19 Dekabr 2024

Cümə axşamı, 18:05

EMOSİYA BƏLƏDÇİSİ

Teymur Rəhimov: “Titul – tamaşaçıların alqışlarla qiymətləndirdiyi uğurlu işin nəticəsidir”

Müəllif:

15.05.2022

Onun Rus Dram Teatrının səhnəsinə ilk dəfə çıxan zaman heç 8 yaşı yox idi. Stefan Qoranovskinin “Qara dəlik” pyesi əsasında hazırlanmış tamaşanın rejissoru Aleksandr Şarovskiyə balaca oğlan lazım imiş. O, pyesin baş qəhrəmanı Aleksandrın oğlunu rolunu oynamalı idi. Aleksandr rolunu Azərbaycanın xalq artisti Fuad Poladov, baş qəhrəmanın anasının rolunu isə Azərbaycanın xalq artisti Rahilə Ginzburq oynayıb. Beləliklə, o vaxt Aleksandrın kiçik oğlunu məhz Teymur Rəhimov canlandırıb. Demək, indi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Azərbaycanın əməkdar artisti Teymur Rəhimovun əfsanəvi sənətkarlarla səhnəyə çıxdığını deməyə haqqı çatır.

Həmin vaxt böyük aktyorlar dünyasına daxil olması onun uşaqlıq xatirələrində parlaq iz qoyub. Doğrudur, bu, Teymur üçün gələcək peşə seçimində başlanğıc nöqtəsi olmayıb. Balaca Teymurun öz uşaqlıq oyunları, maraqları var idi. Amma valideynlərinin teatr haqda söhbətləri ona sanki gündəlik hava proqnozu kimi gəlirmiş.

Digər tərəfdən Aleksandr Şarovski 11-ci sinifdə oxuyan Teymuru “Titanikin” kabusu” tamaşasında rollardan birini ifa etməyə çağırmasaydı, kim bilir, onun peşəkar taleyi necə olacaqdı. Teymur bir tamaşada rol ifa etməyə gəldi və bu sənətdə həmişəlik qaldı. Daha sonra o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub, Teatr və kino aktyoru fakültəsini bitirib, hər bir kişi kimi, Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Teymur Rəhimov artıq 23 ildir ki, teatra sədaqətlə xidmət edir. O, teatrda “repertuar” adlandırılan aktyorlardan biridir. Belə aktyorlar müxtəlif janrlı tamaşalarda həm ikinci dərəcəli, həm mərkəzi, həm də baş rolları ifa edirlər.

Aktyor Teymur Rəhimovun “Əməkdar artist” adına qədər yolu teatra yeni başlayanlarda olduğu kimi, “massovka”dan başlayıb. Bu gün onun yaradıcılıq arsenalında nağıllar, komediyalar və dramlarda ifa etdiyi 80-nə yaxın obraz var. Bu, ciddi, yaxşı hazırlanmış komediya və dramatik işlərdir. Onlar personajların həqiqi inandırıcılığı ilə tamaşaçıların yaddaşında qalıb: Endryu Eqyuçik (“Hər nə istəsəniz!!!”), Bobbi Fraklin (“Artıqlaması ilə evli taksi sürücüsü”), Lizandr (“Yay gecəsində yuxu”), Moskatel (“Sevgi ilə zarafat yoxdur”), Sendi Tirell (“Bliss Ailəsi”), Uilyam Kollinz (“Qürur və qərəz”), Smerdyakov (“Karamazov qardaşları”) və başqaları...

 

- Sizin təxminən 23 illik səhnə təcrübəniz var. Belə təcrübə ilə aktyor olmaq sizin üçün nə deməkdir?

- Dürüst olmaq deməkdir. İlk növbədə, özünüz və peşəniz qarşısında.

- Yəni?

- Əgər özünü personajın roluna, obrazına, xarakterinə həsr edirsənsə, qəhrəmanın hiss və emosiyasını səmimi şəkildə göstərirsənsə, tamaşadan sonra teatr zalını tərk edən tamaşaçı “boş” getməyəcək. O, sənin ifan nəticəsində yaranan hissləri, düşüncələri özü ilə aparacaq... Bu o deməkdir ki, sən bu sənətdə təsadüfi insan deyilsən...

- Belə çıxır ki, aktyor tamaşaçıları marionet kimi idarə edə bilən bir növ kuklaçıdır?

- Əsla! Kuklaçı, sözlərimə görə məni bağışlayın, iyrənc, kütbeyin tip olan Karabas Barabas idi. Aktyorlar diktator deyillər. Biz əmr etmirik, əksinə tamaşaçılarla həm onlar, həm də bizim üçün başadüşülən hisslərlə “danışırıq”. Biz – insanların teatrıyıq və insanlar üçün teatrıq. Buna görə də hiss və emosiyaların lazımi tonallığının daimi axtarışındayıq. Əgər aktyorla tamaşaçının titrəmələri üst-üstə düşürsə, demək, biz bir-birimizin əsriyik. Yəni qarşılıqlı anlaşmanın və güvənin əsarətindəyik.

- Yaradıcı insana hər zaman eyni forma çərçivəsində qalmaq çox çətindir. Hətta bu, aktyorla tamaşaçı arasında qarşılıqlı əlaqə forması olsa da belə. Bəs sənin əlavə olaraq ifadə etməyinə yardım göstərən başqa, paralel yaradıcılığın varmı? Məsələn, kino yaradıcılığı?

- Xeyr, kino yaradıcılığı nəsə alınmadı. Görünür, mən kinoda rol oynamağa deyil, filmə baxmağa üstünlük verən aktyorlardanam...

- Amma sən kinorejissor Yeqor Konçalovskinin filminə çəkilmisən...

- Bəli, “Kəpənəklər” filminə (“Bakı, mən səni sevirəm!” kinoalmanaxı). Həm də “Həyat çiçəyi” və “Döngələr” seriallarına.

- Və?

- Belə deyim: kino ilə mən bir-birimizə uyğun olmadıq.

- Yaxşı, bəs paralel yaradıcılığınız hansı müstəvidə cərəyan edir?

- Bədii gimnastika üzrə Azərbaycan yığma komandasında aktyorluq dərsi tədris edirəm. Uzun illər “Rus Evi”ndə uşaq teatr studiyasına rəhbərlik etmişəm. Biz orada rus dilindəki sözlər üzərində işləmişik. Bununla uşaqlara onun poetik xüsusiyyətini hiss etməyə imkan yaratmışdıq. Beləliklə, bu sahədəki praktiki təcrübəmi paralel yaradıcılıq kimi yox, daha çox aktyorluq peşəsindəki incəlikləri əlavə olaraq araşdırmaq imkanı hesab edirəm.

- Necə?

- Dərsləri Stanislavski sistemi ilə keçirəm. Bu, bu sistemdə yaxşı, hətta qüsurlu işlərinizi görməyə imkan verir. Bir sözlə, tədris bir növ davamlı peşəkar təkmilləşdirmə prosesidir.

- Bu işlə neçə ildir məşğul olursunuz?

- 9 il.

- Hazırda bu işi davam etdirirsiniz?

- Yalnız Bədii Gimnastika Federasiyasında. “Rus Evi”nə gəlincə, orada rəhbərlik dəyişikliyi ilə əlaqədar olaraq uzun sürən yenidən təşkil etmə prosesi gedir. Odur ki, rus bədii sözü ilə bağlı işin davam edib-etməyəcəyi hələ məlum deyil...

- Bəs uşaqlarla işləmək sizə nə verir?

- Bu, məndə vacib və lazımlı iş gördüyümlə bağlı hiss, həmçinin gümrahlıq və nikbinlik yaradır. Çünki uşaqlar təbiət etibarilə dahi aktyorlardır. Onlar təklif edilən vəziyyətləri canlandırarkən o qədər səmimi olurlar ki, mənə elə gəlir ki, heç kəs onlara qalib gələ bilməz. Uşaqlar ən yaxşı aktyorlardır!

- Bəs bədii gimnastika bölməsində hansı layihələr üzərində çalışırsınız?

- Üzr istəyirəm, amma bir məsələyə aydınlıq gətirməliyəm. Mən həqiqətən, yeni layihə üzərində işləyirəm. Amma tək yox, teatr həmkarım, Azərbaycanın əməkdar artisti Maqsud Məmmədovla birgə. Buna görə də “işləyirik” desəm, daha doğru olar. Bu, münsiflər heyəti üçün açıq dərs olacaq. Biz musiqili nağıl təqdim edəcəyik. Burada bütün hərəkətlər plastika üzərində qurulub...

- Yəni mətn olmayacaq?

- Əlbəttə! Axı, bu gimnastikadır. Gimnastikada jest, mimika və bədən plastikliyi önəmlidir. Biz münsiflərimizi bununla təəccübləndirəcək, heyran edəcək və sevindirəcəyik.

- Əgər sizi düz başa düşdümsə, indiki Teymur Rəhimovun həyatı teatr məşqlərindən, tamaşalardan və tədris prosesindən ibarətdir. Bəs şəxsi məkan nə ilə doludur?

- Dostlarla ünsiyyət və filmlərə baxmaqla. Bəzənsə tənhalığın səsi ilə.

- Bəs eşq macəraları və görüşlər?

- O! Bu məkan yalnız mənə məxsusdur. Ora kənar şəxslərin girişi qadağandır.

- Yaxşı, görək! Bəs Praqadan olan “Turgenev xanımı”? Yadımdadır, 6 il qabaq həmin yazıq varlıq bütün şəhərdə səni axtarırdı. Bu xəbər sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuşdu.

- Sosial şəbəkələrdə insanlarla bağlı çox sayda saxta məlumat yayılır! Sizi əmin edirəm ki, bu, saxta xəbər idi! Amma mən bunu xatırlamıram. Yəni nə “Turgenev xanımı”, nə də ki bununla bağlı saxta xəbəri.

- Həqiqətən, teatrda başgicəlləndirici eşq macərası yoxdur?

- Mən teatrda eşq macərasının tərəfdarı deyiləm. Bu, bir qayda olaraq, dramatik şəkildə bitir və daha sonra birgə yaradıcılığa mane olur. Belə təcrübə yaşamamağa üstünlük verirəm.

- Demək, səhnə həmkarları ilə birlik istənilən eşq macərasından daha yaxşıdır?

- Bəli, belədir, daha yaxşıdır.

- Bəs sizə bir aktyor və bir insan kimi həmkarlar ilə birlik nə verir?

- Etimadla bağlı əminlik və açıq, məxfi söhbətlərdə rahatlıq.

- Həyatınızda dost dediyiniz insanlar varmı?

- Xoşbəxtlikdən var.

- Bəs ideal aktyor necə olmalıdır?

- Bilmirəm. Bu barədə düşünməmişəm. Bəlkə də, aktyor marionetdir. Amma söhbət rejissorun iradəsinin soyuq, itaətkar icraçısına çevrilən aktyordan getmir. Söhbət aktyorluq və şəxsi psixofizikanın maksimum qoşulması hesabına tamaşaçıda öz təsirini artıra bilən aktyordan gedir.

- “Əməkdar artist” adına layiq görülməyinizə münasibətiniz necədir?

- Səmimi olacağam: teatr rəhbərliyinin aktyorların peşəkar yüksəlişinə ciddi yanaşdığını görmək xoşdur. Bu şəkildə bizim peşəkar səviyyədə nailiyyətimiz qeyd olunur. Bu isə öz növbəsində bizi peşəkar səviyyədə təkmilləşməyimizə motivasiya edir. “Əməkdar artist” adına irəli sürülən aktyorlar arasında adımın olmasına görə rəhbərliyə minnətdaram. Bu o deməkdir ki, mən vacib, lazımlı iş görürəm.

- Titul, yoxsa alqışlarla ifadə olunan tamaşaçıların sevgisi daha dəyərlidir?

- Hesab edirəm ki, bu, bunlar bir-biri ilə bağlıdır: alqışlar tamaşaçının razı qaldığını göstərir. Bu isə vicdanlı peşəkar əməyin nəticəsidir. Demək, titul – tamaşaçıların alqışlarla qiymətləndirdiyi uğurlu işin nəticəsidir.

- Teymur Rəhimov öz peşəsindən nə gözləyir?

- Yeni rejissor sözünü.

- Yəni?

- İzah edirəm. Cəbrayıl rolunu ifa etdiyim “Yeddi gözəl” tamaşasının məşqində rejissor Jonas Vaitkus obrazın səs xarakteristikasını axtardığımı görən zaman mənə dedi: “Cəbrayılın səsi tozun işıq şüasında hərəkətinə bənzəyir”. Hər şey öz yerinə oturdu. O, Litvadan dəvət edilmiş rejissor idi. Litvalı rejissor yeni səhnə estetikası, aktyorlarla fərqli iş sistemi təqdim etdi. Doğrudur, hörmət etdiyimiz və qiymətləndirdiyimiz rejissorlarımızın yaradıcılıq tərzinə artıq öyrəşmişik. Amma başqa dövlətdən dəvət edilən rejissor özü ilə yenilik gətirir. Bu, yaradıcı axtarışlara hər zaman stimul verir və ilhamlandırır.

- Həmkarlarınıza, dostlarınıza və qohumlarınıza nə arzu etmək istərdiniz?  

- Hər kəsə həyatı sevməyi arzulayıram!



MƏSLƏHƏT GÖR:

175