25 Aprel 2024

Cümə axşamı, 10:09

SİMANI DƏYİŞƏN REFERENDUM

Qazaxıstan müstəqillik qazandıqdan bu yana belə sürətlə dəyişməmişdi

Müəllif:

15.06.2022

İyunun 5-də Qazaxıstanda ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirilib. Konstitusiyanın 33 maddəsinə hökumətin təklif etdiyi 56 dəyişiklik faktiki olaraq, İkinci Respublikada siyasi institutların formalaşdırılması üçün baza yaradır. Söhbət məğzinə və formasına görə ölkənin ilk prezidenti Nursultan Nazarbayevin «övladı» olmuş birinci respublikanı əvəzləyəcək İkinci Respublikadan gedir. Bu, əvvəlki siyasi konstruksiyanın sökülməsi, hakimiyyətin bölüşdürülməsi prinsipi əsasında yeni sisteminin qurulmaması cəhdidir.

Məsələn, Konstitusiya dəyişikliyi Qazaxıstanın superprezident respublikasından prezident respublikasına keçidini, eyni zamanda güclü parlamentin formalaşdırılmasını nəzərdə tutur. Bununla yanaşı, Nursultan Nazarbayev Yelbaşı (xalqın lideri) da daxil olmaqla, bir çox imtiyazdan məhrum edilir. Maraqlıdır ki, Nazarbayev özü dəyişikliklərə dəstək ifadə edib. Bu addım onun ailə üzvlərinə toxunulmazlıq zəmanətinin verilməsi qarşılığında varisinin siyasi kursunun dəstəklənməsi kimi qiymətləndirilir.

Yeni dəyişikliklər prezidentin yaxın qohumlarının dövlət strukturlarında rəhbər vəzifələr tutmasını da qadağan edir, Konstitusiya Məhkəməsinin yaradılmasını nəzərdə tutur, insan haqları üzrə müvəkkilin statusunu möhkəmləndirir və ölüm hökmünü aradan qaldırır.

 

İslahatlar yolu ilə

Referendumdan əvvəl, əlbəttə ki, ciddi hazırlıq işləri görülüb, geniş ictimai müzakirələr aparılıb. Bununla yanaşı, görünən odur ki, hakimiyyət ölkədə bu ilin yanvarında baş vermiş faciəvi hadisələrdən sonra yeni siyasi sistemi təmin edəcək miqyaslı dəyişiklikləri mümkün qədər tez həyata keçirmək istəyir. Bircə onu xatırlatmaq kifayətdir ki, Qazaxıstanda islahatların həyata keçiriləcəyi anonsu martın 16-da, prezident Kasım-Jomart Tokayevin xalqa növbəti müraciəti zamanı verilmişdi. Amma hələ bunadək – yanvarın 28-i və martın 1-də hakim partiyanın birdən-birə iki qurultayı keçirilmişdi. Martın 1-də keçirilən qurultayda «Nur Otan» partiyasının adı dəyişdirilərək «Amanat» qoyulub, bundan sonra referendum elan olunub və aprelin 26-da partiyanın daha bir növbədənkənar qurultayı keçirilib. Burada ölkə prezidenti olan partiya sədri siyasi təşkilatın rəhbərliyindən getmək qərarını açıqlayıb. Üç gün sonra isə Tokayev ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsinin vacibliyini bəyan edib. Bundan 1 həftə sonra – mayın 5-də ümumxalq səsverməsinin keçirilməsi ilə bağlı sərəncam imzalanıb və cəmi 1 ay sonra səsvermə uğurla təşkil edilib. Yəqin ki, Qazaxıstanın müstəqillik qazandıqdan bu yana belə sürətli dəyişikliklərə məruz qalmadığını demək, şişirtmə olmaz.

 

Yeni şəraitdə yaşamağı öyrənmək

Qazaxıstanda Konstitusiya islahatları, əsas qanuna dəyişikliklərlə bağlı referendumun keçirilməsi ölkənin siyasi həyatında nəzərəçarpacaq canlanma yaradıb. «Hakimiyyət partiyası» şöhrətini qoruyub saxlayan «Amanat» ən azı parlamentdə konstitusion çoxluğa sahib olduğu üçün dəyişikliklərlə bağlı təbliğatın önündə gedirdi. Partiyanın funksionerləri mayın 24-də ölkənin şəhər və kəndlərində 5 mindən artıq tədbir keçiriblər.  Beləliklə, ölkənin ən nəhəng siyasi qüvvəsi öz potensialını əməldə göstərə bilib. Onun hazırkı sədri – Parlament Məclisinin spikeri Yerlan Koşanova isə öz liderlik, təşkilatçılıq bacarıqlarını ortaya qoymaq, eyni zamanda partiyanın ölkə ilə birlikdə yenilənmək iqtidarında olduğunu göstərmək imkanı yaradılıb. Ekspertlər partiyanın təbliğat işində əvvəlki təcrübəyə uyğun yığıncaqların (dolu zallarda çıxışlar, konsertlər və s.) təşkil edilmədiyinə diqqət çəkiblər. Yerlərdə keçirilən görüşlər isə kütlənin əhvalının müəyyənləşdirilməsinə, dəyişikliklərlə bağlı sualların xarakterini vilayət-vilayət, region-region öyrənməyə imkan verib.

Parlament müxalifətinin təmsilçiləri də fəallaşıb. Söhbət «Ak jol» demokrat partiyasından və Qazaxıstan Xalq Partiyasından gedir. Bəzi hallarda onların hakim partiya ilə yanaşmalarındakı fərqlər ortaya çıxıb ki, buna misal kimi, dövlət dili məsələsinə yanaşmanı göstərmək olar. Məlumdur ki, «Ak jol» «Dövlət dili haqqında» yeni qanunun hazırlanması və qəbulunu vacib sayır.

Ümumxalq Sosial-Demokrat Partiyası (ÜSDP) daha qəti mövqeyi ilə seçilib. Amma bu partiya belə, islahatlara dəstək verib. ÜSDP-də hesab edirlər ki, Məclis deputatlarının və məslihatların seçimində qarışıq sistemdən istifadə üstünlükdür. Partiya akimlərin seçki ilə müəyyənləşdirilməsini və Konstitusiya Məhkəməsinin bərpasını da müsbət addım sayır. Digər tərəfdən ÜSDP Konstitusiyaya dəyişikliklərə tam paket halında səs verilməsini doğru hesab etmir. Bu partiyanın radikal təklifləri arasında paytaxta əvvəlki adının (Astana) qaytarılması, Parlament Senatının ləğvi, hakimlərin seçki ilə müəyyənləşdirilməsi kimi ideyalar da var. Amma o, Qazaxıstanın qeyri-sistemi müxalifətinin digər nümayəndələrindən fərqli olaraq, referendumun boykot edilməsi çağırışı ilə çıxış etməyib.

 

Referendumun hədəfləri və vəzifələri

İstənilən halda, Qazaxıstanda referendum baş tutub və əhalinin böyük hissəsi onu dəstəkləyib. İnsanlar öz gələcəklərinə, o cümlədən proqnozlaşdırılan sosial-iqtisadi sabitliyə səs veriblər. Bu, həyat səviyyəsinin təlatümsüz, proyeksiya ilə yaxşılaşdırılmasına verilmiş səsdir.

Son zamanlar dünyanın əksər ölkələri kimi, Qazaxıstan da postpandemiya dövründə iqtisadiyyatın bərpası problemləri ilə üz-üzədir. Buraya Ukrayna müharibəsinin yaratdığı çətinlikləri də əlavə etmək lazımdır. Əvvəlki illərdə biznesdə həddindən artıq nüfuzlu «toxunulmazlar» təbəqəsi olduğundan, belə problemlərin öhdəsindən gəlinməsi çox çətin idi. İndi isə ölkə qarşısında yeni imkanlar açılır.

Hələ bu ilin əvvəlində – yanvar hadisələrindən cəmi 2 həftə sonra prezident Kasım-Jomart Tokayev faciəvi hadisələrə zənginlərlə yoxsullar arasındakı «qəbuledilməz uçurum»un da yol açdığını bildirmişdi. O zaman dövlət başçısı «dərin transformasiya»nın, «real islahatlar»ın vacibliyini deyir, iqtisadi inkişafdan yalnız «məhdud elitanın faydalandığı» vəziyyətə son qoyulmasının önəmini dilə gətirirdi. Yeni şəraitdə vəziyyət əhəmiyyətli transformasiyaya uğrayacaq. Ölkədə artıq «toxunulmazlar»la bağlı səs-küylü məhkəmə proseslərinə start verilib.

Qeyd etmək lazımdır ki, daha ciddi sosial problemlər əsasən regionlarda yaşanır. Orada bəzən xırda məişət problemi illərlə həllini tapmır. Belə olan təqdirdə, insanlar dəstəyi mərkəzdə axtarır. Çünki yerli hakimiyyət orqanları belə məsələlərin həllində fəallıq göstərmir. Mərkəz isə məlum səbəblərdən hər bir hala operativ reaksiya verə bilmir. Bununla da, problemlər üst-üstə yığılaraq, kritik həddə gedib çatır. Bu mənada, etirazçı çıxışların daha çox məhz regionlardan başlaması təsadüf deyil. Yerli hakimiyyət orqanları əhali və seçicilər qarşısında məsuliyyət hiss etmirdi. İndi dəyişikliklərdən sonra müxtəlif səviyyəli akimlərin seçki yolu ilə müəyyənləşməsi onlarda seicilər qarşısında məsuliyyət hissi yaradacaq, demək, yerlərdəki problemlərin əhəmiyyətli hissəsinin çözülməsi şansı yaranacaq.

Yeri gəlmişkən, referendumdan bir neçə gün əvvəl Qazaxıstan hökuməti Abay, Yeddisu və Ulıtauda hakimiyyətin formalaşdırılması haqqında fərmanının reallaşdırılmasına dair tədbirlər planını təsdiqləyib. Bu prosesin də yerlərdə administrasiyaların effektivliyini artıracağı, Qazaxıstanın inzibati-ərazi bölgüsü sistemini təkmilləşdirəcəyi gözlənilir.

Ümumilikdə yenidənqurmanın başında hakimiyyətin desentralizasiyası dayanır. Parlamentin güclənməsi, onun nəzarətçi funksiyasının artırılması, prezident institutu səlahiyyətlərinin bir hissəsinin parlamentə verilməsi də bu prosesin tərkibinə aiddir.

Referendum bütünlükdə islahatlar prosesinin legitimləşdirilməsi, xalqın aparılan kursa dəstəyinin nümayişi baxımından əsas şərtlərdən biri idi. Bu, xalqdan mandat aldığını və bu mandatı doğrultduğunu göstərmək istəyən hökumət üçün çox vacib idi. Eyni zamanda bu, Qazaxıstanın beynəlxalq arenada dayanıqlılığını da gücləndirən haldır.

Ukraynadakı savaş, bu müharibə fonunda tətbiq olunan sanksiyaların mənfi effekti müxtəlif ölkələrə, o cümlədən Rusiyanın qonşularına getdikcə daha çox təsir göstərir. Qazaxıstan isə Rusiya ilə həm siyasi, həm də iqtisadi baxımdan sıx bağlı olan dövlətlərdəndir. Qazaxıstanda öz maraqları olan Qərb ölkələrinin Moskva ilə müxtəlif dövlətlərin əməkdaşlığını məhdudlaşdırmağa çalışdığı bir vaxtda Nur-Surtan xarici oyunçuların yox, öz xalqının maraqlarına əsaslanan müstəqil kurs yürütməyə çalışır. Bu mənada, ölkədə keçirilmiş referendum Qazaxıstanın kiminlə və hansı istiqamətdə hərəkət edəcəyi sualına cavab da ola bilər.



MƏSLƏHƏT GÖR:

109