20 Aprel 2024

Şənbə, 16:01

DƏYİŞİKLİKLƏR DÖVRÜNÜN DÜNYASI

Bu il Davos dünya iqtisadiyyatının taleyi haqda qızğın siyasi diskussiyalar məkanına çevrilib

Müəllif:

01.06.2022

Davosda keçirilən Dünya İqtisadi Forumu pandemiya fasiləsindən sonra bu il ilk dəfə əyani formatda, üstəlik, hər zamankından fərqli olaraq qışda deyil, mayın sonlarında keçirilib. Amma onun hər il keçirilən forumlardan daha bir önəmli fərqi olub: bu dəfə Davosda siyasi mövzular dünyanın iqtisadi problemləri ilə müqayisədə daha aktual olub. Forum çərçivəsində keçirilən, demək olar ki, bütün diskussiyalarda əsas yeri Ukraynadakı hadisələr tutub, iqtisadi mövzular isə daha çox bu problemin nəticələrinin müzakirəsi zamanı ortaya atılıb. Yeri gəlmişkən, builki foruma Rusiya dəvət olunmasa da, Ukraynanın xarici işlər naziri, parlamentariləri və Kiyev meri tədbirə qatılıblar.

Azərbaycanı forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib. O, diskussiyalarda yanacaq bazarı və «yaşıl enerji»nin perspektivlərindən danışıb.

 

Resessiya riski

«The Guardian» qəzetinin jurnalistlərinin yazdıqları Davos-2022-nin nəticələri haqda hər şeyi əhatə edir: «Hərdən insana elə gəlirdi ki, görüş 2022-ci ilin mayında deyil, dünyanın uçurumun astanasında olduğu 1914-cü ilin iyulunda və ya 1939-cu ilin avqustunda keçirilir». Üç illik təlatüm məntiqli olaraq qeyri-müəyyənlik, nəticəsi təxminedilməz olan risklər və stress yaradıb, o cümlədən biznes elitasında narahatlıq, qorxu hissini artırıb. Lakin builki Davosun şahidlik etdiyi səs-küylü siyasi bəyanatları bir kənara qoyaraq qeyd edək ki, forumun iştirakçıları bir məqamı yekdilliklə etiraf ediblər: Ukrayna müharibəsi dünya iqtisadiyyatına mənfi təsir göstərir. Söhbət yalnız bu təsirin dərəcəsindən gedir. Bu yerdə proqnozlar yüngül staqflyasiyadan tutmuş, qlobal depressiyayadək dəyişir. Bütün bunlara rəğmən, Davosda Rusiyaya tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsindən söhbət getməyib. Lakin iştirakçılar Ukrayna münaqişəsinin enerji və ərzaq məhsullarının bahalaşmasına aparıb çıxaracağını etiraf ediblər.

«Bu gün inkişaf etməkdə olan ölkələr üçqat təhlükə ilə üz-üzədirlər – ərzaq, yanacaq və maliyyə böhranı», - deyə BMT-nin İnkişaf Proqramının administratoru Axim Ştayner bildirib. Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin qorunması üzrə nazir Robert Xabek isə ən azı 4 böhran proqnozlaşdırır: enerji, ərzaq, iqlim və bir çox ölkələrdə yüksək inflyasiya ilə bağlı böhran. «Biz diqqətimizi onlardan yalnız birinə yönəldəcəyiksə, problemi çözə bilməyəcəyik. Onların heç biri həll olunmazsa, qorxuram ki, qlobal resessiyaya doğru gedək», - deyə Xabek bildirib.

«Citygroup»un rəhbəri Ceyn Freyzer də Avropada resessiya riskini yüksək qiymətləndirir. Niderlandın baş naziri Mark Ryutte isə Qərb ölkələri əhalisinin inflyasiya və enerjinin bahalaşması üzündən kasıblaşacağını düşünür.

«Ərzaq məhsulları bahalaşır, bahalaşır və bahalaşır», - deyə BVF-nin icraçı direktoru Kristalina Georgiyeva bildirib: «Biz benzin istehlakını azalda bilərik. Lakin hər gün yeməliyik».

Resessiya və böhran problemi forumdan əvvəl də məlum idi. Əsas sual odur ki, dünyanın ən güclü iqtisadi beyinləri dünya əhalisinin həyatını asanlaşdırmağın yollarını tapa bilibmi? Suala ümumi və qlobal cavab versək, yox! Reseptlər dəyişməzdir: xərclərin artımı, subsidiyalar, fiksal stimullar, yoxsul dövlətlərə dəstək. Bütün bunlar isə inflyasiyanın və dövlət borclarının artmasına aparan yollardır və demək, həm də rifah halının pisləşməsi və yoxsulluğun artması deməkdir. «The Carlyle Group»un həmtəsisçisi Devid M.Rubinşteyn belə, hesab edir ki, indi mərkəzi bankların missiyaları dəyişməlidir. Onun fikrincə, artıq bu bankların diqqəti inflyasiyanın azaldılmasına, milli valyutanın sabitliyinin qorunub saxlanılmasına yönəltməsi mənasızdır. İndi daha önəmlisi işsizliklə mübarizədir – əsas «stavka»ların artırılması, adətən, məhz işsizliyin də artımına səbəb olur.

Demək, tunelin sonunda işıq görünmür? Forumda böhrandan çıxışla bağlı ən ideal yolu, yəqin ki, iqtisadiyyat üzrə Nobel mükafatçısı Cozef Stiqlits göstərib. O, iqtisadi artımın özünün təbiətinin dəyişməli olduğunu söyləyib. «Yüksək həyat səviyyəsi yüksək maddi təminat demək deyil. Mənə daha çox məmnunluq gətirən kitab oxumaq və ya ideyaların müzakirəsidir, nəinki daha çox maddi rifah əldə etmək», - deyə o, bildirib.

Alim haqlıdır: bir çox ölkələrdə istehlaka hədəflənmiş iqtisadi siyasəti həqiqətən yanlış olub. Logistika və ticari münasibətlərlə bağlı gərginliklərin yaşandığı dövrlərdə ciddi böhrana məhz istehsalla istehlak arasındakı balanssızlıq səbəb olub.

Sonda BVF-nin rəhbəri iqtisadçıları yenə də məsələni şişirtməməyə çağırıb və bildirib ki, «3,6%-lik geriləmədən resessiyaya çox uzun yol var».

 

Kriptovalyutalardan imtina?

Davosda böhranlardan başqa müzakirəyə çıxarılmış mövzular arasından maraqlılığı baxımından ikisini xüsusi qeyd etmək olar. Onlardan biri kriptovalyutaların gələcəyi ilə bağlıdır. Məlumdur ki, maliyyə dünyasının nəhəngləri bu mövzunu qətiyyən sevmirlər. Məlum olub ki, iki il davam etmiş pandemiya, iqtisadiyyatın bir çox sahələrinin rəqəmsallaşması belə, onların əksəriyyətinin fikrini dəyişməyib. Məsələn, Dünya Bankının rəhbəri Devid Malpass bildirib ki, onun rəhbərlik etdiyi qurum Mərkəzi Afrika Respublikasında kriptoinvestisiya habının yaradılması ideyasını dəstəkləməyi düşünmür. Malpass Belarus Respublikasında bitkoinlərin leqallaşdırılması məsələsindən narahatlığını da dilə gətirib.

«Ripple» ödəniş sistemi üçün nəzərdə tutulmuş kriptovalyuta platformasının rəhbəri Bred Qarlinqhaus bildirib ki, mövcud kriptovalyutaların əksəriyyəti uzaq perspektivdə «yaşaya» bilməyəcək.

Bazarın digər iştirakçılarının fikrincə, bitkoin investisiya aləti kimi etibarlılığını sübut edə bilməyib və gələcəkdə onun dəyəri bir neçə dəfə azalacaq.

Kristalina Georgiyeva isə kriptovalyuta investorları üçün gözlənilməz müsbət siqnal göndərib. O, populyar steyblkoin olan «Terra»nın bir müddət əvvəl «çökməsi»ni əsas götürərək, bütün kriptovalyutalardan imtinanın yanlış olacağını bildirib. Georgiyeva deyib ki, bundan sonra investorların daha yaxşı öyrənilməsi və effektiv qorunmasına görə dünyanın bütün tənzimləyiciləri məsuliyyət daşıyır.

 

Qloballaşma lazımdır, ya yox?

İkinci mövzu qloballaşma olub. Hazırkı geosiyasi reallıqlarda o, nə qədər aktualdır? Sammitdə qloballaşmanın ədalətli olmadığını açıq şəkildə dilə gətirənlər də olub. Belə düşünənlərin fikrincə, qloballaşma bir sıra ölkələrə yalnız zərər verib.

«The Wall Street Journal»ın analitikləri bildirirlər ki, rusların son 30 ildə ilk dəfə Davosda olmaması son dərəcə rəmzi hadisədir. Çünki bu 3 onillik qloballaşma və iqtisadi inteqrasiya şüarı altında keçib, indi isə bu, böyük fövqəldövlətlər arasında rəqabətin bərpa olunması, qlobal tədarük zəncirlərinin fraqmentasiyası üzündən zərbə altına düşüb. Davosdakı görüşlər qloballaşma erasının rəmzi olub və əksər iştirakçının fikrincə, artıq o, başa çatıb. Ukrayna müharibəsi isə onun sonunu daha tez gətirib.

«İqtisadi dəmir pərdə: ssenarilər və onların əhəmiyyəti» adlı panel iclaslardan birində BVF-nin rəhbəri Kristalina Georgiyeva onu ən çox narahat edən məqamı açıqlayıb: «Biz ticarət və valyuta bloklarına malik daha parçalanmış dünyaya qədəm qoyuruq. Nəticədə, indiyədək inteqrasiya olunmuş iqtisadiyyat çökə bilər».

Almaniya kansleri Olaf Şolts isə beynəlxalq böhrana rəğmən, beynəlxalq birliyi qloballaşmaya sadiq qalmağa səsləyib. Onun fikrincə, artmaqda olan qlobal siyasi və iqtisadi böhrandan beynəlxalq ticarətdə ayrı-ayrı dövlətlərə milli məhdudiyyətlərin tətbiqi ilə çıxış axtarılması yanlış strategiyadır. Kansler hesab edir ki, beynəlxalq əməkdaşlıq daha həmrəy, daha ağıllı şəkildə həyata keçirilməli, həmçinin qlobal resurslara daha çox diqqət göstərilməlidir.

İstənilən halda, dünya birliyinin qlobal iqtisadi bağlılığa dəstəyi davam etdirəcəyi, yoxsa siyasi və milli zəmində parçalanmanın qaçılmaz olduğu Davosdakı növbəti forumadək üzə çıxacaq. Dünya indi dəyişikliklər astanasında deyil. Artıq dəyişikliklər baş verir və indi hər kəs onun nə ilə bitəcəyini gözləyir.


MƏSLƏHƏT GÖR:

105