Müəllif: NURANİ
Ola bilsin, yaşlı nəsil Vano Muradelinin Yuri Kamenetskinin sözlərinə yazdığı sovet hitini yaxşı xatırlayırlar. Orada belə sətirlər var idi: «İnqilabın əvvəli olur, amma sonu – yox!». Sonradan əvvəlcə Sovet İttifaqı, daha sonra isə postsovet şəhər folklorunda bu ifadə hazırkı istehzalı şəklini alıb.
Bu gün Ermənistanda yaşananları yəqin ki, elə həmin «inqilabın əvvəli var» cümləsi ilə ifadə etmək olar. Orada hazırkı baş nazirin əleyhidarları artıq günlərdir, hətta həftələrdir mitinqlər keçirir. Görünən odur ki, onlar «düşməni öz silahı ilə vurmağa» çalışırlar. Başqa sözlə, Nikol Paşinyana qarşı onun özünün inqilab üsulundan istifadə olunur. Mitinqlər, yürüşlər, meydanlarda qurulmuş çadırlar, nəhayət, Gümrüdən İrəvana piyada yürüşünün təşkili – bütün bunlar dejavü hissi yaradır. Çatışmayan yalnız kabab və barabanlardır. Mitinqlərə Robert Koçaryanla Artur Vanetsyan başçılıq edir. Serj Sarqsyan isə onların siyasi müttəfiqidir. Ən əsası, mitinqlər əvvəlkitək, revanş şüarı ilə keçirilir.
Revanşın anatomiyası
Ermənistanda hadisələrin gedişini həm paradoksal, həm də təxmin edilən saymaq olar. Bir tərəfdən revanş şüarları, «itirilmiş torpaqlar»ın qaytarılması tələbi, heysiyyata toxunan məğlubiyyətə görə qisas ictimaiyyətə birmənalı təsir göstərməlidir. Üstəlik, Ermənistanda qonşulara nifrət və «itirilmiş» torpaqlara görə xiffət onilliklərdir nəsillərdən-nəsillərə keçən hissdir. Belə bir vəziyyətdə revanşist əhvalın getdikcə artacağını ekspertlər hələ 44 günlük müharibənin başa çatdığı, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyannamənin imzalandığı ilk günlərdə proqnozlaşdırırdılar. Erməni ictimaiyyətinin özününkü saymağa vərdiş etdiyi torpaqların itirilməsi apriori ciddi şokdur. Müharibə ərəfəsində Ermənistan vətəndaşlarının əksəriyyəti əmin idi ki, regionda ən güclü ordu məhz onların ölkəsinə məxsusdur.
Ekspertlərin fikrincə, İrəvanın 44 günlük müharibə zamanı apardığı hərbi təbliğat da istər-istəməz, revanşizm ideyasına «işləyib». Erməni təbliğat maşını 44 gün olmasa da, 40 gün Ermənistan ordusunun uğurlarından danışır, azərbaycanlıların darmadağın edildiyini və s. bildirirdi. Final isə bütün dünyaya məlumdur – kapitulyasiya! Tam darmadağın edilmiş Ermənistanın baş naziri Nikol Paşinyanın kapitulyasiya aktını imzalamaqdan başqa yolu qalmadı.
Müharibədən keçən təxminən ilyarımda Ermənistan artıq 3 uğursuz revanş cəhdi edib. 2021-ci ilin martında Ermənistan ordusunun ozamankı Baş qərargah rəisi Onik Qasparyan baş nazir Nikol Paşinyanın istefası tələbi ilə çıxış edib. Əvəzində Paşinyan onu vəzifədən uzaqlaşdırmaq qərarı versə də, Qasparyan əmrə tabe olmayıb. O vaxt ekspertlərin əksəriyyəti ölkədə hərbi qiyamın olacağını düşünür, postsovet respublikalarında ilk hərbi çevrilişin baş verə biləcəyini deyirdilər. Lakin Qasparyanın qiyamı onun özünün istefası ilə bitib. Elə həmin ilin iyununda bu dəfə Paşinyan özü növbədənkənar seçkiyə gedib. Bütün proqnozların əksinə olaraq, seçki nəticəsində o, nəinki hakimiyyətini qoruyub saxlayıb, mövqelərini daha da gücləndirib – baş nazirin «Vətəndaş müqaviləsi» bloku seçkidə inamlı qələbə qazanıb.
Düşünmək olardı ki, belə bir şəraitdə Robert Koçaryan, Artur Vanetsyan, Serj Sarqsyan, daşnakların lideri İşxan Saqatelyan və s. artıq Paşinyana hücum etmək fikrindən vaz keçəcəklər. Amma…
Azərbaycanın şərtləri ilə sülh
İrəvanlı revanşistlərdə əminlik yaradan əsas məqam Azərbaycanla hansı şərtlərlə barışığa gediləcəyinin məhz indi üzə çıxmasıdır. Müharibənin sonunda İrəvanda, Gümrüdə, Vanadzorda hələ də ümid edirdilər ki, sülh Azərbaycanın hərbi uğurunun kağız üzərində möhkəmlənməsinə imkan verməyəcək. Düşünürdülər ki, İrəvanın dostları və tərəfdaşları Ermənistanın ordusunun yenidən dirçəltməsinə yardım üçün növbəyə düzüləcək, erməni diplomatiyası isə Kazan sənədinə, Madrid prinsiplərinə və s. qayıdışa asanlıqla nail olacaq.
Lakin zaman keçdikcə bu ümidlərin boş xülya olduğu üzə çıxıb. ATƏT-in Minsk qrupu rəsmən «dəfn olunub», onun keçmiş həmsədrləri isə bu gün region üzrə «xüsusi nümayəndə»lər statusundadırlar. Üçtərəfli görüşlərin yekun sənədlərində Minsk qrupunun adı hörmət naminə belə, çəkilmir. Ən əsası isə Azərbaycan artıq beş şərt irəli sürüb və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Onların arasında Ermənistanda müxtəlif nəsillərin keçirdiyi «Qarabağ mitinqləri»ndə səsləndirilmiş və səsləndirilən heç bir fikir yoxdur.
Xaric kömək edəcək?
«Xarici sifariş» kimi bir reallıq da var. Paşinyanın «kabab inqilabı» zamanı Rusiya gözləntilərin əksinə olaraq, hadisələrə müdaxilə etmədi, Serj Sarqsyanın hakimiyyəti qoruması üçün heç bir addım atmadı. İndi də Moskva baş verənlərə son dərəcə təmkinlə yanaşır. Qeyri-rəsmi dairələr hazırkı etirazların arxasında Kremlin dura biləcəyini bildirirlər. Çünki Paşinyanın siyasi «oyunbazlığı» Moskvanı, həqiqətən, bezdirib. Ermənistan KİV-i açıq şəkildə yazır ki, daşnakların lideri İşxan Saqatelyan Nikol Paşinyanın istefaya göndərilməsi məsələsini razılaşdırmaq üçün Rusiyaya səfər də edib. Bu şayiələrə inanmamaq da olar. Lakin Paşinyanın Azərbaycanla Brüsseldə danışıqlar aparması Moskvanın, həqiqətən də, xoşuna gəlməyib. Onun hazırda İrəvan küçələrində mitinq keçirən rəqibləri özlərini rusiyapərəst qüvvələr kimi təqdim edirlər. Onlara informasiya dəstəyini isə «Sputnik»in İrəvan şöbəsi verir.
Lakin revanşistlər bu dəfə də ətraflarına kifayət qədər insan toplaya bilmirlər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun istehza ilə dediyi kimi, onların sayı 5-6 mini keçmir. Demək, revanş planı işə yaramır. Səbəblər isə bəllidir.
Qarabağsız və Qarabağ klansız Ermənistan
Artıq qeyd etdiyimiz kimi, nəzəri baxımdan revanş şüarları işə yaramalı idi. Amma bu, məsələnin nəzəri tərəfidir. Təcrübədə Ermənistanda insanlar birmənalı olaraq, «qarabağlılar»ın hakimiyyətə qayıdışının əleyhinədirlər – Qarabağdan «şirnikləndirici yem» kimi istifadə olunsa belə.
İrəvanda bu haqda danışmağı sevmirlər, lakin erməni ictimaiyyətində «regionçuluq» əhvalı həddindən artıq yüksəkdir. Burada Qarabağ ermənilərini «təmiz erməni» saymırlar. Onlara «dönmə», «türk oğlu» və s. kimi ləqəblər də qoşurlar. Üstəlik, Ermənistanda ölkəyə «Qarabağ klanı»ndan olan kriminal xuntanın rəhbərlik etdiyi illəri yaxşı xatırlayırlar. Ona isə məhz Paşinyanın inqilabı son qoyub. Ölkədə Robert Koçaryanın, Serj Sarqsyanın nələr etdiyinin unudulması üçün çox az vaxt keçib.
Revanşistlər üçün ən acınacaqlısı isə ermənilərin artıq Qarabağ uğrunda vuruşmaq istəməməsidir. Bunun da səbəbləri çoxdur. İlk səbəb, əlbəttə ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədir. Söhbət yalnız qələbədən yox, həm də onun hansı qüvvələr nisbətində əldə edilməsindən gedir. Müharibə ərəfəsində ermənilər Qarabağın hərbi yolla azad olunacağına kor-təbii olaraq inanmırdılar. Azərbaycanın buna nail olmasından sonra isə erməni ictimaiyyəti boş xülyaları bir kənara atıb. Onlar təcrübədə müharibənin nə demək olduğunu görüblər və belə vəziyyətdə özlərinə bir sual verirlər: revanş cəhdi nə ilə nəticələnə bilər? Axı, indi Şuşaya və Hadruta nəzarət edən Azərbaycan hakim yüksəkliklərdə öz infrastrukturunu da qurub, ordusunun qüdrətini isə meydanda nümayiş etdirib. Bir sözlə, real müharibə İrəvanın təkrar yaşamaq istəmədiyi təcrübədir.
Belə bir vəziyyətdə Ermənistanın beynəlxalq dəstək almaq şansı da yoxdur. Bu şans Ukrayna ətrafındakı «geosiyasi parçalanma» fonunda daha da azalıb.
Məsələnin iqtisadi tərəfləri də var. Son 30 ildə Ermənistanda Azərbaycana ərazi iddialarının hansı sosial və iqtisadi fəsadlara yol açdığını anlayıblar. Son dövrlərədək Ermənistan yalnız geoiqtisadi qamçı ilə ram edilibsə, indi gözü qarşısında «dadlı kökə» də var – kommunikasiyaların açılması, blokadadan çıxmaq və s. Məlum olur ki, Ermənistanın əksər vətəndaşı bu “pryanikə” görə qonşularına ərazi iddialarından əl çəkməyə hazırdır. Ermənistan KİV-də onlarla ictimaiyyət nümayəndəsinin müraciətləri yer alır və onlar «müharibə partiyası»nın artıq Ermənistanda uğur qazana bilməyəcəyinə əminliklərini bildirir, Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamalı olduğunu deyir, ərazi iddialarından imtinanın vacibliyini vurğulayırlar.
Bəs bütün bunlar revanşistləri dayandıracaqmı?
«Terror idxalı»
Müxalifətin mitinqlərindən birində peşəkar terrorçu Ambik Sasunyan həbs olunub. Nikol Paşinyana yaxın dairələrin məlumatına görə, daşnaklar artıq başqa ölkələrdən, ilk növbədə, Livandan tərəfdarlarını Ermənistana gətirməyə çalışırlar. Rəsmi olaraq səbəb mitinqlərə qatılmaqdır. Qeyri-rəsmi isə Ermənistana yaraqlılar, terrorçular gətirilir. Bu dəfə onlardan Azərbaycana qarşı deyil, vətəndaş müharibəsində iştirak etmələri istənilir. Xatırladaq ki, siyasi qətllər, sui-qəsdlər, qiyamlar Robert Koçaryan və tərəfdarlarının ənənəvi üsullarıdır.
Beləliklə, Ermənistanda keçirilən zəif mitinqlər sonda ciddi qan tökülməsinə yol aça bilər.
MƏSLƏHƏT GÖR: