yaponiya ərazisi olduğu» bəyan edilib.

Beləliklə, Tokio göstərir ki, ərazi dəyişikliklərinin geosiyasi reallığa çevrildiyi şəraitdə o, Kurilə iddiasını açıq şəkildə ortaya qoymaqla, bu prosesdə iştirak etməyə hazırdır.

Ukraynada müharibənin davam etdiyi bir vaxtda beynəlxalq münasibətlərin müxtəlif aktorları öz maraqlarını reallaşdırmaq üçün yeni imkanlardan yararlanmağa çalışırlar.



MƏSLƏHƏT GÖR:

111