Müəllif: Sənan NADİROĞLU
2022-ci ili Azərbaycanda güləşçilərin ən uğurlu mövsümü adlandırmaq olar. Cari ildə həm böyüklər, həm gənclər, həm də yeniyetmələrdən ibarət komandalar iştirak etdikləri əksər yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Bu dəfə 20 yaşadək olan güləşçilərdən ibarət yığma İtaliyanın paytaxtı Romada Avropa çempionatında böyük uğura imza atdı.
Üç qızıl
Sərbəst güləşçilərimiz 1 qızıl, 2 bürünc medala sevindiriblər. 74 kq-da Cəbrayıl Qadjiyev bütün rəqiblərinə qalib gələrək çempionluq sevinci yaşadı. Ramik Heybətov (61 kq) və Səbuhi Əmiraslanov (79 kq) bürünc medalla kifayətləndi. Sərbəst güləşçilərimiz bu nəticə ilə 87 xal qazanaraq 30 ölkə arasında 6-cı yeri tutdu.
Nurəddin Rəcəbovun rəhbərlik etdiyi yunan-Roma güləşi üzrə komandamız da qitə çempionatında bəslənən ümidləri doğrultdu. 9 güləşçi ilə qitə birinciliyinə qatılan Azərbaycan milli komandasının 5 üzvü fəxri kürsüyə qalxdı. Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) və Kənan Abdullazadə (67 kq) isə üçüncü yeri tutub.
Beləliklə, yunan-Roma güləşi üzrə yığma komandanmızın qazancı 2 qızıl, 1 gümüş və 2 bürünc medal olub. Azərbaycan 102 xalla 32 ölkə arasında komanda hesabında 4-cü yeri tutub. Gürcüstan (141) birinci, Türkiyə (118) ikinci, Ukrayna (103) isə üçüncü pillədə qərarlaşıb.
Daha yaxşı nəticə göstərəcəyik
Yunan-Roma güləşi üzrə yığmanın böyük məşqçisi Nurəddin Rəcəbov komandanın çıxışından razı qaldığını açıqlayıb: “Komandanın çıxışı pis alınmadı. Fürsətdən istifadə edib federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu, həmin diqqət və qayğının nəticəsidir. Son illərdə ən yaxşı nəticəmizə imza atdıq. İldən-ilə medalların sayı artır, əyarı yüksəlir. Bu da göstərir ki, perspektivli gənclərimiz yetişir. Avqustda dünya çempionatı keçiriləcək. Bu yarış üçün bəzi çəkilərdə dəyişiklik etməyi planlaşdırırıq. Çünki bəzi güləşçilərin çıxışı bizi qane etmədi. Komanda hesabında Avropa çempionu ola bilərdik. İnanıram ki, dünya çempionatında həm medalların sayına, həm də əyarına daha yaxşı nəticə göstərəcəyik. Bir həftəlik istirahətdən sonra təlim-məşq toplanışına başlayacağıq”.
Nihad Quluzadə: “Qələbələrimi davam etdirəcəm”
Gənc Avropa çempionu Nihad Quluzadə (55 kq) uğurlu çıxışı davam etdirəcəyinə inandığını deyib: “Məşqçilərin əziyyəti yerdə qalmadı. Hər birinə təşəkkür edirəm. Federasiya rəhbərliyinə də minnətdaram. Təlim-məşq toplanışları yüksək səviyyədə təşkil olunmuşdu. Bu qələbə bizim üçün böyük motivasiyadır. Avropa çempionatında ilk görüşdə Fransa güləşçisinə 9:0 hesabıyla qalib gəldim. Ukrayna idmançısı ilə qarşılaşma çətin keçdi. Ancaq yenə də qalib gələ bildim. Daha sonra almaniyalı rəqibimi məğlub edib finala yüksəldim. Finalda isə Rumıniya güləşçisinə tam üstünlüklə qalib gəlib Avropa çempionu oldum. İnanıram ki, qələbələrimi davam etdirəcəyəm. Avqustda iki mötəbər yarışımız var. Orada da ən yüksək əyarlı medal qazanmağa çalışacağam”.
Qadınlardan ibarət milli komandanın uğuru
Azərbaycanlı zərif cinsin nümayəndələri də Romada parlaq nəticəyə sahib çıxdı. Qadın güləşçilərimiz 2 qızıl, 2 bürünc medal əldə etdi. Elnurə Məmmədova (55 kq) əzmkar mübarizə və ustalıq sayəsində heç bir rəqibə uduzmadı, bütün həmkarlarını üstələyərək çempion oldu. 62 kq-da çıxış edən Birgül Soltanova da İtaliyada Azərbaycan himninin səslənməsinin səbəbkarına çevrildi. O, bütün görüşlərdə layiqli mübarizə sərgiləməklə ən güclü olduğunu sübut etdi. Əsmər Canqurtaran (50 kq) və Mərziyə Sadıqova (72 kq) qitə birinciliyini bürünc medalla başa vurdu. Qadın güləşçilərimiz 4 medal sayəsində 24 ölkə arasında 5-ci oldu.
Avropa çempionu olan Elnurə Məmmədova “Region plus” jurnalına açıqlamasında qazandığı uğura çox sevindiyini bildirib: “İnanıram ki, daha böyük yarışlarda daha böyük nəticələr əldə edə bilərəm. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Məşqçimiz Həsrət müəllim sağ olsun. Mən özümə inanmadığım vaxtda belə o mənə inandı. Əlimdən tutub məni qaldırdı. Ailəmə təşəkkürümü bildirirəm. Sonuncu təlim-məşq toplantımız Astarada keçdi. Olimpiya İdman Kompleksində hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Avqustda əvvəlcə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Alınsa, həmin yarışdan sonra dünya çempionatında iştirak edəcəyik. Çalışacağam ki, orada da ümidləri doğruldum”.
Qitə birinciliyində qızıl medal qazanan digər xanım güləşçimiz Birgül Soltanova qələbəni gərgin əməyin nəticəsi kimi dəyərləndirib: “Sevincimin həddi-hüdudu yoxdur. Prezidentimizə, federasiyamızın rəhbərliyinə, yığma komandanın məşqçilərinə, şəxsi məşqçimə, mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Astara Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçmişdik. Türkiyədə də hazırlıq prosesi olmuşdu. 2019-cu ildə İtaliyada U-17 Avropa çempionatında bürünc medal qazanmışdım. Bu il yenidən İtaliyada uğur qazandım. U-20 Avropa çempionatının qalibi oldum. Qələbəmiz gərgin məşqlərin nəticəsidir”.
Qeyd edək ki, cari qitə birinciliyi də Azərbaycan güləşi üçün rekord nəticə ilə başlayıb. İlk dəfə bu yaş qrupu üzrə çempionatda yunan-Roma güləşində 102 xal toplanılıb. Buna qədər güləşin bu növündə ən yüksək xal göstəricisi 99 xal (Dortmund-2021) idi. Bundan əlavə, ümumilikdə 5 qızıl, 2 gümüş və 6 bürünc medal qazanan güləşçilərimiz medal əyarına görə son 6 ilin ən yaxşı nəticəsinə imza atıb.
MƏSLƏHƏT GÖR: