18 Aprel 2024

Cümə axşamı, 22:28

YENİ VURĞULAR

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi zamanı sdətyən imzalanan neft-qaz müqavilələrini indi enerji obyektlərinin tikintisi sazişləri əvəz edir

Müəllif:

15.06.2022

Koronavirus pandemiyasına görə iki illik fasilədən sonra yenidən təşkil edilən Bakı Enerji Həftəsində eyni vaxtda 3 böyük tədbir keçirilib: 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi və Bakı Enerji Forumu.

Bakı Enerji Həftəsinin nəticələri göstərir ki, bu gün Bakı qlobal neft-qaz bazarının problemləri üzrə dialoq üçün, həmçinin təcrübə mübadiləsi, əlaqələrin yaradılması, memorandum, saziş və müqavilələrin imzalanması üçün yaxşı platformaya çevrilib.

Yeri gəlmişkən, forum ənənəvi Xəzər Neft və Qaz Sərgisinin missiyasının davamçısı olub. Amma bu dəfə forum daha genişmiqyaslı təşkil edilib. Bu qərar regionda enerji sahəsinin monitorinqi və bazarın tələbatı nəzərə alınaraq qəbul edilib.

Bununla belə, hazırda əsas diqqət tədricən neft-qaz sahəsindən energetika sektoruna yönəldilir. Bunu daha bir fakt təsdiqləyir: Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində, adətən, yataqların kəşfiyyatı və işlənməsi üzrə imzalanan neft-qaz müqavilələri indi enerji obyektlərinin tikintisi ilə bağlı sazişlərlə əvəz edilir.

Bir sözlə, Azərbaycan “yaşıl enerji” sahəsinin inkişafı ilə bağlı layihələri ciddi şəkildə həyata keçirir. Odur ki, yaxın gələcəkdə təkcə Ermənistan işğalından azad edilmiş ərazilər deyil, həm də Xəzər dənizinin Azərbaycan sektorundakı dəniz obyektləri də bərpa olunan enerji mənbələri hesabına təmin ediləcək.

 

Təbii qazla bağlı dialoq

Qeyd edək ki, sərgilərdə və forumda ümumilikdə 30 ölkədən 249 şirkət iştirak edib. “Biz bu gözəl tədbir üçün darıxmışdıq və bu, regionun aparıcı beynəlxalq enerji tədbiridir”, - Azərbaycan Prezidenti İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Bu arada, gözlənildiyi kimi, Rusiyanın enerji resursları, daha dəqiq desək, onların qlobal enerji bazarındakı rolu Bakı Enerji Forumunun əsas mövzularından birinə çevrilib. Üstəlik, Qərblə Rusiya arasında sanksiya müharibəsi fonunda Bakı Enerji Forumunda digər vacib məsələlər də müzakirə edilib: tədarük mənbələrinin şaxləndirilməsi, iqtisadiyyatın dekarbonlaşdırılması və karbon neytrallığına nail olunması, enerji sahəsində bərpa olunan enerji mənbələrinin payının artırılması, təbii qazın tədarükü ilə bağlı alternativ marşrutlar və Azərbaycan qazının Avropaya ixracının artırılması. Forumda Avropa İttifaqı (Aİ), ABŞ Dövlət Departamenti, Rusiya, İran, Qazaxıstan və digər ölkələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

“Builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir... Regionda enerji təhlükəsizliyi, diversifikasiyası və “yaşıl enerji”yə keçidin sürətləndirilməsi üçün əməkdaşlığımızı daha da genişləndirməliyik. Perspektivdə enerji təhlükəsizliyi sahəsində çağırışları uğurla qarşılamaq məqsədilə bu sahədə yeni texnologiyaların və rəqəmsal həllərin tətbiqi üstünlük təşkil etməlidir”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın təbii qaz hasilatında və ixracında artıma nail olduğunu qeyd edib: “Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq”.

Qeyd edək ki, Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik boru kəmərinin (TAP) buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. Prezident isə bununla bağlı deyib ki, “indi isə biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var”.

Yeri gəlmişkən, ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində bildirib ki, Azərbaycan regionda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşdır: “ABŞ həm də bizim mühüm iqlim məqsədlərinə dəstək olan etibarlı enerji mənbələrinin yaradılması strategiyaları üzərində Azərbaycanla işləməyə davam etmək əzmindədir”.

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero isə Bakı Enerji Həftəsinin aktual bir vaxtda keçirildiyini və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bunun üçün bundan daha yaxşı vaxt ola bilməzdi. Bizim enerji bazarımız bir sıra çağırışlarla üzləşib. Söhbət COVID-19 pandemiyası, eləcə də enerji qiymətlərinin kəskin şəkildə artması, geosiyasi gərginliklər, iqtisadiyyatlarımızın karbonsuzlaşdırılması və böhranın mümkün qədər tez bir zamanda imkanlara çevrilməsi zərurətindən gedir”.

O, Aİ-nin Rusiyanın enerji resurslarından asılılığından xilas olmaq niyyətini bir daha vurğulayaraq bərpa olunan enerji mənbələrinə keçidin vacibliyini qeyd edib.

Azərbaycan “mavi yanacağı”nın Avropaya tədarükü barədə danışan energetika naziri Pərviz Şahbazov isə məlumat verib ki, bu gün Azərbaycan qazı müxtəlif ölkələrin ümumi qaz istehlakının 13-90%-ni təşkil edir. Qeyd edək ki, yaxın perspektivdə Azərbaycan hökumətinin prioriteti Balkan ölkələrini təbii qazla təmin etmək üçün infrastrukturun genişləndirilməsidir.

 

Xəzər hövzəsindəki qonşuların planları

Bu arada, Qərbin Moskvaya qarşı tətbiqi etdiyi yeni sanksiyalar fonunda Bakıda keçirilən neft-qaz sərgisi yeni bazarlar axtaran Rusiya şirkətləri üçün mühüm əhəmiyyət kəsb edirdi. Odur ki, sərgilərdə bu ölkənin şirkətlərinin rəhbərləri ilə yanaşı, Rusiya İxrac Mərkəzinin (RİM) Baş direktoru Veronika Nikişina, Perm vilayətinin qubernatoru Dmitri Maxonin və “Roseksimbank”ın İdarə Heyətinin sədri Azər Talıbov da iştirak ediblər.

Yeri gəlmişkən, Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyev bildirib ki, neft-qaz sektorunda fəaliyyət göstərən 20-yə yaxın şirkət Bakıda “Made in Russia” brendi altında sənaye üçün qabaqcıl məhsullarını nümayiş etdirib: “Bunlar bu sahə ilə məşğul olan əsas şirkətlərdir. Bu şirkətlərin əksəriyyəti hələ öz məhsullarını Azərbaycana ixrac etməyib. Hazırkı geosiyasi vəziyyətə baxmayaraq, sərgidə iştirak edən şirkətlərin logistik zəncirləri pozulmayıb. Bu şirkətlər özləri yüksək keyfiyyətli və etibarlı məhsullar tədarük edə bilər”.

Bakı Enerji Həftəsi çərçivəsində təşkil edilən Belarus ekspozisiyasında isə regional istehlakçılar üçün məhsul və xidmətlər təqdim edən neft-kimya sənayesinin iri müəssisələri iştirak edib. Söhbət “Qrodno Azot”, “Moqilevximvolokno”, Mozır Neft Emalı Zavodu, “Naftan”, “Polotsk-Steklovolokno” və “Seysmotexnika” şirkətlərindən gedir.

Bu arada, Qazaxıstanın energetika naziri Bolat Akçulakovun çıxışından aydın olub ki, ölkə yaxın perspektivdə neft ixracını artırmaq niyyətindədir. Amma təbii qaz ixracatının artırılması ilə bağlı vəziyyət mürəkkəbdir. Xatırladaq ki, Qazaxıstanın Energetika Nazirliyinin proqnozlarına əsasən, bu ölkə 2022-ci ildə, təxminən, 87 milyon ton neft hasil edəcək, 2024-cü ildə isə bu göstərici 100 milyon tona çatdırıla bilər. Qazaxıstan neftinin böyük hissəsinin Avropa ölkələrinə və Çinə ixrac edildiyini qeyd etmək yerinə düşər.

Təbii qaz sahəsinə gəlincə, Qazaxıstanda ildə 55-56 milyard kubmetr “mavi yanacaq” hasil edilir. Amma səmt qazının böyük hissəsi neft hasilatını saxlamaq üçün istifadə edilir. Yerdə qalan hissə isə artan daxili istehlak üçün istifadə olunur. “Bu amilləri nəzərə alaraq söyləyə bilərik ki, Qazaxıstanın ixracında təbii qazın rolu neft tədarükü ilə bağlı səviyyəyə və əhəmiyyətə çata bilməyəcək”, - B.Akçulakov vurğulayıb.

İranın neft naziri Cavad Ovci isə ABŞ-ı İrana qarşı sanksiyalar tətbiq etdiyinə görə qınayıb. Digər tərəfdən o, bu sanksiyaların səmərəsiz olduğunu və İranın neft-qaz infrastrukturunun inkişafını dayandıra bilmədiyini vurğulayıb: “Hazırda İran təbii qazı boru kəmərləri vasitəsilə bütün qonşu ölkələrə nəql edir. Qonşularımızın təbii qaza olan tələbatını ödəyə bilirik və bunun üçün infrastrukturumuz da var. Ümumiyyətlə, biz hər zaman bütün ölkələrlə əməkdaşlığa hazırıq”.

Bundan başqa, iranlı nazir bu gün təbii qaza tələbatının artdığını qeyd edib. Onun sözlərinə görə, Tehran bu tələbatı boru kəmərləri ilə nəql edilən təbii qaz və mayeləşdirilmiş qaz vasitəsilə ödəməyə hazırdır: “Neft-qaz yataqlarının mənimsənilməsi və neft emalı sektorunun inkişafı ilə bağlı proqramlar hazırlamışıq. Odur ki, qonşu və digər ölkələrdən olan investorları bu sahələrə sərmayə qoymağa dəvət edirik”.

C.Ovci ötən ilin dekabrında imzalanmış saziş çərçivəsində Türkmənistan təbii qazının İran vasitəsilə Azərbaycana svop tədarükündən də bəhs edib. O, İranın eyni sxemi Ermənistan üçün də tətbiq etməyə hazır olduğunu bildirib.

Əslində, iranlı nazir Bakı Eenerji Forumunda qaz mübadiləsi məsələsini təsadüfən qaldırmayıb. Onun çıxışından bir gün sonra, yəni iyunun 3-də Cavad Ovci ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İran İslam Respublikasının Neft Nazirliyi arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalayıblar.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə qeyd edib ki, yeni memoranduma uyğun olaraq, Bakı və Tehran Türkmənistandan İran vasitəsilə Azərbaycana svop qaz tədarükün artırmaq barədə razılığa gəliblər.

İran mətbuatında dərc edilən xəbərlərdə isə bildirilir ki, tərəflər Türkmənistan təbii qazının illik tranzit həcminin düz 2 dəfə (illik 2 milyard kubmetr) artırılmasına razılaşıblar. Eyni zamanda İran svop ödəniş qismində nəql edilən təbii qazın bir hissəsini özünə götürəcək.

Əslində, hələ bu ilin fevralında Bakı, Tehran və Aşqabad arasında qaz əməkdaşlığının genişləndirilməsinin mümkünlüyü və tədarükün artırılması üçün hazır təkliflərin mövcudluğu ilə bağlı rəsmi bəyanatlar olmasaydı, Azərbaycanla İran arasında son memorandumun imzalanması gözlənilməz hadisə ola bilərdi.

Beləliklə, sadə riyazi hesablamalar göstərir ki, memorandumda nəzərdə tutulan Türkmənistan təbii qazının svop tədarükünün artırılması əslində, Azərbaycana öz “mavi yanacağı”nın müəyyən hissəsini azad etməyə və bunu alternativ yanacağa ciddi ehtiyacı olan Türkiyə və Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə ixracı etməyə imkan verəcək.

 

Şuşada vurğulanan prioritetlər

Bakı Enerji Həftəsinin digər vacib nəticəsi isə Azərbaycanla Serbiya arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Sazişin imzalanması olub. Doğrudur, bu sənədin təfərrüatları tam məlum deyil. Yalnız bildirilir ki, saziş iki ölkənin enerji və təbii resurs potensialından səmərəli istifadəyə yönəlib. Üstəlik, bu sənədlə enerji sektorunda, həmçinin mineral ehtiyatların kəşfiyyatında qarşılıqlı investisiyaların təşviqi, tənzimləyici, enerji səmərəliliyi, birgə müəssisələrin yaradılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Sənəddə, həmçinin Cənub Qaz Dəhlizinin həyata keçirilməsini dəstəkləmək üçün Bakı ilə Belqrad arasında əməkdaşlığın davam etdirilməsi öz əksini tapıb.

Bu arada, Bakı Eenerji Həftəsinin ən əlamətdar hadisələrindən biri son tədbirlərin Azərbaycanın qəlbində - Şuşada xüsusi sessiyanın keçirilməsi olub. Demək, Azərbaycanın mədəniyyət paytaxtı daha bir platformaya çevrilə bilər. Söhbət enerji sahəsində dialoqdan gedir. Əslində, Azərbaycan hakimiyyətinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını “yaşıl enerji” zonasına çevirmək planlarını nəzərə alsaq, bu hadisə təəccüblü olmamalıdır. Azad edilmiş ərazidə keçirilən xüsusi sessiyada “yaşıl enerji”nin inkişafı ilə bağlı sazişlərin imzalanması Azərbaycan hakimiyyətinin yaxın perspektivdə məhz bu istiqamətdə məqsəd və prioritetlərini açıq şəkildə göstərir.

Bir sözlə, Bakı Enerji Həftəsi bir daha təsdiqləyib ki, indiki şəraitdə Azərbaycan təbii qazına Avropada böyük tələbat var. Məsələn, Serbiya gələn ilə Azərbaycandan qaz tədarükü gözləyir. Bolqarıstan isə bu ilin sentyabrından ölkəmizdən alacağı “mavi yanacağı” müqavilələrdə təsbit olunan həcmlərə çatdırmaq niyyətindədir. Üstəlik, Rumıniya Azərbaycanı qaz təchizatında Avropanın çox mühüm və etibarlı tərəfdaşı hesab edir. Odur ki, o, Cənub Qaz Dəhlizinə qoşulmağa və Azərbaycan təbii qazını almağa çalışır.

Doğrudur, indi məqamda ixrac həcminin artırılması bu sahədə müvafiq infrastrukturun genişləndirilməsini tələb edir. Buna görə də avropalı tərəfdaşlar bununla bağlı tezliklə müvafiq qərar verməlidir. Digər tərəfdən dünya ölkələri neft və təbii qazdan bir anda imtina edə bilməsə də, hazırda onlar fəal şəkildə alternativ mənbələr axtarır.

Bir sözlə, “yaşıl enerji” sahəsi hər il daha da inkişaf edəcək. Azərbaycanın xüsusən bu sahədə potensialını nəzərə alsaq, onun bu prosesin fəal iştirakçılarından birinə çevriləcəyini söyləyə bilərik.



MƏSLƏHƏT GÖR:

109