23 Aprel 2024

Çərşənbə axşamı, 11:48

SÜLHƏ DOĞRU ADDIM

İrəvan Brüssel prosesi fonunda Azərbaycana ərazi iddialarından əl çəkməyə hazırdırmı?

Müəllif:

01.06.2022

Mayın 22-də birləşmiş Avropanın paytaxtı Brüsseldə postmünaqişə nizamlanması üzrə danışıqların növbəti raundu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında keçirilən sayca üçüncü görüş 5 saat davam edib.

Görüşün sonunda Şarl Mişel yekun bəyanatla çıxış edib və orada kifayət qədər nikbin fikirlərin yer aldığını söyləmək mümkündür: «Sərhəd komissiyasının ilk iclası yaxın günlərdə iki ölkənin sərhədində keçiriləcək». Mişelin sözlərinə görə, «liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyi haqda razılığa gəliblər». Tərəflər «Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər». Bundan başqa, «liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər». Şarl Mişel öz tərəfindən bu fikirləri də əlavə edib: «…Mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir». O, «tortun üzərindəki çiyələk» olaraq isə deyib ki, «Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır». Mişel növbəti görüşün iyul-avqust aylarında keçiriləcəyini vəd edib.

 

Bəs kadr arxasında nələr var?

Brüsseldə əldə olunmuş razılaşmalar, şübhəsiz ki, danışıqların bütün iştirakçılarının, o cümlədən Avropa İttifaqının maraqlarına uyğundur. Brüssel məlum səbəblərdən vasitəçilik missiyasının uğurla başa çatmasını istəyir. Digər tərəfdən Azərbaycanın boru kəmərləri və dəmir yollarının «pis gözlənilməzliklər»dən qorunması istəyi də var. Bu işdə 2020-ci ilin iyul döyüşlərindən və 44 günlük müharibədən nəticə çıxarılıb. Məlum olduğu kimi, həmin toqquşmalar zamanı Ermənistan Azərbaycanın Avropa üçün vacib olan infrastrukturunu da hədəf seçmişdi. Nəhayət, Qarabağda postmünaqişə nizamlanması həm nəzəri, həm də praktik baxımdan «win-win» ssenarisinin mümkün olacağı haldır. Söhbət problemin bütün tərəflərin maraqlarına uyğun həllindən gedir.

Bununla yanaşı, aydındır ki, danışıqlar Azərbaycanın mövqeyinə uyğun aparılır. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı israr edən tərəf məhz Azərbaycandır. Bu isə sərhədlərin tanınması, İrəvanın Azərbaycana ərazi iddialarından imtinası ilə sıx bağlı məsələdir.

Kommunikasiyaların açılması, şübhəsiz ki, bütün tərəflərin marağındadır. Lakin Mişelin Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında tranzit məsələsini, yəni Zəngəzur dəhlizi mövzusunu xüsusi vurğulaması, bu zaman Laçın dəhlizinin adını çəkməməsi isə birmənalı olaraq, Bakının uğurudur.

Nəhayət, Ermənistan bütün cəhdlərinə rəğmən, Brüsseldə nə ATƏT-in Minsk qrupunu, nə də Qarabağa hansısa statusun verilməsi mövzusunu «dirildə bilib». Şarl Mişelin bəyanatı aydın şəkildə göstərib ki, Avropa bu məsələyə yalnız bölgənin erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmini kontekstində baxır. Azərbaycan Prezidenti də dəfələrlə bildirib ki, Bakı Qarabağ ermənilərini öz vətəndaşları sayır və onların təhlükəsizliyinə, vətəndaş hüquqlarına, mədəni-humanitar inkişafına zəmanət verməyə hazırdır.

 

Ermənistan şansını qaçıracaqmı?

Düşünmək olar ki, Brüssel görüşünün nəticələri nikbinlik üçün yaxşı əsaslar verir. Üstəlik, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev ilə Mqera Qriqoryan iki dövlətin sərhədində ilk görüşlərini də keçiriblər. Lakin Bakı bir məqamı xatırlatmağı lazım bilir: Brüsseldə aprelin 6-da keçirilmiş görüş də belə nikbinliklə başa çatmışdı, Mustafayev ilə Qriqoryanın görüşü isə hələ aprelin sonlarında keçirilməli idi. Lakin Prezident İlham Əliyevin də dediyi kimi, həmin görüşü düz 2 dəfə məhz Ermənistan tərəfi pozub. Doğrudur, bu dəfə görüş alınıb. Bəs, İrəvan sülhə aparan yolla getməyə hazırdırmı?

Səbəb də aydındır. Azərbaycanın dövlət başçısı İlham Əliyev Brüssel görüşündən bir neçə gün sonra deyib: «Mayın 24-də Azərbaycan-Ermənistan sərhədində komissiyaların birinci görüşü keçirildi. Bunun çox böyük mənası var. Həm o nöqteyi-nəzərdən ki, biz bu sərhədləri müəyyən edəcəyik və bu, çox vacibdir. Çünki ermənilər o sərhədləri də zəbt etmişlər. Digər tərəfdən bu, avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyur. Çünki əgər biz sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası «Dağlıq Qarabağ» statusundan söhbət gedə bilər?!».

 

«Danışıqlar» yazılır, bəs necə oxunur?

Artıq bu yerdə nikbinlik üçün əsaslar azalır. Avropa İttifaqının himayəsi altında sərhədlərin delimitasiyası və demarkasiyası heç də ilk belə missiya deyil. Hələ 44 günlük müşharibə yeni bitən zaman eyni missiyanı Rusiya öz üzərinə götürmüşdü. Üstəlik, o zaman Moskvanın əlində ciddi kozır da var idi – SSRİ Baş Qərargahının xəritələrində sərhədlər kifayət qədər konkret göstərilib. Lakin o zaman proses yenə də Ermənistan tərəfindən pozulmuşdu. Çünki İrəvan sovet illərində qeyri-qanuni şəkildə ələ keçirdiyi əraziləri itirmək istəmirdi. Söhbət respublikaların sərhədlərinin dəqiqləşmədiyi dövrdən gedir. Sonrakı illərdə isə Ermənistan Azərbaycanın Zəngilan, Laçın və Kəlbəcər rayonlarının həmsərhəd hissələrini işğal etmişdi. Müharibənin başa çatmasından keçən ilyarım müddətində erməni əsgərlərinin sözün əsl mənasında qovulduğu Qaragöl hadisəsi, Kəlbəcər rayonunda «birgünlük müharibə» və bir çox digər hadisələr yaşanıb. Nəticədə, Rusiyanın vasitəçiliyi pozulmuş sayılmasa belə, ciddi şəkildə dondurulmuş hesab edilə bilər. Artıq bu gün «birinci əl» Brüsseldir. Bəs indi Ermənistan sərhədlərin demarkasiyası, qanunsuz ələ keçirilmiş ərazilərin boşaldılması üçün lazımi iradəyə malikdirmi? Sual açıq qalır. Üstəlik, danışıqlar fonunda İrəvanda yerli revanşistlərin mitinqləri davam edir. Onlar Nikol Paşinyanı «satqınlıq»da» və s. ittiham edirlər. Doğrudur, hələlik nümayişçilərin fəallığı «qırmızı xətt»ə çatmayıb. Lakin Paşinyanın komandası Azərbaycan torpaqlarına iddiadan imtina anlamına gələcək sənədi imzalamağa risk edəcəkmi?

İlk baxışdan mübahisə doğurmamalı olan kommunikasiyaların açılması kimi məsələlərdə də hər şey yolunda getmir. Brüssel görüşündən sonra Paşinyanın əsas silahdaşlarından biri, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu haqda danışaraq bildirib ki, Ermənistan ərazisində «dəhliz məntiqli» yol və ya marşrut ola bilməz. «Regional əlaqələrin bərpası kontekstində söhbət sərhəd, gömrük nəzarəti məntəqələrinin açılmasından, qarşılıqlı ödənişlərin həyata keçirilməsi və beynəlxalq tranzitdən gedib. Bu, vacib məsələlər «Erməni yolayrıcı» layihəsinin reallaşdırılması ilə əlaqəlidir və Ermənistan hökuməti bu istiqamətdə ardıcıl addımlar atacaq», - deyə o, vurğulayıb.

 

«Tənzimlənən yolayrıcı»

Bəs, İrəvanın haqqında bəhs etməyi bu qədər sevdiyi «Erməni yolayrıcı» ideyası nədən ibarətdir? Onu ilk dəfə Nikol Paşinyan hələ 2022-ci ilin fevralında dilə gətirib. Həmin vaxt baş nazir Arazdəyən («Erasx») – Culfa yolunu vahid layihədə birləşdirməyə söz vermişdi.  Bu yol sonradan İrana və Azərbaycanın Zəngəzur layihəsinə, oradan isə Rusiya dəmiryollarına və ermənilərin «Şimal-Cənub» avtomobil yoluna çıxmalıdır. İrəvanda düşünürlər ki, sonuncu Rusiya və Avropadan Fars körfəzinədək əlaqənin qurulmasına imkan verəcək.

Rusiya ilə Gürcüstan sərhədində «Yuxarı Lars» keçid məntəqəsindəki «butulka boğazı»ndakı tıxaclara gəlin heç toxunmayaq. Strateji əhəmiyyətli İrəvan-Qafan yolunun Azərbaycan ərazisindən keçdiyini də xatırlatmayaq. Vacib olan başqa məqamdır. Kommunikasiyaların açılması kompleks işdir. Ermənistan nəzəri baxımdan belə, Culfa yolunu açaraq Azərbaycan vasitəsi ilə Rusiya dəmir yoluna çıxış əldə edə bilməz. Bundan başqa, 44 günlük müharibəyədək danışıqlarda irəliləyişə, Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasına real olaraq Azərbaycan israr edirdisə, indi vəziyyət prinsipial olaraq fərqlənir. Bakı, şübhəsiz ki, postmünaqişə nizamlanması prosesinin irəli getməsində maraqlıdır. Lakin vəziyyət fərqlidir. Bu gün kommunikasiyaların açılması Ermənistana daha çox lazımdır. Üstəlik, Azərbaycan işğal illərində Gürcüstan vasitəsilə alternativ logistika qurub, İran ilə isə artıq bu haqda razılığa gəlib. Belə bir vəziyyətdə Ermənistan sərhədlərin sovet xəritələri əsasında delimitasiyası prosesini pozarsa, Bakı Paris Sülh Konfransının xəritələrinə əsaslanma məsələsini qaldıra bilər.

44 günlük müharibə Minsk qrupunun bu gün Ermənistanın xiffətini çəkdiyi təkliflərini tarixin arxivinə göndərib. Demək, sabah onlar bu gün imtina etdiklərinin də xiffətini çəkə bilərlər.



MƏSLƏHƏT GÖR:

102