28 Mart 2024

Cümə axşamı, 23:40

GÖZLƏNİLMƏDƏN, LAKİN ƏMİNLİKLƏ!!

Azərbaycan milli komandası ilk dəfə minifutbol üzrə Avropa çempionu olub

Müəllif:

15.06.2022

İyunun birinci dekadası bir çox ölkələrdə idman tədbirləri ilə zəngin olub. Amma minifutbol yığmamızın azərbaycanlı idmansevərlərə təqdim etdiyi hədiyyə nəinki ən möhtəşəm, həm də gözlənilməz idi.

İyunun 11-də Azərbaycan millisi minifutbol üzrə Avropa çempionatının finalında Rumıniyaya qalib gəlib (1:0). Beləliklə, milli komanda tarixində ilk dəfə minifutbol üzrə Avropa çempionu adına layiq görülüb.

 

Faktlardan qaçmaq olmaz

Minifutbol üzrə Avropa çempionu 10-cu dəfə keçirilirdi. Minifutbol faktiki olaraq futbolun idman zallarında oynanılan növlərindən biridir. Slovakiya artıq ikinci dəfə idi ki, Avropa çempionatına ev sahibliyi edirdi. Bu qitə turniri iyunun 4-dən 11-dək Koşitse şəhərində keçirilib. Doğrudur, bu çempionat UEFA və FİFA-nın bayrağı altında təşkil olunmur. Buna baxmayaraq, azarkeşlər minifutbolu böyük maraqla izləyirlər.

Bu çempionatın ənənəvi favoriti 6 dəfə Avropa çempionu olan Rumıniya idi. Koşitsenin “Steel Arena” stadionunda keçirilən turnirdə 24 milli komanda 6 qrupa bölünmüşdü. Azərbaycan yığması isə Albaniya, İspaniya və Rumıniya komandalarının olduğu qrupda idi. Qruplarda ilk iki yeri tutan komandalar, həmçinin üçüncü yeri tutanlar arasından ən yaxşı dörd komanda ikinci mərhələyə yüksəlib.

Azərbaycan yığması ilkin mərhələdə rəqibləri üzərində inamlı qələbə qazanıb. O, əvvəlcə qrupda İspaniyanı (5:1) və Albaniyanı (1:0) məğlub edib. Daha sonra Azərbaycan yığması pley-offda İsrailə (3:0) şans verməyib. Millimiz ev sahibi Slovakiya üzərində də (1:0) qələbə qazanıb.

Azərbaycan yığması yarımfinalda Qazaxıstanı 3:2, Rumıniya isə Bolqarıstanı 4:0 hesabı ilə məğlub edib. Rumıniya millisi ilə final oyunu isə gərgin mübarizə şəraitində keçib. Final matçında yeganə qolun müəllifi 25-ci dəqiqədə fərqlənən Seymur Məmmədov olub.

Beləliklə, Azərbaycan millisi tarixdə ilk dəfə qitə çempionu olub. O, tarixində yalnız ikinci dəfə idi ki, bu turnirə qatılırdı. 2018-ci ildə keçirilən Avropa çempionatı Azərbaycan minifutbolçuları üçün uğursuz alınmışdı.

 

Koşitseyə birinci yer üçün

Ən maraqlı məqam odur ki, milli komandamız Slovakiyada çempion olacağına əmin idi. Bunu “Azerisport.com” saytına açıqlamasında

final matçında Rumıniya üzərində qələbə qazandıran qolun müəllifi Seymur Məmmədov bildirib: “Çempion olacağımıza inanırdıq. Hələ çempionatdan əvvəl müsahibələrimizdə demişdik ki, Slovakiyaya yalnız birincilik üçün gedirik. Bu barədə baş məşqçimiz də danışıb. Avropa çempionu olmaq necə hissdir? İlk dəfədir ki, sözlə ifadə edilə bilməyəcəyim hiss yaşayıram”.

Əldə etdikləri uğurun sirri haqqında bəhs edən S.Məmmədov deyib ki, “uğurumuz çox mehriban komandamızın olması ilə bağlıdır. Onun yerli oğlanlardan ibarət olması isə tamamilə fərqli ab-hava yaradır. Belə bir komandanı bir araya gətirən məşqçilər korpusuna təşəkkür edirəm”.

“Final oyunundakı qoluma gəlincə, yəqin ki, hər bir futbolçu qitə və ya dünya çempionatında, xüsusən də finalda qol vurmağı xəyal edir. Bəxtiyar Soltanovla “divar paslaşması” oynadıq. O, elə futbolçudur ki, onunla oynayan zaman düşünməyə belə ehtiyac yoxdur. Belə deyək, Bəxtiyar sanki “gözü yumulu” futbol oynayır”, - deyə Seymur Məmmədov vurğulayıb.

 

Altıqat Avropa çempionuna qarşı

Minifutbol üzrə Avropa çempionatının ən yaxşı qapıçısı seçilən Davud Kərimi də jurnalistlərə turnirlə bağlı fikirlərini bölüşüb: “Milli komanda yaxşı oynadı və nəticə göz qabağındadır”.

Onun sözlərinə görə, ilk öncə yığmanın qarşısında dayanan əsas məsələ qrupdan çıxmaq idi: “Daha sonra ölkəmizin dəstəyi sayəsində hər qarşılaşmada daha da yaxşı oynadıq”.

D.Kərimi hesab edir ki, çempionatda əsas qarşılaşma Slovakiya ilə 1/4 final matçı olub: “Rəqib güclü olması ilə yanaşı, onu bütün stadion, oyunun sonunda isə hakimlər dəstəkləyirdi. Bu qələbədən sonra turnirdə qalib gələ biləcəyimizə inandıq”.

Rumıniya ilə həlledici görüşdən (1:0) danışan milli komandamızın qapıçısı bunları deyib: “Altıqat Avropa çempionuna qarşı oynayırdıq. Onlar bundan əvvəl Avropa çempionatlarında düz 7 dəfə finala yüksəliblər. Amma biz bir-birimizə dəstək olduq və itirəcəyimiz heç nəyimiz yox idi. Bu, bizim ikinci turnirimiz idi”.

D.Kərimi turnirdə qalibiyyətdən sonra bir neçə Avropa klubunun ona maraq göstərməyi barədə deyib ki, “bu barədə xəbərləri mən də sizin kimi eşitmişəm. Hələ ki konkert heç nə yoxdur”.

O, xarici klublarda oynamağa hazır olub-olmadığı barədə sualı belə cavablandırıb: “Hər şey maliyyə məsələlərinə bağlıdır. Əgər buradakı kimi olacaqsa, mən vətəndə qalacağam. Azərbaycanda minifutbol bundan sonra da inkişaf edəcək”.



MƏSLƏHƏT GÖR:

111