25 Aprel 2024

Cümə axşamı, 21:30

PARLAQ NƏTİCƏ

Dünya Kuboku və Avropa çempionatı Azərbaycan komandasının parlaq qələbələri ilə yadda qalıb

Müəllif:

15.06.2022

Yayın ilk günləri Azərbaycan gimnastlarının parlaq qələbələri yadda qalıb. Gimnastikanın ayrı-ayrı növləri üzrə təmsilçilərimiz həm Dünya Kubokunda, həm də Avropa çempionatında ölkəmizin idman imicini layiqincə qoruyublar.

 

Rimini qızılı

İyunun 1-5-də İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı keçirilib. Qitə çempionatında idmançılarımız uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medala layiq görülüblər. Fərdi növdə çıxış edən batutçumuz Maqsud Mahsudov gənclər arasında qızıl medal qazanaraq Avropa çempionu tituluna yiyələnib. İdmançımız komanda yoldaşı Hüseyn Abbasovla (48.420 xal) birgə sinxron cütlüklər yarışında ikinci yerə layiq görülüb.

Tamblinq üzrə yarışlarda fərdi növdə çıxış edən yığmamızın üzvü Mixail Malkin  böyüklər arasında gümüş medal qazanıb.
Bu növ üzrə komanda yarışlarında təmsil olunan Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) bürünc medala sahib çıxıblar.

 

Uğurun sirri

Avropa çempionu Maqsud Mahsudov “Region plus” jurnalına açıqlamasında bildirib ki, qələbə gərgin məşqlərin nəticəsidir: “Yarışlar çox yaxşı keçdi, mən dörd medal qazandım. Avropa çempionu olmaq çox gözəl hissdir. Biz daha çox sinxron proqramda qazanılan medala sevindik. Düzdür, fərdi proqramda qazandığım medal da məni sevindirdi. Gərgin məşqlər, məşqçi heyətinin lazımi tapşırığı və federasiyanın dəstəyi uğurumuzun sirridir. İdmançı kimi arzum hər zaman qələbə qazanmaqdır. Bizə dəstək olan gimnastika həvəskarlarına təşəkkür edirik”.

Hüseyn Abbasov isə yarışların çox gözəl keçdiyini, qazanılan medalların məhsuldar məşqlərin nəticəsi olduğunu deyib: “Bizi dəstəkləyən hər kəsə minnətdarıq. Həmçinin Azərbaycan Gimnastika Federasiyasına və məşqçilərimizə təşəkkür edirik. Pandemiyadan sonra ən yaxşı formanı qaytarmaq asan deyil. Bizə olan inamı doğrultmağa çalışdıq. Rəqabət çox yüksək idi. Amma biz rəqiblərin çıxışına baxmırdıq. Bütün diqqətimiz özümüzdə idi. Artıq kifayət qədər təcrübəmiz var. Ona görə bütün yarışlarda medal qazanmaq istəyirik”.

Çempionatın gümüş mükafatçısı Mixail Malkin əldə olunan nəticələrdən razı qaldığını və rəqiblərin çox güclü olduğunu vurğulayıb.

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin isə gimnastların yüksək səviyyədə çıxış etdiyini bildirib: “Hesab edirəm ki, milli komandamız üçün Avropa çempionatı həm tamblinqdə, həm də batut gimnastikasında çox uğurla başa çatdı. Mixail Malkin gümüş medal qazandı, komanda yarışlarında isə idmançılarımız ilk dəfə üçüncü yeri tutdu. Batut gimnastikasında isə iki qızıl medalımız var, bu, çox böyük uğurdur. Həmçinin, Selcan Mahsudovanın çıxışını qeyd etmək lazımdır. O, batut gimnastikasında fərdi proqramda beşinci oldu. Selcan Paris-2024 Olimpiya oyunlarına vəsiqə qazanmağa real namizəddir”.

Baş məşqçi əlavə edib ki, komandanı qarşıda Portuqaliya və İsveçrədə iki Dünya kuboku gözləyir, ondan sonra isə Bolqarıstanda keçiriləcək Dünya çempionatına hazırlıq başlayacaq.

 

“Challenge” kuboku

Həmçinin İtaliyada batut gimnastikası və tamblinq üzrə Dünya kuboku da təşkil olunub. Mixail Malkin tamblinq üzrə yarışlarda gümüş medala layiq görülüb. Finalda mübarizə aparan komandamızın digər üzvü Tofiq Əliyev isə 6-cı pillədə qərarlaşıb.

Bolqarıstanın Varna şəhərində kişi və qadın idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kubokunda da gimnastlarımız medal qazandı. Komandamızın üzvü Nikita Simonov halqalarla çıxışına görə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Daha bir uğur akrobatların adına yazılıb. İyunun 3-5-də Polşanın Jeşuf şəhərində akrobatika gimnastikası üzrə Dünya kuboku idmançılarımızın uğuru ilə yadda qalıb. Yarışda yığma komandamızın üzvləri qarışıq hərəkətlər proqramında 2 qızıl və 1 gümüş medal əldə ediblər. Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz qızıl, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz gümüş medal qazanıb. Qeyd edək ki, qadın qrupu və qarışıq cütlüyümüzün qazandığı nailiyyət akrobatika gimnastikası üzrə Dünya kubokunda əldə olunan ilk qızıl medaldır.

Batut gimnastikası, akrobatika gimnastikasında mötəbər yarışlarda qazanılan nəticələr ikiqat sevinclidir. Bu növlər son illər inkişaf etdirilməyə başlayıb. 5-6 il öncə batut gimnastikası, tamblinq və akrobatika gimnastikasına yazılan balacalar indi böyük yarışlarda çempion olmaqla bu idman növlərinin yüksək nailiyyətlər qazanmağa hazır olduğunu göstərir.

Yeri gəlmişkən, Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2022-ci ilin iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. Bədii gimnastika üzrə Azərbaycan yığması 255 xalla birinci pillədə qərarlaşıb. Güllə atıcısı Ruslan Lunyov 220 xalla ikinci, bədii gimnast Zöhrə Ağamirova 170 xalla üçüncü sıradadır.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.



MƏSLƏHƏT GÖR:

120