15 Noyabr 2024

Cümə, 01:34

BİZİMKİLƏR AVROPANI FƏTH EDİR

Azərbaycan idmançıları yenidən bir neçə qitə yarışında uğurlu nəticələr göstərirlər

Müəllif:

01.07.2022

Azərbaycan idmançıları gimnastikanın müxtəlif növlərində parlaq qələbələr qazanmaqda davam edirlər. Bədii gimnastlarımızın Avropa çempionatında uğurlu çıxış etdiyi günlər batut və tamblinq üzrə təmsilçilərimiz Qitə birinciliyində iddiasını nəticə ilə sübut edib. Bundan başqa, akrobatika gimnastikası üzrə komandamız Dünya kubokunda yüksək əyarlı medala layiq görülüb.

İsrailin Tel-Əviv şəhəri daha bir mötəbər idman yarışına, bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdi. İsrailin ikinci dəfə ev sahibliyi etdiyi Qitə çempionatında tamaşaçılar 39 ölkədən 286 gimnastın biri-birindən maraqlı və gərgin mübarizəsinin şahidi oldular. Qitə çempionatı Azərbaycan komandası üçün 4 bürünc medalla yadda qaldı.

Komandamızın aktivinə ilk medalı gənclər arasında Kamilla Qafarova yazdırdı. Hakimlərdən 28.550 xal alan idmançımız özünəinamlı çıxışı ilə gürzlərlə hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsində qərarlaşdı.

Yarışın növbəti günü qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri bizə daha bir medal sevinci yaşatdılar. Belə ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandamız çoxnövçülük yarışlarında bürünc medal qazandı. Gimnastlarımız yarışın sonuncu günündə də uğurlu çıxış nümayiş etdirdilər. Qrup komandamız ölkəmizin medal kolleksiyasına daha iki medal əlavə etdi. Təmsilçilərimiz ayrı-ayrı alətlər üzrə keçirilən final yarışlarında həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətlərin icrasında bürünc medal qazanmağa müvəffəq oldular.      

 

Dəstək güc verir

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın təcrübəli üzvü Zeynəb Hümmətova yarışla bağlı təəssüratlarını “Region plus” jurnalı ilə bölüşüb: “Hər bir idman mükafatı kimi, Avropa çempionatında qazandığımız medalların arxasında böyük zəhmət və gərgin məşq dayanır. Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimizə, bizimlə çalışan hər kəsə və təbii ki, böyük dəstəyə görə valideynlərimizə dərin təşəkkürümüzü bildiririk. Bu dəstək bizə güc verir, ona görə də mükafatlarımız ümumi uğurdur. Bundan sonra da Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq. Medal qazanmaq hər zaman çox xoşdur”.

Qrup hərəkətləri üzrə komandamızın üzvü Güllü Ağalarzadə isə vurğulayıb ki, hər bir yarış son dərəcə həyəcanlıdır, çünki idmançılar öz doğma ölkələrini təmsil edirlər: “Fəxr edirik ki, Azərbaycanı Avropa çempionatında layiqincə təmsil etdik. Biz bundan sonra da yaxşı nəticələr göstərmək və fəxri kürsünün ən yüksək pillələrinə yüksəlmək üçün çox çalışacağıq”.

Gimnastımız Kamilla Qafarova bildirib ki, bu, onun idman karyerasında ilk Avropa çempionatıdır: “Çempionat mənə böyük təcrübə qazandırdı. Çox şadam ki, ləyaqətlə çıxış etdim və ölkəmə medal gətirdim. Etiraf edirəm ki, çempionatda rəqiblər güclü idi, İtaliya və Bolqarıstandan olan gimnastları xüsusilə qeyd edə bilərəm”.

Polşanın Jeşuf şəhərində təşkil edilən akrobatika gimnastikası üzrə Dünya kubokunda da idmançılarımız fəxri kürsüdə yer aldılar. Yarışda yığma komandamızın üzvləri qarışıq hərəkətlər proqramında 2 qızıl və 1 gümüş medal əldə ediblər. Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz qızıl,  Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz gümüş medal qazanıb. Qeyd edək ki, qadın qrupu və qarışıq cütlüyümüzün qazandığı nailiyyət akrobatika gimnastikası üzrə Dünya kubokunda əldə olunan ilk qızıl medaldır.       

İtaliyanın Rimini şəhəri batut gimnastikası və tamblinq üzrə Avropa çempionatına ev sahibliyi etdi. Qitə çempionatında idmançılarımız uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. Fərdi növdə çıxış edən batutçumuz Maqsud Mahsudov gənclər arasında qızıl medal qazanaraq Avropa çempionu tituluna yiyələnib. İdmançımız komanda yoldaşı Hüseyn Abbasovla (48.420 xal) birgə sinxron cütlüklər yarışında da hamıdan güclü olduğunu sübuta yetirib. Tamblinq üzrə yarışlarda fərdi növdə çıxış edən yığmamızın üzvü Mixail Malkin  böyüklər arasında gümüş medal qazanıb. Bu növ üzrə komanda yarışlarında isə Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) bürünc medala sahib çıxıblar.

 

Dörd medal qazanmağın sevinci

Gənclər arasında Avropa çempionatının qalibi Maqsud Mahsudov yarışların ona müsbət emosiyalar bəxş etdiyini söyləyib: “Yarışlar çox yaxşı keçdi, mən dörd medal qazandım. Avropa çempionu olmaq çox gözəl hissdir. Biz daha çox sinxron proqramda qazanılan medala sevindik. Düzdür, fərdi proqramda qazandığım medal da məni sevindirdi. Mükafatlarımız gərgin məşqlərin bəhrəsidir. Bu uğurda məşqçi heyətinin və federasiyamızın böyük payı var”.

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin vurğulayıb ki, gimnastlar yüksək səviyyədə çıxış edib: “Hesab edirəm ki, milli komandamız üçün Avropa çempionatı həm tamblinqdə, həm də batut gimnastikasında çox uğurla başa çatdı. Mixail Malkin gümüş medal qazandı, komanda yarışlarında isə idmançılarımız ilk dəfə üçüncü yeri tutdu. Batut gimnastikasında isə iki qızıl medalımız var, bu, çox böyük uğurdur. Həmçinin, Selcan Mahsudovanın çıxışını qeyd etmək lazımdır. O, batut gimnastikasında fərdi proqramda beşinci oldu. Selcan Paris-2024 Olimpiya oyunlarına vəsiqə qazanmağa real namizəddir”.

Baş məşqçi əlavə edib ki, komandanı qarşıda Portuqaliya və İsveçrədə iki Dünya kuboku gözləyir, ondan sonra isə Bolqarıstanda keçiriləcək Dünya çempionatına hazırlıq başlayacaq.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bədii gimnastika, o cümlədən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında medal qazanan gimnastları və onların məşqçilərini təbrik edib.



MƏSLƏHƏT GÖR:

168