28 Mart 2024

Cümə axşamı, 14:38

ALTERNATİVSİZ

Azərbaycanla Ermənistan arasında sülh gündəliyi aydın təsvir alır

Müəllif:

15.05.2022

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının növbəti ildönümündə – mayın 10-da Şuşaya bir daha səfər edən Prezident İlham Əliyev göstərib ki, rəşadətli Azərbaycan Ordusunun tarixi nailiyyətinə yenidən baxıla bilməz, azərbaycanlılar doğma torpaqlarını bərpa edərək, yenidən quraraq oralara həmişəlik qayıdır. Bu, Ermənistanda bir qrup ictimai xadim, jurnalist, iqtisadçı, ekspert, analitik, müəllim və həkimin baş nazir Nikol Paşinyan və erməni ictimaiyyətinə müraciətinə özünəməxsus cavab da sayıla bilər. Xatırladaq ki, müraciət müəllifləri Azərbaycana ərazi iddialarından imtinanın nə qədər vacib və lazımlı olduğunu aydınlaşdırmağa çalışıblar. Ola bilsin ki, bu, postmünaqişə dövründə Azərbaycanın Ermənistandan aldığı və qəbul etdiyi həmin müsbət siqnallardandır – Prezident İlham Əliyev dünya ekspertləri ilə bu yaxınlarda keçirdiyi görüşdə İrəvandan müsbət siqnallar gəldiyini demişdi. Beləliklə, Ermənistandakı revanşist qüvvələrin müqavimətinə baxmayaraq, bu gündəm artıq aydın şəkil alır.

 

Danışıqlarda yeni dinamika və təşəbbüs uğrunda mübarizə

Azərbaycan və Ermənistan liderlərinin aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbərinin vasitəçiliyi ilə keçirdikləri görüşdən sonra regionda kifayət qədər intensiv diplomatik fəallıq müşahidə olunur. Məsələn, o vaxtdan bu yana Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında iki dəfə birbaşa telefon danışığı olub. Nazirlər iki ölkənin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasına dair razılaşmanı, sülh müqaviləsinin hazırlanması məsələsini müzakirə ediblər. Bundan başqa, ATƏT-in Minsk qrupunun sabiq həmsədrləri bu dəfə qrup şəklində yox, ölkələrinin Xarici İşlər nazirliklərinin xüsusi nümayəndələri kimi səfər ediblər. İlham Əliyev və Nikol Paşinyanın Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığı da olub, daha sonra isə onlar Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti aparıblar. Paşinyan Moskvaya səfər edərək, rusiyalı həmkarı ilə təkbətək danışıqlar da aparıb. Mayın əvvəlində isə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənisan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib. Bütün bunlar 1 ay ərzində baş verib.

Bu fəallığın tərəflərin qarşıya qoyulmuş vəzifələr və hədəflərlə bağlı tam yekdil fikirdə olduqlarından irəli gəldiyini düşünmək sadəlöhvlük olardı. Üstəlik, Azərbaycan-Ermənistan dialoqunun təşəbbüskarları arasındakı geosiyasi rəqabət, Ermənistanda müşahidə olunan daxili siyasi qeyri-sabitlik bu fəallığa son dərəcə mənfi fon qazandırıb. Ondan başlayaq ki, sülh razılaşması üzərində işə başlanılması və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasına dair Brüssel razılaşması Moskva tərəfindən yenə də birmənalı qəbul olunmayıb. İlham Əliyev ilə Nikol Paşinyanın Brüssel görüşündən bir neçə gün sonra Aİ-nin tərəfləri yaxınlaşdırmaq təşəbbüsünə münasibət bildirən Rusiyanın XİN rəsmisi Mariya Zaxarova deyib: «Biz Brüsselin ali səviyyədə qəbul olunmuş məlum Rusiya-Azərbaycan-Ermənistan razılaşmasının predmetini və ATƏT-in Minsk qrupu həmsədrlərinin ötən il gündəmə gətirdikləri gündəliyi həyasızcasına mənimsəməyə çalışdığını görürük». Rusiya tərəfi bununla göstərir ki, onun üçün Bakı ilə İrəvanın onların münasibətlərinin normallaşdırılmasına Moskvanın göstərdiyi cəhdləri əsas kimi götürmələri vacibdir.

Bununla yanaşı, Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Aİ-nin vasitəçilik cəhdlərinə mənfi reaksiyasını da xatırladıb. Lavrov Brüssel görüşündən bir sutka sonra ermənistanlı həmkarını qəbul edərkən deyib: «Brüssel görüşünün yekununda qəbul olunmuş Aİ kommunikesində Rusiyanın adı bir dəfə də çəkilmir. Bu, Aİ rəhbərliyi üçün nəyin vacib olduğunu ortaya qoyur – onlar öz rusofob fəaliyyətlərində Qarabağ mövzusundan da istifadə etməyə çalışırlar».

Vaşinqtonla Parisin ATƏT-in Minsk qrupu formatında Moskva ilə işləməkdən imtina etmələrinə də toxunan Lavrov bildirib ki, «əgər onlar Qarabağ nizamlanması ilə bağlı və bütövlükdə Cənubi Qafqazdakı maraqlarını, indiki halda isə Ermənistan tərəfinin maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir. Onlar öz prioritetlərinə əsaslanaraq, yalnız konkret olaraq bu münaqişəni, ümumiyyətlə, dünyadakı bütün münaqişə və böhranları öz rusofob siyasətlərinin girovuna çevirirlər».

 

Ermənistanın təklifi və regional reallıqlar

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 5-də keçirdiyi brifinqdə ölkəsinin Azərbaycanla sülh müqaviləsi və sərhədlərin delimitasiyasına dair danışıqlara münasibətini açıqlayıb. Qriqoryanın dilə gətirdiyi və erməni tərəfinin Azərbaycanla sülh müqaviləsinə dair danışıqlara başlanılması üçün şərt hesab etdiyi «Dağlıq Qarabağın statusu» tezisi bu məsələdə köməyini təklif edən Rusiya tərəfinin yanaşması ilə üst-üstə düşür. Mariya Zaxarova hələ bir müddət əvvəl Moskva, İrəvan və Bakı arasında ali səviyyədə əldə olunmuş üçtərəfli razılaşmadan danışarkən demişdi: «Bakı ilə İrəvan arasında Qarabağın statusu ilə bağlı prinsipial fikir ayrılığı davam edir. Biz tərəflərin yaxınlaşdırılmasında öz rolumuzu görürük».

Məlum olduğu kimi, Bakı separatçı dəstənin statusu ilə bağlı müzakirələri qəti şəkildə rədd edir, nəinki bu məsələni, ümumiyyətlə «Dağlıq Qarabağ» ifadəsindən istifadəni qəbuledilməz sayır. Belə bir vəziyyətdə Brüssel görüşünün yekununda qəbul olunmuş bəyanatda da statusdan bəhs olunmur. İndi erməni tərəfi daxili siyasi gərginlikdən istifadə etməklə, «ictimaiyyətin tələbi» arqumentini irəli sürməklə, «status» məsələsini yenidən gündəmə gətirməyə çalışır. Bu isə əlbəttə ki, iki ölkə arasında sülh müqaviləsi hazırlığının tempinə və xarakterinə son dərəcə mənfi təsir göstərə bilər. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında da bildirib ki, Bakı İrəvanla sülh müqaviləsini yalnız Ermənistana bir müddət əvvəl təqdim etdiyi 5 prinsip əsasında imzalaya bilər. Həmin prinsiplərdən biri isə tərəflərin bir-birinə qarşı ərazi iddiası irəli sürməməsidir. Azərbaycan bu məsələdə heç bir qeyd-şərti qəbul etmir. İlham Əliyevin sözlərinə görə, İrəvan bu prinsipləri qəbul etməzsə, Azərbaycan sülh müqaviləsini imzalamayacaq. «Bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də, son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik», - deyə Azərbaycanın dövlət başçısı bildirib.

Sülh müqaviləsinə hazırlıq prosesinin pozulmaq astanasında olub-olmadığını demək hələ ki, tezdir. Bir şey aydındır ki, prosesin uzanma riski var və bu, regionda vəziyyəti gərginləşdirə bilər.

Təəssüf ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə də vahid yanaşma yoxdur. «Bu məsələ də müzakirə olunur. Biz ümid edirdik ki, aprelin sonunadək həll yolunu tapacaq, irəli gedə biləcəyik. İndi yalnız onu deyə bilərəm ki, hazırda bu istiqamətdə intensiv müzakirələr davam etdirilir», - deyə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib. Bununla yanaşı, o, Ermənistanla Azərbaycan arasında anklavlar (daha dəqiq desək, eksklavlar) probleminin həlli ilə bağlı da reallaşdırılması çətin görünən tezis səsləndirib. «Mümkün həll variantı belədir: Ermənistanın anklavları Azərbaycana qalır, Ermənistan ərazisindəki Azərbaycan anklavları ilə bizə verilir», - deyə Qriqoryan bildirib. Amma o, tərəflərin anklavlar məsələsini hələ qaldırmadığını da söyləyib: «Hər iki tərəfdə anklavlar var: Azərbaycan ərazisində Artvaşen (Başkənd) anklavı var. Ermənistan ərazisində də anklavlar mövcuddur və onların ərazisi təxminən eynidir».

Lakin erməni tərəfi bir vacib məqamı diqqətdən qaçırır. Məsələ ondadır ki, hazırkı Ermənistan ərazisində yerləşən Azərbaycan eksklavları ölkə və region baxımından strateji mövqedə yerləşir. Məsələn, Kərki kəndi Ermənistan-İran yolunun üzərindədir. Üstəlik, o, elə yüksəklikdə yerləşir ki, oradan Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə bütün qərb sərhədinə nəzarət etmək mümkündür.

Ermənistan Təhlükəsizlik Şurası rəhbərinin dediklərinə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov cavab verib. O, anklavların Ermənistana verilməsini mümkünsüz adlandırıb. Bu, məsələyə Bakının öz maraqları əsasında baxmağı düşündüyünü bir daha göstərib. «Bu, Azərbaycan ərazisidir. Həmin torpaqların Azərbaycanın nəzarətinə keçməsi üçün delimitasiya prosesinə ehtiyac var. Odur ki, məsələyə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirələr vasitəsi ilə həll olunacaq», - deyə X.Xələfov qeyd edib.

Yuxarı Əskipara və Bərxudarlı eksklavları Ermənistanın cənub-şərqini Gürcüstanla birləşdirən kommunikasiyalara nəzarəti təmin edir, Azərbaycanın Gürcüstan istiqamətində uzanan strateji boru kəmərləri və elektrik xətləri ətrafında əlavə təhlükəsizlik zonasının yaradılmasına imkan verir.

Azərbaycan ərazisindəki Başkənd eksklavına gəlincə, o, hər tərəfdən Azərbaycan tərəfinin nəzarətində olan yüksəkliklərlə əhatələnib və strateji baxımdan xüsusi əhəmiyyət daşımır. Çünki əsas yaşayış məntəqələrindən uzaqda, çətin dağlıq ərazidə yerləşir.

Beləliklə, Azərbaycanın erməni tərəfinin sözügedən təklifini qəbul edəcəyi inandırıcı deyil.

 

Bakı ilə Ankara sinxron hərəkət edir

Bütün bunlarla yanaşı, İrəvanın Azərbaycanla gələcək kommunikasiyaya dair mövqeyini ölkədə getdikcə qızışan mitinqlər dalğası fonunda açıqlaması təsadüf deyil. Ermənistan hökuməti üçün hakim komandanı milli maraqların əksinə hərəkət etməkdə təqsirlənidirən siyasi rəqiblərin arqumentlərini heç etmək vacibdir. Bu, xüsusilə Ankara ilə davam edən danışıqlar fonunda da xüsusi əhəmiyyət daşıyır. Mayın 3-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – səfir Sərdar Kılıç ilə vitse-spiker Ruben Rubinyan arasında növbəti, sayca üçüncü görüş keçirilib. Görüşdə onlar prosesi hər hansı ilkin şərt irəli sürmədən davam etdirmək niyyətlərini bir daha ortaya qoyublar.

Artıq qeyd etdiyimiz kimi, bir gün əvvəl – mayın 2-də isə Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında da görüş keçirilib. Brüsseldə baş tutmuş bu görüşdə dövlət başçıları üçün mümkün gündəliyin müzakirə edildiyi aydındır. Lakin İrəvanın sonradan ortaya qoyduğu mövqe yaxın gələcəkdə belə görüşün keçirilməsinin mümkün olmdığını göstərir.

Bütün bunlarla yanaşı, Ermənistanla Türkiyə arasında danışıqlar rejiminin sıxlığına, dialoqunun intensivliyinə əsaslanaraq düşünmək olar ki, bu istiqamətdə ciddi irəliləyişlər gözlənilir. Tərəflərin hansısa sənəd hazırlaması da mümkündür. Bu, dialoqun xarakterini göstərəcək, özündə onun əsas istiqamətlərini əks etdirəcək hansısa niyyət bəyannaməsi də ola bilər.

Belə bir sənədin ortaya çıxmasını irəliləyiş kimi qiymətləndirmək mümkün olacaq. Çünki o, institusional səviyyədə münasibətlərin normallaşdırılması prosesinə start verəcək ilk Ermənistan-Türkiyə sənədi olacaq. Ankara-İrəvan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan dialoquna əlavə çalar qatacaq və ümumilikdə yeni geosiyasi, geoiqtisadi reallıq yaradacaq. Bu isə öz növbəsində, regionda siyasi və iqtisadi münasibətlərin vektorunu müəyyənləşdirəcək.



MƏSLƏHƏT GÖR:

100