25 Aprel 2024

Cümə axşamı, 15:06

«RESPUBLİKAÇILAR» «LOYALİST»LƏRİ ÖTDÜ

Şimali İrlandiya parlamentinə seçkidə «Şinn Feyn»in qalib gəlməsi Böyük Britaniyanın ərazi bütövlüyünə təhdid yaradırmı

Müəllif:

15.05.2022

Böyük Britaniya, daha geniş anlamda isə ümumavropa siyasi həyatının maraqlı hadisələrindən biri kimi Şimali İrlandiyanın regional parlamentinə keçirilmiş seçkini göstərmək olar. Olster tarixində ilk dəfə deputat sayına görə üstünlüyü millətçi «Şinn Feyn» partiyası ələ keçirib. O, Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılaraq İrlandiya Respublikasına birləşməsinin tərəfdarı kimi tanınır.

 

«Biz özümüz» yüksəlişdədir

Olster Assambleyasına mayın 5-də keçirilmiş seçkidə «Şinn Feyn» («Biz özümüz») tarixi qələbə qazanıb. Bu, partiyanın mövcud olduğu 100 ildən artıq dövrdə ilk qələbəsidir. İrlandiyanın Böyük Britaniyanın tərkibində yer alan şimal hissəsinin katolik əhalisinin maraqlarını ifadə edən partiya regional parlamentdə 27 yer qazanıb. Seçkidə o, protestant əhalinin maraqlarını müdafiə edən nüfuzlu Demokratik Yunion Partiyasını məğlub edib. İkinci yeri tutmuş bu siyasi təşkilat parlamentdə 25 deputatla təmsil olunacaq. Sonrakı yerlərdə daha az əhəmiyyət daşıyan Alyans Partiyası, Olster Yunion Partiyası və Sosial-Demokrat İşçi Partiyası gəlir.

Millətçi-respublikaçı təşkilat kimi tanınan «Şinn Feyn» yalnız Şimali İrlandiyanın öz müqəddəratını təyin etməsi və İrlandiya Respublikası ilə birləşmək tərəfdarı kimi məşhur deyil. O, uzun illər «İrlandiya Respublika Ordusu» (İRO) hərbi qruplaşmasının siyasi qanadı sayılıb. O, hər zaman İrlandiya Respublikası ilə birlik tərəfdarı olan «respublikaçılar», Olsterin istənilən halda, hətta qeyri-dinc yolla Böyük Britaniyanın tərkibində qalması ideyasını dəstəkləyən «loyalistlər», həmçinin Londonla birlik naminə zorakılıqları rədd edən «yunionçular» arasında qanlı qarşıdurmanın mərkəzində yer alıb. Təxminən, 40 il ərzində tərəflər arasında ordu və polisin də iştirakı ilə az qala müharibə səviyyəsində baş vermiş toqquşmalarda, küçə döyüşləri və terror aktlarında ən azı 3,5 min nəfər həlak olub, 50 minədək insan yaralanıb.

1998-ci ildə Böyük Britaniya və İrlandiya hökumətləri, həmçinin Olsterdə qarşı-qarşıya duran qüvvələr Belfast razılaşması və ya «Xeyirli cümə razılaşması»nı imzalayıblar. Sənədə əsasən, hərbi əməliyyatlar dayandırılıb, Şimali İrlandiya hökumətinin paritet əsaslarla, yəni «respublikaçılar» və «loyalist-yunionçular», katoliklər və protestantlardan formalaşdırılmasına başlanılıb. Yekun sülhə isə yalnız 2007-ci ildə nail olunub. Bu zaman London görünməmiş addım ataraq, İRO-nun xeyli sayda fəalını cinayət məsuliyyətindən azad edib. Onların sırasında «Şinn Feyn»in əsas liderlərindən olan Martin Makginnes də var. Makginnes ən azı 1 terror aktının təşkilində şəxsən iştirak etməsinə baxmayaraq, 2007-2017-ci illərdə Şimali İrlandiya birinci nazirinin müavini olub.

Bütün bunlara baxmayaraq, Olster Assambleyasına keçirilmiş may seçkisində əsas intqriqa məhz «Şinn Feyn»in prinsipial mövqeyilə bağlı olub. O, Şimali İrlandiyanın gələcəyini Böyük Britaniyanın tərkibində yox, İrlandiya Respublikası ilə birləşməkdə görür. Hələ seçkidən əvvəl ekspertlər «Şinn Feyn»in seçkidə qələbə qazana biləcəyini proqnozlaşdırırdılar. Onlar son illər İrlandiyanın hər iki hissəsində bu partiyanın populyarlığının sürətlə artdığına diqqət çəkirdilər. Hər halda, 2020-ci ildə bu təşkilat İrlandiya parlamentinin aşağı palatasına seçkidə də uğur qazanmış, deputat yerlərinin dörddə birinə sahib çıxmışdı. O zaman «Şinn Feyn» yığdığı səslərin sayına görə ənənəvi olaraq bir-birini əvəzləyən iki partiya – liberal «Fianna Fayl» («Taleyin əsgərləri») və mühafizəkar «Fine Gel» (İrlandlar tayfası) partiyalarını geridə qoymuşdu. Həmin vaxt «Şinn Feyn»in nailiyyəti ikipartiyalı sistemin tarixində dönüş anı kimi qiymətləndirilmişdi. Məsələ ondadır ki, İrlandiyanın 1922-ci ildə müstəqillik əldə etməsindən sonra burada davamlı olaraq, yalnız bu iki partiya bir-birini əvəzləyirdi. 2020-ci il seçkisinin nəticələrinə görə isə «Fianna Fayl» ilə «Fine Gel» aralarındakı 1 əsrlik rəqabətə rəğmən koalisiyaya gedib, «Şinn Feyn» ilə əməkdaşlıqdan imtina ediblər. Nəticədə, sonuncu hökumətdən kənarda qalsa da, İrlandiyanın aparıcı partiyalarından birinə çevrildiyini təsdiqləyib.

«Şinn Feyn»in bu dəfə artıq Olsterin siyasi meydanında əldə etdiyi yeni uğuru İrlandiya millətçilərinin mövqelərini möhkəmləndirdiyini bir daha sübut edib. Məhz bu üzdən ekspertlər düşünür ki, yaranmış vəziyyət London və Böyük Britaniyanın ərazi bütövlüyü üçün ciddi problemlər yarada bilər. Üstəlik, bu partiyanın əsas tələbləri arasında Olsterin Birləşmiş Krallıqdan çıxaraq İrlandiya Respublikasına birləşməsi ilə bağlı referendumun təşkili də var.

 

Referendum olsun, olmasın?

«Şinn Feyn»in əsas rəqibi olan Demokratik Yunion Partiyası seçki kampaniyası zamanı əsas diqqəti məhz bu məqama yönəldib. Partiyanın namizədləri çıxışlarında millətçilərin seçkidən qalib ayrılacaqları halda Olsterin statusu ilə bağlı referendumun gündəmə gələcəyinə diqqət çəkirdilər. Söhbət Şimali İrlandiya cəmiyyətinin Britaniyayönlü hissəsini səfərbər etməyə və Londonun Olsterdəki siyasi vəziyyətə təzyiqini artırmağa kömək etməli olan maddədən gedir.

Bəs, «Şinn Feyn»in siyasi yüksəlişi Birləşmiş Krallığın bütövlüyünə, həqiqətən, ciddi risk yaradırmı?

Britaniyanın «The Times» nəşri İrlandiya millətçilərinin hazırkı rəhbərliyini «Yeni nəsil» - «New generation of Sinn Féiners» adlandırır. Bu zaman onların radikal olmadıqlarına, Britaniya hökuməti ilə sərt qarşıdurma istəmədiklərinə diqqət çəkilir. Həqiqətən də, «Şinn Feyn»in hazırkı lideri qiyamçı ruhlu əvvəlki liderlərə çox bənzəmir. Əvvəlkilər İrlandiyanın iki hissəsinin birləşməsi naminə Britaniya ilə mübarizədə istənilən üsulu məqbul sayırdılar.

Partiyanın hazırkı rəhbəri Avropa Parlamentinin sabiq deputatı, İrlandiya Respublikasında müxalifətə başçılıq edən Meri Lu Makdonalddır. Onun müavini Mişel O`Nil İRO üzvünün qızıdır. O, Şimali İrlandiya partiya təşkilatının başında dayanır və güman ki, Olsterin birinci naziri olacaq.

Mişel O'Nil son seçkini Şimali İrlandiyada «yeni eranın başlanğıcı» adlandırır, bildirir ki, bu, «siyasətimiz və xalqımız üçün həlledici andır». O, «keçmişdə ayrı-seçkiliyə məruz qalmış, etinasızlıqla üzləşmiş hər kəs üçün hüququ, bərabərliyi təmin edəcək» hökumət quracağını bildirir. Amma onun nə seçki kampaniyası zamanı, nə də qələbədən sonrakı çıxışlarında Britaniyanın bütövlüyünə hər hansı təhid hiss olunub. Müşahidəçilər bildirir ki, O'Nil seçki kampaniyası zamanı çıxışlarında üstünlüyü sosial-iqtisadi məsələlərə verib, millətçi şüarlar səsləndirməkdən çəkinib. Bu fakt diqqəti daha çox ona görə çəkib ki, «Şinn Feyn»in sosial-iqtisadi platforması solçu istiqamətlidir. O, özündə yoxsulluqla mübarizəni, iqtisadiyyatda ictimai sektorun payının artırılmasını, kiçik və orta sahibkarlıqla məşğul olanlara yardım üçün dövlət fondunun yaradılmasını, hər kəs üçün əlçatan səhiyyə sisteminin qurulmasını birləşdirir. Debatlarda isə «Şinn Feyn» diqqəti Ukrayna müharibəsi fonunda inflyasiya ilə mübarizənin vacibliyinə çəkib.

Bəs bu, partiyanın siyasi prioritetindən imtina etdiyi anlamına gəlirmi? Söhbət xüsusilə Olsterin Böyük Britaniyadan ayrılaraq İrlandiya Respublikasına birləşməsi ilə bağlı referendumun təşkilindən gedir.

Mişelğ O'Nilin Şimali İrlandiyanın Britaniyadan ayrılmasının onun partiyasının əsas hədəfi olduğuna dair bəyanatını nəzərə alsaq, demək, millətçilər bu niyyətlərindən əl çəkməyiblər. Bununla yanaşı, görünən odur ki, «Şinn Feyn» keçiriləcək referendumun partiyanın istədiyi kimi nəticələnəcəyinə əmin olmayacaqsa, səsverməyə getməyəcək. Son sosioloji sorğular isə göstərir ki, birləşmiş İrlandiya ideyasını Olster sakinlərinin yalnız üçdə biri dəstəkləyir. Şimali İrlandiyada 1998-ci ildə «Xeyirli cümə razılaşması»nın imzalanmasından sonra qəbul olunmuş qanunda bildirilir ki, Olster Britaniyadan yalnız əhalinin əksəriyyətinin razılığı ilə ayrıla bilər. Bundan başqa, Britaniya hökumətinin Şimali İrlandiya məsələləri üzrə naziri referendumu yalnız o halda təyin edə bilər ki, rəy sorğuları Olster sakinlərinin əksəriyyətinin Böyük Britaniyadan ayrılmaq istədiyini təsdiqləsin.

Beləliklə, «Şinn Feyn»in Olsterdə keçirilmiş seçkidə qələbə qazanması heç də referendumun qaçılmaz olduğu, xüsusilə İrlandiyanın iki hissəsinin yaxın gələcəkdə birləşəcəyi anlamına gəlmir. Amma burada ötən illərdə dəfələrlə kiçik səbəbdən siyasi ehtirasların coşduğunu nəzərə alsaq, Olsterdə sakitliyin hökm sürəcəyini də demək olmaz. Məsələn, 2021-ci ilin aprelində Şimali İrlandiyanın bir sıra şəhərlərini, o cümlədən inzibati mərkəz olan Belfastı kütləvi iğtişaşlar bürümüşdü. O vaxt buna səbəb prokurorluğun «Şinn Feyn»in 2020-ci ilin yayında İRO üzvü Bobbi Storinin dəfninə qatılmış üzvlərini cəzalandırmaqdan imtina etməsi olmuşdu. Üstəlik, dəfn mərasimi koronavirus səbəbilə qapanmanın ən qızğın vaxtında təşkil edilmişdi. Yeri gəlmişkən, o zaman məşhur yaraqlının dəfn mərasiminə qatılaraq karantin rejimini pozmuş şəxslər arasında Mişelğ O'Nil də olub. Bir sözlə, o zaman baş verənlər Olsterdə sülhün nə qədər kövrək olduğunu təsdiqləmişdi. Bəli, bu bölgə Böyük Britaniya ilə ittifaq tərəfdarları ilə əleyhdarları arasında iki hissəyə bölünmüş vəziyyətdədir.

Beləliklə, Şimali İrlandiya London üçün ciddi çağırış olaraq qalır. Amma məsələnin ümumavropa tərəfi də var. Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasına yol açmış «Brexit»dən sonra Olsterin Britaniyadan qopmaq və Aİ üzvü olan İrlandiya Respublikasına birləşmək perspektivi Avropada inteqrasiya maraqlarına birbaşa toxunan məsələdir.



MƏSLƏHƏT GÖR:

111