19 Aprel 2024

Cümə, 17:57

TOPLANANLARIN YERİNİ DƏYİŞƏNDƏ…

Ermənistanda 44 günlük müharibənin nəticələrinə rəğmən, zamanı geri qaytarmağa çalışırlar

Müəllif:

01.05.2022

Qarabağda postmünaqişə nizamlanması yeni mərhələyə keçir. Bir müddət əvvələdək «ATƏT-in Minsk qrupunun həmsədrləri» adlanan ölkələrin – Rusiya, ABŞ və Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndələri Azərbaycan və Ermənistana səfərlər edir. Bununla yanaşı, Rusiya baş nazirinin müavini Aleksey Overçuk da Bakıda olub. O, kommunikasiyaların bərpası üzrə işçi qrupda Moskvanı təmsil edir. Nəhayət, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında ilk dəfə telefon danışığı olub və bu, yəqin ki, sadalanan faktlar arasında ən önəmlisidir. XİN başçıları sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın tərkibi haqda razılığa gəlib. Hər iki tərəf hesab edir ki, komissiyanın ilk iclası mümkün qədər tez keçirilməlidir.

Nəzəri baxımdan bu, tərəflərin yekun sülh müqaviləsi üzərində işləri uğurla apardıqlarını göstərməlidir. Azərbaycan Prezidenti İlham Əliyev də dünya azərbaycanlılarının işğaldan azad edilmiş Şuşada keçirilmiş V qurultayındakı çıxışında deyib: «Hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk». Daha sonra dövlət başçısı xəbərdarlıq da edib: «Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də, son şansdır».

 

Moskvaya, Moskvaya!

Bu yaxınlarda daha bir hadisə baş verib. Söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən gedir. Ermənistanın Rusiyadan nə qədər asılı olduğunu xatırlatmağa yəqin ki, ehtiyac yoxdur. Odur ki, Paşinyanın Rusiya prezidenti ilə Qarabağdan başqa da müzakirə edəcəyi çox məsələ var. Lakin tamamilə məlum və gözlənilən səbəblərdən Azərbaycanda bu səfərin məhz «Qarabağ gündəliyi» xüsusi diqqət mərkəzində olub. Nikol Paşinyan növbəti dəfə ATƏT-in Minsk qrupunu canlandırmağa çalışıb. Halbuki, bu səfər ərəfəsində onun artıq «işlək olmadığını» elə Rusiyanın xarici işlər naziri elan etmişdi. Başqa mövzularda ritorika tamamilə gözlənilən olub: kommunikasiyaların açılması, postmünaqişə nizamlanması və s.

Putin ilə Paşinyanın yekun bəyanatında Brüssel razılaşmalarına heç bir vurğu eidlməyib ki, bu da Moskvanın məsələyə bir qədər qısqanclıqla yanaşdığı fikrinin yaranmasına səbəb olub. Bu, xüsusilə Brüsselin postmünaqişə nizamlanması prosesində hazırkı geosiyasi toqquşmalar, sanksiyalar və s. şəraitində fəallıq göstərməsi fonunda belə təsir bağışlayır. Bu səfər ərəfəsində bir çox Rusiya KİV-i Paşinyanı Qərbin «qılığına girməyə» çalışdığı, iki stulda əyləşməyə çalışdığı üçün sərt tənqid edib. Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova isə Vaşinqtonla Parisi iki dəfə (21 və 28 aprel) faktiki olaraq Minsk qrupunun fəaliyyətini iflic etməkdə günahlandırıb. ABŞ və Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsindəki fəallığını isə Zaxarova «Brüsselin həyasız cəhdi» kimi qiymətləndirib. O, hesab edir ki, Brüssel «ali səviyyədə qəbul olunmuş məlum Rusiya-Azərbaycan-Ermənistan razılaşmasının predmetini və ATƏT-in Minsk qrupu həmsədrlərinin ötən il gündəmə gətirdikləri gündəliyi həyasızcasına mənimsəməyə çalışır».

Rusiya danışıqlarının nəticələrinə əsasən düşünmək olar ki, Paşinyan vasitəçilər arasındakı ziddiyyətdən istifadə edərək Moskvadan özü üçün Brüsseldə müzakirə olunan məsələlərdən daha əlverişli şərtlər almağa çalışır. Bəs, bu, nə qədər realdır?

 

Beş prinsip, yoxsa «Reallıqla toqquşma?»

Həmsədrlər arasında, şübhəsiz ki, ziddiyyət və təbii rəqabət yarana bilər. Bəs Ermənistan bundan istifadə edərək özü üçün daha əlverişli şəraitlər «qapa biləcəkmi»? Bu, sual altındadır. İrəvanda qulaqlarını tuta və gözlərini yuma bilərlər. Lakin regionda və danışıqlarda ümumi mənzərəni Ermənistanın 44 günlük müharibədə üzləşdiyi darmadağının müəyyənləşdirdiyi birmənalıdır. İndi şərtləri Azərbaycan qoyur, istər Moskva olsun, istər Brüssel – praktik olaraq bütün meydançalarda öz maraqlarını məhz Bakı irəli çəkir. Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmağın qaçılmaz olacağı hələ Vətən müharibəsindən dərhal sonra aydın idi. Sadəcə olaraq, erməni siyasətçilər özlərində bunu etiraf etməyə, xüsusilə dilə gətirməyə cəsarət tapmırlar.

Erməni siyasətçi, tarixçi və diplomat Jirayr Liparityanın BBC-yə müsahibəsində 10 noyabr 2020-ci il bəyanatını necə şərh etdiyini dəfələrlə xatırlatmaq lazım gəlib: «Bu bəyanatı iki cür şərh etmək olar. Birincisi bədbin və yəqin ki, doğru şərhdir. Amma bu variant o qədər bədbindir ki, insanları bunu anlaması çətin olacaq. Belə ki, atəşin dayandırılması haqda bəyanat faktiki olaraq, Qarabağ mövzusunu bağlayır. Orada bu haqda açıq danışılmasa da, sənəd Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır. Sənədi Ermənistanın baş naziri Paşinyan imzalayıb və artıq bunu heç kim dəyişə bilməz».

Bəs İrəvanda bu deyilənləri eşidirlərmi? Ermənistan rəhbərliyi öz xalqı ilə birbaşa dialoq qurmağa, Azərbaycanla hansı şərtlərlə razılığa gəlməli olduqlarını etiraf etməyə hələ də cəsarət tapmır. Onlar müharibədən əvvəlki gündəliyi, o cümlədən Qarabağın statusu mövzusunu danışıqlar prosesinə qaytarmaq ümidlərini hələ də itirmirlər. Bu isə apriori Azərbaycan üçün qəbuledilməzdir. Bir daha təkrar edirik ki, indi şərtləri Bakı müəyyənləşdirir.

 

İrəvan: revanşistlərin revanşı?

Bu vəziyyət revanşistlərin İrəvanda keçirdikləri son mitinqlər fonunda tam fərqli şəkil alır. Bu aksiyaların təşkilatçısı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, hazırda «Şərəfim var» kimi lovğa adı olan siyasi blokun lideri Artur Vanetsyandır. O, «Qarabağ hərəkatı»nın başlandığı dövrdəki mitinqlərin üslub və şüarlarını təkrarlamağa çalışır. Bundan başqa, aksiyalarda iştiraka 44 günlük müharibədə ölmüş erməni əsgərlərinin qohumları da fəal şəkildə cəlb olunur. Mitinqlərdən əvvəl isə Ermənistan müxalifəti ölkə parlamentində «Dağlıq Qarabağın bayraqları» ilə şou düzəltmiş, daha sonra deputatlar Xankəndiyə getmək istəsələr də, sülhməramlılar buna imkan verməmişdi.

Amma mitinqlərə çox az sayda insan qatılır. Vatensyan və ətrafı skuterlərdə gəzinti, avtobusun damlarından şüarlar səsləndirmək kimi «kreativ» yollara əl atsalar da, bunlar da işə yaramır. Hələ mitinq kampaniyası ərəfəsində Paşinyana yaxın “Telegram” kanallarından biri yazırdı: «Biz Vanetsyanın çıxışlarını və bəyanatlarını öyrənmişik. Çünki orada Azərbaycanla sülh danışıqlarına başlanılmaması tələbindən başqa da nəsə, məsələn, alternativ konsepsiya və plan axtarırdıq. Təəssüf ki, onlara rast gəlmək mümkün deyil». Bu fikri belə də ifadə etmək olar: bu ölkədə revanşistlər hakimiyyətə gələ bilsələr belə, Ermənistan üçün danışıqlar reallığı dəyişməyəcək.



MƏSLƏHƏT GÖR:

113