Müəllif: Salatın MİRZƏYEVA
Murad Vəliyev – Azərbaycandan olan gənc, parlaq stilistdir. Onun işləri “Esquire Turkey”, “Esquire Singapore”, “Cosmopolitan Turkey”, “Schon Berlin”, “Elements New York” kimi nəşrləri bəzəyir. M.Vəliyevin son işlərindən biri Rusiyanın “Elle” jurnalında dərc edilib. O və layihənin digər iştirakçıları müasir və qədim Bakının necə ola biləcəyini nümayiş etdiriblər. Murad Vəliyev jurnalımıza stilistin yaradıcılığının nədən ibarət olduğu və Azərbaycanın moda dünyasında cərəyan edən hadisələr haqda bəhs edib.
- Necə oldu ki, bu sənəti seçdiniz? Həyatınızı peşəkar səviyyədə moda və dizayn sahəsi ilə birləşdirmək istədiyinizi nə vaxt başa düşdünüz?
- Moda sahəsinə gəlişim birbaşa böyük britaniyalı müğənni Emi Uaynhausun şəxsiyyəti ilə bağlıdır. Təxminən, 15 yaşım var idi və mən universitetə qəbul imtahanlarına hazırlaşırdım. Arxası televizora oturmuşdum. Birdən “Back to black” musiqisi səsləndi. Üzümü çevirdim və donub qaldım. Bu, Emi idi. Bir insanın musiqi və obrazı vasitəsilə özünü necə parlaq və rəngarəng ifadə etməsinə təəccüblənmişdim. Həmin an açıq və aydın şəkildə başa düşdüm ki, geyim insanın xarakteri və daxili xüsusiyyətlərini ifadə etmək üsuludur.
- Sənətdəki inkişaf yolunuz barədə məlumat verərdiniz.
- 25 yaşım var. Moda sahəsində artıq 10 illik təcrübəyə malikəm. Fəaliyyətimə bir model olaraq başladım. Daha sonra moda haqqında yazmağa başladım. İstanbul Moda Akademiyasında “Moda redaktoru” ixtisası üzrə təhsil aldıqdan sonra bu peşə ilə daha ciddi məşğul olmağa başladım. Mən bu işimi çox sevirəm. Demək olar ki, günün 24 saatı çalışıram. Bunu necə bacardığımı bilirsinizmi? Məsələ ondadır ki, moda mənim üçün iş deyil. O, həyat tərzidir! (Gülümsəyir)
- Türkiyədə yaşadığınız dövr sizə nə verib? Bu, sizin karyeranıza necə təsir göstərib?
- İstanbul mənə bu gün olduğum şəxsə çevrilməyə kömək edib. Orada itirdiyim sinir hüceyrələrini hesaba almasaq, İstanbulda çox şey qazandığımı söyləyə bilərəm. Mənim orada ərsəyə gətirdiyim beynəlxalq layihələr olmasaydı, bu gün sizə müsahibə verməzdim. Türkiyə tekstil sahəsində aparıcı dövlətlərdən biridir. O, moda sənayesində əhatə dairəsinə görə İtaliya və Fransadan geridə qalmır. Türkiyədə yaşadığım dövrdə ərsəyə gətirdiyim işlərim Tokio, Paris, Berlin və Dubayda fəaliyyət göstərən moda jurnallarında dərc olunub. Bundan əlavə, Türkiyədə Sezen Aksu, reper Azxele kimi yerli “ulduzlar”la işləmək imkanı əldə etdim. Mən peşəkar inkişafıma və stilist karyerama görə hər zaman İstanbula minnətdar olacağam.
- Bəs, indi daha da təkmilləşməyinizə nə yardım göstərir?
- İnsanlar. Məni hər zaman insanlar ruhlandırır. Mənim ideyalarımın mənbəyi cəmiyyət və onun müxtəlifliyidir. Uzun minilliklər ərzində bir ölkədə müxtəlif insanların birgə yaşaması ilham verə bilməzmi?
- “YouTube” kanalınızda stilin təhlili ilə bağlı verilişlər aparırdınız. Maraqlıdır, siz Azərbaycanda formalaşan milli stili necə qiymətləndirirsiniz? Onu xarici stildən necə fərqləndirmək olar?
- İnternetin inkişafı ilə dünya modasını diqqətlə izləyən xalqlardan biriyik. Bizim insanlarımız səliqəli, stilli görünürlər. Onlar moda dünyasının trendləri ilə tanışdırlar. Əgər buna rus və ərəb mədəniyyətlərindən bizə gələn maksimalizmi əlavə etsək, formalaşan yerli stil haqda danışa bilərik. Bunu daha çox qadınlar üçün trend olan makiajlarda görmək mümkündür.
- Sizcə, insanda stil və ya zövq hissini kim və ya nə yaradır?
- Demək olar ki, bütün 20-ci əsr boyu modada əsas söz sahibləri cəmiyyətdə dəyişikliklərə reaksiya verən dizaynerlərin özləri olub. İkinci dünya müharibəsindən sonra Kristian Dior başa düşdü ki, sıxıcı və təmkinli kostyumlar əvəzində qadınlara nəsə vermək lazımdır. Gözəl korsetlər dövründən ilhamlanan Dior 1947-ci ildə məşhur “new look” siluetini (dar çiyinlər, incə bel, geniş ətək) fikirləşdi. 60-cı illərin modası isə “beybi-bumerlər”in əhvali-ruhiyyəsinə reaksiya verərək, “new look” və statuslu rəsmi paltarlardan qısa ətəklərə, parlaq rənglərə və həndəsi kəsiklərə doğru dönüş etdi. 1990-cı illərin sonlarında, yəni moda nəhəng sənayeyə çevrildikdən sonra aydın oldu ki, brend moda şirkətlərinin müştərilərin, məsələn, gələn mövsüm çiçəklə bəzədilmiş şalvarı istəyib-istəməyəcəyini proqnozlaşdıra bilən xüsusi analitiklərə ehtiyacı var. Moda şirkətləri forkastinq agentliklərinin (trendləri proqnozlaşdıran şirkətlər) xidmətlərindən istifadə etməyə başladı. Belə şirkətlərin bəziləri yalnız moda təhlili ilə məşğul olurlar. Məsələn, hazırda “Trend Union”, WGSN və “LS:N Global” şirkətlərində çalışan mütəxəssislər trendi müəyyən edirlər. Onların vəzifəsi məlumat toplamaq (böyük şəhərlərin əhalisi necə geyinir və muzeylərdə gələcək sərgilər barədə) və buna əsaslanaraq gələcək moda barədə proqnozlar verməkdir: bir neçə ildən sonra aktual olacaq rənglər, parçalar, forma və stillər haqda.
Hazırda demək olar ki, bütün brendlər trend kitablardan – gələn il, hətta növbəti beş il üçün moda yenilikləri haqda xüsusi kataloqdan istifadə edirlər. Belə agentliklərin tövsiyələri həm konkret (məsələn, “pankın dirçəlişi”), həm də ümumi (məsələn, “dünyada qeyri-sabit vəziyyət fonunda keçmiş dövrə nostalji”) ola bilər.
Ümumiyyətlə, moda və psixologiya bir-birinə paralel olan anlayışlardır. İnsan nə qədər özünü qəbul edirsə, bir o qədər kütlədən fərqlənir və özünün necə insan olduğunu göstərir. Və məhz bu an “fərdi stil” anlayışı meydana çıxır. Yəni insan dəbli olmaya bilər, buna baxmayaraq onun öz stili ola bilər. Bu, sizi hər kəsdən fərqləndirən obrazdır. Məsələn, Stiv Cobsun eyni tərzdə olan “vodolaskalar”ı və cins şalvarı. Bax, bu, stildir. Yeri gəlmişkən, 99 yaşlı dizayner Ayris Apfelin parlaq əşyaları və ekssentrik aksessuarları da stildir. Başqa sözlə desək, stil insanın fərdiliyinin geyim vasitəsilə təzahürüdür. Bu, moda ilə də kəsişə bilər. Məsələn, dəbli krossovkaları ikinci əl dükandan aldığınız sevimli gödəkcə ilə geyinə bilərsiniz. Bundan əlavə, modanı qəsdlə inkar etmək belə mümkündür. Antimoda insanın qəsdlə sanki bir yığın paltar arasından təsadüfən seçdiyi əşyaları geyinməsi və ya sanki təsadüfən müxtəlif dükanlardan geyimlər almasıdır.
- Bu gün stili peşəkarlıq nöqteyi-nəzərdən moda sahəsindən uzaq olan bloggerlər öyrədir. Amma insanlar onların fikirlərinə etibar edir və onların məsləhətlərinə qulaq asırlar. Bu, nə ilə nəticələnə bilər?
- Bloggerlər həyatımızın ayrılmaz parçasına çevriliblər. Reallıq məhz belədir. Məni başqa məsələ - bütün bloggerlərin eyni stili və cəmiyyətə bu yekrəngliyi təbliğ etməsi narahat edir. Təəssüf ki, bu, fərdiliyin və stilin itməsinə səbəb olur.
- Sizin stiliniz kifayət qədər xaotikdir. Bu, nə ilə əlaqədardır?
- İlk təhsilimi “İnşaat mühəndisliyi” ixtisası üzrə almışam. Daha sonra “Moda redaktoru” və paralel olaraq “Rəqəmsal marketoloq” ixtisasları üzrə təhsil almışam. Psixologiyanı çox sevirəm. Bundan əlavə, mən rəssamam, şerlər yazıram, vokalla məşğul oluram. İndisə fəlsəfə məsələləri üzərində çalışıram. Odur ki, belə bir insandan özüm də adi və aydın stil gözləməzdim. (Gülür). Bu xaotikliyə çatmağa ailəmin dəstəyi də töhfə verib. Belə ki, uşaqlıq illərimdə mənə necə olmaq istəyimlə bağlı azadlıq verilmişdi.
Sizin saytda xarici nəşrlərdə dərc olunmuş bir sıra işlərinizlə tanış oldum. Obrazın yaradılması, çalışacağınız dizaynerlərin, geyim və brendlərin seçilməsi prosesi necə keçir? Ətraflı məlumat verərdiniz.
Hər bir redaksiya çəkilişi özündə ismarıc ehtiva edən foto əsərdir. Seçilmiş mövzuya əsasən birinci kadrdan sonuncu kadra qədər kadrlama lövhəsi hazırlanır. Əlbəttə ki, brendlərin və dizaynerlərin seçimi çəkiliş mövzusundan və üslubundan asılıdır. Kommersiya nöqteyi-nəzərdən brendlərin seçilməsi istisna edilmir.
- Yekun nəticədən narazı olanda nə edirsiniz?
- Belə hallar tez-tez baş verir. Yekun obraz hər zaman stilistdən asılı olmur. Bu, tamamilə komanda işidir. Buna görə də komandada hər bir kəsin qarşılıqlı anlaşması çox vacibdir. Psixoloji və mənəvi baxımdan düşüncələrimiz üst-üstə düşməlidir. Əks təqdirdə, işin nəticələrinə təsir edən gərginlik yaranır. Belə hallarda adımın hallanmamasına və bu işimi ictimaiyyətə göstərməməyə üstünlük verirəm.
- Sizin üçün kimin fikri daha önəmlidir?
- Söhbət redaktorlardan gedirsə, o zaman heç kəsin. Çünki biz yekun işə foto əsər kimi baxa bilərik və hər kəs bunu başa düşməyə borclu deyil. Müxtəlif fikirlərin olması tamamilə normaldır. Lakin söhbət kommersiya çəkilişlərindən gedirsə, müştərinin fikri çox önəmlidir. Çox vaxt müştərinin fikri mənim öz fikrimdən daha önəmli olur.
- Hazırda üzərində işlədiyiniz layihələr haqqında bizə məlumat verərdiniz.
- Hazırda ən vacib layihələrim “art performance” və hazırlaşdığım fərdi sərgimdir. İndi konseptualizmin itirilməsi və moda dünyasının tamamilə kommersiyaya istiqamətlənməsi bütövlükdə moda sənayesinə ziyan vurur. Mənim sərgim məhz bu mövzuya həsr olunub.
- Sizin son işlərinizdən biri Rusiyanın “Elle” jurnalında dərc olunub. Xarici oxuculara nəyi göstərməyə qərar verdiniz? Hansı milli rənglərə və elementlərə, Bakının hansı məkanlarına diqqət yetirdiniz?
- Bu gün başqa ölkələr milli stili ön plana çıxarır. Bunu nəzərə alaraq, qərar verdik ki, milli dəyərlərə sadiq qalaraq, 30 ildə çatdığımız müasir səviyyəni insanlarla bölüşə bilərik. Azərbaycana və digər postsovet ölkələrinə nəzər yetirsək, ümumi avropalaşma fonunda bizdə həyatın bir çox sahəsinin sürətli inkişaf etdiyini görərik. Eyni zamanda biz həm şüuraltı, həm də emosional baxımdan keçmişimizlə yaşayırıq: mədəniyyətlə, ənənələrlə, memarlıqla. İşimizdə məhz bunu göstərmək istədik. Yəni incə milli eyham və detallarla yeni Azərbaycanı - inkişaf etmiş ölkəni, regionun liderini göstərmək istədik.
- Milli brendlərin fəaliyyətini necə qiymətləndirirsiniz? Müasir dizaynerlərə nə məsləhət görərdiniz?
- Bu, bizim hərəkət etməli olduğumuz istiqamətdir. Qarşıda bizi çox iş gözləyir. Hazırda ölkəmizdə milli brendlər çox azdır. Milli brendlər hələ “özlərini” tapmayıblar, çünki onlar dünya trendlərini təkrarlayırlar. Üstəlik, çox vaxt onlar bir-birini təkrar edirlər. Dizaynerlərə məsləhətim isə səyahət etməkdir. İnternetdə və “İnstaqram”da “gəzmək” səyahət sayılmır (gülür).
- Bəs ölkədə keçirilən moda tədbirləri?
- Böyük təəssüf hissi ilə qeyd etmək istərdim ki, Azərbaycanda moda sahəsi ilə bağlı diqqəti cəlb edəcək bir dənə də olsa da tədbir keçirilməyib. Bizim Moda Həftəsi təkcə beynəlxalq auditoriyaya yox, yerli ictimaiyyətə də maraqlı deyil.
- Murad, çalışdığınız sahədən ən böyük istəyiniz nədir?
- Mən dəbli stilistəm. Çalışdığım sahədən nə arzulaya bilərəm? Ölkəmizin, insanlarımızın dəbli və stilli olmasını istəyirəm. Gənc insanlarımızın, azərbaycanlı gənclərin moda sahəsində böyük potensialı var. Yaxın vaxtlarda istehsal şirkəti açmaq və böyük layihələr həyata keçirmək istəyirəm. Ən böyük arzum dünyanın ən məşhur moda jurnallarından birini Azərbaycana “gətirmək” və ona rəhbərlik etməkdir (gülümsəyir).
MƏSLƏHƏT GÖR: