20 Aprel 2024

Şənbə, 00:47

DÜNYA QR KOD ŞƏBƏKƏSİNDƏ

Rəssam Sahib Yaqubov: “Məhdudiyyət kimi görünən QR kod bizim üçün inanılmaz imkanlar açır”

Müəllif:

15.06.2022

Sahib Yaqubov nisbətən gənc olmasına baxmayaraq, artıq tanınan simalardan biridir. O, Lüksemburq, Brüssel, Pekin, Paris, Dubay, Moskvada keçirilən satış sərgilərinin iştirakçısı, çoxsaylı yerli və beynəlxalq müsabiqələrin qalibidir. Bu gün onun işləri Rusiya, Belarus, Türkiyə, ABŞ və Kanadada şəxsi kolleksiyalarda saxlanılır.

Bu yaxınlarda “Mincə Sənət” İncəsənət Qalereyasında gənc avanqard rəssam Sahib Yaqubovun əsərlərinin nümayiş etdirildiyi “The White Room” (“Ağ otağı”) adlı fərdi sərgisinin açılışı olub. Bu fərdi sərgi bir ay davam edəcək. Sərgidə müxtəlif mövzularda 30 əsər nümayiş etdirilir. Bu, Sahibin ilk fərdi sərgisidir. Odur ki, onunla söhbətimiz rəssamın özünü ictimaiyyətə belə geniş formatda təqdim etməsinin əhəmiyyəti barədə düşüncələrlə başladı...

 

- İstənilən rəssam sərgiyə can atır... Mənim yadımdadır, akademiyada bizə dəfələrlə deyirdilər ki, qabaqcadan baxış ekspozisiyanın ilkin variantıdır. Tədris prosesi zamanı bizə yaradıcılığımızı ictimaiyyətə düzgün təqdim etmək anlayışı aşılanıb. Əgər bunu kulinariyaya oxşatsaq deyə bilərik ki, bu, yemək kimidir – həm dadlı, həm də estetik cəhətdən gözəl olmalıdır. Mənim üçün ilk fərdi sərgi toy şənliyinə bənzəyir: mən ər kimi çıxış edirəm, rəssamlıq həyat yoldaşım, rəsmlər isə övladlarımızdır. Amma elə alınıb ki, rəsmi münasibətlər çoxlu sayda “övladlar” olduqdan sonra rəsmiləşdirilib. Amma mən onu – Rəssamlığı uşaqlıqdan sevirəm! İndi mən bu dərin hisslərin nəticələrini insanlara qürurla göstərə bilirəm. Buna görə də gəlin, tanış olun, müzakirə edin. Kənar emosiyalar naminə rəssamlar həm bizim, həm də sizin hissələrinizin cəmləşdiyi sərgilərlə yaşayırlar.

- Bəzi əsərlərinizin mühüm xüsusiyyətlərindən biri də QR koda istinad edilməsidir...

- Bütün müasir həyatımız müəyyən bir məhsul haqqında məlumat verən QR koddur. Bəli, insan öz-özlüyündə xüsusi “enerji məhsulu”dur: həm yaxşı, həm də pis mənada.

- İncəsənət də QR kod formatına tabe olmağa başlayır?

- Fikrimcə, bu, hər zaman belə olub. İncəsənət rəssamlar vasitəsilə özünü başqa üsullarla ifadə etməyə çalışır. Buna baxmayaraq, istər incəsənət, istərsə də rəssamlar dünyadan tamamilə ayrılmaq, ayrıca yaşamaq və ya mövcud olmaq iqtidarında deyil. İncəsənət hər birimizin həyatında həmişə iştirak edir. Bundan xəbərimiz varmı? Bu ikinci dərəcəli məsələ olsa da, danılmaz faktdır. Buna görə də QR kod ona aid olan xüsusiyyətə çevrilib.

- Əsərlərinizdə sxematik piksilasiyanı görmək mümkündür. Dünyanı balaca kvadratlara bölürsünüz?

- Bu vizual motivi bəyənirəm. Rəssamlıqda söhbət rənglərdən, heykəltəraşlıqda isə müəyyən məkanda yerləşən formadan gedir və onlar bir növ tarazlıq saxlayır. Mənim rəsmlərimdə tarazlıq rəng və ya ləkə ilə saxlanılır. Məhz bu yanaşma mənim üçün cəlbedici olub.Əslində, ideya bir-biri ilə əlaqəsi olmayan bir neçə rəssamı özünə bağlaya bilən dalğa kimi gəlir. Bir-birinə bənzəyən süjetlər, texnikalar məhz belə yaranır. Amma hər bir rəssam bu dalğanı daxilindən keçirəcək və onun nəticəsi son dərəcə fərdi olacaq. QR kodun sxemlərini görəndə gözlənilmədən onu vizual olaraq yenidən dərk etməyə başladım: sanki pəncərədən baxırdım. Nəticədə, bu “tryuku” kətana köçürdüm.

- Bunda müəyyən yaradıcılıq məhdudiyyəti yoxdurmu?

- Belə düşünmürəm. Bu, rəssamın öz seçimidir. Rəssam hər hansı bir mövzünü götürür və onun üzərində işləməyə başlayır. Bununla rəssamın özünə məhdudiyyətlər qoyduğunu söyləyə bilərikmi? Bu, QR kodlaşdırmanın sırf təqlidi deyil. Yaradıcı insan, hər kəs kimi, hətta QR kod şəbəkəsində də bütün dünyanı görə bilər. Təsəvvür edin ki, bu halda QR kodun görünən məhdudiyyətləri bizim üçün inanılmaz imkanlar açır. Məsələn, mənim bu üslubda ilk işim olan “Dünya xəritəsi”ni məhz belə bir mesajla hazırlamışdım. Mən sadəcə təklif etdim və bir anlıq gördüyüm dünyanı bu texnika ilə kətanlara köçürdüm.

- Amma bir an bütün ömürdür!

- Şübhəsiz, bu belədir. Bir an həyatla ölüm arasında bir nəfəs kimidir. İslamda bunun bariz nümunəsi var: körpə dünyaya gələndə onun qulağına azan oxunur, insan bu dünyadan köçəndə isə namaz qılınır. Dindarlar azan-namaz ardıcıllığına hər gün riayət edirlər. Bunda fəlsəfi dərinlik var: insanın həyatı bu iki ritual arasında yalnız bir andır.

- Demək, rəssam iki şərti nöqtə arasındakı məsafəni artırmaq və ya genişləndirmək qərarına gəlir?

- Bunu etmək mümkün deyil! Bir an əbədi olaraq belə qalacaq. Məgər, Kainat miqyasında qavrayış nöqtələrini müxtəlif üsullarla ölçmək olarmı? Özümüzü aldatmayaq. Bu səyləri həyatı daha gözəl və daha düzgün yaşamağa yönəltmək yaxşı olardı. “Həyatı mümkün qədər maraqlı yaşamaq, çünki bu dünyaya bir dəfə gəlirik!”- budur mənim həyat kredom. Xatirimdədir, insanın iki həyata yaşa biləcəyi ilə bağlı ifadə eşitmişdim: birinci həyat – həyatın yeganə şansı olduğunu düşünmədiyi ana qədər olan dövrdür, ikinci həyat isə bu labüdlüyü anlayandan sonra başlayır. Çox güman ki, ikinci həyata daxil olmuşam. Mən isə özümə elə yaşamaq şansı verirəm ki, həyatın son astanasında keçdiyim yolun doğru olub-olmadığına şübhə etməyim. Buna görə də mən yaradıcılıq işi daxil olmaqla, növbəti məsələni həll edirəm. Buna qərar verməmişdən qabaq götür-qoy edirəm ki, sonradan səhv bir şeyə görə özümü günahlandırmayım. Axı, onu “yenidən yazmaq” mümkün deyil. Mən bir dəfə yaşayıram və mənə ikinci “an” verilməyəcək.

- Axı, rəssam səhv edə və rəsmin üzərinə başqa şey çəkə bilər...

- Rəssam yalnız bir dəfə kətanın səthindən istifadə edərsə, bu, yüksək bacarıq sayılır. Bu, sanki uzun zaman kəsiyindən keçən və illərlə qorunub saxlanılan “uşaqlıq illəri”nə bənzəyir. Əgər davamlı olaraq layları bir-birinin üzərinə yığırsansa, o zaman bu hissi dəfn etmək olar, çünki bir gün onun heç mövcud olmadığı faktı ilə üzləşə bilərsən. Bədii fəlsəfəni tətbiq edəndə belə çıxır ki, eyni nəticəni əldə etmək üçün kətan və ya karton üzərində rəsm çəkmək arasında heç bir fərq yoxdur! Həyat da yaradıcılıq kimi estetikanı özündə daşımalıdır...

- Eyni zamanda Abşeron məktəbinin hiss olunduğu müxtəlif üslublarda fərqli süjetlərdə əsərləriniz var...

- Abşeron məktəbi ona görə hiss olunur ki, mənim müəllimim Azərbaycan təsviri sənətinin iki korifeyi - Vəcihə Səmədova və Lətif Feyzullayevin qızı olub. O, mənim bir parçam olmaya bilməzdi. Üstəlik, Abşeronda doğulmuşam. Təbii ki, onun ruhu mənim əsərlərimdə görünür. Amma bu, ilk növbədə, mənim duyğularımdan keçir. Nə qədər rəssam varsa, o qədər də interpretasiya mövcuddur. Bu interpretasiyalar bu və digər insanın xarakterinə uyğundur. Oxşar vəziyyət üslub və süjetlərlə də bağlıdır. Təsəvvür edin: hərəkətin-həyatın keçdiyi məkan, əşya və trayektoriya var. Bu prosesin yekunu olaraq son forma-nəticə yaranır. Hətta material nöqteyi-nəzərdən oxşarlıq olsa da, yenə də fərqlər olacaq. Bəli, qavrayışı diqqətə almaq lazımdır. Mən yeganə olaraq seçilmiş bir şeyin ardınca getməyin tərəfdarı deyiləm. Bu, mənim üçün dünənə qayıtmaq kimidir. Bu zaman dünənlə bu gün arasında fərq olmayacaq.

- Rəssam yaratmalı və sınaqdan keçirməlidir?

- Başqa yol yoxdur! Yaradıcı insan yeni formalar, hisslər və özünü ifadə etmək vasitələri axtarmağa borcludur... Bu, onun hissinin bir parçasıdır. Bəlkə də, “keçilmiş və mənimsənilmiş” məsələlərə qayıtmaq rəssamı intizam çərçivəsinə salır. Bu məqamda müəllimim, xalq artisti Fuad Salayevin bir aforizmini qeyd etmək istərdim: “Təkrar biliyin anasıdır, amma incəsənətin ən qatı düşmənidir”. Bu fikri eşitdikdən sonra onun nə qədər haqlı olduğunu anladım. Rəssamın səhv etmək hüququnun olub-olmaması məsələsinə qayıdaraq qeyd etmək istərdim ki, onun əsərinin daxili mənasında maraqlı bir şeyi daşıya biləcəyi anı istisna etmək olmaz. Burada tamamilə dərk edilməmiş və düşünülmüş hərəkət arasında incə hüdud var. Bu, özündə məsələnin əsl mahiyyətini daşıyır. Hazırda mən belə düşünürəm, amma on ildən sonra kim bilir, fikirlərim necə olacaq... Əgər inkişafın xətti olduğunu qəbul etsək, bizim yaratdığmız istənilən şaqulilik bir gün müəyyən hissələrini itirərək dağıla bilər. Bir müddətdən sonra bir məsələni başqa cür dərk etdikdən sonra bunun artıq olduğunu anlayırsan. Məhz bu zaman rəsm əsəri həqiqi ahəngliyi əldə edir.

- Təhsilinizə rəssam kimi başlayıb, heykəltəraş kimi davam etdirmisiniz. Bu da bir şeyi axtarmaqla bağlıdır?

- Rəssamlıq və heykəltəraşlığın fərqli anlama dili, mövzularla bağlı fərqli yanaşması var. Məsələn, heykəltəraşlıqda inanılmaz dərəcədə maraqlı ola biləcək bir şey rəssamlıqla əks qütbdə olacaq. Bu, iki fərqli dil kimidir: bunlardan biri anlayışların bədii və fəlsəfi tərəfini daha çox əks etdirir, digəri isə daha çox informativ xarakterlidir. Bundan əlavə, hər zaman tərcümənin spesifik xüsusiyyətlərini nəzərə almaq lazımdır. Rəssamlığa və ya heykəltəraşlığa eyni alleqoriyadan istifadə edərək müraciət edərkən, onlar haqqında danışarkən, müəllifin mesajını və ya hər hansı mövzu üçün niyə bu “ifadə” formasını seçdiyini başa düşməyə və anlamağa cəhd edərkən, bu incə təsviri nüansı qəbul etməyə dəyər. 

- Yaradıcılığınızla tanış olan zaman abstraksiyadan klassik formaya keçidin amplitudasını diqqətdən qaçırmaq mümkün deyil...

- Səmimi olacağam. Bəzən molbertə yaxınlaşanda anlayıram ki, fikirlərimdə tematik olaraq müəyyən edilmiş heç nə yoxdur. Şübhəsiz, planlarım olur və onlara əməl edirəm. Lakin bu, həmin vaxt kəsiyində nəsə yaratmaq gücündə olmadığım zaman baş verir. Mexaniki işləməyi bacarmıram. Digər tərəfdən, “əlimi saxlamalıyam”. Yaxud boş vaxtlarımı yaradıcılıqla bağlı axtarışlarla doldururam. Bu zaman ənənəvi tərzimdən fərqlənən yeni bir şeyi sınaqdan keçirirəm. Bəlkə, bu, gələcəkdə faydalı ola bilər? Nəticədə, bir-birindən fərqlənən əsərlər yaranır.

- Fikirlərinizi yaradıcılıq vasitəsilə ifadə edirsiniz?

- Rəsm və ya heykəl üzərində işləyən zaman fikirlərimi onlarda ifadə edib-etməməyi düşünmürəm. İşlərimdə fikirlərimi açmaq mənim tərzim deyil. Eyni zamanda, ətrafdakı hər kəsə əsərlərimlə bağlı öz baxışını ortaya qoymaq hüququ verirəm. Belə ki, hər hansı bir fikir yalnız bir insanın həyatında çoxsaylı amillərin birləşməsindən asılı olaraq yaranır. Hər kəs üçün “mütləq fikir” anlayışı yoxdur! Məsələn, kimsə üçün bir şey yaxşı ola və başqası üçünsə eyni şey pis ola bilər.

- Taleyə, alın yazısına inanırsınız?

- Şüuraltı olaraq inanıram. Yəni bu, ola bilər. Doğrudur, həyatımı mümkün qədər maraqlı yaşamaq istədiyimi dilə gətirirəm. Buna baxmayaraq, məncə, hər bir şəxsin alın yazısı var. Sanki bir növ özünə xas xüsusiyyətə malik məkan koordinatı var. Fərz edək ki, burada iki nöqtə yaranır. Onlar nə qədər paralellikdən kəsişməyə doğru hərəkət etsə də, bu iki nöqtə heç vaxt mükəmməl dərəcədə bir-birinə oxşamayacaq. Çünki hər biri özünəməxsus şəkildə individualdır. Bu məsələdə də müəyyən mənada tale var. Fizikada “ilkin şərtlərdən güclü asılılıq” anlayışı var. Potensial enerji var və ona kinetik enerji təsir göstərə bilər. Amma son nəticə yalnız birincidən asılıdır.

- Fizikanın incəsənətlə əlaqəsi varmı?

- Fizika özü incəsənətdir. Şagirdlik illərində sevdiyim Riyaziyyat kimi. Bunu yalnız rəqəmlər kontekstində düşünən insanlar dərindən yanılırlar. Məsələlər var və onun həlli ilə bağlı müəyyən standart mövcuddur. Hər kəs bu məsələləri öz üsulu ilə həll edə bilər. Ən əsas məsələ odur ki, cavab düzgün olmalıdır. Başlanğıc və son – hər kəs üçün eynidir. Amma yolu istədiyiniz kimi seçə bilərsiniz!

- Əgər başlanğıcı nöqtə kimi qəbul etsək, sonda nə var?

- Yenə də nöqtə! İncəsənət kimi həyat da xəttidir.



MƏSLƏHƏT GÖR:

123