16 Aprel 2024

Çərşənbə axşamı, 22:38

BAKI FORMULASI

Azərbaycan Qran Prisində «atlar» «öküzləri» ram edə bilmədi

Müəllif:

15.06.2022

Bakı beşinci dəfə Formula 1 mərhələsinə ev sahibliyi etdi və son 3 ildə ilk dəfə yarış tammiqyaslı keçdi – tamaşaçıları və digər cəhətləri ilə. 2020-ci ildə koronavirus səbəbi ilə Azərbaycan Qran prisi ümumiyyətlə baş tutmamışdısa, 2021-ci ildə o, tamaşaçısız keçirilmişdi.

Bu il Bakı yarışı çempionatın səkkizinci mərhələsi idi - 2022-ci ildə çempionatda 22 yarış olacaq. Odur ki, bu mərhələyə yekun vursaq, deyə bilərik ki, yarış «Red Bull» ilə «Ferrari» arasında keçib. Bununla yanaşı, «Red Bull» pilotları bu il iki nəfərə 5 mərhələnin qalibi olublarsa, «Ferrari» monakolu Şarl Leklerin sayəsində 2 mərhələni qazanıb. Xarakterik haldır ki, italiyalılar avstriyalıları seçmə mərhələdə üstələyiblər (ilk 5 mərhələdən sonra «Ferrari» pilotlarının 5, «Red Bull» pilotlarının isə poulu var idi). Lakin bazar günü yarışlarında «Red Bull» daha inamlı təsir bağışlayıb və onun pilotları daha çox ulduz qazanıblar. İtaliyalıların bolidləri yarışın gedişində daha tez-tez problem yaradırdı və nəticədə, pilotlar bir-bir sıradan çıxırdı. Beləliklə, Bakıda yarışın əsasən bu iki komanda arasında keçəcəyi gözlənilirdi və belə də olub.

Cümə günü keçirilən sərbəst yarış heç-heçə başa çatıb: ilk praktikanı «Red Bull», ikincisini isə «Ferrari» qazanıb. Tendensiya şənbə günü də davam edib: «Red Bull» üçüncü sərbəst praktikadan qalib ayrılıbsa, poulu «Ferrari»dən olan Lekler qazanıb (bu mövsümdə altıncı və ardıcıl olaraq dördüncü). Beləliklə, builki seçmə mərhələdə «Ferrari» ilə «Red Bull» arasındakı yarış 6:2 hesabı ilə «maranellodan olan ayğırlar»ın xeyrinə başa çatıb. Sonradan Lekler deyəcəkdi ki, seçmə mərhələdəki qələbə onun üçün müəyyən mənada gözlənilməz olub, çünki sürətə görə «öküzlər», həqiqətən də, «ayğırlar»ı üstələyirdi.

Amma seçmə mərhələnin nəticələri onların Avstriyadan olan rəqiblərini də ruhdan salmamışdı. Digər şəhər traslarından fərqli olaraq, Bakıda rəqibi ötmək üçün kifayət qədər imkan var. Üstəlik, «Red Bull» nə cümə, nə də şənbə günü sürətlə bağlı problem yaşamışdı. Bundan başqa, Bakı yarışı bir qayda olaraq, qəzalarla yadda qalır və burada təhlükəsizlik maşınlarının və ya qırmızı bayraqların meydana çıxma ehtimalı kifayət qədər yüksəkdir. Odur ki, «Red Bull» pilotları bazar günü yarışında seçmə mərhələdəki uğursuzluğu asanlıqla unutdura bilərdilər.

Ötən illərdən fərqli olaraq, bu il Bakı yarışı sakit keçib və turnir ərzində cəmi 5 maşın yarışdan kənarlaşıb. Bunun da səbəbi qəza yox, texnikanın «etibarsızlığı» olub. Bazar günü yarışının əsas uğursuzu «Ferrari» pilotları olub: 9-cu dövrədə Karlos Sayns hidravlikada yaranmış problem üzündən yarışı dayandırmalı olub, 20-ci dövrədə isə Leklerin bolidinin mühərriki alışıb. Halbuki o anda Lekler yarışa liderlik edirdi. Odur ki, bazar günü «Ferrari» üçün qorxulu yuxuya çevrilərək, tam iflas günü olub. Üstəlik, bu, onların rəqiblərinin uğurlu çıxışı fonunda baş verib. Məlum olub ki, «Ferrari»nin zavod mühərrikləri ümumilikdə Bakı yarışına hazır deyilmiş: finişə çata bilməyən 5 boliddən 4-nün məhz mühərriki sıradan çıxıb.

«Red Bull» pilotlarına gəlincə, onların Bakı mərhələsinə münasibətləri fərqlidir. Məsələn, meksikalı Serxio Peres üçün Bakı mərhələsi ən sevimli yarışlardan biri sayıla bilər. O, Bakıda bundan əvvəl təşkil olunmuş 5 yarışdan 3-də podiuma qalxıb, ötən il isə ümumiyyətlə, Azərbaycan Qran prisinin qalibi olub. Peres burada daha 2 dəfə altıncı yeri tutub. Meksikalı pilot özü etiraf etmişdi ki, Bakı trası onun ən sevimli traslarındandır və o, burada ötənilki zəfərini təkrarlamağa ümidlidir. Bunun üçün Peresin əsasları da var idi. O, həm cümə, həm də şənbə günü 1 sərbəst praktikanı qalib tamamlamış, şənbə günü keçirilən seçmə mərhələdə isə Leklerə «hücum etməyə» yaxşı imkan verən ikinciliyi əldə etmişdi.

Peresdən fərqli olaraq, hazırkı dünya çempionu Ferstappen üçün Bakı trası o qədər də işə yaramayıb. O, burada bir dəfə də podiuma qalxa bilməyib – ən yaxşı nəticə 2019-cu ildə əldə olunmuş dördüncülükdür. Cümə günü də Ferstappen meksikalı komanda yoldaşının kölgəsində qalıb. Amma sən demə, Maks heç yerə tələsmir və gücünü qoruyurmuş.

Gözlənildiyi kimi, bazar günü Peres yarışa ilk andan ciddi başlayaraq, ilk dövrəni lider kimi tamamlayıb. Bundan başqa, meksikalı dərhal Leklerdən uzaqlaşmağa başlayaraq, rəqibinə birincilik uğrunda düşünməyə belə, imkan verməyib. Ümumilikdə isə start sakit, demək, Bakı üçün təəccüblü alınıb: yarışçılar start tıxacından qaça biliblər.

Ferstappen öz növbəsində, Lekleri sıxışdırmağa çalışsa da, bu yarışda xüsusi mübarizə qeydə alınmayıb. Necə deyərlər, rəqiblər bir-birinin zəif yerlərini yoxlamağa başlayıblar. Sakitliyi Sayns, daha dəqiq desək, onun bolidində yaranan texniki problem pozub. İspaniyalı maşınını trasdan kənara çəkib və yarışın direksiyası virtual təhlükəsizlik maşını rejiminə (VSC) işə salınıb. Yarışçıların əksəriyyəti virtual peys-kar rejimindən istifadə etmək qərarına gəliblər. «Red Bull» pilotları trasda qalıb, Lekler isə boksa gedərək «geyimini» təzələyib.

Digər komandaların bolidlərinin təkərlərini dəyişdikləri bir vaxtda «Red Bull» pilotları liderlik uğrunda savaşmaqla məşğul olublar. Doğrudur, bunu sözün əsl mənasında savaş adlandırmaq da olmaz. Ferstappen Pereslə məsafəsini bir anda azaldaraq, onu problemsiz ötüb. Bu anda komanda meksikalıya liderliyi qaytarmaq uğrunda yarışmamağı tapşırdığından, Peres hazırkı dünya çempionundan getdikcə daha çox geri qalıb. O, yarışdan sonra bildirib ki, komanda yoldaşının irəli buraxılması haqda qərarı doğru sayır. «Təəssüf ki, VSC zamanı bizdə anlaşılmazlıq yarandı. Bəxtimiz gətirmədi. Əvvəldə isə sürüşməm çox oldu. Nəticədə, Maks bu gün güclü çıxdı. Düşünürəm ki, Ferstappenin irəli büraxılması qərarı doğru idi. Hər halda, sonda biz komanda üçün maksimuma nail olduq», - deyə Peres qeyd edib.

Formula 1-də komanda rəhbərləri rəqiblərin öz aralarında mübarizə aparmasına mane olmayacaqlarını çox tez-tez söyləyirlər. Lakin «Red Bull» bu işdə dəfələrlə «əlini yandırıb» və bu, Bakı yarışına da aiddir (2018-ci ildə Rikyardo ilə Ferstappenin toqquşmasını misal göstərmək olar). Odur ki, Avstriya komandası taleyini sınamaq istəməyərək, nominal ikinci pilota bu halı unutmamasını, komandanın liderinə mane olmamasını tapşırıb.

Bununla yanaşı, Lekler «Red Bull»a əlavə başağrısı yaratmalı idi. «Öküzlər» təkərləri dəyişərək, monakolunun arxasınca trasa çıxmışdılar. Lekler ilə Ferstappen arasında qələbə uğrunda yarış mərhələnin bəzəyi olmalı idi. Bu il biz onların arasında dəfələrlə belə mübarizəyə şahidlik etmişik. Bakıda növbəti belə mübarizənin yaşanacağını düşünmək olardı. Lakin monakolunun mühərriki istər tribunada, istərsə də televiziya qarşısında olan tərəfdarları bu gözəl yarışdan məhrum edib. Nəticədə, Ferstappen finişə birinci çataraq, Bakıda özü üçün xoş olmayan tendensiyaya son qoyub. Çempionatda 8 mərhələdən sonra ümumi hesab 6:2 «Red Bull»un xeyrinə olub. Çempionatın əvvəlində etibarlılıqla bağlı problem daha çox Avstriya komandasını düşündürürdüsə, indi italiyalılar belə problemlə daha çox üzləşmişdilər. Bu tendensiya qarşıdakı mərhələlərdə də qorunub saxlanarsa, «Red Bull»un çempionluğuna, çətin ki, maneə olsun.

Ferstappen yarışdan sonra Bakıda qazandığı qələbəni bolidinin sürəti ilə əlaqələndirib: «Bu gün maşınımızın sürəti inanılmaz idi. Biz sakit şəkildə təkərlərin qayğısına qalaraq, önə keçməyi bacarırdıq. Amma ola bilsin, sıradan çıxmalarda da bəxtimiz gətirdi (Ferrari). Amma yenə də, düşünürəm ki, maşınımız çox sürətli idi, bu üzdən mən geridə olarkən aradakı məsafəni asanlıqlda qısalda bildim. Belə olduqda yarışın taleyi sizin əlinizdədir. Ümumilikdə bu gün mən təkərlərin balansından çox razıyam».

Maks üçün Bakı zəfəri karyerasının yubiley – 25-ci qələbəsidir. 2022-ci ildə isə bu, onun 5-ci zəfəridir. Bu zəfər onun ümumi hesabda Leklerdən bir qədər də uzaqlaşmasına imkan verib (150:116).

Ümumiyyətlə, Bakı mərhələsi «Red Bull» üçün zəfər mərhələsi olub: yarışda dubl, üstəlik ən yaxşı dövrə, Peres üçün bonus xal. «Ferrari»nin hər iki pilotu xalsız qalıb, Peres ümumi hesabda Lekleri üstələyərək, çempionatda ikinci pilləyə yüksəlib. Bundan başqa, Peres Bakıda podiuma çıxmaq kimi uğurlu ənənəni davam etdirib: o, Bakıda keçirilmiş 6 turnirdə 4 dəfə podiuma çıxıb və hazırda Peres Azərbaycan yarışlarının ən uğurlu pilotudur. Odur ki, «buğalar» Bakıdan əla əhvalda ayrılıblar.

Digər komandalara gəlincə, «Mercedes» komanda hesabında gözlənildiyi kimi, üçüncü olub. Corc Rassel seçmə mərhələni beşinci, Lyuis Hemilton yeddinci bitirib. Bazar günü «Ferrari» pilotlarının sıradan çıxması onların hər ikisinin mövqelərini yaxşılaşdırmasına imkan verib. Nəticədə, Rassel üçüncü, Hemilton dördüncü olub. Sonuncu həm də mərhələnin ən yaxşı pilotu seçilib. Amma səkkizqat dünya çempionu üçün Bakı yarışı çətin keçib. Yarışın sonunda o boliddən enəndə belini tuturdu…

Azərbaycan Qran prisi əvvəlki illərdə olduğu qədər «odlu-alovlu» keçmədi, lakin unikallığını bir daha təsdiqlədi -  Bu, sayca 6-cı Bakı yarışı idi və indiyədək bu yarışı 6 fərqli iştirakçı qazanıb. Bundan başqa, «Red Bull» pilotları Bakıda qazanılmış qələbələrin sayına görə «Mercedes» pilotlarına çatıblar – indi onların hərəsinin aktivində 3 qələbə var.



MƏSLƏHƏT GÖR:

119